Aqrar Elmlər
Bölməsi və bölmədənkənar ali təhsil və
sahə müəssisələri üzrə
2012-ci ildə əldə edilmiş mühüm nəticələr
Torpaqşünaslıq
və Aqrokimya İnstitutu
Torpaqların biomüxtəlifliyi,
genezisi, ekoloji qiymətləndirilməsi, münbitliyin bərpası,
mühafızəsi və səmərəli istifadəsi
1."Yerquruluşu və torpaq istifadəçiliyinin
əsasları" (Bakı: Elm, 2012, 313 s.) monoqrafiyası çap
olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 28
noyabr 2000-ci il tarixli fərmanı ilə torpaqlardan istifadəyə
və onların mühafizəsinə Dövlət Nəzarəti
haqqında əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamədə
göstərilən tələblərə uyğun olaraq
müvafiq sahədə kadr potensialının elmi-nəzəri
hazırlığı baxımından həmçinin
torpaqlardan istifadə, onların mühafizəsi, səmərəli
istifadəsində Yerquruluşunun əhəmiyyətini nəzərə
alaraq "Yerquruluşu və torpaq istifadəçiliyinin əsasları"
əsəri çap edilmişdir.
İcraçılar: akad. Q.Məmmədov,
b.ü.f.d. T.Nizamzadə, k.t.ü.f.d. A.Cəfərov
-Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin respublika ərazisində
təhlükə doğura biləcək amillər və
onlardan qorunmaq üçün tədbirlər müəyyən
edilmişdir. Müvafiq tədbirlər "Azərbaycan
Respublikasında ətraf mühitin mühafizəsi"
haqqında qanunun tələblərinə uyğun olaraq
hazırlanmış və bu sahədə eyniadlı kitab -
metodiki tövsiyə (Azərbaycan və ingilis dillərində)
çap edilmişdir.
İcraçılar: m.ü.,
M.Babayev, k.t.ü.f.d.Q.Əzizov, k.t.ü.f.d M. Mustafayev,
k.t.ü.f.d. Ə.Cəfərov
2."Takırvari
şoranların landşaft adaptasiyası üsulu ilə
torpaq-ekoloji bərpası" (Bakı: Elm, 2012, 145
s.) kitabı nəşr olunmuşdur.
Torpaq
münbitliyi haqqında Azərbaycan Respublikası Qanununu əsas
götürərək kitabda takıvari şoran torpaqların
münbitliyinin bərpasının torpaq ekoloji problemləri
araşdırılmış və landşaft adaptasiyası
üsulunun əhəmiyyəti göstərilmişdir.Takırvari
şoranlar respublikada Siyəzən-Sumqayıt massivində və
Şirvan ərazisində xeyli əraziləri əhatə edir. Bu, torpaqlarda maksimal atmosfer yağıntıları
zamanı formalaşan yerüstü axınların idarə
edilməsinə və torpaq profilində duzların şaquli hərəkətinin
tənzimlənməsinə yönəldilmişdir ki, bu
da təbii bitkilər altında
ərazilərin mənimsənilməsini şərtləndirir.
İcraçılar:
k.t.ü.f.d. N.Süleymanov, k.t.ü.f.d. R.Abbasova
Torpaq
münbitliyinin, torpaqların ağır metallarla çirklənmə
səviyyəsinin tədqiqi,
regional gübrələmə sisteminin təkmilləşdirilməsi
və üzvi tullantıların torpaq-bitki sistemində istifadəsinin
aqrokimyəvi əsasları
1.Abşeronun
boz-qonur bağaltı torpaqlarının əsas qida maddələri
ilə təmin olunmasının elektron kartoqramı (xəritə-sxemi)
hazırlanmışdır.
"Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları" və "Elektron xidmət növlərinin
Siyahısı"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci
il tarixli 191 ¹-li qərarına müvafiq olaraq tərtib olunan
kartoqram torpaqlarda qida maddələrinin (NPK) miqdarına
uyğun olaraq ayrı-ayrı bitkilər üzrə gübrə
normalarının hesablanmasının daha da sürətləndirilməsinə
imkan verir. Torpaqların əkin qatında qida
maddələrinin (əsasən fosfor, kalium mikroelementləri və
s.) miqdarının müəyyənləşdirilməsində
ənənəvi kartoqramlardan fərqli olaraq rəqəmli
(elektron) kartoqramların göstəricilərinə (verilənlərə)
əsasən gübrələrin torpağa verilməsində əmək
resurslarına və əmək məsrəfinə xeyli
qənaət edilməsinə və gübrələrin səmərəliliyinin
artırılmasına əsaslanmışdır.
