Muxtar
respublikada
ilk
dəfə olaraq kəhrizlərin coğrafi yayılması xəritəsi
tərtib edilib
Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi
ilə "Naxçıvan
Muxtar Respublikası kəhrizlərinin tarixi inkişaf yolu,
müasir vəziyyəti və onlardan səmərəli istifadəyə
dair təkliflərin hazırlanması" mövzusunda layihənin icrası başa
çatıb.
Naxçıvan
Dövlət Universitetinin "Meliorasiya və su təsərrüfatı
tikintisi mühəndisliyi" kafedrasının müdiri, kənd təsərrüfatı
elmləri doktoru, professor Əlövsət Quliyevin rəhbərliyi
altında icra edilən layihənin əsas məqsədi muxtar respublika
ərazisindəki kəhrizlərin mövcud vəziyyətinin
qiymətləndirilməsi, saniyəlik sərflərinin təyini, təmirə ehtiyacı
olmasının müəyyənləşdirilməsi və
coğrafi yayılması xəritəsinin tərtibi işlərini yerinə yetirmək olub. Layihə çərçivəsində
ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası kəhrizlərinin
coğrafi yayılması xəritəsi işlənib. Bu xəritə
mövcud peyk geodeziyası əsasında GPS (mövqenin uzaqdan təyin edilməsi) sistemindən istifadə etməklə
tərtib edilib. Xəritə 1:150 000 icmal, rayonlar isə 1:50
000 miqyasında qismən daha dəqiq şəkildə tərtib
edilib, xəritənin elektron variantı hazırlanıb. Burada
böyütmə 1:2000 miqyasına qədər olduğundan hər
bir kəhrizin baxış və gümana (suyun
olub-olmamasını təyin etmək üçün
qazılan ilk quyu)
quyularını, çıxışını və
onun ətrafının daha dəqiq müşahidə
olunmasına imkan yaranır. Görülmüş işlərin
nəticəsində kəhriz sistemlərinin üç ölçülü
koordinatlarının
alınması və onların xəritələşdirilməsi
Azərbaycan miqyasında ilk dəfə
olaraq Naxçıvanda həyata keçirilib. Xəritələrdən
gələcəkdə elmi-tədqiqat müəssisələri,
ekologiya və təbii sərvətlər, fövqəladə hallar nazirlikləri istifadə edə biləcəklər. Eyni zamanda
bu xəritə ali məktəblərin magistratura
şöbələrində (meliorasiya, ekologiya, ətraf
mühitin mühafizəsi, torpaqşünaslıq,
coğrafiya, aqronomiya, iqtisadiyyat və memarlıq
ixtisaslarında) geniş miqyasda istifadə oluna bilər. Bu xəritənin
hazırlanmasının xüsusi əhəmiyyəti ondan ibarətdir
ki, muxtar respublika əhalisi xəritə vasitəsilə
mövcud yeraltı su ehtiyatlarından daha səmərəli
istifadə etmək imkanı əldə edəcək.
Xatırladaq
ki, elektron variantda hazırlanmış xəritədə kəhrizlərin
coğrafi koordinatları verilməklə bərabər, kəhriz
üzərində olan tarixi-memarlıq abidələrinin
adları da öz əksini tapıb. Bu da muxtar respublika ərazisindəki abidələrin
beynəlxalq miqyasda tanıdılması baxımından
böyük əhəmiyyət kəsb edir.
ELM.- 2012.- 21 sentyabr.- S.10.