HÜSEYN
CAVİD ƏSƏRLƏRİ NAXÇIVAN SƏHNƏSİNDƏ
Hüseyn
Cavid-130
Azərbaycan
ədəbiyyatı tarixində orijinal ədəbi sima,
görkəmli şair-dramaturq, XX əsr romantizm ədəbi cərəyanının istedadlı
yaradıcılarından biri olan Hüseyn Cavidin Azərbaycan ədəbiyyatı
tarixində müstəsna xidmətləri olmuşdur. Görkəmli
ədibin yaradıcılığının
özülünü təşkil
edən dərin mündəricə, fəlsəfi ideya, güclü dramatizm milli
teatrımızın təşəkkül
tapmasında, inkişaf etməsində
əvəzedilməz rol oynamışdır.
Hüseyn Cavidin misilsiz, çoxşaxəli
yaradıcılığına verilən yüksək qiymətin
ifadəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 16 fevral 2012-ci il tarixdə görkəmli
dramaturqun 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam
imzalamışdır. Sərəncamda deyilir:
"Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik
yaradıcılığı ilə ədəbiyyatımızda
yeni bir mərhələnin başlanğıcını
qoymuşdur. Sənətkarın dünya
romantizm zəminində bəşəriyyətin mənəvi
həyatı ilə bağlı axtarışlarının
ifadəsi olan lirik əsərləri, mənzum faciə və
tarixi dramları qiymətli söz inciləri kimi
xalqımızın zəngin bədii fikir xəzinəsində
layiqli yer tutur. Ölkəmizdə teatr mədəniyyətinin
yüksək nailiyyətlər qazanmasında Cavid
dramaturgiyası mühüm rol oynamışdır".
Dahi
sənətkar Hüseyn Cavid milli dramaturgiyamızın xəzinəsinə "Şeyx Sənan",
"İblis", "Xəyyam", "Səyavuş",
"Knyaz", "Ana"... kimi həmişəyaşar incilər bəxş etmişdir. Bu
sənət inciləri uzun illərdir ki,
teatrlarımızın repertuarlarında monolitləşmişdir.
Hüseyn Cavidsiz Milli Azərbaycan Teatrını təsəvvür
etmək mümkün deyildir. Bu bir həqiqətdir ki,
respublika teatrlarında rejissor və aktyorların
formalaşmasında, yetkinləşməsində Cavid
dramaturgiyası misilsiz rol oynamış və oynamaqdadır. A.M.Şərifzadə, M.Davudova, R.Təhmasib, K.Ziya,
R.Əfqanlı, H.Qurbanova, M.Məmmədov, H.Turabov, A.Qurbanov,
İ.Musayev, İ.Həmzəyev, H.Xanızadə, S.Mövləvi,
Z.Həmzəyeva, Z.Əliyeva, V.Əsədov... sənətin
uca zirvələrini məhz Cavidin pyesləri ilə fəth
etmişlər.
Cavid
hələ cavan ikən teatra, sənətə xüsusi məhəbbət
bəsləmişdir. O, həmişə ziyalılarla, teatrla
yaxın təmasda olmuşdur. Bu haqda
"İqbal" qəzetinin 1913-cü il 28 iyul tarixli nömrəsində
Əlirza Rəsizadə yazır: "İyul ayının
19-da Xan Naxçıvanskinin (Böyükxan
Naxçıvanski) nəzarəti altında Rəşid bəy
Əfəndiyevin "Qonşu qonşu olsa, kor qız ərə
gedər" komediyası oynandı. Teatrda
tamaşaçı əlindən tərpənmək
olmurdu. Rollarda Xoca Kəspər- Ələkbər Namazov,
Qaçay bəy- Rzaqulu Təhmasibbəyov (Rza Təhmasib-Ə.Q.),
Mələk xala- Qurbanəli Abbasov, Cici xanım- Süleyman
Süleymanov... Rəşid bəyin bu əsəri nəhayət
dərəcədə ruhlu idi. Bu xüsusda kimsənin
sözü yox, belə ki, Hüseyn Cavid əfəndi və
müəllim əfəndilərdən Cəmil Mirzəyev (Cəlil
Mirzəyev-Ə.Q.) cənabları çox bəyəndilər"
(8).
