Bakıda beşcildlik "Böyük
İqtisadi Ensiklopediya"nın təqdimat mərasimi olmuşdur
Aprelin 10-da Bakıda Milli
Məclisin İqtisadi siyasət komitəsinin
sədri, akademik Ziyad
Səmədzadənin ideya müəllifi
və baş redaktoru olduğu beşcildlik
"Böyük İqtisadi
Ensiklopediya"nın təqdimat mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə
tədbirdə Azərbaycan ensiklopediyasının tarixi keçmişindən, "Böyük İqtisadi Ensiklopediya"dan bəhs
edən videoçarx nümayiş
etdirilmişdir.
Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra
edən, akademik Akif Əlizadə
bildirmişdir ki, ensiklopediya həm tarixi
yaddaşdır, həm elmi biliklər toplusudur, həm də milli
özünüdərkin və milli
düşüncənin ifadəsidir. Azərbaycan
xalqı özünün yaradıcı
istedadını və elmi
potensialını tarix boyu
böyük bacarıqla nümayiş
etdirmiş, görkəmli alimləri, elm xadimləri ilə daim qürur duymuşdur.
Akademiyanın imkanlarından, burada
yaradılmış elmi potensialdan
müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə olunması ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır, onun müstəsna xidmətidir.
Ulu
öndərin qoyduğu yolu
ənənəvi ardıcıllıqla davam
etdirən Prezident İlham
Əliyev Azərbaycan intellektual
elitasının cəmləndiyi Azərbaycan Milli
Elmlər Akademiyasının maddi-texniki
bazasının möhkəmləndirilməsinə, onun fəaliyyətinin genişləndirilməsinə,
elmi tədqiqatların ölkəmizin iqtisadi tərəqqisi ilə
uzlaşdırmasına böyük diqqət
göstərir.
A.Əlizadə
vurğulamışdır ki, Azərbaycanda
aparılan islahatlar müasirləşməyə
istiqamətləndirilmişdir. Tarixi qaynaqlar üzərində müasirləşmə,
elmi yenilik və
innovasiyaların bəşər həyatında misilsiz yeri və rolu AMEA-da yetişmiş
elmi kadrların fəal əməyi ilə
ərsəyə gəlmiş "Böyük
İqtisadi Ensiklopediya"nın da ana xəttini təşkil
edir.
Azərbaycanda
ensiklopediya mədəniyyəti tarixinin ən parlaq səhifələri,
ensiklopediya
yaradıcılığının böyük
yüksəliş çağları ümummilli
lider Heydər Əliyevin adı ilə
sıx bağlıdır. Ulu öndərin
təşəbbüsü və dəstəyi ilə çap edilmiş "Azərbaycan
Sovet Ensiklopediyası" ölkə tarixinə
bilik və məlumatların bütün sahələrini əhatə edən
ilk fundamental əsər
kimi daxil olmuşdur. Elmi-informativ zənginliyi,
məzmun mükəmməlliyi baxımından bu sanballı nəşr indi
də öz möhtəşəmliyini
saxlamışdır.
A.Əlizadə diqqətə
çatdırmışdır ki, Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə
cavab verən yeni milli ensiklopediyanın yaradılması zərurəti
meydana çıxmış, Prezident İlham Əliyevin
təşəbbüsü ilə mühüm
qərarlar qəbul edilmiş, konkret təşkilati işlər
görülmüş,
yaradıcılıq istiqamətləri müəyyənləşdirilmiş
və onların ardıcıllıqla həyata keçirilməsinə
başlanılmışdır. Prezident İlham Əliyevin baş
redaktorluğu ilə nəşr olunan "Azərbaycanın Milli
Ensiklopediyası"nın artıq ilk
cildləri oxucuların istifadəsinə verilmişdir.
Qeyd
edilmişdir ki, Azərbaycanda
ensiklopediya mədəniyyətinin yeni inkişaf mərhələsinin
başlanması onun müxtəlif sahələr
üzrə şaxələndirilməsi üçün
geniş imkanlar da açmışdır. İctimai
elmlər arasında özünəməxsus yer
tutan, daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu
istiqamətdə ayrıca təyinatlı ensiklopediyanın
yaradılması məsələsini
aktuallaşdırmışdır. Akademik
Ziyad Səmədzadənin ideya
müəllifliyi və baş redaktorluğu ilə hazırlanıb nəşr
edilmiş irihəcmli fundamental
"Böyük İqtisadi
Ensiklopediya" da bu zərurətdən yaranmışdır.
