ZƏRİFƏ ƏZİZ
QIZI ƏLİYEVA
Azərbaycan
Respublikasının əməkdar elm xadimi, tibb elmləri
doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə
Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur
rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
1942-ci
ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin
institutu bitirmişdir.
Sonra o,
Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə
İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu
keçmişdir.
1950-ci
ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil
olmuş və 1953-cü ildə buranı bitirmişdir.
1957-ci
ilə qədər Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya
İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə
qədər böyük elmi işçi, 1967-ci ildən isə
Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə
İnstitutunda göz xəstəlikləri kafedrasının
dosenti, professor, görmə orqanının peşə patologiyası
laboratoriyasının müdiri, oftalmologiya kafedrasının
müdiri (1982-1985) vəzifələrində
çalışmışdır.
İllər
boyu apardığı müşahidələrin, klinik tədqiqatların
və təcrübələrin nəticələri Zərifə
xanımın düynada ən məşhur oftalmologiya mərkəzlərinin
birində H.Helmqolts adına Moskva Göz Xəstəlikləri
Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi «Azərbaycanın
bir sıra
kimya müəssisələri işçilərinin görmə
orqanının vəziyyəti» adlı doktorluq
dissertasiyasının əsasını təşkil
etmişdir. 1977-ci ildə Zərifə xanım Əliyevaya
tibb elmləri doktoru dərəcəsi verilmişdir.
Zərifə
xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında
müstəsna xidmətləri var. O, vaxtilə
Azərbaycanda geniş yayılmış traxomanın,
dünya təcrübəsində birincilər sırasında
peşə, xüsusilə kimya və elektron sənayelərində
peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin
öyrənilməsi, profilaktikası və müalicəsinə,
habelə oftalmologiyanın müasir problemlərinə dair bir
çox sanballı tədqiqatların, o
cümlədən "Terapevtik oftalmologiya",
"İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin
müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və
dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və
12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə
xanım Əliyeva yüksək ixtisaslı səhiyyə
kadrların hazırlanmasına böyük əmək sərf
etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət
Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin,
Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin,
"Vestnik oftalmologiyi" (Moskva) jurnalı redaksiya heyətinin
üzvü idi.
1981-cı
ildə oftalmologiyanın inkişafına verdiyi böyük
töhfəyə - görmə orqanının peşə
patologiyası sahəsində apardığı elmi tədqiqatlara
görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində
ən yüksək mükafata - SSRİ Tibb Elmləri
Akademiyasının akademik M.İ. Averbax adına
mükafatına layıq görülmüşdür. Geyd
olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin
mükafata layiq görülən ilk qadın idi.
Elmi
tədqiqatların yüksək səviyyəsi, onların
sosial əhəmiyyəti, ictimai fəallığı,
pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində
böyük xidmətlərini qiymətləndirərək,
1983-cü ildə Zərifə xanım Əliyevanı Azərbaycan
SSR EA-nın akademiki seçdilər.
Zərifə
xanım Əliyeva göstərdiyi xidmətlərinə
görə orden və medallarla təltif olunmuşdu. Azərbaycanın
əməkdar elm xadimi kimi yüksək ada layiq
görülmüşdür.
1985-ci
il aprel ayının 15-də Moskva şəhərində vəfat
edən Zərifə xanım Əliyevanın cənazəsi
1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından
Bakıya gətirilərək, Fəxri Xiyabanda,
atasının qəbri yanında dəfn olunmuşdur.
Elm.-
2013.- 24 aprel.- S.24.