Hüseyn
Cavidin əsərləri 1920-ci ildən başlayaraq Azərbaycan
teatrlarında tamaşaya qoyulmuşdur. Qeyd etmək
lazımdır ki, Cavidin əsərləri dramaturqun vətəni
Naxçıvanda-Naxçıvan teatrının səhnəsində
1923-cü ildən etibarən tamaşaya qoyulmağa
başlanmış, 1923-cü ildə Həsən Səfərlinin
benofisi
günündə "İblis" əsərindən bir hissə
tamaşaya qoyulmuşdur. Həmin il Azərbaycanın
böyük səhnə ustası və rejissoru Abbas Mirzə
Şərifzadə, Mərziyə Davudova, İsmət
xanım və Panfila Tanailidi Naxçıvana qastrola gəlir
(9). Bu gəliş Naxçıvan ziyalılarında,
aktyorlarda, tamaşaçılarda çox böyük ruh yüksəkliyinə
səbəb olur. Naxçıvan aktyorları və
eləcə də zəhmətkeşlər onların gəlişini
səmimiyyətlə qarşılayır, onların
iştirakı ilə Naxçıvanda ilk dəfə olaraq
Cavidin "Şeyx Sənan" əsəri yerli aktyorların
iştirakı ilə oynanılır (14, v. 47). "Şeyx Sənan"
əsərinin tamaşası o qədər səmimiyyətlə
qarşılanmışdır ki, tamaşa qurtardıqdan sonra
da camaat teatrdan getmək istəmirdi. Abbas Mirzə və Mərziyə
xanımın böyük məharətlə ifa etdikləri
Şeyx Sənan və Xumar rolları
tamaşaçıları heyran etmiş və oyunları
alqışlarla qarşılanmışdır. Mahir səhnə
ustalarının qastrolları Naxçıvan teatrının
artistləri üçün həqiqi bir
yaradıcılıq məktəbi olmuşdur.
Axırıncı tamaşada Naxçıvan Vilayət
İcraiyyə Komitəsi tərəfindən Abbas Mirzəyə,
Mərziyə xanıma, İsmət xanıma və Tanailidiyə
hədiyyələr bağışlanmışdı ( 14, v. 47).
Qulam Məmmədli "Cavid ömrüm boyu"
kitabında həmin tamaşa haqqında yazır: "...bilet
kassasının qabağında böyük qələbəlik
müşahidə olunurdu və teatr maraqlısı o qədər
idi ki, iki saat zərfində (ərəfəsində) bilet
qurtardı və çox adam biletsiz qaldı..." (4, s. 118).
1924-cü
ildə Cavidin "Şeyda" dramı Kazım Ziyanın
quruluşunda Naxçıvan teatrında tamaşaya qoyulur.
Cavidin romantik duyumunu Kazım Ziya tamaşada məharətlə
açmışdır. Bu tamaşada Həsən Səfərov
- Şeyda, Əli Xəlilov- Məcid əfəndi, Cabbar Əliyev-
ikinci mürəttib, tanınmış teatr xadimi və
tamaşanın rejissoru Kazım Ziya - Qara Musa rollarında
çıxış etmişdilər. Qeyd etmək
lazımdır ki, Kazım Ziya 1924-cü ildə
Naxçıvan teatrında işləmişdir. Azərbaycanın
Xalq artisti Səməd Mövləvi xatirələrində
yazır: "...doğrudur, Kazım Ziya Naxçıvan
teatrında cəmi bir mövsüm işlədi. Lakin
teatrın gələcək inkişafı üçün
yeni cığır açdı. Aktyor
yaradıcılığının inkişafına da
böyük təsir göstərdi (5, s. 243 ).
Sovetləşmənin
ilk illərində Azərbaycanın görkəmli artistləri
ilə yanaşı Gürcüstan Türk (Azərbaycan)
Teatrının artistləri də Naxçıvana qastrollar təşkil
edirdilər. Bu münasibətlə "Şərq
qapısı" qəzeti 1926-cı ildə yazırdı:
"1926-cı ilin mart ayının 13-də Gürcüstan
Türk (Azərbaycan) Teatrosunun rejissoru və məşhur
aktyorlardan biri İbrahim İsfəhanlı Naxçıvana gəlir.
O, yerli aktyorların iştirakı ilə mart
ayının 19-da görkəmli şair H.Cavidin əsərlərindən
ən qüvvətlisi olan "İblis"i tamaşaya qoyur.