Nəzərə
çatdırılmışdır ki,
"Böyük İqtisadi
Ensiklopediya" dünya
iqtisadiyyatının tarixi, bu gün iqtisadi
həyatın müxtəlif sahələrində istifadə
edilən terminlərin mahiyyəti, görkəmli
iqtisadçıların fəaliyyəti barədə ətraflı
məlumat və bilik mənbəyidir. Ensiklopediyada iqtisadi termin və
anlayışların, nəzəriyyə və
baxışların mükəmməl izahları verilmiş, iqtisadi hadisələrin
məzmunu və əhəmiyyəti yüksək peşəkarlıqla
açıqlanmış, müasir
gerçəkliklər fonunda dünya iqtisad elminin nailiyyətləri hərtərəfli
işıqlandırılmışdır.
Bildirilmişdir
ki, beşcilddən ibarət, 10 minə
yaxın termin, iqtisadi
anlayış və məqaləni özündə ehtiva edən "Böyük
İqtisadi Ensiklopediya"
çoxsaylı nəzəri, faktoroloji materiallar əsasında ictimai
həyatdan gələn sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi
hadisələr, kateqoriyalar, modellərlə
bağlı zəruri bilgilər vermişdir.
Topluda
çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada
açıqlanmış, iqtisadiyyatın bütün
səviyyələri üzrə, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər
və onların görkəmli nümayəndələri
haqqında mühüm məlumatlar əksini
tapmışdır.
Vurğulanmışdır
ki, ensiklopediya əsası
ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin
çevik praqmatizmlə
reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür
yaradır. Burada müstəqil Azərbaycan
dövlətinin 20 ildə keçdiyi inkişaf yolu iqtisadi təhlil istiqamətlərindən səmərəli
istifadə edilməklə çox dəqiq
qiymətini almışdır. Bu qiymətləndirmədə,
həmçinin elmi aspektdən hazırda
Azərbaycanın ictimai həyatının
bütün istiqamətlərini əhatə
edən innovasiya yönümlü
iqtisadiyyatın formalaşdırılması məsələlərinə
yer verilmişdir.
Bu ensiklopedik
külliyyat elmi-analitik,
metodoloji, leksik
formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis
poliqrafik keyfiyyəti ilə də diqqəti
cəlb edir. Yeni iqtisadi təfəkkürə köklənmiş
bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə
bağlı istənilən suala cavab tapmaq mümkündür.
Bütün bunlar
"Böyük İqtisadi
Ensiklopediya"nın uzunömürlü
olacağına əminlik yaradır.
Diqqətə
çatdırılmışdır ki,
"Böyük İqtisadi
Ensiklopediya" zamanla
ayaqlaşan iqtisadi külliyyat olmaqla MDB məkanında
da milli dildə
işıq üzü görmüş
bu tipli ilk irihəcmli nəşrdir. "Böyük İqtisadi Ensiklopediya" ölkədə digər sahəvi
ensiklopediyaların yaranmasına da güclü təkan verəcəkdir. Ensiklopediyada
Azərbaycanın iqtisadi qüdrətinin
və perspektiv inkişafının son dərəcə güclü
elmi tərənnümdə verilməsinə
istinadən, onun müvafiq
hissələrini bir araya
gətirərək xarici dillərə
çevirmək və ayrıca kitab
halında nəşr etdirmək də əhəmiyyətli
olacaqdır.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Böyük İqtisadi
Ensiklopediya"nın əhəmiyyətindən
danışmış, onu yüksək
qiymətləndirmişdir. X.Yusifzadə bildirmişdir
ki, ensiklopediyada neft sənayesinin tarixindən
başlamış, bu günədək neft sənayesində gedən bütün
proseslər öz əksini
tapmışdır. Gənc mühəndislər üçün bu çox vacib əsərdir.
Bakı
Dövlət Universitetinin rektoru,
Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
ensiklopediyanın əhəmiyyətindən, Azərbaycanın
iqtisadi uğurlarından
danışmış, toplunu ölkəmizin
iqtisadiyyatının nailiyyəti kimi qiymətləndirmişdir.
Vurğulanmışdır ki, gələcək
nəsillər, cəmiyyətin bütün
təbəqələri bu kitabı rahat oxuya bilərlər.
