AMEA Gəncə
Regional Elmi Mərkəzinin 2012-ci
ildəki elmi və elmi-təşkilati fəaliyyəti
haqqında
Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Gəncə
Regional Elmi Mərkəzinin 2012-ci ildəki elmi və elmi-təşkilati
fəaliyyəti haqqında hesabatı müzakirə edərək
qeyd edir ki, hesabat ilində elmi mərkəzdə neft
kimyası, farmakologiya, iqtisadiyyat, tarix, ədəbiyyat,
arxeologiya və incəsənət elmləri sahəsində tədqiqatlar
aparılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 14 aprel
2009-cu il tarixli
fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı" Dövlət Proqramına əsaslanaraq mərkəzdə bir
sıra elmi araşdırmalar aparılmışdır.
Azərbaycan
xalqını bütün dünyaya tanıtmış
görkəmli mütəfəkkirlər Nizami Gəncəvi,
Məhsəti Gəncəvi və Mirzə Şəfi Vazehin
yaradıcılığının tədqiqi sahəsində
mərkəzdə elmi işlər davam etdirilmişdir.
Gəncə
Regional Elmi Mərkəzində yeni növ adsorbentlərin tədqiqi istiqamətində də
işlər davam etdirilmişdir. Bu məqsədlə Naftalan nefti
və tullantılarının qətransızlaşdırılmasında
istifadə edilən yeni növ
adsorbentlərin xassələri
araşdırılmışdır. Yabanı və mədəni
bitkilərdən bioloji aktiv maddələrin ayrılma
üsulları tədqiq edilmiş, eləcə də
onların əsasında kosmetoloji preparatların alınması
öyrənilmişdir.
Uzun illər
ərzində Daşkəsən filiz mədənində
toplanmış tullantının (60 milyon ton) yol-tikinti sahəsində
istifadə olunması ilə əlaqədar tədqiqatlar aparılması
üçün Elmin İnkişafı Fonduna müraciət olunmuşdur.
Mərkəzin
İctimai elmlər bölməsində Gəncənin qədim
maddi-mədəni mühitinin tədqiqi istiqamətində
işlər aparılmışdır. Gəncəbasar
folkloruna məxsus atalar sözü və məsəllər
toplanmış və tədqiqi istiqamətində elmi
araşdırmalar aparılmışdır.
Nizami Gəncəvi
Mərkəzində şairin 870 illik yubileyi münasibəti
ilə onun həyat və yaradıcılığının
tədqiqi davam etdirilmiş, Heydər Əliyev Fondu, Gəncə
Şəhər İcra Hakimiyyəti və Gəncə
Regional Elmi Mərkəzi tərəfindən
Nizami Gəncəvinin həyat və
yaradıcılığı ilə bağlı "Sirlər
Xəzinəsi", "Xosrov və Şirin", "Leyli və
Məcnun", "Yeddi Gözəl", "İsgəndərnamə",
"Nizami Gəncəvi". "Sələflər və Xələflər",
"Nizami Gəncəvi yaradıcılığına əxilik
ideologiyasının təsiri", "Nizami Gəncəvinin
şəcərəsi", "Nizami Gəncəvinin musiqi
dünyası", "Nizami Gəncəvi məqbərəsinin
tarixi və taleyi", "Xəmsə" miniatürlərdə, "Nizami Gəncəvinin
təbii-elmi görüşləri", "Nizami Gəncəvi
əsərlərində adların poetik stilistikası",
"Blokadalı Leninqradda Nizami yubileyi", Avstriya Milli
Kitabxanasında qorunan "Xəmsə" əlyazmalarının
nüsxələri, "Böyük Britaniya Milli
Kitabxanasında qorunan "Xəmsə" əlyazmalarının
nüsxələri", "Saltıkov-Şedrin adına
Milli Kitabxanada qorunan "Xəmsə" əlyazmaları"nın
nüsxələri adlı kitabları nəşr
olunmuşdur. Dahi şairin 870 illik yubileyinə həsr
edilmiş elmi-praktiki konfrans keçirilmiş, konfransda
dünyanın 45 ölkəsindən 156 şərqşünas
alim, dövlət və siyasi xadimlər iştirak etmişlər.
Konfransın materialları çapa
hazırlanmışdır. Nizami
yaradıcılığına həsr olunmuş
"Nizamişünaslıq" jurnalı işıq
üzü görmüşdür.
Gəncə
şəhərində və bütövlükdə ölkəmizin
Qərb bölgəsində sənətkarlığın, o
cümlədən dulusçuluğun səciyyəvi
xüsusiyyətlərinin tədqiqi, maddi-mədəniyyət
nümunələri və etnoqrafik materialların tədqiqi nəticəsində
mühüm elmi nəticələr əldə olunmuşdur.