İcraçılar: k.t.ü.e.d.
P.Zamanov
Genetik
Ehtiyatlar İnstitutu
Kənd təsərrüfatı bitkilərinin
və onların yabanı formalarının genetik müxtəlifliyinin
toplanması, introduksiyası, bərpası,
artırılması, öyrənilməsi, mühafizəsi,
mübadiləsi və istifadəsi
1.Aparılan fraqment analizi nəticəsində,
ilk dəfə olaraq, Azərbaycan mənşəli yumşaq
buğda növmüxtəlifliklərində (T. aestivum v.
erythrospermum, T. aestivum v. albidum, T. aestivum v. meridionale, T. aestivum
v. lutescens) və sortlarında ("Əkinçi 84",
"Günəşli", "Mirbəşir 128")
sarı və qonur pasa davamlılığı təmin edən
Yr18/Lr34 genləri və gövdə pasının əsas
davamlılıq geni (Sr31) aşkar edilmişdir.
İcraçılar: k.t.ü.e.d. Z.Əkpərov,
b.ü.f.d. M.Abbasov
2.Azərbaycan mənşəli bərk
və yumşaq buğda nümunələri qonur və
gövdə pasına məxsus xüsusi izoformalar (races) vasitəsilə
yoluxdurularaq davamlılıq dərəcəsinə görə
qiymətləndirilmiş, fitopatoloji və molekulyar analizlərin
nəticələrinə əsasən 15 formanın pas xəstəliyinə
davamlı sortlarının alınmasında əsas genetik mənbə
olduğu müəyyən edilmişdir.
İcraçılar: b.ü.f.d.
M.Abbasov, k.t.ü.e.d. Z.Əkpərov
3.Azərbaycanın
yerli yabanı üzüm nümunələrində Cənubi
Qafqaza aid dörd müxtəlif haplotip qrupundan (AAA, ATT, GTA və
ATA) 3-nün aşkar edilməsi ilə respublikanın bu
bitkinin əsas mənşə və mədəniləşdirilmə
mərkəzlərindən biri olması bir daha sübut
edilmişdir.
54 ədəd yerli, aborigen üzüm sortu müasir
ampeloqrafiya metodları ilə təsvir edilərək beynəlxalq
"Qafqaz və Şimali Qara Dəniz Bölgəsinin
Ampeloqrafiyası" ("VITIS" nəşriyyatı,
Almaniya, 2012, 485 s.) kitabında nəşr edilmişdir.
İcraçılar:
k.ü.f.d. M.Musayev, k.t.ü.e.d. Z.Əkpərov
4.Dənli
taxıl və paxlalı bitki nümunələrinin genbankda
uzunmüddətli saxlanması nəticəsində itirilən
cücərmə qabiliyyətini və irsi
tamlığını ozon-hava qarışığı ilə
bərpa etməyin mümkün olduğu,
ozonlaşdırmanın becərilən bitkilərin
inkişafına, əldə edilən məhsulun keyfiyyətinin yüksəldilməsinə
və ekoloji təmiz saxlanmasına
stimullaşdırıcı təsir göstərdiyi müəyyən
edilmişdir.
