Rəhim
Əyyub oğlu Hüseynov
Azərbaycan
elminə ağır itki üz vermişdir. AMEA-nın
müxbir üzvü, Əməkdar müəllim,
fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Əyyub
oğlu Hüseynov ömrünün 88-ci ilində vəfat
etmişdir.
R.Ə.Hüseynov
1924-cü il sentyabrın 9-da Azərbaycanın tarixi ərazisi
olan Şuşa şəhərində anadan olmuşdur.
1941-1946-cı
illərdə Azərbaycan Dövlət Universitetinin (ADU, indiki
BDU) fizika-riyaziyyat fakültəsinin tələbəsi,
1946-1949-cu illərdə "astrofizika" ixtisası üzrə
aspirantı olmuşdur.
R.Ə.Hüseynov
dissertasiya müdafiə edərək "astrofizika"
ixtisası üzrə 1953-cü ildə fizika-riyaziyyat elmləri
namizədi, 1976-cı ildə isə fizika-riyaziyyat elmləri
doktoru alimlik dərəcələrini almışdır.
Azərbaycan
Dövlət Universitetində 1949-1951-ci illərdə baş
laborant (Astronomiya laboratoriyası), 1951-1953-cü illərdə
astronomiya üzrə müəllim (Molekulyar fizika və optika
kafedrası), 1953-1954-cü illərdə "astrofizika"
ixtisası üzrə baş müəllim, 1954-1961-cı illərdə
dosent (Molekulyar fizika və optika kafedrası), 1975-1992-ci illərdə
Astrofizika kafedrasının müdiri, 1992-ci ildən
ömrünün sonunadək həmin kafedranın professoru vəzifələrində
çalışmışdır.
1961-1975-ci
illərdə Azərbaycan EA Şamaxı Astrofizika Rəsədxanasının
elmi işlər üzrə direktor müavini və Günəş
fizikası şöbəsinin müdiri olmuşdur.
R.Ə.Hüseynov
onlarla elmlər doktoru və fəlsəfə doktoru
hazırlamışdır. 100-dən
çox elmi əsəri (o cümlədən 30-dan çoxu
xarici ölkələrdə) çapdan
çıxmışdır. Azərbaycan astrofizika elmini bir
çox elmi tədbirlərdə ləyaqətlə təmsil
etmişdir.
2001-ci ildə
"astrofizika" ixtisası üzrə AMEA-nın müxbir
üzvü seçilmişdir.
Alimin əsas
elmi istiqaməti astrofizika və radioastronomiya, Günəşin
radiooptik şüalanma xüsusiyyətləri və relyativist
elektronların Günəşin məhəlli maqnit sahələrində
şüalanması, Günəşin
alışmalarının ilk mərhələsinə
güclü nöqtəvi partlayış nəzəriyyəsinin
tətbiqi, planetar dumanlıqların əsas parametrlərinin təyini
üsulları olmuşdur.
Professor R.Ə.Hüseynov
ilk dəfə Günəş alışmaları və
radiopüskürmələrinin geniş diapazonda
şüalanmasında məhəlli maqnit sahəsində
relyativist elektronların əhəmiyyətli rol
oynadığına aid hipotez irəli sürmüşdür.
Eruptiv ulduzlarda da relyativist elektronların analoji rol
oynadığını nəzərə alsaq, bu hipotezin
geniş imkanlara malik olduğunu görürük.
Qaz
dinamikası çərçivəsində yüksək
temperaturlu hidrogen plazmasında güclü partlayış nəzəriyyəsinin
günəş alışmalarının başlanğıc
fazasına tətbiqi göstərmişdir ki, bu ifrat
qeyri-stasionar törəmələr incə quruluşlu
olmalıdır. Bu nəzəriyyənin tətbiq dairəsi
çox genişdir. Planetar dumanlıqlara qədər məsafənin
və onların nüvələrinin radiusunun yeni təyini
üsulları işlənmişdir.
R.Ə.Hüseynov
Beynəlxalq Astronomiya İttifaqının və Avropa
Astronomiya Cəmiyyətinin üzvü olmuşdur.
2003-cü
ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına
layiq görülmüşdür.
Görkəmli
alim, bacarıqlı pedaqoq Rəhim Əyyub oğlu
Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində
daima yaşayacaqdır.
Allah rəhmət eləsin!
AMEA Rəyasət Heyətinin və Fizika-Riyaziyyat
və Texnika Elmləri Bölməsinin üzvləri Sosial
şəbəkələrə paylaş
Elm.- 2012.- 21 sentyabr.- S.16.