Klassik mənəvi irsin
tədqiq və təbliğinə dair
Nizami Gəncəvi, Mirzə Fətəli
Axundov və Mirzə Ələkbər Sabirin yubileyləri ərəfəsində
bəzi düşüncə və təkliflər
Klassik irsin nümayəndələrinin
yubileyləri, xüsusən dövlət tərəfindən
dəstəklənən yubileylər, irsin tədqiq və təbliği
üçün geniş imkanlar yaradır.
Qarşıdakı Nizami yubileyi ilə əlaqədar aktual
problemlərdən biri klassik irsin nümayəndəsinin
etno-milli mənsubiyyətinin müəyyən edilməsi
problem olaraq qalmaqdadır. Həmin problem elmi mədəniyyət
tarixində birmənalı anlamını tapmayaraq müəyyən
mübahisələr mənbəyidir. Problemin şərhi
"etno-milli" anlamının bu vaxtadək elmdə birmənalı
olmayan şərhi ilə bağlıdır.
Məsələ
ilə əlaqədar diqqətinizə çatdırmaq istərdik
ki, hazırda bu məsələ müxtəlif formalarda həll
edilir. Məsələn, son dövrdə nəşr
edilmiş ensiklopedik lüğətlərdə belə təyinlərə
rast gəlirik: çin, alman və s. əsilli Amerika mütəfəkkiri
və ya alimi.
Məlumdur
ki, tarixən alim və ya mütəfəkkirin əsərlərinin
dili onun etnik mənsubiyyətinin müəyyən edilməsində həlledici rol oynamayıb.
Nizami ilə
əlaqədar bu günə qədər mübahisə doğuran mütəfəkkir-şairin
etnik mənsubiyyəti haqqında məsələlər
problemin ümumi həlli kontekstində çözülməlidir.
Bir məqam inkaredilməzdir ki, Nizami orta əsr renessans
dövrünü keçirən İslam mədəniyyətinin
nümayəndəsi olaraq ömrü boyu Gəncə şəhərindən
ayrılmaz idi. Və elə bu baxımdan da şairin etnik mənsubiyyətinin
müəyyən edilməsinə yanaşmaq, bəlkə də,
ən inandırıcı mövqe olardı.
Nizami
irsinin dünya və Azərbaycan ədəbiyyatında geniş
tədqiqi müxtəlif ziddiyyətli və qeyri-dəqiq məqamlar
ehtiva etdiyinə görə, hər yeni dövr, o cümlədən
müasir yubiley dövrü də ötən dövr tədqiqat
irsinə elmi-tənqidi nəzərlə yanaşmanı tələb
edir.
Nizami
irsinin məzmun etibarilə
çoxçalarlılığı bu irsin tərcüməsində
birmənalı olmayan məqamları ehtiva edir.
Müasir
dövrdə yubileyin keçirilməsinin yaratdığı
imkanlardan istifadə edib Nizami irsini bir daha, paralel olaraq orijinal
və müxtəlif dillərə sətri tərcümə
şəklində nəşr etmək və bu nəşrləri
elmin müasir səviyyəsinə uyğun olaraq geniş fəlsəfi
və ədəbi təfsirlərlə təchiz etmək
vacibdir.
Bu, mütəfəkkir
şairin irsini həm Azərbaycan, həm də dünya oxucu
ictimaiyyətinə olduğu kimi çatdırmaq
üçün imkan ola bilərdi.
Mirzə Fətəli
Axundovun irsinin tədqiq və təbliği zamanı filosof
yazıçının əsərlərinin, o cümlədən
fəlsəfi əsərlərinin tədqiqi, şərhi və
milli-mədəni maraqlar baxımından dəyərləndirilməsi
diqqəti cəlb edir. Xüsusən Axundovun fəlsəfi
irsində İslam və İslam mədəniyyətinə
münasibəti izah aydınlaşdırılmalıdır. Bəlkə
də bu münasibət mütəfəkkirin bir ədib kimi
düşünərək giperboladan istifadəsi ilə izah
edilə bilər. Müqayisə zamanı müəllifin kəskin
dəyərləndirmələri oxucunu düşünməyə
vadar edirdi.