İcraçılar:
b.ü.f.d. S.Məmmədova, b.ü.f.d. S.Məmmədova,
b.ü.f.d. H.Şıxlinski, A.Məmmədov
Bitki
genetik ehtiyatlarının monitorinqi, identifikasiyası, dəyişkənliyin
qiymətləndirilməsi
1."Triticum
L. və Aegilops L. cinsləri əsasında
qarşılıqlı genetik münasibətlər"
adlı kitab çap olunmuşdur (Bakı, Elm, 2012, 480 s.). Kitab Egilops və buğda növlərinin Azərbaycanda
yayılmasına dair elmi ədəbiyyatlardakı səhih
olmayan məlumatlara son qoymaqla bərabər, buğdanın təkamülündə
iştirakı ehtimal olunan növlər arasında genetik
münasibətlər haqda Azərbaycan dilində
yazılmış ilk irihəcmli əsərdir. Kitabda hər iki cinsin filogenetik qohumluğundan,
onların nümayəndələri arasındakıkı
spantan hibridləşmələrin və
qarşılıqlı genetik münasibətlərin mahiyyətindən,
təbii və süni hibridlərdə baş verən genetik
proseslərin, o cümlədən bərk və yumşaq
buğdaların təşəkkülü ilə nəticələnən
inkişafından bəhs edilir.
İcraçılar:
b.ü.e.d. N.Əminov, b.ü.f.d. A.Əliyeva
2. Azərbaycanda ilk dəfə olaraq paxlalı bitkilərin
mədəni və yabanı
növlərində paxla yarpaq qıvrılması,
çuğundur qərbi sarılıq, noxud xlorotik
alçaqboyluluq, paxla nekrotik sarılıq və toxumla
yayılan göy noxud mozaika virusları aşkar edilərək
onların nukleotid ardıcıllığı müəyyən
edilmişdir. Noxud, mərcimək və paxla nümunələrindən
yeni ayzolitlər (noxud-HQ180352; mərcimək-HQ180353;
noxud-HQ199306; noxud-180354; noxud-199305; mərcimək-GQ351600;
paxla-GQ371215) hazırlanaraq beynəlxalq genbankda qeydiyyatdan
keçirilmişdir.
İcraçılar:
k.t.ü.e.d. Z.Əkpərov, E.Mustafayev, b.ü.f.d.
H.Şıxlinski
Eroziya
və Suvarma İnstitutu
Azərbaycanda torpaq ehtiyatlarının
mühafizəsi
1. Ağsu rayonu üçün ərazinin
1:50000 miqyasında relyefin rəqəmsal
modeli və həmin model əsasında ərazinin 1:50000
miqyasında meyillilik xəritəsi işlənib
hazırlanmışdır. Məqsəd Ağsu rayonu
üçün aktual və potensial eroziya təhlükəlilik
xəritəsinin hazırlanması və bu xəritələr
əsasında rayonda torpaq eroziyasına qarşı müasir
mübarizə tədbirlərinin aparılması və tətbiqə
tövsiyə olunmasıdır.
İcraçılar: k.t.ü.f.d.
İ.Talıbov, T.Hacıyev
2.Kürdəmir rayonunda torpaqların
şorlaşması və şorəkətləşməsi
problemləri tədqiq edilmiş və onun müasir
areallarının dəqiqləşdirilməsi məqsədilə
1:50000 miqyasında şorlaşma xəritəsi
hazırlanmışdır. Rayonda aparılmış torpaq tədqiqatları
nəticəsində şorlaşmanın novü və dərəcələri
müəyyənləşdirilmiş, əldə olunmuş rəqəmlər
əsasında məlumatlar bazası yaradılmış,
elektron xəritə tərtib olunmuşdur. Şorlaşma və
şorakətləşməyə qarşı mübarizə
məqsədilə tədbirlər hazırlanaraq təklif
olunmuşdur.
İcraçılar: k.t.ü.f.d. S.Səfərli,
k.t.ü.f.d. F.Səlimov
Meliorasiya və suvarma
üsullarının təkmilləşdirilməsi
1.
Damcılarla suvarma sistemi vasitəsilə gübrələrin
su ilə qarışdırılaraq rizosferaya verilməsi
üsulu işlənib hazırlanmışdır. Bu üsul bitkilər tərəfindən qida elementlərinin
asan mənimsənilməsinə, suvarmaların bitkinin gündəlik
su tələbatına uyğun aparılması ilə
suvarma suyuna 50% qənaət
olunmasına və meyvə agacların məhsuldarlığının
30%-ə qədər artmasına imkan verir. Respublikada su
qıtlığı şəraitində suvarma suyundan səmərəli
istifadə və qənaət olunmuş suvarma suyu ilə digər
kənd təsərrüfatı sahələrinin
suvarılmasını təmin etmək mümkündür.
