AMEA Aqrar Elmlər Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat

 

AMEA Rəyasət Heyətində Akademiyanın tarixində ilk dəfə olaraq yeni yaradılmış Aqrar Elmlər Bölməsinin (AEB) 2012-ci il üçün hesabatına həsr olunmuş iclas keçirilmişdir.

İclasa AEB-in elmi müəssisə və digər təşkilatlarının direktorları, direktor müavinləri, elmi katiblər, Bölmə üzrə mühüm nəticələrin icraçıları və əlaqədar təşkilatların nümayəndələri dəvət olunmuşdular.

Tədbir iştirakçıları əvvəlcə iclas zalının foyesində Bölmə institutlarının hesabat ilində əldə etdikləri elmi nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.

İclasda AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi,  akademik  Qərib Məmmədov Bölmə institutlarının 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir (Məruzəni diqqətinizə təqdim edirik).

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqrar elmin qarşısında çox mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin səmərəli icrası üçün aqrar sahədə elmi fəaliyyətlərin canlandırılması və elmi tədqiqatların koordinasiyasının dövrün tələbləri səviyyəsində gücləndirilməsi vacibdir. Bu, ilk növbədə, ölkədə aqrar elmin nüfuzunun artırılması, onun Azərbaycan iqtisadiyyatının və xalqın rifahının gələcəyinə hədəflənmiş inkişaf strategiyasının hazırlanması və reallaşmasında öz əksini tapmalıdır. Hazırda bu sahədə, xüsusən koordinasiya məsələlərində xeyli çatışmazlıqlar və ciddi nöqsanlar mövcuddur.

Bu çatışmazlıqlardan ən başlıcası respublikanın aqrar elmində mövcud olan pərakəndəlikdir. Məqsədyönlü dövlət siyasətinin mühüm göstəricisi olaraq, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli 369 ¹-li "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"ndə dəyişikliklər və əlavələr edilməsi haqqında" fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsi yaradılmışdır. Bundan sonra, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli 17/3 ¹-li "Aqrar Elmlər Bölməsinin strukturu haqqında" qərarı qəbul edilmişdir.

Azərbaycanda aqrar sahənin inkişafı qeyd edilən qərarların nə dərəcədə yerinə yetiriləcəyindən və aqrar elmin hansı səviyyədə koordinasiya olunacağından çox asılıdır. Lakin ölkədə aqrar elmi ümumən çox aşağı səviyyədə qalmaqda davam edir. Ötən hesabat dövrünün ciddi təhlili göstərmişdir ki, Genetik Ehtiyatlar İnstitutu və qismən də Torpaqşünaslıq və Aqrokimya İnstitutu istisna olmaqla, ölkədə aqrar sahədə fəaliyyət göstərən heç bir tədqiqat müəssisəsində ciddi elmi tədqiqatlar aparılmır. Bölmədənkənar elmi tədqiqat müəssisələrindən yalnız 16-sı  2012-ci ildə elmi-tədqiqat işlərinin mühüm nəticələrini təqdim etmişdir ki, onların da əksəriyyətinin elmi səviyyəsi xeyli aşağıdır.

Cəmi 3 institutdan ibarət olsa da, ötən hesabat ili Aqrar Elmlər Bölməsinin təşəkkül dövrü kimi yadda qalmışdır. Bölmə bu qısa tarixi dövrdə bir sıra elmi və elmi-təşkilati nailiyyətlər qazanmışdır ki, bunlar da Aqrar Elmlər Bölməsinin yaradılmasının düzgün qərar olduğunu sübut edir.

Bu nailiyyətlərdən biri kimi "Mədəni bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi" haqqında Azərbaycan Respublikası qanununun qəbulunu, qanunun iş və fəaliyyət mexanizmlərinin hazırlanmasına dair Azərbaycan Respublikası Prezidentinin 2 fərmanını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sərəncamını, AMEA Rəyasət Heyətinin 26 dekabr 2012-ci il tarixli 288 ¹-li sərəncamını göstərmək olar. Bu qanunun tətbiqi Aqrar Elmlər Bölməsinin genetik ehtiyatlar sahəsində fəaliyyətini və ölkə daxilində koordinasiya işini xeyli gücləndirəcəkdir.

