Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi
və səmərəli istifadəsi haqqında
Azərbaycanda
mədəni bitkilərin mühafizəsi və səmərəli
istifadəsi ilə bağlı bütün məsələlərin
hüquqi tənzimlənməsini təmin etmək məqsədilə
2011-ci il 13 dekabr tarixində Azərbaycan Respublikasının
Milli Məclisi "Mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununu
(No. 273-IVQ) qəbul etmiş və
bu Qanun Respublika Prezidentinin Fərmanı ilə təsdiq
olunmuşdur.
2012-ci ildə
Azərbaycan Respublikasının Prezidenti "Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında" Qanununun tətbiqi ilə
bağlı 2 fərman (2012-ci il 7 fevral tarixli 576 nömrəli
və 2012-ci il 17 iyul tarixli 690 nömrəli) vermişdir.
Bu fərmanların
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən 2 sərəncam
və 2 Qərar qəbul edilmişdir. 13 noyabr 2012-ci il tarixli
259 ¹-li Qərarda "Mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununa
müvafiq olaraq AMEA Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici
İnstitut, onun genbankı isə Milli Genbank elan edilmişdir.
Milli Genbanka xüsusi mühafizə edilən obyekt statusu
verilmişdir.
Respublikada
bitki genetik ehtiyatlarının lazımi səviyyədə
idarə olunmasını və GEİ-nin əlaqələndiricilik
funksiyasını həyata keçirmək məqsədi ilə
mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi
və səmərəli istifadəsi üzrə idarəetmə
sisteminə daxil olan Elmi Texniki Şuranın yaradılması
qərara alınmışdır. Qərara əsasən
ETŞ-də Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi və
s. təmsil olunmalıdırlar. Bu Qərarla həmçinin
Qanunun icra mexanizmləri ilə bağlı bir sıra sənədlər,
o cümlədən qaydalar (Milli kolleksiyaların
yaradılması və qeydiyyatı haqqında, BGE-nin idxalı
və ixracı haqqında, Ənənəvi brend bitkilər
haqqında, Genetik modifikasiya olunmuş bitkilər haqqında və
s.) və əsasnamələr (Milli Genbankın əsasnaməsi,
Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi
və səmərəli istifadəsi üzrə idarəetmə
sisteminə daxil olan Elmi-Texniki Şuranın əsasnaməsi,
Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi
və səmərəli istifadəsi üzrə idarəetmə
sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert
şuralarının əsasnaməsi, Prioritet fəaliyyət
istiqamətləri üzrə işçi qruplarının əsasnaməsi
və s.) qəbul edilmişdir.
Həmçinin
Qanunun icrasına nəzarət mexanizmləri işlənib
hazırlanmışdır. Bu prosesdə əsas icra hakimiyyəti
funksiyalarını mədəni bitkilər üzrə Kənd
Təsərrüfatı Nazirliyi, yabanı müxtəliflik
üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyi AMEA ilə birgə həyata keçirəcəkdir.
"Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən qəbul edilmiş sərəncamların
icrasını təmin etmək məqsədilə AMEA Rəyasət
Heyəti 26.12.2012-ci il tarixində xüsusi müzakirələr
aparmış və müvafiq sərəncam vermişdir.
2013-cü
ilin ilk aylarında "Mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi üzrə idarəetmə sisteminə daxil olan
Elmi-Texniki Şura" formalaşdırılmış və
22 fevral 2013-cü il tarixində onun ilk iclası
keçirilmişdir. "Mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi üzrə idarəetmə sisteminə daxil olan
ixtisaslaşdırılmış ekspert şuraları" və
"Prioritet fəaliyyət istiqamətləri üzrə
işçi qrupları" yaradılmış və
onların tərkibi təsdiq edilmişdir. Elmi-Texniki
Şuranın, ekspert şuralarının və işçi
qruplarının tərkibi müxtəlif nazirliklər və
baş idarələrin, elmi-tədqiqat müəssisələrinin
məsul şəxsləri, alim və mütəxəssislərindən
təşkil edilmişdir. Hazırda ekspert
şuralarının və işçi qruplarının ilk
iclaslarının keçirilməsi, müvafiq iş və təqvim
planlarının hazırlanması prosesi gedir. Bütün bu
işlərdə beynəlxalq şəbəkələrin,
xüsusən ECPGR-ın təcrübəsindən istifadə
edilir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamına
uyğun olaraq, institutun nizamnaməsinin yeni variantı
hazırlanmış və strukturda dəyişikliklər
edilmişdir. İnstitutda yeni Biotexnologiya şöbəsi
yaradılmış və burada müvafiq müasir elmi
avadanlıqlar alınaraq quraşdırılır.
