Beynəlxalq
konfransda seysmiklik, zəlzələlərin proqnozu,
tikililərin zəlzələyə davamlılığı
məsələləri müzakirə edilmişdir
Oktyabrın 8-də AMEA-nın əsas binasının
akt zalında "Seysmiklik, zəlzələlərin proqnozu,
tikililərin zəlzələyə
davamlılığı" mövzusunda beynəlxalq
konfransın açılışı olmuşdur.
AMEA
Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin
(RSXM) təşkilati dəstəyi ilə keçirilən
konfrans Azərbaycanda seysmoloji xidmətlərin
yaranmasının 110 illiyinə həsr olunmuşdur.
Konfransda Azərbaycanın
hökumət rəsmiləri, ali məktəb rektorları,
elm xadimləri ilə yanaşı, dünyanın 20-dən
artıq ölkəsini təmsil edən alimlər də
iştirak etmişlər.
Tədbiri
giriş sözü ilə AMEA-nın vitse-prezidenti, AMEA
Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə
açaraq Azərbaycanda müstəqil seysmoloji xidmətin
aparılması məqsədilə AMEA Respublika Seysmoloji Xidmət
Mərkəzinin yaranması tarixi ilə bağlı məlumat
vermişdir. Bildirilmişdir ki, 1902-ci ildə Şamaxıda
baş verən dəhşətli zəlzələdən
sonra Nobel qardaşlarının təşəbbüsü ilə
Bakıda və Şamaxıda ilkin seysmik stansiyalar qurulmuş
və bununla da Azərbaycan ərazisində instrumental seysmoloji
müşahidələrə başlanılmışdır.
110 il ərzində
Azərbaycanda seysmikliyin öyrənilməsi sahəsində
uzun tarixi yolun keçildiyini qeyd edən akademik hazırda
ölkəmizdə 30-dan artıq seysmoloji stansiyanın fəaliyyət
göstərdiyini, Azərbaycanda neftin geniş hasil olunduğu
yerlərdə hər hansı təhlükənin
qarşısının alınması üçün dənizdibi
seysmoloji monitorinqlərin aparıldığını diqqətə
çatdırmışdır.
A.Əlizadə
bir əsrdən çox yaşı olan Azərbaycan seysmoloji
xidmətinin bu gün MDB məkanında ən müasir
telemetrik seysmik stansiyalardan biri olduğunu və mərkəzdə
əldə olunan kompleks nəticələrə görə
öndə getdiyini qeyd etmişdir.
Tədbirdə
çıxış edən baş nazirin müavini Abid Şərifov
Azərbaycan ərazisinin seysmik baxımdan aktiv olduğunu,
burada tarixən güclü zəlzələlərin baş
verdiyini bildirmişdir. O diqqətə çatdırmışdır
ki, RSXM-də kompleks tədqiqatların aparılması nəticəsində
Xəzər dənizinin Azərbaycan sektorunda ilk dəfə
olaraq dənizdibi seysmik stansiyaların
quraşdırılmasına başlanılıb. Bu stansiyalar
dənizdə baş verən zəlzələlərin daha dəqiq
qeydiyyatını aparmağa, Xəzərin seysmikliyini, dərinlik
quruluşunu, karbohidrogen yataqlarında geodinamik şəraitini
qiymətləndirməyə imkan verəcək: "Azərbaycanda
seysmologiya elmi öz inkişaf dövrünü
yaşayır. Artıq bəzi ölkələrdə Azərbaycan
seysmoloqlarının təcrübəsindən istifadə
edilir". Zəlzələlərin bütün dünyada bəşəri
problem olduğunu və sərhəd
tanımadığını qeyd edən A.Şərifov
bildirmişdir ki, bu konfrans dünya seysmoloqları arasında
qarşılıqlı əməkdaşlıq və təcrübə
mübadiləsini daha da genişləndirəcək.
Beynəlxalq
Geodeziya və Geofizika İttifaqının baş katibi,
professor Əli İsmayılzadə Şamaxı şəhəri
və ətraf regionlarda baş vermiş zəlzələ,
onun nəticələri, bu hadisə ilə bağlı
dünya tədqiqatçılarının apardığı
tədqiqatlar və mətbuatda dərc olunmuş materiallar
haqqında məlumat vermişdir.
