Ermənilərin
Azərbaycan xalqının tarixi
torpaqlarına iddialarının ifşası tarixinin öyrənilməsi
böyük əhəmiyyətə malikdir
SSRİ-nin süqutu və onun yerində
müstəqil dövlətlərin yaranması ilə
respublikamızın tarixçiləri tərəfindən
tarixi inkişafın gedişini
qərəzsiz işıqlandırmaq, hadisələri
olduğu kimi təsvir etmək imkanları
yaranmışdır. Müəlliflər tarixi
inkişafın tədqiqi zamanı yol verilmiş "ağ ləkələr",
daha doğrusu, əvvəllər ölkədə hakim
ideologiyanın bilərəkdən hər vasitə ilə
qadağan etdiyi və üstündən keçdiyi
mövzulara da müraciət etməyə başladılar.
Tam əminliklə
qeyd etməliyik ki, həmin qadağan olunmuş məsələlərdən
biri də Güney Qafqazı işğal etdikdən sonra
rusların başqa ölkələrdən köçürərək
Qafqaza gətirib yerləşdirdikləri ermənilərin
xalqımıza qarşı törətdikləri ərazi
iddiaları və soyqırımları, terror və
deportasiyalar olmuşdur. XIX-XX yüzilliklər boyu ermənilər
gəldikləri yerlərdə yerli əhalini
sıxışdıraraq onların torpaqlarını tutaraq
özününküləşdirmək yolu ilə həmin
torpaqlarda özlərinin əsrlərlə xəyallarında
yaşatdıqları "Böyük Ermənistanı"
qurmaq niyyətini gerçəkləşdirmək istəyirdilər.
Bu xəyallarını ermənilər başqalarının,
ilk növbədə isə türk-müsəlman
xalqlarının torpaqları hesabına gerçəkləşdirmək
istəyirdilər. Öz istəklərinə ermənilər
yalnız qonşularına qarşı keçirdikləri xəyanət,
soyqırımı, terror, deportasiyalar və hər cür rəzalət
vasitəsilə nail olurdular.
Yetmiş
illik sovet hakimiyyəti dövründə də sistem elan etdiyi
beynəlmiləlçilik və xalqlar dostluğu şəraitində
bizim qanunlara itaətkar xalqın hüquqlarını məhdudlaşdırır
və pozurdu.
İyirmi
illik müstəqillik dövründə tarixçi alimlərimiz
ermənilərin xalqımıza qarşı həyata
keçirdiyi vandalizm və soyqırımı hadisələrinin
öyrənilməsi, bu sahədə yazdıqları əsərlər
ermənilərin öz torpaqlarımızda xalqımıza
qarşı törətdikləri vəhşilikləri əyani
şəkildə əks etdirir.
Bu sahədə
tarix elmləri doktoru, Azərbaycan Respublikası Milli Arxiv
İdarəsinin rəisi Ataxan Paşayevin yenicə çapdan
çıxmış "XIX-XX əsrlərdə ermənilərin
Azərbaycan xalqına qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar (arxiv sənəd və
materialları əsasında)" (Bakı,
Çaşıoğlu, 2011. - 328 s.) kitabını xüsusilə
qeyd etmək lazımdır.
A.Paşayev
respublikamızda göstərilən problemi qaldıran və
onu ardıcıllıqla çox fəal surətdə tədqiq
edən ilk müəlliflərdən biridir. Bu mövzuya aid
onun yüzdən yuxarı elmi və publisistik məqalələri
mövcuddur. Bilavasitə A.Paşayevin şəxsi təşəbbüsü,
rəhbərliyi və iştirakı ilə Azərbaycan Xalq
Cümhuriyyətinin tarixinə aid 8 cildlik dörd yüz
müəllif vərəqindən yuxarı arxiv sənədlərindən
ibarət külliyyat nəşr olunmuşdur.
