Cümhuriyyət
şairi, ədəbiyyatşünas, naşir,
publisist Əlabbas Müznib və Azərbaycan ədəbiyyatı
1883-cü ildə Bakıda yoxsul bir
daşyonan ailəsində dünyaya göz açan Əlabbas
Müznib Azərbaycanın hüdudlarından çox uzaqlarda
tanınan görkəmli mədəniyyət xadimlərimizdəndir.
İlk təhsilini mollaxanada alan Müznibin
dünyagörüşünün formalaşmasında ilk
müəllimi olan anasının böyük rolu vardır. Tərcümeyi-halındakı
və bəzi əlyazmalarında verilən məlumatlara əsaslanaraq
Ə.Müznibin Bakı xanı Hüseynqulu xanın nəslindən
olduğunu qeyd edən İslam Ağayev onu Cümhuriyyət
dövrünün Milli şairi adlandırır.
Çoxşaxəli ədəbi və ictimai fəaliyyətə
malik olan Ə.Müznib həm yazar, həm naşir, həm
şərqşünas, həm tarixçi, həm ədəbiyyat
tənqidçisi, həm də türkçülük
ideologiyasını əməllərində və əsərlərində
əks etdirən, əqidəsindən dönməyən millətsevər
kimi tanınır.
Ə.Müznibin
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji
Qurultaydakı fəal iştirakı və əhəmiyyətli
təşəbbüsləri, rəsmi dəvətlərin
göndərilməsi zamanı dünya türkoloqları
arasında şəxsi münasibət və hörmətindən
istifadə etməsi, müxtəlif tədbirlərin
keçirilməsində oynadığı mühüm rol
danılmazdır.
XX əsrin
30-cu illərində artıq bütün cəmiyyət tərəfindən
tanınan və mövcud rejim tərəfindən dəfələrlə
istintaqa cəlb edilən Ə.Müznib fəaliyyətini yeni bir istiqamətlə
davam etdirməyə başladı. Tarixini, mədəniyyətini,
ədəbiyyatını bilməyən gələcəyini
qura bilməz ideyası ilə Azərbaycanın, ümumilikdə
türk dünyasının söz sənətkarları,
tarixi şəxsiyyətləri, Azərbaycanın bir türk
məskəni və bir dövlət olaraq qədim tarixi,
Bakının tarixi haqqında məlumatlar toplayaraq müxtəlif
mətbuat orqanlarında nəşr etdirməyə
başladı. Ən maraqlısı isə Ə.Müznibin qədim
türk tarixinə, türk yazılı abidələrinin tədqiqinə
aid topladığı dəyərli materiallardır. Fitri istedada
malik olan Ə.Müznib Şərq dillərinin gözəl
bilicisi olaraq bir çox əsərləri
türk dılinə tərcümə etmiş, bir şərqşünas
kimi Şərq dünyasının bir çox məşhur
söz sərkərdələri haqqında da müxtəlif mənbələr əsasında
qiymətli məlumatlar toplamış, bəzilərini nəşr
etdirməyə müvəffəq olsa da, əksəriyyəti
sağlığında işıq üzü görməmişdir.
Ədəbiyyat, naşirlik və mütərcimlik sadəcə
onun iş həyatının cizgilərini deyil, həm də ruhi aləminin, mənəvi
dünyasının və ən mühümü əqidə
və məfkurəsinin də hüdudlarını müəyyənləşdirirdi.
Bu sərhədlər Azərbaycanla məhdudlaşmırdı,
bu cizginin içinə bütün Türklük
dünyası, Türklük elmi,Türklük sevdası
sığışmışdı. Sibirin donvuran
bucaqlarında da isti cənub şəhərinin övladı
kimi qaynar və alovlu olan Müznib ruhuna hakim kəsilən Turan
sevdasından əl çəkmirdi.
1913-1917-ci
illər arasında Müznib milli mətbuat səhifələrində
həm ictimai, həm də mənəvi əhəmiyyəti
olan mühüm nəşrlər həyata keçirir.
Özü müxtəlif məzmunlu əsərlər yazmaqla
bərabər, Şərq və Qərb ədəbiyyatının
bir çox məşhur yazarlarından da tərcümələr
edirdi.