"İblis" əsəri xalqımızın mənəvi
sərvətidir. Şərqin mütərəqqi cocuğu
hesab edilən Arif surəti onun əvvəlki və
sonuncu davranışı xalqımızı mənfi cəhətlərə
qapılmamağa qarşı mübarizəyə
çağırır. Zaqafqaziya Türk (Azərbaycan)
səhnələrinin qəhrəmanlarından olan İsfəhanlı
İblis rolunda çox gözəl və məharətli
görünürdü. Azərbaycan səhnələrinin əksəriyyəti
İsfəhanlı kimi müqtədir aktyorlara sahib ikən əfsus
ki, əhəmiyyətcə böyük olan Naxçıvan
səhnəsi bu cəhətdən yoxsuldur. Səhnəmizdə
yerli aktyorlardan olan və istedadını genişləndirən
müqtədir bir müəllim (rejissor) yoxdur. Məhz
buna görə də o, gələcək tərəqqini təmin
etməlidir. İsfəhanlı Naxçıvanda 9 gün
qalmaqla iki dəfə "İblis"i və
"Aydın"ı tamaşaya qoydu. İsfəhanlı
yoldaşdan razı olan həvəskarlar və Maarif
Komissarlığı ona hədiyyələr verdilər.
Mərkəzdə çalışan böyük
aktyorların İsfəhanlı kimi bizi yad etmələrini
arzu edirik" (12).
Abbas
Mirzə Şərifzadə 1926-cı ildə yenidən
Naxçıvana qastrola gəlir. O, burada H.Cavidin
"İblis" pyesini tamaşaya qoyur. Bu tamaşa
haqqında Seyid Səbri "Yeni fikir" qəzetində
yazır: "May ayının 27-də Naxçıvan Dram
Teatrında Bakı dram dəstəsi tərəfindən məşhur
şairimiz Hüseyn Cavidin "İblis" pyesi tamaşaya
qoyuldu. Səhnəmizin qocaman qəhrəmanı Abbas Mirzə
İblis rolunu ifa edirdi. Abbas Mirzə öz rolunu bütün
varlığı ilə canlandırıb, tamaşaçıların
ruhunu özünə cəlb etmişdi"(13). Həmin
tamaşa haqqında Naxçıvanlı adlı bir müxbir
yazırdı: "...Xülasə həmin truppanın zəhmət
kollektivlərinin başında duran yoldaş Tuqanov, Abbas Mirzə
və qeyri-fəal yoldaşlara səmimi təşəkkürümüzü
yetirməklə bərabər, Naxçıvan səhnəsini
yaddan çıxarmamalarını tövsiyə edirəm"
(1, s. 218). Abbas Mirzə 1930-cu ildə Naxçıvanda
olduğu müddətdə isə H.Cavidin "Şeyx Sənan",
C.Cabbarlnın "Aydın", "Sevil" pyeslərini
tamaşaya qoymuş və hər çıxışı
böyük alıqşlarla qarşılanmışdır.
1929-1931-ci illərdə
"Şeyx Sənan" Səməd Mövləvinin
rejissorluğu ilə Naxçıvan səhnəsində
uğurla tamaşaya qoyulur. Əsərin tamaşaya
qoyulması haqqında "Şərq qapısı" qəzeti
yazırdı: "Şeyx Sənan" tamaşasının
quruluşçu rejissoru Səməd Mövləvi eyni zamanda
Şeyx Sənan rolunu məharətlə
yaratmışdır. Xədicə Qazıyevanın-Xumar, Mirhəsən
Mirişlinin-Platon, Rza İsfəndiyarlının-Şeyx Kəbir,
Əli Xəlilovun-Serqo və İsa Musayevin-Dərviş
rolundakı uğurlu çıxışları diqqətlə
izlənmişdir" (11).
Cavid
irsinin alovlu təbliğatçılarından olan Səməd
Mövləvi Naxçıvan teatrında tamaşaya qoyulan bir
çox əsərlərin həm rejissoru, həm də
baş rolların mahir ifaçılarından olmuşdur.
Unudulmaz sənətkar yazırdı: "...1936-cı ildə
Hüseyn Cavidin "Şeyx Sənan"
əsəri yenidən repertuara daxil edildi. Tamaşanın
quruluşunu vermək mənə
tapşırılmışdı. Çoxdan bəri
repertuardan kənarda qalan bu əsər yeni quruluşda göstərildi
və tamaşaçılar tərəfindən səmimiyyətlə
qarşılandı" (5, s. 250-251).