İcraçı:
k.t.ü.f.d. H.Məmmədov
ET Əkinçilik
İnstitutu
Yerli və introduksiya olunmuş nümunələr
əsasında buğdanın rüşeym plazmasının zənginləşdirilməsi
və hibridləşməsi və hibridləşmə yolu ilə
yüksək məhsuldar, keyfiyyətli və ekoloji cəhətdən
uyğunlaşa bilən yeni sortların yaradılması, tətbiqi
və yayımı
1. Respublikanın suvarılan bölgələrində
müasir əkinçilik sisteminin, eləcə də fermerlərin
tələbatına uyğun
ixtisaslaşdırılmış qısa rotasiyalı,
növbəli əkin dövriyyəsi sistemi işlənib
hazırlanmış və bu sistemin
tətbiqi nəticəsində
payızlıq buğdadan 35,4 s/ha, noxud bitkisindən 8,7
s/ha, yem bitkisi olan rapsdan isə birinci çalımda 200 s/ha,
ikinci çalımda isə 90 s/ha
yaşıl kütlə əldə olunması bir daha
onu göstərdi ki, əkinçilik sistemində fasiləsiz
əkinlərin tətbiqi elmi və praktiki baxımdan səmərəsiz
hesab edilir.
İcraçılar: k.t.ü.f.d.
İ.Cümşüdov, k.t.ü.f.d. Ə.Musayev
2.Respublikada ilk dəfə olaraq,
Qarabağ düzənliyinin suvarma şəraitində dənli
taxıl bitkilərinin tirəli səpin üsulu ilə becərilməsi
texnologiyası işlənib hazırlanmış və müəyyən
edilmişdir ki, adi səpin üsulundan tirəli səpin
üsuluna keçməklə səpin normasına 40-50%,
suvarma suyuna 25-30% qənaət olunur, torpaq
deqradasiyasının qarşısı alınır, verilən
gübrənin səmərəlliyi artır, xəstəlik və
zərərvericilərin inkişafı üçün qeyri-əlverişli
şərait yaranır. Bununla da, adi səpin üsuluna nisbətən
payızlıq buğdanın məhsuldarlığının
"Tale-38" sortunda 6,5-9,7 s/ha, "Qarabağ" sortunda
6,4-9,9 s/ha, "Əzəmətli-95" sortunda 6,5-9,7 s/ha
yüksəlməsi aşkar olunmuşdur.
İcraçılar: k.t.ü.f.d. Ə.Musayev,
k.t.ü.f.d. İ.Cümşüdov, b.e.ü.f.d. C.Təlai, b.e.ü.f.d. M.Əhmədov
ET İpəkçilik İnstitutu
Mövcud
genofonddan genetik və seleksiya üsullarından və s. istifadə
etməklə müasir standartlara cavab verən yeni tut və ipəkqurdu
cins və hibridlərinin yaradılması, imbriolinqin, voltimizmin
öyrənilməsi, cinslərin bioloji təmizliyinin
saxlanması, yaxşılaşdırılması, onların
məhsuldarlığını təmin edən mütərəqqi
texnologiyaların
işlənib hazırlanması və tətbiqi
1.Respublikada
ilk dəfə olaraq, "İpəkçiliyin əsasları"
adlı (Gəncə, 2012."Müəllim" nəşriyyatı,
242 səh.) monoqrafiya nəşr
etdirilmişdir.
Monoqrafiyada
ipəkçiliyin inkişaf tarixi, bugünkü vəziyyəti,
inkişaf perspektivləri və eyni zamanda tut ipəkqurdunun bəslənilməsi
texnologiyası, tut bağlarının becərilmə
aqrotexnikası və s. məsələlər əks
olunmuşdur. Kitabın ali və orta ixtisas məktəbləri
üçün istifadəsi nəzərdə tutulmuşdur.