Müznibin
şəxsi arxivi əhatə etdiyi məlumat zənginliyi
baxımından çox qiymətlidir. Elmi və ədəbi
ictimaiyyətə Müznib haqqında ilk məlumatı f.e.d.,
prof., İslam Ağayev 1962-ci
ildə "Satirik "Zənbur" jurnalında ədəbiyyat
məsələləri" adlı məqaləsində
vermiş, onun ədəbi və publisistik fəaliyyətindən
bəhs etmişdir. Müznibin həyat və
yaradıcılığını araşdıran İslam
Ağayev 1972-ci ildə Azərbaycan jurnalında "Əlabbas
Müznib" başlıqlı məqaləsində onun
haqqında məlumat vermişdir. Ə.Müznibin həyat və
fəaliyyətini ardıcıl olaraq
tədqiqata cəlb edən alim 2003-cü ildə şəxsiyyətini,
ədəbi və ictimai fəaliyyətini
işıqlandıran "Əlabbas Müznib: həyatı,
yaradıcılığı, əsərlərindən
seçmələr" adlı monoqrafiyasını nəşr
etdirmişdir. Ədibin yaradıcılıq yolunu təhlil edən
İ.Ağayev onu "Milli keçmışimizin yorulmaz tədqiqatçısı"
adlandırmışdır. Müznıbin çoxşaxəli
elmi, ədəbi və ictimai fəaliyyəti müxtəlif istiqamətlərdə
tədqiqatlara cəlb olunmuşdur. Belə ki, Əlyazmalar
İnstitutunun mərhum direktoru f.e.d. Məmməd Adilov onun
arxivində qorunan əlyazma materiallarına biganə
qalmamış, 1988-ci ildə "Yazmaq məndən, oxumaq,
diqqət etmək millətdən" adlı məqaləsində
onun özü tərəfindən yazdığı tərcümeyi-halından
bəzi faktları işıqlandırmış, 1990-cı
ildə əlyazmaşünas alim Arif Ramazanovla birlikdə Ə.Müznibin
Qarabağa etdiyi elmi-etnoqrafik-tarixi xarakterli ezamiyyəti əsasında
topladığı materialları transfoneliterasiya edərək
"Qarabağa səyahət" adı altında nəşr
etdirmişdir. Akademik Ziya Bünyadov isə 1991-ci ildə Azərbaycan
Milli Təhlükəsizlik Nazirliyinin arxivində qorunan sənədlər
arasından Müznibin mühakiməsinə səbəb olan əsərlərilə
bağlı aşkar etdiyi çox qiymətli faktlar əsasında
"Əlabbas Müznib əleyhinə ittiham" adlı məqalə
çap etdirir. Əlyazmalar İnstitutunun əməkdaşı,
f.e.d., dos. Nailə Səmədova Müznibin xatirələrini
tədqiqata cəlb edərək 2000-ci ildə "Ə.Müznibin
memuar irsi", 2007-ci ildə
"Əlabbas Müznibin memuar
yaradıcılığı" adlı iki məqalə nəşr
etdirmişdir. N.Səmədova bu sahədəki tədqiqatlarını
davam etdirərək 2008-ci ildə
Müznibin xatirələrini M.S.Ordubadi, Ə.Əminzadənin
xatirələri ilə birlikdə kitab şəklində nəşr
etdirmişdir. Əlabbas Müznibin həyat və
yaradıcılığı haqqında, onun arxivindəki əlyazmalar
haqqında ardıcıl araşdırmalar aparan tədqiqatçılardan
biri də şairə-alim Sona Xəyaldır. Onun ədəbi
irsi, yaradıcılıq yolu, gördüyü işlər,
araşdırdığı sahələri tədqiqata cəlb
edən S.Xəyal Ə.Müznibin şeirlərini, onun ədiblərimiz
haqqında yazdığı elmi-tədqiqat səciyyəli bəzi
məqalələrini transfoneliterasiya etmiş, başqa ədiblərin, görkəmli
şəxsiyyətlərin Müznibin arxivində qorunan əlyazmalarını
çap etdirmişdir. F.d. Aybəniz Rəhimova Əlabbas
Müznibin Azərbaycan tarixi, Bakı tarixi haqqında
topladığı materiallar əsasında 1999-cu ildə
"Müznib Bakı tarixi haqqında" adlı məqalə
nəşr etdirmişdir. Bu məqalədə müəllif əsasən
Müznibin tarixşünaslıq, etnoqrafiya sahəsindəki
gördüyü işləri tədqiqata cəlb etmişdir.