Cavidin
"Şeyx Sənan" əsəri Naxçıvan
teatrının həyatında xüsusi mərhələ təşkil
edir. Məlum səbəblərdən
uzunmüddətli fasilədən sonra 1957-ci ilin mart
ayının 11-də Azərbaycan Dövlət Dram
Teatrının rejissoru Ələsgər Şərifovun
quruluşunda görkəmli dramaturqun "Şeyx Sənan"
əsəri yenidən tamaşaya qoyuldu. Bu əsərin
tamaşası Naxçıvan Muxtar Respublikanın mədəni
həyatında əlamətdar hadisəyə çevrildi.
Tamaşaçılar uzun illərin fasiləsindən sonra
yenidən Cavid əsərləri ilə görüşə
gəldilər. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın
Xalq artisti Ələsgər Şərifov, rəssamı
Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Məmməd
Qasımov, bəstəkarı isə SSRİ Xalq artisti Fikrət
Əmirov idi. Tamaşada qüvvətli aktyor ansamblı diqqəti
cəlb edirdi. Rollarda Şeyx Sənanı
İ.Musayev və İ.Həmzəyev, Xumarı Z.Həmzəyeva,
Şeyx Kəbiri S.Mövləvi, Zəhranı R.Cəfərxanova,
keşişi Ə.Abbasov, Platonu M.H.Mirişli, Şeyx Sədranı
Ə.Qardaşbəyov, Şeyx Hadini Y.Haqverdiyev, Ninanı
X.Qazıyeva və T.Məmmədova, Serqonu Ə.Haqverdiyev, Dəli
Dərvişi M.Quliyev, Şeyx Mərvanı
K.Hüseynov, Şeyx Abuzəri M.Ələkbərov, Əzranı
P.Məmmədova, Simonu Ə.Əliyev, Antonu Ə.Məmmədov
oynamışlar (3, s. 49-50). 1958-ci ildə isə Azərbaycan
Sovet Yazıçılar İttifaqının
Naxçıvanda plenumu keçilir. Bu zaman plenum
iştirakçıları Naxçıvan teatrının
kollektivinin ifasında "Şeyx Sənan" faciəsinin
tamaşasına baxmışlar.
1962-ci
ildə Naxçıvan Vilayət Partiya Komitəsinin 18 iyul
tarixli, 25/7 ¹-li qərarı ilə Hüseyn Cavidin anadan
olmasının 80 illik yubileyi qeyd edilir (15, v. 8). Yubiley
günündə İbrahim Həmzəyevin rejissorluğu ilə
böyük ustadın "Şeyx Sənan" əsəri
tamaşaya qoyulur. 1962-1965-ci illərdə Naxçıvan
teatrının repertuarında bir sıra tamaşalarla
yanaşı "Səyavuş" əsəri də
özünə layiqli yer tutur.
1962-ci ilin iyun ayında Azərbaycan
Dövlət Akademik Dram Teatrının yaradıcı
kollektivindən bir qrup xalq artistləri- A.S.Gəraybəyli,
H.Qurbanova, A.Qurbanov, A.H.Cavadov, İ.Osmanlı, L.Bədirbəyli,
S.Bəsirzadə, H.Turabov, Ə.Ağayev, H.M.Qafqazlı,
M.Novruzova, Q.Həqqi, H.Salayev və başqaları
Naxçıvana gəlirlər. Onlar muxtar
respublikada olduqları 20 gün müddətində
M.İbrahimovun "Kəndçi qızı",
Ş.Qurbanovun "Əcəb işə
düşdük" pyesləri ilə yanaşı H.Cavidin
"Səyavuş" əsərini də tamaşaya qoyurlar.
1968-1970-ci illərdə dramaturqun "Xəyyam",
"Knyaz" əsərləri də teatrın
repertuarına daxil edilir və tamaşaya qoyulur. Bu əsərlərin
tamaşaya qoyulması Cavid irsinə göstərilən diqqətin
ifadəsi idi.
Görkəmli
dramaturqun "Şeyda" əsəri Naxçıvan
teatrının səhnəsində 1981-ci ilin may ayının
20-də müvəffəqiyyətlə tamaşaya qoyulur (16,
v. 17). Quruluşçu rejissor B.Qələndərli
və tamaşanın rəssamı M.Qasımov
"Şeyda" faciəsinin bədii dəyərini, emosional
təsir qüvvəsini diqqət mərkəzində
saxlayaraq, tamaşada zaman və məkan məsələsini,
pyesdə qarşıya qoyulan məqsədi müasir
üslubda tamaşaçılara təqdim edirlər.