İcraçılar:
k.t.ü.e.d. A.Seyidov, k.t.ü.f.d. B.Abbasov
ET
Üzümçülük və Şərabçılıq
İnstitutu
Respublikada
üzüm bitkisi genofondunun öyrənilməsi, genetik
ehtiyatlarının toplanması, qiymətləndirilməsi,
qorunması, perspektiv sort və formaların seçilməsi,
seleksiyada istifadə edilməsi, xarici mühit amillərinə
davamlı sortların yaradılması
1."Azərbaycan
Respublikasının şərabçılıq müəssisələrində
şərab və konyakların istehsal edilməsi üzrə
texnoloji təlimatlar" adlı (Bakı, "Umi Cild" MMC
nəşriyyatı 2012. 474 səh.) monoqrafiya nəşr
edilmişdir.
Monoqrafiyada
ilk dəfə olaraq şərabçılıq sahəsində
onun müxtəlif növləri üzrə istehsal
texnologiyasının sistemləşdirilməsi, hazırlanması
haqqında dəqiq məlumatlar verilmişdir. Kitabdan şərabçılıq
müəssisəsi, ali məktəb tələbəsi, elmi
işçilər və dərslik kimi istifadə edilə bilər.
İcraçı:
k.t.ü.f.d. T.Pənahov
ET Tərəvəzçilik
İnstitutu
Respublikada yeni şəraitə uyğun
müasir tələblərə cavab verə biləcək
yeni tərəvəz, bostan və kartof sortlarının
yaradılması, rayonlaşdırılmış və
perspektiv sortlardan yüksək əmtəəlik və toxum məhsulu
alınmasında texnoloji proseslərin təkmilləşdirilməsinin
elmi əsaslarla işlənməsi və tətbiqi
1.İlk dəfə olaraq, Abşeron
şəraitində əmək və vəsaitə qənaət
edən pomidor və lobya bitkilərinin birbaşa əkin (0 becərmə)
və səpin üsulu ilə becərilməsi texnologiyası
işlənib hazırlanmışdır. Bu texnologiya ilə
eyni sahədən 2 tərəvəz məhsulu (sarımsaq,
pomidor, lobya, ağbaş kələm) əldə
edilmişdir.
İcraçılar: F.Məmmədov,
L.Sadıxova, F.Cəfərov
1."Tərəvəz noxudu"
(Bakı: Mürtəcim, 2012. 223 səh.) monoqrafiyası nəşr olunmuşdur.
Monoqrafiyada tərəvəz noxudunun
seleksiyası, aqrotexnikası, biomorfoloji xüsusiyyətləri,
fiziologiyası haqqında məlumatlar şərh
edilmişdir. Kitabdan Azərbaycan
Dövlət Aqrar Universitetinin müvafiq fakültələrinin
və digər universitetlərin biologiya fakültəsinin tələbələri,
kənd təsərrüfatı mütəxəssisləri,
aqronomlar, fermerlər istifadə edə bilər.
İcraçılar: k.t.ü.f.d.
L.Sadıxova, k.t.e.d. M.Yusifov
ET Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili İnstitutu
Rəqabətədavamlı kənd təsərrüfatı
istehsalının formalaşdırılması istiqamətləri
Aqrar istehsalın optimal maliyyələşdirilməsini
təmin etmək məqsədilə ixtisaslaşdırılmış
bankın, qeyri-bank kredit müəssisələrinin dövlət
əmtəə kredit korporasiyasının
yaradılmasının və korporativ kreditlərin
inkişafının stimullaşdırılmasının
vacibliyi əsaslandırılmış, aqrar sahədə
pul-kredit sisteminin təkmilləşdirilməsi mexanizmləri
təklif edilmişdir.
İcraçı: i.ü.f.d.
Q.Hacıyev
ET
Aqromexanika İnstitutu
Bitkiçiliyin və
heyvandarlığın əsas prioritet istiqamətləri
üzrə texnoloji maşınlar kompleksinin
proqnozlaşdırılması, enerjiqoruyucu innovasiya
texnologiyalarının və texniki vasitələrin işlənməsi
Tədqiqat işlərinin nəticələrinin
riyazi işlənməsinin yeni metodikası adlı (Gəncə,
2012, "Aqromexanika", 23 səh.) tövsiyə
hazırlanmış və çap edilmişdir.
Tövsiyədən elmi-tədqiqat
işləri ilə məşğul olan tədqiqatçılar,
magistr, dissertant və doktorantlar istifadə edə bilərlər.
İcraçılar: t.e.ü.e.d.
