Yarım
əsrə bərabər yol
Nəhayət
ki, bütün dünya fiziklərinin səbrsizliklə
gözlədiyi 2012-ci ilin elmi hadisəsi - Hiqqs bozonunun eksperimental qeydi baş verdi. Beləliklə,
Hiqqs bozonunun yarıməsrlik
"ovuna" çox
böyük ehtimalla son qoyuldu. Avropa
Nüvə Tədqiqatları Mərkəzinin (CERN)
ATLAS və CMS kollaborasiyalarının rəhbərləri
Fabiola Djanotti və Djo İnkandella 2012-ci ilin iyul ayının 4-də CERN-də keçirilən seminarda Böyük Adron Kollayderində (BAK) alınmış yeni nəticələr barəsində ətraflı
məlumat verdilər.
ATLAS
kollaborasiyalarının Melburnda (Avstraliya) keçirilən beynəlxalq zərrəciklər
fizikası konfransı ilə birgə təşkil etdiyi bu seminar
dünyanın bir çox
ölkələrində "online"
rejimində video translyasiya
edilirdi. "Bu gün Higgs bozonunun axtarışı bizim
arzu etdiyimizdən də artıq dərəcədə
irəliləmişdir", - deyən Fabiola
Djanotti təcrübələrdən
alınmış məlumatlarda 126 Gev
oblastında beş siqma
standart kənaraçıxma səviyyəsində
yeni zərrəciyin olmasının
açıq-aydın əlamətlərinin olduğunu
bildirdi. Standart kənaraçıxma
səviyyəsi adlanan kəmiyyət fiziklər
tərəfindən hər hansı bir
hadisənin baş verməsinin həqiqilik
dərəcəsini təyin edir. Bir siqma məlumatların
təsadüfi dəyişməsi, üç
siqma müşahidə, beş
siqma isə kəşf kimi
qiymətləndirilir. Bütün bunlara baxmayaraq,
alınmış nəticələrin ilkin
olduğu və
son nəticələrin tam
analizinin isə ilin sonunda aparılacağı deyilir.
Hiqqs bozonu - elementar zərrəciklərin
müasir nəzəriyyəsi
olan Standart Modelin ən əsas "çatışmayan"
elementidir. Hiqqs bozonu - elektozəif simmetriyanın spontan pozulmasına və zərrəciklərin kütlə
qazanmasına cavabdehdir.
İndiyədək fiziklər
kütlə anlayışından
istifadə etsələr
də, kütlənin
yaranma mexanizmi barədə heç bir məlumata malik deyildilər. Güclü və elektrozəif qarşılıqlı
təsirlərinin Standart
modelinin əsasında
duran Hiqqs sahəsi qarşılıqlı
təsirdə olduğu
sahəyə kütlə
verir və beləliklə, kütlənin
yaranma mexanizmini izah edir. Bu sahəyə
uyğun olan zərrəcik Hiqqs bozonu adlanır. Hiqqs mexanizmi 1962-ci ildə Amerika fiziki Filipp Anderson tərəfindən təklif
olunub və iki il sonra
üç asılı
olmayan Fransua Anqler, Robert Braut, Piter Hiqqs
və həmçinin
Djerald Quralnik, Karl
Hagen və Tom Kibbl alimlər qrupu tərəfindən ətraflı
tədqiq edilib. Təbiidir ki, BAK-ın fiziki proqramı təkcə Hiqqs bozonunun tapılması ilə kifayətlənməyib, həmçinin
onun xassələrinin
müfəssəl öyrənilməsini
nəzərdə tutur.