Respublikanın Xalq artisti Zemfira Əliyevanın
yaratdığı Roza surəti tamaşada
inandırıcı boyalarla tamaşaçılara təqdim
edilir. Rövşən Hüseynovun Şeydası hər
şeydən əvvəl üsyankar və xəyalpərvər
bir gənc kimi canlanır...
Tamaşada rəssam, bəstəkar, rejissor işi üzvi bir
vəhdət təşkil edirdi (2, s. 360).
Məlum həqiqətdir
ki, Cavid yaradıcılığına diqqət ümummilli
lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişindən
(1969) sonra geniş vüsət almış, görkəmli
dramaturqun anadan olmasının 100 illik yubileyinin təntənə
ilə keçirilməsi barədə 1982-ci ilin iyul
ayının 21-də qərar vermişdir. Dahi öndərin
göstərişi ilə 1982-ci ilin noyabr ayının 2-də
şairin nəşi uzaq Sibirdən Naxçıvana gətirilmiş
və noyabrın 3-də dəfn olunmuşdur. Qərara
uyğun olaraq Azərbaycanın bütün bölgələrində
yubiley tədbirləri keçirilmişdir.
Naxçıvan
teatrı öz sözü, öz dəst-xətti ilə
Cavidin 100 illiyinə respublikanın əməkdar artisti mərhum
Vəli Babayevin quruluşunda hazırlanan və 1982-ci ilin aprel
ayının 24-də uğurla tamaşaya qoyulan "Şeyx Sənan"
tamaşası ilə gəlmişdi. Tamaşanın rəssamı
Mircəlil Seyidov, bəstəkarı SSRİ Xalq artisti Fikrət
Əmirov idi. Bu tamaşada respublikanın Xalq artisti Əkbər
Qardaşbəyov Şeyx Sənanın mənəvi
ucalığını sənətkaranə ifa edirdi. Zemfira Əliyevanın
məharətlə yaratdığı Xumar öz lirik
ifası ilə cavidsevərlərin diqqətini çəkirdi
(10). Dramaturqun 100 illik yubileyi qeyd edilən zaman
Naxçıvan teatrında "Şeyda" və
"Şeyx Sənan" tamaşaları teatrsevərlərə
təqdim edildi.
Böyük
dramaturqun anadan olmasının 100 illiyi ilə əlaqədar
Azərbaycan KP MK-nın qərarında Naxçıvan
teatrının nəzdində Cavid poeziya teatrının
yaradılması da göstərilmişdi. Odur ki, 1982-ci ilin
noyabr ayının 6-da Cavid poeziya teatrının təntənəli
açılışı oldu. Kəmalə Ağayevanın
böyük dramaturqa həsr etdiyi "Mənim tanrım
gözəllikdir, sevgidir" tamaşası göstərildi.
Quruluşçu rejissor, respublikanın Əməkdar
(hazırda Xalq) artisti Vaqif Əsədov, rəssam-muxtar
respublikanın Əməkdar incəsənət xadimi Məmməd
Qasımov, bəstəkar - respublikanın Əməkdar incəsənət
xadimi (hazırda Xalq artisti) Ramiz Mirişli Cavid
dünyasının xoş məramını, gözəllik
və ülviyyətini müasir üslubda səciyyələndirmişdilər.
Quruluşçu rejissor meydan teatr üslubundan istifadə
etmiş, Cavid dramaturgiyasının romantik pafosunu və estetik
qayəsini sənətsevərlərə layiqincə təqdim
etmişdi. Tamaşada maraqlı aktyor ansamblı iştirak
edirdi.
Tamaşanın
mərkəzində Cavid obrazı dayanırdı.
Bütün hadisələri, gərgin mübarizə
anlarını diqqətlə izləyən Cavid bu dinamik axarda
gah sevinir, gah da qəmlənirdi. Quruluşçu rejissor Vaqif Əsədov
eyni zamanda Cavidin obrazını yaradırdı. Tamaşa meydan
üslubunda qurulduğuna görə bir aktyor
üç-dörd rol oynamalı olurdu. Z.Əliyevanın,
A.Şahsuvarovun, Y.Ramazanovanın, H.Ağasoyun, R.Hüseynovun
yaratdıqları müxtəlif xarakterli obrazlar
özünün emosional və ifadəli oyunları ilə
güclü təsir bağışlayırdı. Tamaşaya
dahi şəxsiyyət Heydər Əliyev də baxmış
və bəyənmişdi.