Azərbaycanın
böyük şairi və mütəfəkkiri Mirzə Şəfi
Vazehin sözlərinə rus musiqi mədəniyyətinin
tanınmış simalarından biri olan bəstəkar,
pianoçu, dirijor, musiqi xadimi Anton Rubinşteynin bəstələdiyi
"Mirzə Şəfi Vazehin sözlərinə 12
mahnı" vokal silsiləsi təhlil olunmuş, Azərbaycanda ilk dəfə olaraq Mirzə Şəfi
Vazehin poeziyasını musiqidə əks etdirən vokal əsərləri
tədqiq olunmuşdur.
Hesabat ilində
mərkəzin tematik planına uyğun olaraq elmi
şuranın 23 iclası
keçirilmişdir. Gəncə Regional Elmi Mərkəzində
AMEA Rəyasət Heyəti və Gəncə İcra Hakimiyyəti
tərəfindən göndərilmiş sərəncam və
qərarlara baxılmış və vaxtında icra
olunmuşdur. Şöbə və laboratoriyalarda aparılan
elmi- tədqiqat işlərinin mərhələləri, eləcə
də müxtəlif mövzuda elmi seminarlar müzakirə
olunmuşdur. Elmi tədqiqatların nəticələri 91 elmi
məqalə şəklində yerli, eləcə də xarici
jurnallarda çap olunmuş, 7 monoqrafiya yazılmış, 10
kitab nəşr etdirilmişdir.
Mərkəzin
əməkdaşları tərəfindən Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondundan 2 qrant udulmuş və bu sahədə tədqiqat
işləri aparılmaqdadır.
Hesabat ilində
mərkəzdə fəlsəfə elmləri doktoru elmi dərəcəsi
almaq üçün 3 namizədlik dissertasiyasının
müzakirəsi aparılmışdır.
Elmi mərkəzin
əməkdaşları bir sıra beynəlxalq elmi-praktiki
konfrans və simpoziumlarda iştirak etmişlər.
Gəncə
Regional Elmi Mərkəzi Gəncə Şəhər İcra
Hakimiyyəti ilə birgə "Nizami-870" beynəlxalq
elmi-praktiki konfransını, AMEA Elmi İnnovasiyalar Mərkəzi
və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı
ilə "Regional innovasiya fəaliyyəti: reallıqlar və
perspektiv inkişaf" mövzusunda elmi-təcrübi
konfransını keçirmişdir. Bundan başqa, mərkəz
tərəfindən AMEA Fizika İnstitutu ilə birlikdə
"GRİD
texnologiyaları" mövzusunda elmi-praktiki konfrans keçirilmiş və mərkəzdə
Milli GRİD seqmenti
yaradılmışdır.
Mərkəzin
əməkdaşının Türkiyədə erməni
saxtakarlığını ifşa edən "Erməni məsələsi:
xəyanət, deportasiya, soyqırım və
işğalı pərdələyən yalan" adlı
kitabının Türkiyə Böyük Millət Məclisi
Xarici Əlaqələr komissiyasının xətti ilə təqdimatı
keçirilmişdir.
Hesabat ilində
mərkəzin Tətbiqi riyaziyyat və informatika şöbəsi
dünya standartlarına uyğun mətbəə və
kompyuter avadanlıqları ilə təchiz edilmişdir.
Mərkəzdə
elmi kadrların hazırlanması və tədqiqat işlərinin
koordinasiya olunmasında xüsusi yeri olan "Xəbərlər
məcmuəsi"nə təqdim olunan məqalələrə
baxılmış, müvafiq tələblərə cavab verən
məqalələr dərc olunmuşdur.
"İqtisadiyyat" və
"Nizamişünaslıq", "Elm və həyat"
(3-cü sayı) elmi
jurnalları nəşr edilmişdir.
Hazırda
elmi mərkəzdə AMEA-nın 1 müxbir üzvü, 8 elmlər
doktoru, 2 Əməkdar Elm Xadimi və 42 fəlsəfə
doktoru fəaliyyət göstərir.
2012-ci ildə
mərkəzdə əsaslı təmir işləri
aparılmışdır.
AMEA Rəyasət
Heyəti Gəncə Regional Elmi Mərkəzinin 2012-ci ildəki
elmi və elmi-təşkilati fəaliyyəti haqqında
hesabatını dinlədikdən və müzakirə etdikdən
sonra əldə olunmuş mühüm nəticələrin
AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın
təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Elm.- 2013.- 15 aprel.- S.16.