F.d. Aidə Paşayeva Müznibin müxtəlif zamanlarda
topladığı əlyazma materialları arasından Xaqanidən
tərcümə edilmiş bir qəzəli haqqında
İranda keçirilən Beynəlxalq Xaqanişünaslıq
konqresində məruzə etmiş, Müznib tərəfindən
fars dilindən tərcümə edilən S.Nəfisinin
"Süddə bayramı" adlı əlyazmasını
müasir əlifbamıza çevirmiş,
hazırladığı məruzə ilə Türkiyədə
keçirilən Beynəlxalq Türk Xalq Kültürü
Qurultayına qatılmışdır. Əlabbas Müznibin
böyük bir xəzinə olan şəxsi arxivinə
müraciət edən, Əlyazmalar İnstitutunun əməkdaşı
Samirə Gəncəli Müznibin şeir
yaradıcılığını tədqiq edərək bu
barədə müxtəlif məzmunlu elmi məqalələr
nəşr etdirmişdir. S.Gəncəli 1998-ci ildə
Müznibin şəxsiyyəti və fəaliyyətini
işıqlandıran "Əlabbas Müznib kimdir?",
1998-ci ildə "Əlabbas Müznibin gizli imzaları",
2003-cü ildə "Əlabbas Müznibin iki naməlum
şeiri"2004-cü ildə "Əlabbas Müznibin Ə.Səbura
məktubu"adlı məqalələrini və 2004-cü
ildə isə Mirzə Məhəmməd Katibin Müznib tərəfindən
toplanılan və şəxsi arxivində saxlanılan
şeirlərini kitab halında nəşr etdirmişdir. Əlyazmalar İnstitutunun əməkdaşlarından
olan Samirə Əliyeva ədibin arxıvində qorunan,
çap etdirmək üçün özü tərəfindən
toplanılan materiallar əsasında 2006-cı ildə Azərbaycan
şairəsi Şərəf xanımın şeirlər
kitabını nəşr etdirmişdir. Müznibin
yaradıcılığına, onun həyat və ictimai fəaliyyətinə
müraciət edənlərin hər biri yeni bir məlumatı,
yeni bir tapıntını elmi ictimaiyyətə
çatdırmışlar.
Əlabbas
Müznibin Əlyazmalar İnstitutunda 23 saylı Fondda qorunan
arxivində 387 saxlama vahidi altında əsasən onun
avtoqrafları olan əlyazma materialları saxlanılır. Bu
materiallar içində onun tərcümeyi-halı, məktublar,
şəxsiyyətinə aid sənədlər, əsərləri,
müxtəlif illərdə və müxtəlif mətbu
orqanlarda nəşr etdirdiyi, tədqiqat üçün
topladığı əlyazmalar, ayrı-ayrı şəxslərin
ona verdiyi kitablar və şəkillər vardır.
Alimin şəxsi
fondunu nəzərdən keçirdikdə şahid oluruq ki, o
təkcə ədəbi, ictimai, publisistik fəaliyyətlə
məşğul olmamış, həm də Azərbaycan ədəbiyyatına,
ədəbiyyatın nəzəri məsələlərinə,
klassik dövrün nümayəndələrinə, az
tanınan ədiblərin həyat və fəaliyyətinin
araşdırılmasına aid qiymətli materiallar toplamış,
bu sahədə tədqiqatlar aparmaqla ədəbiyyatşünas
alim kimi də mədəniyyət tarixinə öz töhfələrini
vermişdir. Müznib elmi-ədəbi axtarışları
zamanı klassik irsimizin araşdırılması
üçün bir çox tarixi mənbələrə
müraciət etmişdir. Bu mənbələr onun topladığı
materialların zənginliyinə, səhihliyinə, dəqiqliyinə,
şübhəsiz ki, öz təsirini göstərmişdir. Əlbəttə
ki, hər bir tədqiqatçının topladığı
faktların haradan, hansı mənbədən alması verilən
bilgilərin dəyərinə və qənaətlərin
inandırıcılığına təsir edir.
Əlabbas
Müznibin Molla Pənah Vaqif haqqında yazdığı
materiallar da qiymətli faktarla zənginliyi ilə diqqəti cəlb
edir. Məlum olduğu kimi, M.P.Vaqifin divanı və ya əsərlərindən
ibarət külliyyatı günümüzə gəlib
çatmamışdır. Lakin XIX əsrdən etibarən
müxtəlif şeir həvəskarları, kolleksionerler tərəfindən
şairin əsərləri toplanmış, cünglərə,
bəyaz və təzkirələrə
köçürülmüş, bəzi şeirləri isə
hafizələrdə qorunub saxlanmışdır. Müznib
M.P.Vaqif haqqında çox dəyərli bir tədqiqat
materialı hazırlamış, şairin həyatına,
yaradıcılığına aid bir çox qaranlıq məsələlərə
aydınlıq gətirməyə
çalışmışdır.
Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, Əlabbas Müznib XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycan ədəbiyyatı tarixi, görkəmli
ədib və yazıçılarımız haqqında
topladığı materialllar həm
məlumat zənginliyi, həm də burada verilən
şeir nümunələrinin bəzilərinin hələ də
nəşr olunmaması baxımından çox qiymətlidir.
Məsələn, Müznibin Həbibi, M.P.Vaqif, Əliağa
Aləm, Qasım bəy Zakir, Məxfi, Pərişan və digərləri
haqqında topladığı materiallarda indiyə qədər
nəşr olunmamış bir çox şeir nümunələri
aşkar olunmuşdur.
Əlabbas
Müznibin Nəbati haqqında olan əlyazması da
maraqlıdır. Bu əlyazmada müəllif Nəbatinin şəxsiyyəti,
yaşadığı mühit və dövrü, təxəllüsü
haqqında bilgilər verir, onun şeirlərindən nümunələr
verərək ona qədər çap olunan kitablardakı
yanlışlıqları da ortaya qoyur.
Ümumiyyətlə,
Müznib Azərbaycan ədəbiyyatının bir çox
şair və ədiblərini tədqiqata cəlb
etmiş, bəzilərinin sadəcə
əsərlərindən nümunələr verməklə kifayətlənmiş,
bəzilərini daha dərindən
araşdırmış, müqayisəli təhlillər
apararaq onların həyatlarında və
yaradıcılıqlarında olan qaranlıq və mübahisəli
nöqtələri işıqlandırmağa
çalışmışdır. Onun arxivində Nizami Gəncəvi,
Nəsimi, Həbibi, Füzuli, Zikri Ərdəbili, Rəhməti,
Məsihi, Qövsi, M.V.Vidadi, Əliağa Aləm, Natəvan,
Aşıq Pəri, Məxfi, Şeyda, Şuxi, Raği, Pərişan,
Saleh, Sadiq, Qasım bəy Zakir, Asif və ədəbiyyat
tariximizdə kifayət qədər haqqında məlumat verilən
və ya əksinə az tanınan digər şairlərlə
bağlı bir-birindən qiymətli, məzmunlu, maraqlı
faktlarla zəngin olan əlyazmalar vardır.
Arxivdə
Müznibin qədim türk tarixi, qədim türk ədəbiyyatının
ilkin örnəkləri haqqında da tədqiqatları da diqqəti
cəlb edir. Qədim türk ədəbiyyatının erkən
dövrlərinin nümunələri hesab edilən Orxon-Yenisey
abidələri haqqında məlumat verən, Kül Tigin abidəsini araşdıran
(Müznibin arxivində Kül Tigin abidəsinin cənub tərəfinin
A3 formatlı saralmış kağızın bir üzündə
çap olunmuş tam versiyası vardır. Üstündə
latın qrafikalı Azərbaycan əlifbası ilə "VIII
əsr Kül Tigin, Bakı" qeydi
yazılmışdır). Müznib ardıcıl olaraq qədim
türk tayfaları, qədim türk yurdları, qədim
yazılı abidələrimizin tədqiqi ilə
maraqlanmış, bu barədə müxtəlif səpkili,
yüksək elmi əhəmiyyəti olan məqalələr
yazmışdır.( Bu haqda onun müxtəlif məzmunlu məqalələri
vardır).
Əlabbas
Müznibin tədqiq etdiyi şairlər içində təkcə
Azərbaycan ədibləri deyil, həm də Şərq ədəbiyyatının
ən böyük söz ustadlarının: Rudəki, Firdovsi,
Ömər Xəyyam, Hafiz, Sədi Şirazi və başqa
görkəmli söz ustadlarının da adı vardır.
Fars və ərəb dilini kamil bilməsi Şərq
xalqlarının tarixinə dair maraqlı tədqiqatlar
aparmasında, müxtəlif mövzuları əhatə edən
elmi-tədqiqat xarakterli məqalələr yazmasında ona
kömək olmuşdur.
Yalnız
Azərbaycan ədiblərinin deyil, bütünlükdə Türk
dünyasının, o cümlədən Şərq ədəbiyyatının
bilicisi olaraq bu ədəbiyyatın zəngin mənəvi
irsini tədqiq edən Əlabbas Müznib də ədəbiyyatımızı
yaradanlar, var edənlər, qoruyub öyrənənlər,
öyrədənlər arasındadır.
Qətibə VAQİFQIZI,
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun elmi
işçisi
Elm.- 2012.- 30 oktyabr.- S.5.