Cavid poeziya
teatrının ikinci tamaşası 29 sentyabr 1983-cü il
tarixdə tamaşaya qoyulan dramaturqun "Ana" pyesi oldu.
Quruluşçu rejissor Əliqismət Lalayev Cavid
dünyasının hiss və həyəcanlarını,
acı fəryadlarını, forma axtarışlarını
real yozum məcrasında səciyyələndirmiş və
yaddaqalan tamaşa ərsəyə gətirmişdir.
Teatrşünas Cabir Səfərov tamaşa haqqında
yazırdı: "Əsərə ("Ana" nəzərdə
tutulur) rejissor Əliqismət Lalayev quruluş vermişdir; o,
forma və moda orijinallığı ardınca
qaçmamış, əksinə, səhnədə sərt həyat
həqiqətini, əsərdəki iki zidd qüvvə-qanlı
faciə törədən, İsməti nakam qoyan Murad və
onunla üz-üzə dayanan xeyirxahlıq rəmzi Səlma ana
arasındakı mübarizəni bədii
inandırıcılıqla əks etdirmişdir" (7, s. 27).
Respublikanın xalq artistləri Zemfira Əliyeva və Sofiya
Hüseynova məharətlə yaratdıqları Səlma ana
obrazını hər şeydən əvvəl
dözümlü, dəyanətli və vüqarlı tərzdə
tamaşaçılara təqdim edirdilər. Səlmanın
daxili yaşantılarını, tərəddüdlərini hər
iki aktrisa təbii yaradırdılar. Quruluşçu rəssam
Mircəlil Seyidov lakonikliyə ciddi fikir vermiş, simvolik cizgilərdən
istifadə etmişdi. Bəstəkar Ramiz Mirişli Cavid
dünyasının emosional təsir qüvvəsini, onun fəlsəfəsini,
daxili məntiqini musiqi dili ilə gözəl
açmışdır.
Poeziya
teatrının üçüncü tamaşası ulu Cavidin
"Azər" poeması əsasında səhnələşdirilmişdir
ki, eyni adlı tamaşanın quruluşçu rejissoru V.Əsədov
idi. Vaqifin hazırladığı bu tamaşa (1984)
özünün poetik vüsəti və güclü
dramatizmi ilə diqqəti cəlb etmişdi. Rejissor bu
tamaşada da aktyor kimi çıxış etmiş, Azərin
keçirdiyi psixoloji sarsıntıları maraqlı ifa tərzində
sənətsevərlərə çatdırmışdı.
Y.Ramazanovanın, Z.Əliyevanın, H.Ağasoyun
canlandırdıqları rollar təbiiliyi ilə
seçilmiş və yaddaşlara həkk olunmuşdur.
1986-cı
ilin dekabr ayının 27-də Cavid poeziya teatrında
istedadlı rejissor Əliqismət Lalayevin quruluşunda
dramaturqun "Uçurum" pyesi uğurla tamaşaya qoyuldu.
"Uçurum" ilk dəfə idi ki, Naxçıvan
teatrında özünün səhnə təcəssümünü
tapırdı. Bu romantik tamaşaya rəssam Əli Səfərli
bədii tərtibat vermiş, bəstəkar Elza İbrahimova
isə tamaşaya uyğun musiqi bəstələmişdi. Z.Əliyeva,
Y.Ramazanova, K.Quliyev... məharətli oyunları ilə
tamaşanın romantik pafosunu bir daha gücləndirməklə,
Cavid irsinə, onun parlaq şəxsiyyətinə dərin
ehtiramla yanaşmışlar. Cavid pyesləri qədim sənət
ocağının repertuar mənzərəsini daim zənginləşdirmişdir.