Eynilə
M.F.Axundovun əlifbanı dəyişməsi uğrunda
müsbət nəticə vermiş fəaliyyəti hazırda
əlifbanı dəyişmiş ölkələrin mədəni
inkişafında müsbət və mənfi cəhətlərin
obyektiv dəyərləndirilməsini tələb edir. Bir tərəfdən,
əlifbalarını dəyişmiş xalqların
inkişaflarında Qərb mədəniyyətinə
yaxınlaşdıqları üçün müəyyən, tarixən
müsbətliyi inkaredilməz istiqamət yarandı, digər tərəfdən,
həmin xalqlar əsrlər boyu yaranmış mənəvi-mədəni
irslərindən tədricən uzaqlaşmağa
başladılar.
Mirzə Ələkbər
Sabirin irsinin tədqiq və təbliği ilə əlaqədar
aşağıdakı məsələlərə diqqəti
yönəltmək istərdik:
– Sabir
yaradıcılığının ilk, ənənəvi fəlsəfi-ədəbi
köklərlə bağlı dövrü sovet dövrü tədqiqatlarında
obyektiv əksini tapmayıb. Eyni sözləri Sabirin mənəvi müəllimi
Seyid Əzim Şirvani və XVIII-XIX əsrin başqa mütəfəkkir
şairlərinə şamil etmək olar.
– Sabirin əsərlərini
nəşr edərək Azərbaycan dilinin tarixi təkamülünü
nəzərə alaraq həmin əsərləri geniş
lüğət və şərhlərlə təchiz etmək
vacibdir.
Deyilənlər
təkcə Sabirin deyil, Azərbaycan klassik ədəbiyyatının
görkəmli nümayəndələri Nəsimi, Füzuli və
hətta XIX və XX əsrin əvvəlində yaşayıb
yaratmış Məhəmməd Əmin Rəsulzadə, Əli
bəy Hüseynzadə, Məhəmməd Hadi və digərlərinin
əsərlərinin nəşri zamanı nəzərə
alınmalıdır. Müasir azərbaycanlıların nisbətən
cavan nəsilləri üçün tam aydın
olmamasını nəzərə alaraq bu nəşrlər
mütləq müvafiq lüğət və şərhlərlə
təchiz edilməlidir. Sonuncuların yaradılmasının
elmi iş planlarına daxil edilməsi məqsədəuyğun
olardı.
Klassiklərin
irsinin nəşri ilə əlaqədar məhz onların
irsinə həsr edilmiş xüsusi lüğətlərin tərtib
edilməsi elmi cəhətdən, milli mədəniyyətin təbliği
və onun xalq tərəfindən özünküləşdirilməsi
baxımından məqsədəuyğun olardı.
Zənnimizcə,
klassik mədəni mənəvi irsə yiyələnmək
naminə təhsil müəssisələrində xüsusi,
Azərbaycan ədəbi dilinin inkişaf mərhələlərini
əks etdirən fənnin tədrisi vacibdir. Bu məqsədlə
tədris proqramları, dərslik və dərs vəsaitlərinin
işlənib hazırlanması məqsədəuyğun
olardı.
Hazırda
isə Yusif Ziya Şirvaninin məsul redaktoru olmuş Azərbaycan
klassik ədəbiyyatını oxumaq üçün
Bakıda 1966-cı ildə nəşr edilmiş "Ərəb
və fars sözləri lüğəti"nin yeni, müasir
gənc nəslin dil potensialını nəzərə alaraq təkmilləşdirilmiş
nəşri vacibdən belə vacibdir.
* Təəssüflə
qeyd etməliyik ki, M.Ə.Sabirin anadan olmasının 140 illik
yubileyinə 2002-ci ildə "Turan" nəşrlər
evinin töhfəsi olan (nəşri hazırlayan və
redaktoru filologiya elmləri doktoru, professor Vaqif
Sultanlıdır) "Hophopnamə"nin nəşrində
lüğət və şərhlərin olmaması ilə
yanaşı, illüstrasiyalar da yoxdur. Halbuki nəşrin əvvəlində
oxucu illüstrasiyaların Əzim Əzimzadəyə mənsub
olması haqda xəbərdar edilir.
Zümrüd QULUZADƏ,
fəlsəfə elmləri doktoru
Əməkdar Elm Xadimi
"Şərq fəlsəfəsi
problemləri"
jurnalının baş redaktoru
Elm.- 2012.- 21 sentyabr.- S.11.