Əsasən
müxtəlif arxivlərdə, ilk növbədə isə Azərbaycan
Respublikasının dövlət arxivlərində, habelə
Rusiya Federasiyasının, Gürcüstanın, Türkiyə
Cümhuriyyətinin arxiv və kitabxanalarında mühafizə
olunan sənəd və materiallar əsasında
yazılmış bu kitab ermənilərin 200 ildən
yuxarı bir müddətdə torpaqlarımızı müxtəlif
yollarla, xüsusilə xristian dini məzhəbinə məxsus
çar Rusiyasının köməyi ilə özgə,
xüsusilə türk-müsəlman xalqlarının
torpaqlarını tutaraq öz dövlətlərini yaratmaq məsələləri
faktlar əsasında şərh olunur.
Kitabda
müəllif ermənilərin xalqımıza qarşı həyata
keçirdiyi soyqırımı, deportasiya və ərazi
iddiaları ilə bağlı məsələlərin
tarixini dörd dövrə bölür.
Birinci
dövr xronoloji cəhətdən Cənubi Qafqazın Rusiya tərəfindən
ilhaqı, yəni çar Rusiyasının erməniləri
Güney Qafqaza köçürmə siyasətini həyata
keçirdiyi dövrü əhatə edir. Rusiyanın digər
ölkələrdən, xüsusilə İran və
Türkiyədən erməniləri Cənubi Qafqaza
köçürməsi nəticəsində türk-müsəlman
xalqlarına məxsus bu torpaqlarda Rusiya hakimiyyətinin siyasətini
həyata keçirmək üçün bu ərazilərə
xristian dinindən olanları, xüsusilə erməniləri gətirib
yerləşdirirdi. Məqsəd isə bu yolla həmin ərazilərdə
yaşayan türk-müsəlman əhalisinin sayını
azaltmaq, onların əlaqələrini zəiflətməklə
regionda xristian faktorunu gücləndirmək və özlərinə
ermənilər və digər xristian xalqlarından ibarət
forpostlar yaratmaq idi. Belə ki, Rusiya ilə İran
arasında baş vermiş
müharibələr nəticəsində bağlanmış
Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələri nəticəsində Güney Qafqazın
Rusiyaya birləşdirilməsi, habelə 1828-1829-cu illərdə
Rusiya-Osmanlı müharibəsi nəticəsində
bağlanmış Ədirnə sülh müqaviləsinə
əsasən Rusiya tərəfindən İran və Türkiyədən
140 mindən yuxarı erməni gətirilərək Güney
Qafqazda türk-müsəlmanlara məxsus torpaqlarda yerləşdirilir.
Bu, Qafqazın etnik xəritəsinin əsaslı şəkildə
dəyişdirilməsinin, onun erməniləşdirilməsinin
əsasını qoyur. Ermənilərin Güney Qafqaza
köçməsi və köçürülməsi
işi XIX əsrin axırı və XX əsrin əvvəllərində
də Rusiya hakimiyyət orqanları tərəfindən
intensiv surətdə davam etdirilir. Bu, məsələlər
müəllifin rus tədqiqatçısı N.Şavrovun
1911-ci ildə Sankt-Peterburqda nəşr olunmuş
"Zaqafqaziyada rus işinə yeni təhlükə"
kitabından gətirdiyi fikirdə öz əksini
tapmışdır. O, yazırdı: "Bu ermənilərin
Güney Qafqaza ilk axını idi. Bu axın sonralar bir əsrə
yaxın müddətdə ardıcıl olaraq davam
etmişdir". Sonra o, öz fikrinin davamı olaraq qeyd edirdi
ki, XX əsrin əvvəllərində Güney Qafqazda
yaşayan bir milyon üç yüz min erməninin bir
milyondan çoxu yerli əhali olmayıb, Rusiya hakimiyyət
orqanları tərəfindən buraya köçürülənlərdir.
Monoqrafiya
müəllifinin də qeyd etdiyi kimi, artıq həmin
vaxtlardan başlayaraq, hətta ondan əvvəllərdə də
çarizmin Şərq siyasətində erməni məsələsi
xüsusi yer tuturdu. XIX əsrin sonlarında ermənilər tərəfindən
yaradılan "armenakan", "qınçaq",
"daşnaksütyun" kimi şovinist millətçi təşkilatlar,
yarandıqları ilk gündən döyüş
drujinaları yaratmaqda məqsədləri özgə
torpaqlarını, ilk növbədə isə türk-müsəlman
xalqlarına məxsus torpaqları tutaraq orada erməni dövləti
yaratmaq kimi irticaçı şovinist siyasətə xidmət
edirdi. 1905-1907-ci illərdə ermənilərin Güney
Qafqazda yürütdükləri siyasət məhz bu məqsədə
xidmət edirdi.
