“Xəyanət nöqtəsi”
(Əvvəli ötən
saylarımızda)
55
"Delta-3"
Nora Menqorun cəsədini və xizəkləri götürmək
üçün orada qaldı. Onun iki yoldaşı isə
şikarlarının arxasınca buzlaq boyu
üzüaşağı cumdular.
Onların
xizəkləri adi deyil, motorlu idi. "Fast treks" markalı mülki
motorlu xizəklərin əsasında işlənib
hazırlansa da, miniatür monitorlara malik bu xüsusi modelin
ultramüasir konstruksiyaya müvafiq olaraq xizəkçi hər
ayağına ayrıca aeroxizək geyinirdi. Sağ əlin
baş və nişan barmaqlarını
birləşdirərək sürəti nəzarətdə
saxlamaq mümkün olurdu; bu zaman əlcəyə yerləşdirilmiş
iki lövhəcik arasında kontakt yaranırdı. Çəkmələrə çox güclü
batareyalar quraşdırılmışdı, səs izolyasiya
sistemi səssiz hərəkət etməyə imkan verirdi.
Ağıllı konstruksiya dağdan eniş
vaxtı balaca mühərrikin fırlanma və cazibənin təcil
qüvvəsindən yaranan kinetik enerjinin avtomatik qaydada
toplanmasına əsaslanırdı. Növbəti
yoxuşda batereyaların enerjisi bərpa olunsun deyə...
Küləyin
qovduğu aşağı əyilərək okeana doğru
şığıyan "Delta-1" buzlağın səthini
diqqətlə gözdən keçirirdi. Onun gecə görmə
sistemi dənizçilərin istifadə etdikləri
"Patriot" modelindən qat-qat üstün idi. "Delta-1" başına bərkidilmiş qırx
və doxsan millimetr ölçüdə altıelementli linza,
ikiqat üçelementli böyüdücü və ən
uzaq təsirə malik infraqırmızı skanerli cihaza
baxırdı. Ətraf digər
qurğularda olduğu kimi yaşıl deyil, mavi işartı
ilə görünürdü. Bu rəng
qamması Arktika buzları kimi fəal əks etdirməsi olan səthlər
üçün işlənib hazırlanmışdı.
Birinci
qar dağına yaxınlaşan "Delta-1" qar üzərində
bir neçə təzə zolaq gördü. Onlar yuxarı, yamaca
dırmaşırdılar. Qaçqınlar
improvizə etdikləri yelkəndən yaxa qurtarmağı ya
unutmuş, ya da bunu bacarmamışdılar. Bu və ya digər halda əgər
üçüncü qar dağına çatanadək onlar
bunu edə bilməyiblərsə, indi yəqin ki, okeanda
üzürlər. "Delta-1"
qurbanların geyindikləri termokombinezonların buzlu suda
onların köməyinə gələcəyini bilirdi. Lakin amansız axın onları açıq okeana
çıxaracaqdı. Orada onlar mütləq
batacaqlar.
Əminliyinə
baxmayaraq, həmişə olduğu kimi, "Delta-1" təlimata
əməl etdi. Təlimat isə hər şeyi yoxlamağı tələb
edirdi. Deməli, cəsədləri
görmək vacib idi. Aşağı əyildi,
yamacın zirvəsinə qalxsın deyə barmaqlarını
sıxaraq sürəti artırdı.
***
Maykl
Tolland hərəkətsiz halda uzanmışdı. Tam salamat
olub-olmadığını müəyyənləşdirməyə
çalışırdı. Elə bil ki,
kimsə onu möhkəmcə kötəkləmişdi.
Lakin sümükləri, deyəsən,
sınmamışdı. Şübhəyə yer yox idi:
gel doldurulmuş kombinezonlar onları çoxsaylı ciddi zədələrdən
qoruyaraq öz işini görmüşdü. Maykl
gözlərini açdı. Yavaş-yavaş
fikrini topladı. Külək hələ də
vıyıldayırdı. Lakin əvvəlki
şiddətlə yox.
Görünür, həddi
keçmişdilər.
Fikrini cəmləyən
Tolland anladı ki, buzun üzərində Reyçel Sekstonun
üstündə qızla düzbucaq yaradaraq yerə sərilib. Onların kəmərləri
hələ də bir-birinə bağlı vəziyyətdə
idi. Maykl Reyçelin nəfəs aldığını
hiss etsə də, onun üzünü görə bilmirdi. Çətinliklə yumalanaraq buzun üzərinə
düşdü.
- Reyçel!
- deyə çağırdı. O, ucadan
danışdığını, yaxud yalnız bu haqda fikirləşdiyini
ayırd edə bilmirdi.