Hesabat ilində Bölmənin institutlarının elmi-tədqiqat işlərinin planına həm fundamental, həm də tətbiqi xarakterli elmi tədqiqatlar daxil edilmişdir. Tədqiqat işləri  1 istiqamət  və 6 problemə aid 37 mövzu, 86 iş və 212 mərhələ üzrə aparılmışdır.

Bu tədqiqatların həyata keçirilməsində Bölmənin institutlarında çalışan 644 nəfər, o cümlədən 304 elmi işçi, 1 akademik, 1 müxbir üzv, 18 elmlər doktoru, 174 fəlsəfə doktoru iştirak etmişdir.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının icrası üzrə fəaliyyətlər xeyli gücləndirilmişdir. Cari ildə Bölmənin elmi potensialının istifadəsini nəzərdə tutan aşağıdakı dövlət proqramlarının və müvafiq tədbirlər planının icrası ilə əlaqədar elmi-tədqiqat işləri yerinə yetirilmişdir;

-"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı";

-"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı";

-"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı";

-"Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə

2011-2015-ci illər üçün Dövlət Proqramı";

-"2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair

Dövlət Proqramı";

-"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı;

-"Ümummilli lider H.Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi";

-"Yay tətili müddətində ali  təhsil müəssisələri tərəfindən ixtisaslar üzrə tədqiqat qruplarının yaradılması".

Bölmənin institutlarında aparılmış tədqiqatlarda əldə edilmiş ən mühüm elmi nəticələr Bölmənin bürosunda araşdırılmış və təsdiq edilmiş nəticələr "AEB-in 2012-ci ildəki  elmi və elmi-təşkilati fəaliyyəti haqqında Hesabatı"na daxil edilmişdir. Hesabata bölmədənkənar müəssisələrdə aqrar elm sahəsində aparılmış elmi tədqiqatların mühüm nəticələri də daxil edilmişdir.

Cari ildə elmi-tədqiqat işlərinin tətbiqi üzrə fəaliyyətlər gücləndirilmişdir. Plan üzrə 14 iş yerinə yetirilmişdir ki, bunlardan 13-ü keçicidir, 4 iş tətbiq edilmişdir, işlər plan həcmində yerinə yetirilmişdir.

"AMEA elmi müəssisələrinin başa çatdırılmış elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin 2012-ci il üçün tətbiq planı"na Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən aşağıdakı 3 iş daxil edilmişdir:

-"Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı". Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Azdövyerqurlayihə" İnstitutunda tətbiq edilmişdir.

-"Qobustan qış otlaq torpaqlarının landşaft komplekslərinin ekoenergetik qiymətləndirilməsi xəritə-sxemi". İş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda tətbiq olunmuşdur.

- "Azərbaycan torpaq deqradasiyası və mühafızəsi" metodiki tövsiyəsi". Tövsiyə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Azdövyerqurlayihə" İnstitutunda tətbiq olunmuşdur.

Eroziya və Suvarma İnstitutunun əməkdaşları tərəfindən 1 tətbiq işi həyata keçirilmişdir. Qəbələ rayonunda "Alliance of Lənd" Şirkətinə məxsus fermer təsərrüfatında qarışıq meyvə (fındıq, alma, armud, ərik, badam və s.) bağlarında 10 ha sahədə damcılarla suvarma sistemi, 120 ha ərazinin su ilə təchizatı üçün boru şəbəkələri quraşdırılmışdır.