Kitabda tədqiq
olunan ikinci dövr 1917-1920-ci illərdə Birinci Dünya
müharibəsi və Rusiyada inqilabi hərəkatın
güclənməsi nəticəsində çarizmin
süqutu, ermənilərin Azərbaycan xalqına qarşı
S.Şaumyan başda olmaqla bolşevik-daşnak hərbi hissələrinin
1918-ci ilin martında Bakıda, Şamaxı şəhərində
və Şamaxı qəzasının kəndlərində,
habelə Qarabağda, Zəngəzurda, Qubada,
Naxçıvanda, Şərur-Dərələyəz qəzalarında
və başqa ərazilərdə erməni xalqının qəhrəmanları
dərəcəsinə qaldırılmış Andronik,
Lalayan, Amazaps kimi daşnak başkəsənlərin həyata
keçirdikləri vəhşiliklər çox zəngin
tarixi sənədlər və faktlar əsasında təhlil
olunur. Hətta öz hərəkətlərindən ruhlanan
S.Şaumyan V.İ.Leninə yazdığı məktubda mart
hadisələri zamanı ermənilərin xalqımıza
qarşı Bakıda törətdikləri vəhşiliklərin
real həcmini bilərəkdən ört-basdır etməyə
çalışaraq yazırdı ki, guya Bakı hadisələri
zamanı hər iki tərəfdən cəmi üç min nəfər
adam ölüb. Əslində isə A.Paşayev rəsmi sənədlərə
istinad edərək göstərir ki, çox böyük
maddi zərərlə yanaşı, təkcə Bakı şəhərində
ölən azərbaycanlıların sayı 11 min nəfərdən
çox olmuşdur.
Ermənilərin
bu dövrdə dinc əhaliyə qarşı törətdikləri
vəhşiliklər Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin 1918-ci il iyul ayının 15-də
yaratdığı ermənilərin türk-müsəlmanlara
qarşı törətdikləri qanlı hadisələri tədqiq
edən xüsusi Fövqəladə Təhqiqat
Komissiyasının və sonralar yaratdığı Əksinqilab
ilə Mübarizə Təşkilatı tərəfindən
aparılmış təhqiqatlar və araşdırmalar nəticəsində
bir daha sübuta yetirilmişdir.
Həmin tədbirlərdən
və hadisələrdən tam yüz il keçməsinə
baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin,
onun yaratdığı komissiyaların və orada iştirak edən
şəxsiyyətlərin bu sahədəki fəaliyyətlərini
biz bu gün bir daha minnətdarlıq hissi ilə yad edirik. Bu
komissiyaların üzvlərinin (onların arasında azərbaycanlılardan
əlavə ruslar, yəhudilər, gürcülər, polyaklar
və başqaları var idi) tərtib etdikləri çox
müxtəlif xarakterli sənədlər bu gün bizim o
vaxtlar baş vermiş hadisələrin mahiyyətini
açmağa, dərindən anlamağa və erməni vəhşiliklərini
dərk etməyə kömək edir.