Respublika
Prezidentinin tapşırığına əsasən "Mədəni
bitkilərin genetik ehtiyatları sahəsində Dövlət
Proqramının (Milli Proqram)" hazırlanması işi
davam etdirilir. Proqram bütün maraqlı tərəflərlə
müzakirə edilərək yüksək səviyyədə
hazırlandıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcəkdir.
Bütün
bu fəaliyyətlərin icrasında BGE üzrə milli şəbəkə,
Milli İnformasiya Mübadiləsi Mexanizmi və onun məlumat
bazaları, həmçinin BGE üzrə Mərkəzi Məlumat
Bazası mühüm rol oynayır.
Həm
qanunun, həm də ona qoşma sənədlərin, icra
mexanizmlərinin hazırlanmasında, ümumən yeni sistemin
qurulmasında beynəlxalq konvensiya və müqavilələrdən
(CBD, GPA, İT, Cartahena protokolu və s.), FAO, Bİ, ECPGR,
Trast-Fund, CİMMYT, İCARDA kimi beynəlxalq, VİR (Rusiya),
USDA (ABŞ), İNRA (Fransa) kimi milli təşkilatların
normativ və metodik xarakter daşıyan sənədlərindən,
manuallarından və tövsiyələrindən, bir sıra
ölkələrin (Türkiyə, Almaniya, İtaliya, Fransa,
ABŞ, Çexiya və s.) milli proqram sənədlərindən,
CAC Regional Strategiyasından, dünyada tanınmış alimlərin
məsləhətlərindən istifadə edilmişdir.
"Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununu əsasında
Milli qanunvericilik də təkmilləşdirilməkdədir.
Azərbaycan Respublikası Milli Məclisinin 1 fevral 2013-cü il tarixində qəbul
etdiyi "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" 549-İVQD, "Ekoloji təmiz kənd təsərrüfatı
haqqında" 550-İVQD, "Seleksiya nailiyyətləri
haqqında" 551-İVQD, "Ekoloji təhlükəsizlik
haqqında" 552-İVQD, "Ətraf mühitin mühafizəsi haqqında" 553-İVQD,
"Mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və
dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında" 554-İVQD
nömrəli qanunlarını misal göstərmək olar.
Bu qanunlar
içərisində "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikası Qanunu xüsusilə mühüm əhəmiyyət
daşıyır. Həmin qanuna görə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
yeni 120-1-ci maddə əlavə edilmişdir.
Bu maddədə
qeyd edilir ki, mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni: Azərbaycan
Respublikasına məxsus ənənəvi mədəni brend
bitkilərin areallarında başqa növ bitki nümunələrinin
istehsalçılarına dövlət vəsaiti hesabına
yardımın göstərilməsinə; mədəni bitkilərin
genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi
qaydalarının pozulmasına; Azərbaycan
Respublikasının Milli
Genbankınındavamlılığına mane olan hərəkətlərə,
yəni soyuducu kameraların motorlarının, quruducu aparatların
elektrik təchizatının dayandırılmasına (kəsilməsinə),
yanğın törədə biləcək tezalışan
maddələrin Azərbaycan Respublikasının Milli
Genbankının ərazisinə gətirilməsinə,
toxumların saxlanma rejiminin pozulmasına; Azərbaycan
Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə
malik olan nadir və nəsli kəsilməkdə olan bitki
növlərinin (populyasiyalarının) genetik
ehtiyatlarının mühafizəsinə ziyan vuran fəaliyyətə,
yəni arealları təyin edilmiş və mühafizəyə
cəlb edilən nadir və nəsli kəsilməkdə olan
bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdiyi
ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin
yandırılmasına görə - fiziki şəxslər
iki yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli
şəxslər beş yüz manatdan altı yüz manatadək
miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki
min manatadək miqdarda cərimə edilir.
Elmi-tədqiqat,
sınaq və sərgilərdə nümayiş məqsədləri
istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik
materiallarının Azərbaycan Respublikasının ərazisinə
gətirilməsinə, rayonlaşdırılmasına və
dövlət reyestrinə daxil edilməsinə görə məsuliyyət
daha ağırdır - fiziki şəxslər üç min
manat miqdarında, vəzifəli şəxslər on min manat
miqdarında, hüquqi şəxslər əlli min manat
miqdarında cərimə edilir.
Sözsüz
ki, yalnız inzibati tədbirlərlə problemləri
çözmək mümkün deyildir, ancaq o da həqiqətdir
ki, bəzən edilən qanunsuz hərəkətlər cəzasız
qalarsa, daha da geniş xarakter alır.
Afiq MƏMMƏDOV,
AMEA Genetik Ehtiyatlar
İnstitutunun beynəlxalq əlaqələr,
koordinasiya və informasiya
şöbəsinin müdiri,
Nərminə
HİDAYƏTQIZI
Elm.- 2013.- 15 aprel.- S.17.