X.Qurbanov, t.ü.f.d. K.Fətəliyev
ET Heyvandarlıq İnstitutu
Əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına nail olmaq məqsədilə
kənd təsərrüfatı heyvanlarının, quşların , balıqların və
arıların yeni,
yüksək məhsuldar tip və xətlərinin
yaradılması üzrə seleksiya-genetik üsulların
işlənməsi, məhsuldarlığın bazarın tələbinə uyğun
yüksəldilməsində mütərəqqi
texnologiyanın və süni mayalanmanın tətbiqi
Respublikada
ilk dəfə olaraq, yerli Azərbaycan gümüşü
toyuqlarının yüksəkməhsuldar Loman krossunun
xoruzları ilə çarpazlaşdırılması nəticəsində
alınan hibrid toyuqlar təmizqanlı toyuqlardan yumurtaların
mayalanma faizinə görə 7,5%, sağlam sutkalıq cücə
alınmasına görə 9,1% üstün olmuşdur. Nəticələr
quşçuluq üzrə sahibkar təsərrüfatlarında
tətbiq edilmişdir.
İcraçılar:
k.t.ü.f.d. F.Mirzəyev, Y.Gözəlov, A.İbrahimova,
Ş.Quliyeva
ET
Yemçilik Çəmənçilik və Otlaqlar
İnstitutu
Yüksək
keyfiyyətli məhsuldar yem bitki sortlarının yaradılması,
ilkin toxumçuluğun təşkili, müasir becərmə
texnologiyalarının işlənməsi, təbii yem sahələrinin
səthi və əsaslı
yaxşılaşdırılması, heyvandarlığın
və onun yem bazasının yüksək səviyyədə inkişaf etdirilməsinin
iqtisadi səmərəliliyinin öyrənilməsi və tətbiqi
1.
Respublikada ilk dəfə olaraq, tirəli səpin üsulu ilə
yoncanın "Aran" və xaşanın
"Az.NİİKLiP-495" sortlarından yüksək keyfiyyətli
toxum əldə edilməsinə imkan verən becərilmə
texnologiyası işlənib hazırlanmışdır.
İcraçılar:
k.t.ü.f.d. Q.Novruzlu, k.t.ü.f.d Ç.Əliyev,
k.t.ü.f.d. R.Mustafayev, T.Rüstəmova, V.Həsənov, V.Rəhimov,
A.Abdullayev, S.Məmmədov
2. Azərbaycanda otlaqların davamlı idarə edilməsini,
qorunmasını və
yaxşılaşdırılmasını, eroziyaya
uğramış otlaqların məhsuldarlığının
artırılmasını təmin edən səthi və əsaslı
yaxşılaşdırılma texnologiyaları işlənib
hazırlanmışdır. Gədəbəy rayonunun
eroziyaya uğramış torpaqlarında səthi
yaxşılaşdırma nəticəsində bitki
örtüyü 30 %-dən 95%-ə, otlağın
yaşıl kütlə məhsuldarlığı isə 93,3
sen/ha-a yüksəlmişdir.
İcraçılar:
R.Zeynalov, M.Məmmədov, Ş.Zeynalov
ET Bitki Mühafizəsi
İnstitutu
Azərbaycanda
iqtisadi bölgələr üzrə bitkilərin zərərverici,
xəstəlik və alaq otlarından mühafizəsində
ekoloji cəhətdən təhlükəsiz, səmərəli
yeni texnologiyaların tətbiqi əsasında inteqrir
mübarizənin işlənib hazırlanması
1.Gəncə
- Qazax bölgəsinin dəmyə və suvarma şəraitində
payızlıq buğda əkinlərində 8 növ zərərverici
aşkar edilmişdir. Başlıca zərərvericilərlə
bitkilərin zədələnməsi 23% təşkil
etmişdir. Bölgədə becərilən "Nurlu-99",
"Aran", "Əzəmətli-95", "Azəri",
"Bərəkətli", "Tər-tər",
"Qobustan", "Əlincə", "Əkinçi-84",
"Pərzilan" buğda sortlarının müxtəlif dərəcədə
zərərverici ilə sirayətləndiyi aşkar
edilmişdir. Başlıca zərərvericilərə
qarşı aqrotexniki və kimyəvi mübarizə tədbiri
işlənib hazırlanmışdır.