Müstəqillik
illərində ulu sənətkarın əsərlərinə
daha böyük meydan verildi. Hüseyn Cavidin "Topal
Teymur" dramını repertuarına salmaqla Naxçıvan
teatrı özünün monumental romantik qolunu bir daha gücləndirmiş
oldu. H.Cavidin ideyaları əsasında quruluşçu
rejissor Kamran Quliyevin hazırladığı "Topal
Teymur" dramı 2000-ci ilin dekabr ayının 29-da çox
böyük uğurla tamaşaya qoyuldu və əsrə yekun
vurdu. Bu tarixi pyes Naxçıvan teatrının uğurlu
tamaşalarının siyahısına daxil oldu. Tamaşaya bədii
tərtibatı rəssam Səyyad Bayramov, musiqi tərtibatını
bəstəkar Şəmsəddin Qasımov vermişdi. Bu əsər
də ilk dəfə idi ki, Naxçıvan teatrında
tamaşaya qoyulurdu. "Topal Teymur" dramının
tamaşaya qoyulması bir daha Cavid sənətinə göstərilən
diqqət və qayğının yeni ifadəsi idi.
Quruluşçu rejissor tamaşada Topal Teymur rolunu ustalıqla
oynayırdı. N.Xudiyeva - Dilşad, Y.Ramazanova - Meliça,
X.Hüseynov - Divanbəyi, V.Rəcəbli -Sabutay, D.Xəlilov
- İldırım Bəyazid, Ş.Abutalıbov - Cücə,
İ.Məmmədov - Əli Paşa... rollarında
çıxış edirdilər" (6, s. 47).
2003-cü
ilin iyul ayının 10-da Naxçıvan teatrında teatrsevərlərə
uğurla təqdim olunan "İblis" mənzum pyesi
günümüzlə səsləşməsi
baxımından daha maraqlı və aktual idi. Parlaq, romantik bir
tamaşa yaratmaq üçün teatr bütün
imkanlarından istifadə edərək tamaşanın bədii
həllinə nail oldu. Bu tamaşa bir daha Cavid irsinə
göstərilən ehtiramın yeni təzahürü idi.
Teatr təvəllüd tapdığı gündən ilk dəfə
idi ki, bu monumental əsərə müraciət edirdi.
Tamaşanın quruluşçu rejissoru Kamran Quliyev
tamaşada ictimai qəzəb və etiraz hisslərini
müharibə ideyaları ilə yaşayanlara qarşı
yönəldirdi. Quruluşçu rejissor burada
insanları əzab və iztirablara salan, min bir dona girib
riyakarlıq edən, böhtanlar atmaqdan həzz alan İblisin
təbiəti ilə, müasir dünyanı fəlakətə
sürükləyən oyunbazların törətdikləri rəzalətlər
arasında aydın bir səsləşmə yaradır.
Rejissor işıqlı və bəşəri fikirlər
sorağında gəzən insanların mənəvi
böyüklük uğrunda çarpışıb büdrəmələrini
bədii və fəlsəfi duyumla təcəssüm etdirir.
Tamaşaçıları hiylə və riyakarlığa, məşəqqətli
mühit yaradanlara, zorakılığa nifrət edir və
ülviyyəti-paklığa səsləyir. Xalq artisti Həsən
Ağasoyun səhnə tərcümeyi-halında İblis
obrazı mühüm bir hadisədir. Onun
yaratdığı İblis ara vurub fəlakət törədən,
insanları əzablı, iztirablı görməkdən həzz
alan, öz düşüncəsi və həyata münasibəti
ilə onları iradəsinə tabe edən, hər cür rəzalətə
əl atan qorxunc mənəviyyatlı bir hiyləgərdir.
Bir sözlə, Həsən Ağasoy - İblis ciddi, əzəmətli
və qorxunc, şər və qisas mücəssəməsi
idi. Onun yaddaqalan aktyor təfsirində İblisin
bütün rəzalət və iyrənclikləri, həyata
təzadlı baxışları aydınlığı ilə
nəzərə çarpırdı. R.Xudiyevin ustalıqla
yaratdığı Arif obrazı aktyorun məharəti sayəsində
düzgün səciyyələnmişdir. Onun İblislə
görüşləri döyüşü xatırladır.
O, İblisə tabe olmur, əyilmir, mübarizədə
çox sərt olur. Tamaşada E.Kərimova- Rəna,
G.Qurbanova- Xavər, K.Quliyev- Elxan, X.Hüseynov- İxtiyar,
B.Haqverdiyev- Vasif və digər aktyorlar oynadıqları
rolları xarakter səviyyəsinə qaldırırdılar.
Tamaşaya bədii tərtibatı rəssam Ə.Axundov
vermiş, musiqisini bəstəkar Ş.Qasımov bəstələmişdir.
Bir sözlə, tamaşanın bədii-estetik dəyəri
son dərəcədə qüvvətli idi (6, s. 60-62).
