BÖYÜK ALİM VƏ PEDAQOQ

 

Lətif İmanov 1922-ci il sentyabr ayının 22-də Azərbaycanın gözəl guşələrindən biri olan Şuşa şəhərində anadan olmuş və orta təhsilini 4 saylı Şuşa şəhər orta məktəbində almışdır. 1944-cü ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fizika ixtisası üzrə bitirmiş Lətif müəllim Azərbaycan EA-nın Fizika İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət olunmuşdur. O, 1945-ci ildə aspiranturaya qəbul olmuş və dissertasiya mövzusu üzrə elmi tədqiqat işini Moskva Dövlət Universitetinin Rəqslər kafedrasının müdiri professor V.V.Miqulinin rəhbərliyi altında yerinə yetirmişdir

 

Lətif müəllim 1950-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıtmış və Azərbaycan SSR EA-nın Fizika-Riyaziyyat İnstitutunda H.A.Muxtarovun rəhbərlik etdiyi Radiofizika laboratoriyasında baş elmi işçi vəzifəsində işə başlamışdır. 1951-ci ildən həmin laboratoriyaya rəhbərlik L.M.İmanova tapşırılmışdır. O, laboratoriyanın iş planına uyğun olaraq Bakı nefti nümunələrinin fiziki xassələrinin tədqiqi işini bir müddət davam etdirsə də, 1952-ci ildən maye və bərk cisimlərin dielektrik relaksasiyasının radiospektroskopik üsulla  tədqiqi ilə məşğul olmağa başlamışdır.

L.M.İmanov uzun müddət spirtlərin, halogenli benzolun, onların müxtəlif qeyri-polyar mayelərdə məhlullarının radiospektroskopik üsulla dielektrik relaksasiyasını müxtəlif tezlik və temperatur aralıqlarında tədqiq etmişdir. Tədqiqatların nəticələri əsasında elektromaqnit dalğalarının udulmasını ifadə edən asılılıqlar qurulmuş, onların əsasında dielektrik əmsalı, kritik dalğa uzunluğu, molekulun fırlanma hərəkətinə mane olan potensial enerji çəpərinin hündürlüyü, aktivləşmə enerjisi və bir çox  başqa mühüm parametrlər  təyin edilmişdir.

Lətif müəllim butil spirtinin xlorbenzolda məhlulunun  tədqiqi zamanı OH qrupu ilə xlorbenzol molekulunun kompleks yaratdığını müşahidə etmiş, bunun səbəbini aydınlaşdırmaq üçün o, məhlulun nüvə maqnit rezonansı üsulu ilə tədqiqinə başlamışdır. Müəyyən etmişdir ki, hidroksil qrupunun kimyəvi sürüşməsi məhlulda spirtin konsentrasiyasının azalması ilə artır. Bu hadisənin isə molekularası hidrogen əlaqəsinin qırılması ilə əlaqədar olduğu hələ 1958-ci ildə Şnayder və əməkdaşları tərəfindən sübut edilmişdir.

L.M.İmanov mayelərin fiziki xassələrinin düzgün izahı üçün  onun dəqiq quruluş parametrlərini bilməyin çox vacib olduğunu dərk edərək mikrodalğa qaz spektroskopiyası üsulu ilə bu istiqamətdə tədqiqat aparmağı qərara almışdır. O, laboratoriyanın əməkdaşları ilə birlikdə böyük texniki çətinliklərə qalib gələrək yığdığı ilk qaz padiospektrometri qurğusunu 1959-cu ildə işə salmağa müvəffəq olmuş və dərhal da tədqiqata başlamışdır. Etil spirti ilə başlayan tədqiqatlar propil, izopropil, butil, propargil spirtlərinin, etilmerkaptanın və onların atomu izotopu ilə əvəz edilmiş 15-ə qədər molekulunun mikrodalğa spektrinin tədqiqi ilə davam etdirilmişdir. Tədqiqatlar nəticəsində molekulların mikrodalğa aralığına düşən spektri əldə edilmiş, fırlanma sabitləri, asimmetriya parametri, dipol momenti və onun baş oxlar üzrə proyeksiyaları, izomer formaları, etil spirtinin ən dəqiq quruluş parametrləri və s. təyin edilmişdir.

L.M.İmanov Fizika İnstitutunda selenli yarımkeçirici birləşmələrin tədqiqi istiqamətində aparılan maraqlı tədqiqatlara biganə qala bilməmiş, tallium aşqarlı selenin dielektrik relaksasiyasını radiospektroskopiya üsulu ilə tədqiq etmiş və maraqlı nəticələr almışdır. Yalnız selen yarımkeçiricinin radiospektropik üsulla tədqiqi ilə kifayətlənməyən Lətif müəllim  keçən əsrin 70-ci illərində vanadium, tellur və qələvi metal oksidləri əsaslı iki və üç komponentli yarımkeçirici şüşələrin quruluş xüsusiyyətlərinin, elektrik və optik xassələrinin tədqiqinə başlamışdır. O, elektron paramaqnit rezonansı üsulu ilə tədqiqatlardan aşkar etmişdir ki, şüşələrin tərkibinə keçid metal oksidlərinin daxil edilməsi EPR mərkəzlərinin yaranmasına səbəb olur. Yarımkeçirici şüşələrin elektrik, optik, maqnit və başqa fiziki xassələri bu EPR mərkəzlərindən və onun yaxın ətrafından asılı olaraq kəskin şəkildə dəyişir.

L.M.İmanov elmi yaradıcılığının qaynar çağında həyatdan ayrıldı. 1980-ci il mart ayının 12-də qəflətən, ürək xəstəliyindən vəfat etdi. Onun ölümü Azərbaycanda fizika elminin inkişafına ağır zərbə oldu. Lətif müəllim  elmi  tədqiqat işi ilə paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olmuş, ADU-nun fizika fakültəsinin tələbələrinə radiofizikadan və fiziki elektronikadan mühazirələr oxumuşdur. Onun mühazirələri və ixtiyari məclisdə istər Azərbaycan, istərsə də rus dilində etdiyi çıxışları məzmununa, dərin məntiqinə və gözəlliyinə görə dinləyicilərini heyran edirdi.

L.M.İmanov 1976-cı ildə AMEA-nın həqiqi üzvü seçilmiş, 1979-cu ildə "Əməkdar Elm Xadimi" adına layiq görülmüşdür. Sözün həqiqi mənasında Lətif müəllim böyük alim və böyük pedaqoq idi. Onu yaxşı tanıyan insanlar iki cəbhəyə ayrılırlar. Birincilər onu böyük alim, ikincilər isə böyük müəllim-pedaqoq kimi qiymətləndirirlər. Lətif müəllimin ləyaqətli yetişdirmələrindən olan Akademik Çingiz Qacar müəllimi haqqında demişdir: "Mən  həm alim, həm də müəllim kimi akademik L.M.İmanov səviyyəsində dayanan ikinci böyük  şəxsiyyət tanımıram."

 

 

Abbas CİLOVDARLI,

 

Səkinə KAZIMOVA,

AMEA Fizika İnstitutunun

aparıcı elmi işçiləri

 

Elm.- 2012.- 21 sentyabr.- S.12.