Tolland dəhşətli
uçuşun son saniyələrini xatırlayırdı:
gözlənilmədən şarın yuxarı cumması,
kanatın qırılması, yamacda aşağıya
doğru sürətli hərəkət, eyni güclə
sonuncu yalın zirvəsinə doğru qalxma, onun üzərindən
uçuş, gözlənilmədən buzlağın kənarına,
buzun gözlənilmədən qurtardığı
uçuruma doğru sürüşmə.
Tolland və
Reyçel yıxıldılar, lakin bu prosesin qısa sürməsi
çox qəribə idi. Okeana düşmək əvəzinə,
onlar on futa yaxın məsafəni qət edərək buza
çırpıldılar və nəhayət ki,
dayandılar. Reyçelə bağlanmış
Korki Merlinson da onlarla bərabər bu yolu qət etdi.
Tolland
başını qaldıraraq okeana tərəf baxdı. Buzlağın
qurtardığı dik uçurum onlardan o qədər də
uzaqda deyildi. Onun arxasında isə su ləpələnirdi. Tolland zülmət
qaranlıqda nə isə görmək ümidilə arxaya
boylandı. Bir qədər yuxarıda, təxminən
iyirmi yard məsafədə gözləri sanki başları
üzərindən sallanan buz divarına sataşdı.
O, nə baş verdiyini yalnız indi başa düşdü. Onlar sürüşərək
aşağıdakı buz terrasının üzərinə
düşmüşdülər. Bura
yastı idi, ərazisi xokkey meydançası qədər
olardı. Və bir qədər
dağılmışdı; istənilən vaxt qoparaq
parçalanmağa və okeanda qərq olmağa hazır idi.
Buz çatlayırdı.
Tolland
onların həyatlarını xilas etmiş dayanıqsız
buz platformasını gözdən keçirdi. Enli kvadrat buz
parçası böyük eyvan sayağı asılı
qalmış və üç tərəfdən su ilə əhatə
olunmuşdu. O, baş tərəfdən buzlağa birləşmişdi.
Adi gözlə belə onun davamsız
olduğunu görmək mümkün idi. Terrasın
buzlaqla təmas xəttində eni təxminən dörd fut
olan qaranlıq yarğan vardı. Yerin cazibə
qüvvəsi öz işini görürdü.
Yarğanın
yaratdığı mənzərə dəhşətli idi. Lakin Korki Merlinsonun buzun
üzərinə sərilib qalmış bədəni daha
qorxunc idi. Astrofizik son həddə qədər
dartılmış ipin sonunda, təxminən on yard məsafədə
yıxılıb qalmışdı.
Tolland
qalxmağa çalışdı, lakin bacarmadı. O hələ də Reyçelə bərk-bərk
bağlı idi. Yerini bir qədər dəyişərək
bağları açmağa başladı.
Reyçel
tərpəndi və oturmağa çalışdı.
- Məgər
biz suya düşməmişik? - səsində
səmimi heyrət vardı.
- Buzun
aşağı parçasının üzərinə
düşmüşük, -nəhayət ki, bağları
açmağa müyəssər olan Tolland izah etdi. - Korkiyə
kömək lazımdı.
Ayaqlarındakı
zəifliyi çətinliklə dəf edərək zorla
ayağa qalxdı. İpi bərk-bərk sıxaraq dartmağa
başladı. Korki buzun üstündə
sürüşdü. Bir neçə təkandan
sonra o, artıq yoldaşlarından bir neçə fut məsafədə
idi.
Astrofizikin
möhkəmcə əzilmiş və kötəklənmiş
görkəmi vardı. Qoruyucu eynək yoxa çıxmış,
yanağı yaralanmış, burnundan qan
açılmışdı. Xoşbəxtlikdən ən
bədbin gümanlar boşa çıxmışdı:
Merlinson yumalanaraq Tollanda yaxınlaşdı və hirslə
ona baxdı.
-
İ-ilahi... - güclə kəkələyərək səsləndi,
- bu nə şeytan oyunu idi belə?
Tollandın
ürəyinə anidən bir yüngüllük gəldi.
Reyçel
gözlərini qıyaraq nəhayət ki, otura bildi. Ətrafa boylandı.
- Biz gərək...
bir təhər buradan canımızı qurtaraq. Görünür, bu buz parçası qopmaq niyyətindədir.
Heç kim mübahisə etmədi. Məsələ
bunu necə etməkdən ibarət idi.