İcraçılar:
akad. S.Məmmədova, K.Hüseynov, S.Həsənov
2. Kartof əkinlərində şaquli zonalılıq
baxımından zərərvericilərin növ tərkibi
aşkar edilmiş, başlıca zərərvericilərə
qarşı yerli şəraitə uyğun ekoloji cəhətdən
təhlükəsiz mübarizə sxemi işlənib
hazırlanmışdır. Kartofun respublika şəraitində
yay əkinlərinin aparılmasının məhsuldarlığın
artmasına, bitki mübarizə tədbirlərinin daha səmərəli
aparılmasına zəmin yaratdığı müəyyən
edilmişdir.
İcraçılar:
K.Hüseynov, C.İbrahimov
ET Bağçılıq
və Subtropik Bitkilər İnstitutu
Azərbaycan
Respublikasının şimal bölgəsinin florasına
uyğun bitkilərin (meyvə, giləmeyvə, ağac, kol,
yarımkol, lian, bir və çoxillik ot tipli və s.)
toplanması, tədqiqi, introduksiyası və
kolleksiyalarının yaradılması
Almanın
5, heyvanın 3, armudun 3 qiymətli qədim xalq seleksiya sortu,
almanın 1, armudun 1 yabanı forması ilk dəfə
toplanaraq kolleksiyaya daxil edilmiş və seleksiya fəaliyyətlərinə
cəlb olunmuşdur.
İcraçılar:
k.t.ü.f.d. Ə.Babayev, R.Atakişiyev, A.Ramazanov, H.Əliyev,
E.İsmayılov, T.Fərzəliyev
Azərbaycan Dövlət
Aqrar Universiteti
Torpaqların
münbitliyinin yaxşılaşdırılması,
meliorasiyası və suvarma texnologiyalarının öyrənilməsi,
kənd təsərrüfatı bitkilərinin genofondunun
toplanması, toxum və ting istehsalı, əkinlərdə
müasir becərmə texnologiyalarının işlənməsi,
yeni heyvan cinslərinin yaradılması, damazlıq işlərinin
təşkili, heyvandarlıqda xəstəliklərə qarşı
profilaktik tədbirlərin hazırlanması, bitkiçilik və
heyvandarlıq məhsullarının daşınması və
saxlanması
1.Respublikada
ilk dəfə olaraq "Üzümçülükdə
super intensiv becərmə texnologiyası" işlənib
hazırlanmışdır. Bu texnologiya üzrə Şəmkir,
Cəlilabad, Samux, Göygöl rayonlarında hər birindən
5 hektar olmaqla bağ salınmışdır.
İcraçılar:
k.t.ü.f.d. F.Şərifov, S.Abduləliyeva
1."Torpaq keyfiyyətinin monitorinqi
və ekoloji nəzarət" (Bakı, "Qanun" nəşriyyatı,
2012-ci il, 256 səh.) monoqrafiyası nəşr edilmişdir.
Monoqrafiyada
obyektlərin, o cümlədən torpağın keyfiyyətcə
qiymətləndirilməsinin nəzəri əsasları
müasir dövrdə torpaqların çirklənməsi və
deqradasiyasının ən vacib xüsusiyyətləri, torpaq
keyfiyyətinin normaları və sahələr üzrə qəbul
olunmuş beynəlxalq standartlar haqqında məlumatlar,
torpaqların
vəziyyətinə ekoloji nəzarətin yeni prinsipləri əsasında
həyata keçirilməsindən bəhs edilir.
İcraçılar:
k.t.e.d. A.H.Babayev
"Hidrotexnika
və Meliorasiya" Elm İstehsalat Birliyi
Torpaqların münbitliyinin
yaxşılaşdırılması, qorunması,
meliorasiyası, qrunt sularının idarə olunması və
suvarma rejimləri, suvarma texnikası və
texnologiyalarının işlənilməsi
1.Respublikada ilk dəfə
olaraq, suvarılan torpaqların şorlaşma və şorakətləşmə
dərəcəsi,
şorlaşmanın tipi və gipslilik dərəcəsi
nəzərə alınmaqla şorlaşmaya görə
paylanmasına metodiki dəqiqləşdirilmələr aparılmış,
meliorasiya olunmuş ərazilərdən aparılan drenaj
sularının və ya qrunt sularının
minerallığının suvarma sularının
minerallığına olan nisbətləri münasibətlərinin
təhlili əsasında torpaqlarda meliorativ vəziyyətin
qiymətləndirilməsi metodikası dəqiqləşdirilmişdir.