Aqrar elmin ərzaq təhlükəsizliyinə təsir edən ən mühüm sahələrindən biri də yeni, yüksək məhsuldar və keyfiyyətli, adaptiv bitki sortları və heyvan cinslərinin yaradılmasıdır. Bu sahədə Genetik Ehtiyatlar İnstitutunda hərtərəfli tədqiqatlar aparılır. Hesabat dövründə Kompleks təsərrüfat və texnoloji xüsusiyyətlərinə və xəstəliklərə davamlılığına görə standart sortlardan üstün olan 1 yeni bərk buğda ("Saray"), 1 yumşaq buğda ("Abşeron"), 8 yeni pambıq ("Qarabağ-11", "Zəfər", "Ağdaş-21", "Qarabağ-2" və "Qarabağ-3" və s.) sortu və 1 yonca ("Şirvan-1") sortu Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir. İpəkqurdunun 4 cinsi və 4 hibridi rayonlaşdırılmış, daha 2 cins, 2 hibrid isə sınaqdan keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut elan edilmiş, ölkə üzrə bitki genetik ehtiyatlarının mühafizəsi və seleksiya işlərində səmərəli istifadəsində mühüm rol oynayan Milli Genbanka qeyd olunan qanunla xüsusi mühafizə edilən ərazi statusu verilmişdir. Burada və sahə genbanklarında toplanaraq səmərəli istifadə məqsədi ilə tədqiq edilən qiymətli nümunələrin sayı 10000-dən çoxdur. Bu genetik fond seleksiya fəaliyyətləri üçün mühüm bazadır.

Hesabat ilində Bölmənin elmi müəssisələrində beynəlxalq əlaqələr ənənəvi olaraq  konfransların təşkili və elmi məruzələr, kollektiv və ikitərəfli əməkdaşlıq - birgə nəzəri və təcrübi tədqiqatların aparılması, qrant layihələrində iştirak, yeni cihaz, avadanlıq və texnologiyaların mənimsənilməsi və tətbiqi, kadr hazırlığı və s. əhatə etmişdir. Bu sahədə çoxsaylı qarşılıqlı qısa və uzunmüddətli ezamiyyə və qrant səfərləri həyata keçirilmişdir. Alimləri beynəlxalq elmi konfranslarda, xüsusən plenar iclaslarda məruzələrlə çıxış etmək, həmçinin nüfuzlu beynəlxalq elmi tədbirlərin təşkilat komitələrində iştirak etmək üçün dəvət edilmələrini və dərin məzmunlu  çıxışlarına görə mükafatlandırılmalarını xüsusilə qeyd etmək lazımdır. 2013-cü ildə də Bölmənin bir neçə alimi bu cür dəvətlər almışdır və bu say getdikcə artmaqdadır.

Hesabat dövründə Bölmə tərəfindən Azərbaycan Torpaqşünaslar Cəmiyyəti ilə birgə Bakı və Qəbələ şəhərlərində "Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya" mövzusunda beynəlxalq elmi konfrans yüksək şəkildə təşkil olunmuşdur. Konfransda 20 ölkədən 120-yə yaxın tanınmış alim iştirak etmişdir. Azərbaycanda ekologiya və torpaqşünaslıq elmləri sahəsində əldə edilmiş nailiyyətlər konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu və ya digər tədbirlərdə tanınmış alimlər iştirak etmiş, xarici ölkələrin elmi-tədqiqat müəssisələrinin rəhbərləri və məsul işçiləri institutlarda görüşlər keçirmiş, müzakirələr aparmışlar. İnstitutların rəhbərləri və alimləri onlarla xarici ölkələrdə, beynəlxalq elm mərkəzlərdə olmuş, zəruri görüşlər keçirmiş, müzakirələr aparmışlar. Hesabat dövründə müxtəlif ölkələrin elmi-tədqiqat müəssisələri ilə müqavilələr bağlanmış və bununla da gənc alim  kadrların xaricdə təlim almaları, birgə tədqiqatlarda iştirak etmələri üçün imkanlar artırılmışdır.