Variantlar
arasında vurnuxmaq lazım olmadı. Onların başı üzərində
yaxşı tanış olan səs
eşidildi. Tolland yuxarı baxan kimi iki ağ
fiqur gördü. Onların yarğanın lap kənarında
dayandıqlarına şübhə yox idi. Təqibçilər aşağıya boylanaraq buz
üzərində köməksiz halda düşüb
qalmış adamlara baxa-baxa sonuncu, həlledici addımı
atmağa hazırlaşırdılar.
***
"Delta-1"
onların hər üçünün sağ olduğunu
görəndə heyrətləndi. Lakin bunun müvəqqəti
bir hal olduğuna şübhəsi yox idi. Onlar
buzlağın məhz qopmaqda olan hissəsinə
düşmüşdülər. Bu
üçlüyü bayaqkı qadın kimi asanca məhv etmək
olardı. Amma cəsədlərin iz
buraxmadan yoxa çıxa biləcəyi variant da vardı.
"Delta-1"
diqqətini genişlənməkdə olan yarğanın
üzərində cəmlədi. Buzlağın divarı və
üzərində üçlüyün qərar tutduğu
onun yan çıxıntısı olan buz
parçasının arasındakı yarğan get-gedə
böyüyürdü.
Buz
parçası istənilən an qoparaq
okeana düşməyə hazırmış kimi təhlükəli
formada əyilmişdi.
Niyə
də indi olmasın?
Burada,
buzlaqda, qütb gecəsinin sükutu zaman-zaman
qulaqbatırıcı partlayışlarla pozulurdu. Bu səs buzlaqdan
böyük parçaların qopmasından və okeana
düşməsindən xəbər verirdi. Bu da təbii idi. Məgər kimsə
nədənsə şübhələnə bilərdimi?
"Delta-1"
onu iş zamanı daim müşayiət edən adrenalin
qabarmasını hiss edərək əlini çantasına
atdı və oradan ağır, girdə bir əşya
çıxardı. Bu, taraqqa - müəyyən
müddətə düşmənin istiqaməti müəyyənləşdirməsini
əngəlləyən zərərsiz partlayıcı qumbara
idi. O, gur işıq parıltısı və
qulaqbatırıcı partlayış səsi yaradırdı.
Lakin "Delta-1" bu dəfə qumbaranın məhz
ölümcül olacağına zərrə qədər də
şübhə etmirdi.
O lap kənarda
dayanaraq çatın dərinliyini müəyyənləşdirməyə
çalışdı. İyirmi fut? Yaxud əlli? Bunun heç əhəmiyyəti
olmadığını bilirdi. Onun planı bütün
hallarda səmərəli olacaqdı.
"Delta-1"
təcrübənin yaratdığı sakit əminliklə
taymerdə on saniyəlik vaxt müəyyənləşdirdi,
halqanı çəkərək qumbaranı yarğana
tulladı. O,
qaranlığa qərq olaraq gözdən itdi.
"Delta-1"
və onun yoldaşı buzun kənarından çəkildilər.
***
Dəhşətli
yorğunluğa baxmayaraq Reyçel Sekston bu ölüm gətirən
ağ fiqurların yarğana nə
atdıqlarını başa düşdü. Görəsən,
Maykl Tollandı anladımı, yoxsa sadəcə onun gözlərindəki
təlaşı oxudu- lakin birdən onun rəngi tutuldu. Onlar üçün tələyə
çevrilmiş nəhəng buz parçasını gözdən
keçirdi.
Ayaqları
altındakı buz ildırım sayrışması ilə
işıqlanan qasırğa buludu kimi gur parladı. Hər tərəfə qorxunc ağ qığılcımlar səpələndi.
Buzlaq yüz yardlarla məsafədə
işıqlandı. Sonra isə
partlayış səsi eşidildi. Zəlzələ
vaxtı olduğu kimi boğuq gurultu deyil,
qulaqbatırıcı, ətrafda hər şeyi titrədən
uğultu. Reyçel zərbə dalğasının
buzu necə keçdiyini və onu tərsinə necə
çevirdiyini hiss etdi.
Elə
həmin andaca elə bil kimsə buzlağın divarı ilə
"eyvan"ın arasına iri bir çiv sancdı; plitə
ürəkparçalayan şaqqıltı ilə qopmağa
başladı. Reyçellə Tollandın gözlərində lal dəhşət
donub qalmışdı. Korki tab gətirməyərək
bağırdı.
Buz
parçası ayaqları altından sürüşərək
uçuruma düşdü.
Çoxtonlu
buz qayasından asılıb qalmış Reyçel bir
anlıq çəkisizlik hiss etdi. Sonra isə
aşağı, soyuq okeana doğru uçdu.
(ardı var)
Tərcümə edən: ÜLVİYYƏ
Elm.- 2012.- 21 sentyabr.- S.15.