Qeyd etmək
lazımdır ki, Fövqəladə Təhqiqat
Komissiyasının materialları 2001-ci ildə Türkiyə
və Azərbaycan arxivləri arasında əməkdaşlıq
protokolu əsasında türk dilində qısa xülasələr,
sənədin əsillərinin foto surətləri,
A.Paşayevin yazdığı "Azərbaycan bəlgələrində
erməni sorunu (1918-1920)" adlı mükəmməl müqəddimə
ilə birlikdə 682 səhifədə böyük tirajla
çap olunmuşdur. Bu sənəd toplusunun
hazırlanması və nəşri işi bilavasitə
A.Paşayevin müstəsna xidmətidir. (Bu kitab haqqında
bax: "Azerbaydjan i azerbaydjanüı". Bakı, 2002,
¹-15-16.- səh 3-11)
Ermənilərin
xalqımıza qarşı ərazi iddiası və
torpaqlarımızı sovet hakimiyyəti illərində rəhbər
vəzifələrə soxulmuş ermənilərin bilavasitə
fitvası ilə İttifaq hökuməti rəhbərlərinin
köməyi ilə ələ keçirməsi və həmin
torpaqlardan azərbaycanlıların
sıxışdırılaraq qovulduğu 1920-1988-ci illəri
əhatə edir. Monoqrafiya müəllifi A.Paşayevin sərrast
ifadəsi ilə desək, ermənilər üçün
uğurlu olan bir zamanda azərbaycanlıları tədricən
müxtəlif üsullarla və yollarla əsrlərlə
sakini olduqları tarixi torpaqlarından
sıxışdırıb çıxararaq, yerlərində
xaricdən gələn millətləri və əsasən isə
erməniləri məskunlaşdırırdılar. Sovet
hakimiyyətinin ilk iki onilliyi ərzində bu sahədə yeni
yaradılmış Zaqafqaziya Federasiyasının əsasən
gürcü və ermənilərdən ibarət rəhbərliyi
və Azərbaycana rəhbərlik edən C.Kirovun yaxından
köməyi ilə Mikoyan, Sarkisyan, Mirzoyan kimi üzdə
bolşevik, batində isə daşnak xislətli ermənilər
oldu. Bu illər ərzində Zəngəzur Ermənistana
verildi, ermənilərin bütün səylərinə
baxmayaraq Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi
təşəbbüsü N.Nərimanovun müqaviməti sayəsində
mümkün olmadı, ancaq hiyləgər ermənilər
sonralar ona "muxtar vilayət" statusu verdirməyə nail
olmaqla artıq 1988-1990-cı illərdə baş vermiş
hadisələr üçün zəmin yaratdılar. Ancaq ermənilər
vaxt və imkan var ikən Azərbaycandan yeni-yeni torpaqlar
qoparır və Ermənistan SSR ərazisindəki azərbaycanlıları
isə sıxışdıraraq oradan qovulması işini
davam etdirirdilər. Belə ki, 1929-cu ildə Cəbrayıl
rayonunun Nüvədi, Ernəzir və Tuqut kəndləri və
Naxçıvan Muxtar Respublikasının 9 kəndindən
ibarət 657 kvadrat kilometrlik ərazisi, 1930-cu ildə isə
Lehvaz, Əldərə və Astazur kəndləri də Ermənistana
verilərək həmin ərazidə Meqri rayonu
yaradılır, nəticədə Naxçıvan Muxtar
Respublikasını Azərbaycandan 45 km-lik zolaq ayırır.
Ermənistan
SSR rəhbərliyinin uzun illər təkidli tələbi ilə
SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən
1947-ci il dekabr ayının 23-də imzalanmış "Ermənistan
SSR-dən kolxozçuların və
digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi
haqqında"kı qərarla 1948-1953-cü illərdə Ermənistan
SSR-də yaşayan azərbaycanlılar əsrlərlə
yaşadıqları doğma torpaqlarından Azərbaycana
deportasiya olunaraq onların yerinə xaricdən gələn erməniləri
yerləşdirirdilər.
Monoqrafiyada
tədqiq olunan dördüncü dövr 1988-1990-cı illəri
əhatə edir. Bu fəsildə azərbaycanlıların Ermənistan
SSR-dən güclə qovulması, SSRİ-nin
dağılması, Ermənistanın Azərbaycan
Respublikasına qarşı silahlı müdaxiləsi nəticəsində
Dağlıq Qarabağı və onun ətrafındakı
rayonları işğal edərək azərbaycanlı əhalini
öz vətənində qaçqın və
köçkünə çevirməsi, XX əsrin ən
qanlı hadisələrindən olan Xocalı
soyqırımı kimi məsələlər öz əksini
tapır.