Ezamiyyət xərclərini ödəmək üçün maliyyə vəsaiti məhdud olduğundan tezisləri qəbul olunan əməkdaşların bir çoxunun konfranslarda iştirak etmək imkanları olmamışdır. Bununla belə, Genetik Ehtiyatlar İnstitutunun gənc alimlərinin Avropa Birliyinin qrantları əsasında bir neçə alim mübadiləsi və tədqiqat proqramlarında iştirakları təqdirəlayiq hesab edilə bilər.

Həmçinin Bölmənin institutlarında müntəzəm olaraq geniş tərkibdə elmi seminarlar və təlim kursları keçirilmişdir ki, bunların da əksəriyyətinə xaricdən dəvət edilmiş yüksəkixtisaslı alim və mütəxəssislər rəhbərlik etmişlər.

Hesabat dövründə bir neçə qabaqcıl xarici elm mərkəzləri ilə Kew Botanika Bağları (Böyük Britaniya), akademik D.N.Pryanişnikov adına Perm Dövlət Kənd Təsərrüfatı Akademiyası (Rusiya), Sum Milli Aqrar Universiteti (Ukrayna) və Səlcuk Universiteti (Türkiyə) əməkdaşlıq müqavilələri bağlanmışdır.

Genetik Ehtiyatlar İnstitutunda keçirilmiş "Bitki toxum materiallarının əkinə hazırlanması və qorunub saxlanmasında ozonlaşdırma texnologiyalarının tətbiqi" mövzusunda Milli Seminarda müxtəlif təşkilat və nazirlikləri təmsil edən 35 rəhbər işçi, alim və mütəxəssis iştirak etmişdir.

2012-ci ildə Bölmənin institutlarında müxtəlif mənbələrdən alınmış 21 qrant üzrə elmi-tədqiqat işləri, qısamüddətli elmi səfərlər və digər fəaliyyətlər həyata keçirilmişdir. 2012-ci ildə bu layihələr üzrə institutlara birbaşa və ya dolayı yolla ümumən 245500 manatdan çox məbləğdə qurğu, avadanlıqlar və digər vəsait daxil olmuşdur (əlavə 2).

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən 2012-ci ilin son qrant çağırışında Genetik Ehtiyatlar İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1.3 milyon manat dəyəri olan birgə pilot layihə ilə qalib gəlmişlər ki, bu layihə əsasında 2013-cü ildə institutlara ən müasir elmi avadanlıqlar alınacaqdır.

AMEA xətti ilə də institutların maddi-texniki bazası xeyli yaxşılaşdırılmış, ən müasir elmi avadanlıqlar alınaraq laboratoriyalarda quraşdırılmışdır.

Qeyd etmək lazımdır ki, Bölmənin institutlarının çap materiallarının strukturunda müsbət dəyişikliklər hiss edilir. Bir neçə sanballı kitabın (o cümlədən xaricdə) və monoqrafiyaların dərc edilməsini, getdikcə daha çox məqalənin referativ, impakt faktorlu, nüfuzlu jurnallarda çap olunmasını müsbət hal kimi qiymətləndirmək olar. Alimlərin apardığı tədqiqatların nəticələrinə olan xarici istinadların sayı da əvvəlki illərlə müqayisədə artmışdır.

2012-ci ildə Bölmənin əməkdaşları tərəfindən, ümumiyyətlə, 464 elmi əsər, o cümlədən 9 kitab (1 kitab xaricdə), 8 monoqrafiya, 300 məqalə (98-i xaricdə), 147 tezis (73 xaricdə) dərc edilmişdir. Bu əsərlərdən bir neçəsini xüsusilə qeyd etmək lazımdır:

-Q.Məmmədov,  S.Məmmədova, M.Xəlilov. Aqroekologiya (II hissə, Bakı,  Elm, 2012, 447 s.);

-Q.Məmmədov (həmmüəlliflərlə). Mühəndis geologiyasının əsasları (Bakı, Elm, 2012, 798 s.);

-Q.Məmmədov, T.Nizamzadə, A.Cəfərov. Yerquruluşu və torpaq istifadəçiliyinin əsasları (Bakı, Elm, 2012, 313 s.);