Xüsusilə tələbələr üçün
bu çox faydalı əsərdir.
Abel Məhərrəmov bu
sanballı nəşrin xarici dillərə
çevrilməsinin vacibliyini də
vurğulamışdır.
Mərkəzi
Bankın sədri Elman Rüstəmov
"Böyük İqtisadi
Ensiklopediya"nın əhəmiyyətindən və
vacibliyindən, Azərbaycanın iqtisadi
uğurlarından danışmış, bu
kitabı yüksək qiymətləndirmişdir.
E.Rüstəmov "Böyük İqtisadi
Ensiklopediya"nın hazırlanmasını, geniş
ictimaiyyətə təqdim olunmasını Azərbaycanın elmi, iqtisadi, ictimai və mədəni həyatında çox görkəmli hadisə
adlandırmış, bu nəşrin geniş kütlənin iqtisadi
maarifləndirilməsində mühüm rol oynayacağını diqqətə
çatdırmışdır.
Mərkəzi Bankın sədri
ensiklopediya
yaradıcılığının böyük
yüksəliş çağlarının ümummilli
lider Heydər Əliyevin adı ilə
bağlı olduğunu demiş,
hazırda bu işin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.
Mərasimdə akademik
Teymur Bünyadov, Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri Eldar İbrahimov,
akademik Vasim Məmmədəliyev,
Vergilər Nazirliyinin Vergi
Siyasəti və Strateji Araşdırmalar
Baş İdarəsinin rəisi Akif Musayev
çıxış edərək Azərbaycan
iqtisadiyyatının uğurlu
inkişafından, "Böyük İqtisadi Ensiklopediya"nın əhəmiyyətindən
danışmış, onu yüksək
qiymətləndirmişlər.
Bildirilmişdir ki, bu ensiklopediya
ölkəmizdə dünya səviyyəsində
intellektual potensialın mövcudluğunu
əks etdirir. Ensiklopediyanın
hazırlanmasında dünyanın inkişaf
etmiş ölkələrinin iqtisadiyyat lüğətlərindən, statistik külliyyatlardan,
beynəlxalq iqtisadi, maliyyə-bank, əmək
təşkilatlarının internet
resurslarından səmərəliliklə istifadə olunmuşdur. Bu nəşr
Azərbaycan iqtisad elminin
inkişafında yeni bir
keyfiyyət mərhələsinə keçidin
əsasını qoymaqla ölkə
iqtisadiyyatının dinamik və keyfiyyətli
tərəqqisinə öz layiqli töhfəsini verəcəkdir.
Belarusun
Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə
arasında əlaqələrin uğurlu
inkişafından, Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisindən
danışmış, "Böyük İqtisadi Ensiklopediya"nın
hazırlanmasını region üçün mühüm
hadisə adlandırmış, ölkəmizi bu
münasibətlə təbrik etmişdir. Bildirmişdir ki, bu ensiklopediyanın hazırlanması Azərbaycanın
nüfuzunu dünyada
və regionda daha da artıracaqdır. Əminəm ki, yeni nəşr xarici dillərə tərcümə ediləcək
və beynəlxalq arenada bundan
istifadə ediləcəkdir.
Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədri,
akademik Ziyad Səmədzadə
"Böyük İqtisadi
Ensiklopediya" haqqında ətraflı məlumat
vermiş, bu nəşrin
hazırlanmasında əməyi keçən hər kəsə
öz təşəkkürünü bildirmişdir.
Ziyad Səmədzadə
vurğulamışdır ki, dünya iqtisadiyyatının inkişafı ilə
bağlı elə bir ciddi
fikir yoxdur ki, kitabda olmasın. Ensiklopediyada dünya
böhranının xronologiyası, ölkəmizin
iqtisadiyyatının dinamikası, inkişafın Azərbaycan
modeli, Azərbaycan iqtisadçılarının
bütün əsas baxışları və
digər məsələlər geniş
şəkildə öz əksini
tapmışdır. Ensiklopediyanın hazırlanmasında 10
mindən çox beynəlxalq miqyaslı ədəbiyyatdan
istifadə edilmişdir.
Təqdimat
mərasimində hökumət qurumlarının, beynəlxalq
və yerli təşkilatların, elmi ictimaiyyətin, diplomatik
korpusun nümayəndələri, Milli Məclisin deputatları iştirak
etmişlər.
Elm.- 2013.- 15 aprel.- S.5.