Azərbaycan
Respublikasının Əməkdar artisti Yasəmən
Ramazanovanın 2005-ci ilin fevral ayının 9-da "Afət"
faciəsinə verdiyi quruluş (quruluşçu rəssam
Hüseynqulu Əliyev, bəstəkar Şəmsəddin
Qasımov) uğurla nəticələndi. Quruluşçu
rejissorun ifa yozumunda Afət emosionallığı və realist
ifası ilə tamaşanın dramatizmini bir daha qüvvətləndirirdi.
Heydər
Əliyev siyasətinin uğurlu davamçısı, Respublika
Prezidenti cənab İlham Əliyevin Hüseyn Cavidin 125 illik
yubileyi ilə əlaqədar 2007-ci ilin aprel ayının 17-də
imzaladığı sərəncamla ölkənin hər
yerində unudulmaz dramaturqun yubileyi təntənə ilə
qeyd edildi. Bu qədim sənət ocağında
Kamran Quliyevin quruluşunda (rəssam Ə.Axundov, bəstəkar
Y.Xəlilov) hazırlanan "Səyavuş" əsəri
Cavid irsinə dərin ehtiram, layiqli töhfə, ülvi sədaqətin
rəmzi kimi uğurla tamaşaya qoyuldu və sənətsevərlərə
təqdim edildi. Ümumiyyətlə, Cavid irsinə məhəbbətin
nəticəsidir ki, muxtar respublikada hər il Cavid günləri
keçirilir, dahi söz ustadı yad edilir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dünya şöhrətli
dramaturq haqqında demişdir: "Cavid
yaradıcılığı İslam aləmi və Türk
dünyası ədəbiyyatında özünün dərin
fəlsəfi məzmununa, bəşəri ideyalarına, milli
xüsusiyyətlərinə görə mühüm əhəmiyyətə
malik olan ölməz sənət nümunəsidir".
Cavid
özünün monumental romantikası, acı fəryadları
və şirin arzuları ilə həmişə diqqətdə
olan əbədiyaşar bir dramaturqdur. Bu dramaturgiya insanları
nurlu sabaha, axarlı-baxarlı günlərə, yeni
üfüqlərə səsləyir. Xalqımızın
ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev
Hüseyn Cavidin bədii irsini yüksək qiymətləndirərək
demişdir: "Hüseyn Cavidin bədii irsi
xalqımızın milli sərvətidir. Bu irsi qorumaq hər
bir azərbaycanlının müqəddəs amalına
çevrilməlidir".
ƏDƏBİYYAT
1. Azərbaycan
teatrının salnaməsi. 2 cilddə, II cild, 1983, Yazıçı,
300 s.
2. Naxçıvan teatrının salnaməsi.
Naxçıvan: Əcəmi, 2010, 936 s.
3. Alieva A. Alesker Şarifov. Baku:
Azerneşr, 1974, 90 c.
4. Məmmədli
Q. Cavid ömrü boyu. Bakı: Yazıçı, 1982, 297 s.
5. Mövləvi
S. Naxçıvan teatrı (xatirə).// Səhnədən
keçən yollar. Bakı: Yazıçı, 1983, s. 238-256.
6. Qəhrəmanov
Ə.Naxçıvan teatrı müstəqillik illərində.
Bakı: MBM, 2008, 92 s.
7. Vəzirov
C. Cavid dünyası. Naxçıvan: Məktəb, 2005, 86 s.
8. " İqbal" qəzeti, 1913, 28 iyul.
9. "Kommunist" qəzeti, 1923, 2 iyun.
10. "Şərq qapısı" qəzeti,
2007, 3 oktyabr.
11. "Şərq qapısı" qəzeti,
1929, 28
oktyabr , 10 noyabr.
12. "Şərq qapısı" qəzeti,
1926, 2 aprel.
13. "Yeni fikir" qəzeti, 1926, 4 iyun.
14. Naxçıvan MDA. F.-
40, siy. 4, iş-7.
15. Naxçıvan MDA. F.-
589, siy. 1, iş-103.
16. Naxçıvan MDA. F.-
50, siy. 2, iş-169.
Əli QƏHRƏMANOV,
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
musiqi və
teatr şöbəsinin müdiri,sənətşünaslıq
üzrə fəlsəfə doktoru,
dosent
Elm.- 2012.- 21 sentyabr.- S.14.