-M.Babayev, G.Azizov, M.Mustafayev, A.Jafarov.   Natural  factors that can create danger for that part of the Baku-Tbilisi-Ceyhan oil pipe-line passing through the Arezbaijan   Republic    and   intending   measures for preservation (Baku,  "Elm", 2012,111 p.);

-Z. Akparov,   M.Musayev.  Diversity  of  the  fruit  plant  genetic  resources in the

Azerbaijan. Proceedings of the 1st International Symposium on Wild Relatives of Subtropical and Temperate Fruit and Nut Crops. Davis, (California, USA, March 19-23, 2011.  Acta Horticulture 948, ISHS, May 2012, p. 217-221.);

-R.Aliyev,  M. Shiri.  Effect  of  Drought Stress on Nucleic Acids Content Changes in Maize Varieties (Research Journal of Biological Sciences 7 (1): p. 38-42, 2012);

-Hossein  Karbalaei  Khiavi,  H.Shikhlinski,  Asadollah Babaei Aharı, Mohammad Akrami. Study on the biology and epidemiology of Uncinula necator the causal agent of grape powdery mildew disease, (Life Science Journal. Richmond Hill, New York, United States, 2012, vol.9, ¹3, pp.1787-1792.);

-D.Bayramova,  M.Abbasov.  Conservation  of fruit genepools in Azerbaijan, (Journal of Biotechnology 161 S (2012) p.48);

-M.Abbasov, S.Babayeva, R.Bowden, P.Amand, J.Poland, J.Raupp, S.Sehgal and B.Gill. Resistance in Azerbaijani durum and bread wheat accesions to leaf and stem rust. (Annual What Newsletter, Volume 58, Kansas State University, Manhattan, KS, USA, p. 64-66, 2012);

-D.Magradze, O.Failla, M.Musayev, V.Salimov "Caucasus   and  Northern  Black

Sea  Region Ampelography" (VITIS, Germany, 2012, 485 s.);

-B.Şəkuri.   Təbiətdə   baş verən  bəzi   fəlakətli hadisələr və onlara qarşı  mübarizə (Bakı, 2012, "MBM" nəşriyyatı, 324 s.);

-F.Sadıqov. Gəncə-Qazax    bölgəsində     üzüm    bitkisinin    məhsuldarlığına və keyfiyyətinə azintensivli suvarma texnikası əsasında verilən mineral və mikrogübrələrin təsiri (Bakı 2012., "MBM" nəşriyyatı, 160 s.).

Genetik Ehtiyatlar İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi əsərləri dövri olaraq nəşr edilir. 2012-ci ildə buraxılmış bu cür toplularda institutların əməkdaşlarının əldə etdikləri elmi yeniliklər, eləcə də birgə tədqiqatların nəticələri öz əksini tapmışdır.

2012-ci ildə 1 patent alınmış, patent alınması üçün 6 iddia sənədi verilmişdir.

Qeyd etmək lazımdır ki, Bölmənin institutlarında müasir metodikalara yiyələnmiş, müvafiq modern avadanlıqlarla işləyə biləcək əsasən gənclərdən ibarət mövcud kadr potensialı getdikcə gücləndirilir və dəstəklənir.

Hesabat ilində 11 nəfər fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmiş, 11 nəfərin fəlsəfə doktoru, 3 nəfərin elmlər doktoru dissertasiyası müdafiəyə hazırlanmışdır. Doktoranturaya 16 nəfər qəbul olunmuşdur ki, onlardan 11-i əyani, 5-i isə qiyabi təhsil alır.

8 alim (onlardan 6-sı gənclərdir) 8-10 ay ərzində Fransa, ABŞ, Yunanıstan, Meksika, Almaniya və Rusiya institutlarında birgə tədqiqatlar aparmaqla öz elmi bilik və bacarıqlarını daha da artırmışdır.