Tədbirdə
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru,
geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli "Azərbaycanda
seysmoloji və seysmoproqnoz tədqiqatların
inkişafı", Massaçusets Texnologiya İnstitutunun
(ABŞ) əməkdaşı Robert Relinger "GPS məlumatları
əsasında Azərbaycanda yer qabığı
deformasiyasının 14 (1998-2012) monitorinqinin nəticələri",
Erik Sandvol "Qafqazın qalxma prosesi: irimiqyaslı beynəlxalq
seysmik təcrübələrin aparılmasının nəticələri"
adlı məruzələrlə çıxış
etmişlər.
AMEA RSXM-in
baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban
Yetirmişli məruzəsində Azərbaycan
seysmologiyasının 110 ildə keçdiyi tarixi yola nəzər
salmış, həmçinin ölkə ərazisində
müşahidə olunan seysmikliklə bağlı yeni məlumatları
açıqlamışdır. 2000-ci ildə Bakıda baş
verən Xəzər zəlzələsindən sonra
ümummilli lider Heydər Əliyevin göstərişi ilə
RSXM üçün ən müasir və peyk rabitəsi ilə
işləyən seysmik stansiyalar alındığını
bildirən baş direktor hazırda mərkəzdə
ABŞ-ın "Kinemetrks" şirkətinin istehsalı
olan 31 seysmotelemetrik stansiyasının fəaliyyət göstərdiyini
qeyd etmişdir. O bildirmişdir ki, quru ərazisində əlavə
olaraq dörd, Xəzər dənizinin dibində isə
üç dənizdibi seysmik stansiyalar quraşdırılacaq
ki, bu da ölkə ərazisində seysmik tədqiqatların səviyyəsinin
və keyfiyyətinin daha da artmasına gətirib
çıxaracaqdır. Q.Yetirmişli həmçinin
çıxışında 1902-ci ildə Şamaxıda
baş verən dağıdıcı zəlzələ və
onun fəsadları barəsində də ətraflı məlumat
vermişdir.
Q.Yetirmişli
çıxışı zamanı 7 may 2012-ci ildə Zaqatala
rayonunda baş verən zəlzələ haqqında
danışarkən həmin ərazidə aktivliyin
artmasının bir qədər əvvəldən
müşahidə olunduğunu bildirmişdir. Onun sözlərinə
görə, bu zəlzələ və zəlzələdən
sonra ölkə ərazisində müşahidə olunan
seysmogen vəziyyət barəsində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə zəlzələ
bölgəsində keçirilən müşavirə
zamanı ətraflı məlumat verilmişdir. Həmçinin
respublikanın direktiv orqanları da müntəzəm olaraq məlumatlandırılmışdır.
Q.Yetirmişli ictimaiyyətə maqnitidası 3-dən
yuxarı olan təkanlar barəsində müntəzəm məlumat
verildiyini də diqqətə çatdırmışdır .
Konfrans
öz işini oktyabrın 12-nə kimi seksiyalar üzrə
davam etdirmişdir.
"Seysmiklik,
zəlzələlərin proqnozu, tikililərin zəlzələyə
davamlılığı" mövzusunda Bakıda
keçirilən V Beynəlxalq konfrans çərçivəsində
iştirakçıların Şamaxı rayonuna səfəri
də təşkil olunmuşdur. Şamaxı rayonuna səfər
zamanı əvvəlcə ümummilli lider Heydər Əliyevin
abidəsi ziyarət olunmuşdur. Daha sonra qonaqlar
diyarşünaslıq müzeyində, 1902-ci ildə baş
verən zəlzələ zamanı dağılan və
sonradan bərpa olunmuş Cümə məscidində və
N.Tusi adına Şamaxı Rəsədxanasında olmuşlar.
Qonaqlara Şamaxının tarixi haqqında da ətraflı məlumat
verilmişdir.
Konfransın
yekunu olaraq qətnamə qəbul edilmişdir.
Qeyd edək
ki, beynəlxalq konfransın yekunları ilə bağlı
"RİA Novosti" xəbər agentliyinin Bakı
bürosunda mətbuat konfransı keçirilmişdir.
Elm.-
2012.- 30 oktyabr.- S.4.