Hiqqs bozonunun kəşfi, bir çox zərrəciklərin
və fiziki hadisələrin kəşfindən
fərqli olaraq, heç də təsadüfi deyildir. Hiqqs bozonunun axtarışı BAK-ın
fiziki proqramına daxil olan məsələlərdən
biridir və bu iş 2008-ci ildə BAK-ın istismara verildiyi gündən planlaşdırılmış
və ardıcıl şəkildə aparılmışdır. Məsələ
burasındadır ki, Standart Model və bir sıra bu
tip modellər, Higgs bozonunun
kütləsi barəsində
heç bir məlumat vermir. Bu səbəbdən Hiqqs bozonunun hansı enerji oblastında axtarılması qeyri-müəyyənliyi
yaranırdı. 2008-ci ildən
başlayaraq, elmi araşdırmaların təklif
etdiyi enerji oblastları ətraflı
tədqiq edilməyə
başlandı. Mütəmadi
araşdırmalar nəticəsində
bir sıra enerji oblastları aradan çıxarıldı. 2011-ci ilin dekabr ayında ATLAS kollaborasiyası 116 - 130 Gev enerji oblasında siqnalın fonu üstələdiyi barəsində məlumat verdi. CMS kollaborasiyası da Hiqqs bozonunun 115 - 127 Gev oblastında olma əlamətlərinin
olduğunu bildirdi. Lakin 2011-ci ilin dekabr ayında həm ATLAS və həm də CMS detektorlarından alınan
məlumatların həqiqilik
səviyyəsi kifayət
deyildi. Hal-hazırda qeyd etdiyimiz kimi bu məlumatların
həqiqilik səviyyəsi
kəşf kimi qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, Hiqqs bozonu "ovu" təkcə BAK-ın ATLAS və CMS kollaborasiyaları tərəfindən
deyil, həm də ABŞ-ın E.Fermi adına Milli sürətləndirici
laboratoriyasındakı "Tevatron" adlandırılan
sürətləndirici əməkdaşları
tərəfindən də
aparılır. Lakin bu sürətləndiricidən
alınan məlumatların
həqiqilik dərəcəsi
bir o qədər də yüksək deyil.
Fəxr hissi ilə
bildirmək lazımdır
ki, əsrimizin bu möhtəşəm kəşfində Azərbaycan
alimlərinin də rolu olmuşdur və onlar da
bu kəşfin həmmüəllifləri sırasındadırlar.
Çalışdığımız
AMEA Fizika İnstitutunun
"Yüksək enerjilər
fizikası" laboratoriyasının
əməkdaşları Hiqqs
bozonunun müxtəlif
kanallarla yaranma və parçalanma proseslərinin həm nəzəri və həm də exsperimental qeydedilmə imkanlarını araşdırmış
və Hiqqs bozonunun məlum və yeni naməlum
xassələrinin öyrənilməsi
istiqamətində tədqiqatlarını
davam etdirir. Bu tədqiqatların nəticələri
dünyanın aparıcı
elmi jurnallarında çap edilmişdir.
AMEA Fizika İnstitutu BAK kollayderinin layihəsinin rəsmi bəyənilməsi
günündən indiyədək
CERN-lə sıx elmi əlaqələrə
malikdir. Bu elmi əlaqələrin daha da geniş mərhələyə
çıxması yalnız
1997-ci ildə ulu öndər Heydər Əliyevin uzaqgörənliklə
imzaladığı iki
sərəncamın nəticəsində
mümkün olmuşdur.
Bu sərəncamlar Azərbaycan
dövləti ilə
CERN arasında elmi-texniki
sahədə əlaqələrin
yaradılması barədə
müqavilənin imzalanmasına
imkan vermişdir. CERN-lə Azərbaycan dövləti arasında bağlanmış bu müqavilələr Azərbaycan
fiziklərinin bu nəhəng təcrübədə
iştirakına imkan yaratdı. Qeyd etmək lazımdır ki, əməkdaşlarımız ATLAS qurğusunun fiziki proqramının hazırlanmasında,
quraşdırılmasında, bu qurğunun müxtəlif hissələrinin
sınağında yaxından
iştirak edib. Hal-hazırda da AMEA Fizika İnstitutunun əməkdaşları BAK kollayderinin
ATLAS və ALICE kollaborasiyası
çərçivəsində aparılan təcrübələrdə
də yaxından iştirak edir və alınmış elmi nəticələrin həmmüəllifidir.
Məqaləni CMS kollaborasiyasının
rəhbəri Djo Kandelanın sözlərilə
bitirmək istərdik:
"Hiqqs bozonunun axtarışı nə ilə nəticələnəcəyindən
asılı olmayaraq, kəşflər ancaq indi başlayır".
O.B.ABDİNOV, F.T.XƏLİLZADƏ,
AMEA Fizika İnstitutunun əməkdaşları
Elm.- 2012.- 21 sentyabr.- S.10.