Hesabat dövründə Bölmənin 5 ümumi yığıncağı və büronun 5 iclası keçirilmişdir. Bölmənin bürosunun tərkibinə AMEA-nın 4 həqiqi üzvü və 3 müxbir üzv daxildir.

Bölmənin büro iclaslarında Respublika Prezidentinin, AMEA Rəyasət Heyətinin müvafiq qərar və sərəncamlarının icrası, institutların elmi tədqiqat planları, struktur dəyişiklikləri, kadr məsələləri, yubileylər, təltiflər, nəşr fəaliyyəti, konfrans və simpoziumların keçirilməsi, Dövlət proqramları üzrə tədbirlər planının icrası, ezamiyyətlər, elmi şuraların fəaliyyəti, elm və texnikanın yeni nailiyyətləri, birgə elmi-texniki əməkdaşlıq və s. məsələlər müzakirə olunmuşdur.

Hesabat ilində Respublika Prezidentinin AMEA elmi müəssisələrində iş şəraitinin yaxşılaşdırılması barədə imzaladığı sərəncamların icrası, AMEA üzvlüyünə seçkilərin keçirilməsi, qrant layihələrinin icrası, SCİ jurnallarında nəşrlərin sayının artırılması, doktoranturaya və dissertanturaya qəbul kimi məsələlər büroda və ümumi yığıncaqda mütəmadi müzakirə olunmuşdur. Müzakirə mövzularından aşağıdakıları xüsusi qeyd etmək olar:

-  AMEA üzvlüyünə seçkilərin keçirilməsi ilə bağlı verilmiş elana əsasən sənədləri qəbul edilmiş namizədlərin məruzələri Bölmənin ümumi yığıncaqlarında dinlənilmişdir.

- Bölmə tərəfindən xüsusi komissiya yaradılmış və həmin komissiya hesabat dövründə institutlar və onlara aid olan elmi-tədqiqat bazaları, təcrübə stansiyaları, dayaq məntəqələrində və s. yoxlama apararaq müvafiq nəticələrə gəlmişdir.

- Alimlərin SCİ jurnallarında nəşr etdirdiyi məqalələrin sayının mütləq və nisbi dinamikasının dayanıqlı müsbət olması xüsusilə diqqət mərkəzində olmuşdur.

- Yarımillik və illik hesabatların müzakirəsi və təsdiqi, yaz tarla işlərinin monitorinqi, genbanka daxil olmuş nümunələrin vəziyyəti, aparıcı təşkilat kimi rəylərin təsdiqi, elmi konfransların keçirilməsi, doktorant attestasiyası, gənc kadrların hazırlanması və başqa məsələlərə baxılmışdır.

Hesabat ilində  Genetik Ehtiyatlar İnstitutunda köklü təmir işləri davam etdirilmiş, 2-ci mərtəbənin yarı hissəsi tam təmir edilmişdir. İnstitutun bir neçə laboratoriyası tamamilə yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilmişdir. Biotexnologiya laboratoriyası işə salınmış, bir neçə yeni laboratoriyanın qurulmasına başlanılmışdır.

Aqrar Elmlər Bölməsində 2012-ci ildə əldə olunan nailiyyətlərlə yanaşı, çatışmazlıqlar və həll olunmamış problemlər də mövcuddur. Bunlardan aşağıdakıları qeyd etmək olar:

-AEB-in elmi istiqamətlərinə uyğun olaraq problem şuralarının yaradılması;

-aqrar  elm  sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün Genetik Ehtiyatlar İnstitutunun nəzdində müdafiə şurasının yaradılması;

-Bölmənin dövri elmi jurnalının təsis olunması;

-AMEA-nın nəzdində Kənd Təsərrüfatı Muzeyinin yaradılması;

-institutların (həmçinin bazaların və dayaq məntəqələrinin) inzibati binalarının

yararsız vəziyyətdə olmasını nəzərə alaraq, onların əsaslı təmir olunması;

-Eroziya və Suvarma İnstitutunun iş şəraitinin elmi tədqiqatların aparılması üçün

tam yararsız olmasını nəzərə alaraq, yeni binanın verilməsi;