Monoqrafiya
işi mükəmməl Nəticə ilə
yekunlaşır. Onu həyəcansız oxumaq mümkün
deyil. Müəllifin gəldiyi hər bir nəticə - onun
illərlə sənədlər və materiallar üzərində
işlədiyi zaman öz xalqının həm çarizm
zamanı, həm də sovet hakimiyyəti illərində tədricən
addım-addım öz tarixi torpaqlarından
sıxışdırılıb
çıxarılmış, müxtəlif mənbələr əsasında
vaxtı ilə Azərbaycan xalqına mənsub olmuş İrəvan
xanlığının tarixi torpaqlarında
yaradılmış Ermənistan Respublikasına
bağışlamışlar.
Təkzib
olunmayan sənəd və materiallar əsasında
yazılmış kitabı diqqətlə oxumaq
lazımdır ki, ermənilərin törətdikləri vəhşiliklərin
mənzərəsini, onların məkr və hiylələrini
tam ətraflı şəkildə başa düşəsən.
A.Paşayevin də yazdığı kimi, ermənilər
Güney Qafqaza gəldikləri iki yüz il ərzində
vaxtilə onlara bu ərazilərdə yaşamaq
üçün şərait, ilk dövrlərdə onlara
sığınacaq verib kömək göstərmiş xalqa
bunun müqabilində nə qədər xəyanət
etmişlər.
Bu kitab onun
müəllifi tərəfindən Bakı, Ankara, Moskva,
Sankt-Peterburq, Tbilisi, Paris, London və digər arxivlərdən
otuz ildən yuxarı yaradıcılıq
axtarışlarının nəticəsi olaraq
toplanmış sənəd və materiallar xəzinəsidir.
Onların əksəriyyəti bilavasitə müəllif tərəfindən
ilk dəfə olaraq elmi tədqiqata cəlb edilmişdir.
Təhlil
olunan əsərin ən mühüm üstünlüklərindən
biri də ondadır ki, tədqiq olunan problem müəllif tərəfindən
kompleks şəkildə təhlil olunur.
Fikrimizcə,
müəllif tərəfindən ciddi tədqiqat işi
aparılmış, göstərilən problemin sistemləşdirilməsi,
ardıcıl surətdə tədqiqi və izahı
üçün böyük əmək sərf edilmişdir.
Bu əsər problemin tarixşünaslığına qiymətli
töhfədir və orada özünün layiqli yerini
tutacaqdır.
Kitabı
oxuyarkən istər-istəməz ümummilli liderimiz Heydər
Əliyevin 31 mart günü münasibəti ilə xalqa
müraciətində dediyi aşağıdakı sözləri
yada düşür: ".....Gərək bugünkü və
gələcək nəsillərin yaddaşında son yüz
ildə ermənilərin xalqımızın başına gətirdiyi
müsibətlər barədə möhkəm xatirə
yaradaq, bütün dünyada bu hadisələrə siyasi və
hüquqi qiymət verilməsinə nail olaq." ("Azərbaycan"
qəzeti, 31 mart 1999, ¹71). A.Paşayevin kitabı bu vəzifələrin
yerinə yetirilməsi işinə tamamilə cavab verir və
bu məqsədə xidmət edir.
Bizə belə
gəlir ki, bu kitab tarix fənnindən məktəb
proqramlarında dəyərli bir tədris vəsaiti ola bilər.
Bu kitab tərəddüd edilmədən başqa dillərə
də tərcümə olunmalıdır. O, bizim xaricdəki
diplomatlarımızın stolüstü məlumat kitabı
ola bilər. Kitab Azərbaycanda fəaliyyət göstərən
səfirliklərə, Haaqa Beynəlxalq Məhkəməsinə
də göndərilə bilər. Bir sözlə, bu həqiqi
elmi-tədqiqat əsəri - Dağlıq Qarabağ
haqqında reallıqları əks etdirən, ermənilərin
Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri
dünya xalqlarının diqqətinə çatdıra biləcək
qiymətli bir mənbədir.
Tamilla MUSAYEVA,
tarix elmləri doktoru, professor,
Dövlət Mükafatı Laureatı,
Əməkdar Elm Xadimi
Elm.- 2012.- 30 oktyabr.- S.6.