Şəki Regional Elmi Mərkəzinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında

 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Şəki Regional Elmi Mərkəzinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını müzakirə edərək qeyd edir ki, hesabat ilində elmi mərkəzin İpəkçilik, Biokimya, Biofizika, Bitki müxtəlifliyinin genofondu, Geokimya, Sellərin öyrənilməsi, Folklorşünaslıq və el sənətləri laboratoriyalarında xeyli işlər görülmüşdür.

Mərkəzdə AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş 8 mövzu üzrə 8 elmi iş icra olunmuşdur.

İpəkçilik laboratoriyasında tədqiqat ilində 143(VX) x  ŞREM-4, ŞREM-4 x 143(VX),  PS-5 x 9K(QA), Ağ Şəki-1 x yapon hibridləri üzərində aparılan istehsalat   sınağının   nəticələri    göstərir    ki, bu hibridlərin barama məhsuldarlığı 15-20%, sortlu baramanın miqdarına görə 30-40% nəzarətdən üstündür.

İki cins Yaqub, Çingiz və iki hibrid Yaqub x Çingiz və Çingiz x Yaqub sortlarının 2013-cü ildə sınaqdan keçirilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin seleksiya nailiyyətləri və sınağı üzrə dövlət komissiyasına təqdim edilməsi nəzərdə tutulmuşdur.

Aparılan tədqiqatların səmərəsini daha da  artırmaq məqsədi ilə Gəncə İpəkçilik İnstitutu ilə işgüzar əlaqələr yaradılmışdır.

Azərbaycan Respublikası yeraltı sərvətlərlə zəngin olduğu kimi, yerüstü bitki ehtiyatları ilə də zəngindir. Lakin son əlli ildə antropogen proseslərin sürətlənməsi və xeyli torpağın düşmən tapdağı altında qalması səbəbindən təbii bitki örtüyü də ildən-ilə azalmaq üzrədir. Elə bu səbəbdən respublikanın bitki örtüyünə, mədəni və yabanı meyvə və giləmeyvə bitkilərinə, qiymətli dədə-baba sortlarına, dərman bitkilərinə dəyən ziyanı qismən azaltmaq məqsədilə Biokimya laboratoriyasında, Şəki-Zaqatala bölgəsində yayılmış yabanı dərman bitkilərinin müxtəlif orqanlarında toplanmış zəhərli kimyəvi elementlərin və radionuklidlərin öyrənilməsi, Bitki müxtəlifliyinin genofondu laboratoriyasında isə bölgə ərazisində olan mövcud mədəni və yabanı, meyvə və giləmeyvə bitkiləri ilə genofond bağının zənginləşdirilməsi və onların qorunub gələcək nəslə çatdırılması mövzuları icra olunur.

Böyük Qafqazın cənub yamacları kimi polimetal filiz yataqları ilə (Pb, Cu, Zn) zəngin olduğu kimi digər qiymətli nadir elementlərlə də zəngindir. Cənub yamacının Yura çöküntülərində filiz elementlərinin bir çox xüsusiyyətləri kifayət qədər öyrənilsə də, nadir elementlərin geokimyəvi xüsusiyyətləri demək olar ki, çox az öyrənilmişdir.

Böyük Qafqazın cənub yamacının Yura və Təbaşir yaşlı süxurlarında mikroelementlərin paylanması onu göstərir ki, Kiş çayı hövzəsində bu elementlərin əksəriyyətinin miqdarı litoloji tiplər və ərazi bölgüsünə görə böyük hüdudlarda dəyişilir.

Kiş çayı hövzəsində həm fiziki, , həm də kimyəvi xassələrinə görə süxurların aşınmaya davamlılığı aşağıdakı sıra üzrə azalır. Silisiumlu  MgO-lu  üzvü karbonlu  karbonatlı  Na2O-li  əhəngli süxurlar.

Sellərin öyrənilməsi laboratoriyasında muxtəlif orientasiyalı və enişli dağ yamaclarına düşən günəş radiasiyasının məcmu qiymətinin hesablanması metodikası hazırlanmışdır. Bu metodikaya əsasən aydın və tutqun atmosfer şəraitində fəzada istənilən orientasiyalı dağ yamaclarına düşən Günəş radiasiyasının hesablanması üçün riyazi model və təqribi hesabat alqoritmi təklif olunmuşdur. Bu model və alqoritmlərdən həm dağətəyi bölgələrdə tikilən istehsal və ya məişət tipli obyektlərin layihələndirilməsində, həm də bərpa olunan alternativ enerji mənbələrinin günəş kollektorlarının hesabatı zamanı istifadə oluna bilər.

Biofizika laboratoriyasında aparılan tədqiqat işlərinin nəticələri göstərir ki, yaz, yay və payız mövsümlərində bitki yarpaqlarında toplanan yüksəkmolekullu birləşmələrin ümumi miqdarı dəyişməz qalır.

Folklorşünaslıq və el sənətləri  laboratoriyasında Şəkidə məhəllə adları, soylar və ləqəblər mövzusu üzrə işlər davam etdirilmişdir. Laboratoriya əməkdaşları tərəfindən  1 kitab, 8 elmi məqalə çap edilmişdir.

El sənətləri qrupunun əməkdaşları regionun mümkün qədər bütün sənətkarlıq sahələrini öyrənir, ayrı-ayrı sənət əsərlərinin üzünü köçürür, fotoşəkillər və onların izahatını aparırlar.

Elmi mərkəzin əməkdaşları Şəki İcra Hakimiyyətinin keçirdiyi tədbirlərdə yaxından iştirak etmiş, yerli mətbuatda və Şəki televiziya kanalında müxtəlif mövzularda vaxtaşırı çıxışlar etmişlər.

Şəki REM-in nümayəndələri Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Tarix, Coğrafiya, Yerşünaslıq və Filologiya fakültələrinin tələbə, müəllim və professor heyəti, görkəmli maarifçi və eyni zamanda Şəkidə ipəkçiliyin inkişafında xüsusi rolu olan Rəşid bəy Əfəndiyevin adını daşıyan, respublika üzrə "İlin məktəbi" müsabiqəsinin qalibi olmuş Şəki şəhər 10 nömrəli məktəbin kollektivi, Şəki Pedaqoji Kollecinin pedaqoji kollektivi ilə görüşlər keçirmişdir.

Hazırda elmi mərkəzdə 90 nəfərə yaxın işçi çalışır ki, onlardan 5 nəfəri elmlər doktoru,  9 nəfəri fəlsəfə doktorudur. İki nəfərin dissertasiyası müdafiə şurasına buraxılmışdır.

2012-ci ildə mərkəzin 3 kitabı və 38 elmi məqaləsi dərc olunmuşdur ki, onlardan 11-i xarici ölkədə nəşr olunmuşdur.

AMEA Rəyasət Heyəti Şəki Regional Elmi Mərkəzinin 2012-ci ildəki fəaliyyəti haqqında hesabatını dinlədikdən və müzakirə etdikdən sonra əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın təsdiq olunması haqqında qərar qəbul etmişdir.

 

 

Elm.- 2013.- 15 aprel.- S.16.