-institutların dayaq məntəqələrində zəbt olunmuş torpaqların AEB-ə qaytarılması;

-əməkdaşların elmi konfranslarda iştirakını təmin etmək məqsədilə  ayrılan ezamiyyət xərclərinin az olması müəyyən çətinliklər yaratmışdır;

-elmi işçilərin orta aylıq əməkhaqqının aşağı olması və  gənclərin mənzil problemi gənc kadrların elmə gəlməsinə böyük maneçilik yaradır;

-elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturada əyani təhsil alan doktorantlara veriləcək aylıq təqaüdün və onların elmi məsləhətçilərinə verilən ödənişin miqdarı, eləcə də doktoranturaya qədər onların tutduğu ştatın saxlanılıb-saxlanılmaması məsələlərinin qanuniləşdirilməsinə ehtiyac vardır;

-institutların bəzi laboratoriyalarında tədqiqat cihazları və digər avadanlıqlar mənəvi və fiziki cəhətdən köhnələrək sıradan çıxmışdır. Bu, müasir  səviyyədə tədqiqat işlərinin aparılmasına ciddi maneçilik törədir;

-institutların ekspedisiya maşınlarının və bu məqsədlə ayrıca vəsaitin ayrılması;

-Genetik  Ehtiyatlar  İnstitutunda  fitatron və istixanaların, eləcə də bazalarda və dayaq məntəqələrində inzibati binaların ya olmaması, ya da yararsız vəziyyətdə olmasını nəzərə alaraq, onların yaradılması və əsaslı təmir olunması;

-bazalarda və dayaq məntəqələrində kommunikasiya vasitələrinin yaradılması;

-traktor,    yük maşını,   kiçik  qabaritli texnika (traktor, dərz döyən, sünbül döyən və s.) ilə təmin olunması, Saray DM-də meliorasiya işlərinə böyük ehtiyacın olması.

Bölmənin qarşısında duran perspektiv planlar isə aşağıdakılardan ibarətdir:

-AMEA-nın nəzdində Aqrar Elmlər üzrə Problem Şurasının fəaliyyətə başlaması;

-aqrar elm sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün Genetik Ehtiyatlar İnstitutunun nəzdində Müdafiə Şurasının yaradılması;

-dövri elmi jurnalın nəşri;

-Kənd Təsərrüfatı Muzeyinin AMEA-ya verilməsi;

-mədəni bitkilərin genetik ehtiyatlarına dair AR qanununun, qanunla bağlı qərar və sərəncamların yerinə yetirilməsi;

-BGE üzrə Milli Proqramın hazırlanması;

-dünya genbanklarında cəmlənmiş Azərbaycan mənşəli nümunələrin  geriyə qaytarılması, beynəlxalq və yerli ekspedisiya və elmi mübadilə yolu ilə yeni nümunələrin toplanması işinin müntəzəm davamı;

-Azərbaycanın aqrar elmi üzrə koordinasiyanın gücləndirılməsi;

-aqrar elmin təbliği ilə bağlı fəaliyyətlərin gücləndirilməsi.

 

***

 

Hesabatla bağlı müzakirələrdə iştirak edən akademiklər Arif Həşimov, Əhliman Əmiraslanov, Vaqif Fərzəliyev, Siddiqə Məmmədova, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev, AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, kənd təsərrüfatı elmləri doktoru Zeynal Əkpərov, AMEA Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun direktoru Seymur Səfərli və başqaları Bölmənin əməkdaşları tərəfindən aparılmış tədqiqatların nəticələrini yüksək qiymətləndirərək illik hesabatı qənaətbəxş hesab etmişlər.

AMEA Rəyasət Heyəti Aqrar Elmlər Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını dinlədikdən və müzakirə etdikdən sonra əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın təsdiq olunması haqqında qərar qəbul etmişdir.

 

 

Elm.- 2013.- 15 aprel.- S.7-8.