İcraçılar: k.t.ü.e.d. A.Həşimov,
k.t.ü.e.d. Q.Xasayev
2.Respublikada ilk dəfə olaraq, yeni təsərrüfatçılıq
prinsipləri nəzərə alınmaqla damcılarla suvarmada
gilli torpaqlarda tələb olunan nəmlənmə
zonasının formalaşması müəyyən edilmiş,
Abşeron bölgəsində yonca bitkisinin dispersiya (aerozol) və
digər yağışyağdırma üsulları ilə
suvarma texnika və texnologiyalarının təkmilləşdirilməsi,
payızlıq buğda və yonca bitkilərinin Abşeron və
Muğan bölgələrində su-torpaq-məhsul münasibətləri
nəzərə alınmaqla
iqtisadi cəhətdən səmərəli suvarma
normaları işlənib hazırlanmışdır.
İcraçılar: k.t.ü.e.d. N.Bəşirov,
t.e.ü.f.d. N.Kərimli, k.t.ü.f.d. S.Şahmaliyeva,
k.t.ü.f.d. B. Əliyev
Su ehtiyatlarının idarə
üsullarının təkmilləşdirilməsi,
ehtiyatlarının qiymətləndirilməsi və suların
zərərli təsirlərindən müdafiə tədbirlərinin
elmi əsaslarının müəyyənləşdirilməsi
1.Yeni və köhnə Cənubi
Muğan (Əzizbəyov) kanallarının təsir
zonasında respublikada ilk dəfə olaraq kanallardan
susüzülmə itkiləri təyin edilmiş, kanalların
geoloji mühitə təsiri müəyyən edilmişdir.
İcraçılar: t.e.ü.f.d. Ə.Verdiyev,
t.e.ü.f.d. E.Mehdiyev
2.Şəki-Zaqatala bölgəsi
çaylarının su ehtiyatlarından səmərəli
istifadə edilməsi məqsədi ilə tikilmiş
qurğuların, o cümlədən suqəbuledici
qurğuların konstruktiv quruluşları təkmilləşdirilmiş
və onların yeni konstruksiya və kompanovka sxemləri
işlənilmiş, hesabat parametrləri və çayda yerləşdirilmə
yerləri təyin edilmiş,
çay axımlarının nizamlanmasından
ötrü ilk dəfə olaraq kompleks təyinatlı
hidrotexniki tədbirlər işlənib
hazırlanmışdır.
İcraçılar: t.e.ü.f.d. B.Əhmədov,
t.e.ü.f.d. İ.Ağayev
3.Aparılmış
elmi tədqiqat və pedaqoji işlərin ümumiləşdirilməsi
əsasında respublikada ilk dəfə olaraq "Mühəndis
geologiyasının əsasları" adlı dərslik
işlənib hazırlanmışdır (Bakı: Elm, 2012, 800
s.).
İcraçılar: akad. Q.Məmmədov,
k.t.e.d. A.Həşimov, t.e.f.d. Ə.Verdiyev, g.m.e.f.d. E.Məmmədova
Naxçıvan
Dövlət Universiteti
1.Naxçıvan Muxtar Respublikası şəraitində
arı ailələrinin varroa paraziti ilə yoluxmasının
tədqiqi zamanı müəyyən edilmişdir ki, parazitin
intensiv çoxalması onlara qarşı vaxtında
mübarizə tədbirlərinin aparılmaması ilə əlaqədar
olub, xəstəlik dağlıq bölgələrdə iti,
orta dağlıq ərazilərdə ağır-yüngül
və düzənlik ərazilərdə isə yüngül
formada keçir.
İcraçı: b.ü.f.d. H.Hüseynov
Elm.- 2013.-
15 aprel.- S.9-10.