AMEA-nın elmi-tədqiqat institutlarında Xocalı soyqırımının 21-ci ildönümü qeyd edilmişdir

 

AMEA-nın Naxçıvan Bölməsində "Xocalı faciəsi: insanlığa qarşı cinayət" mövzusunda keçirilən elmi konfrans Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

 

Konfransı giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımının səbəbləri, dünyaya Xocalı həqiqətlərinin çatdırılması istiqamətində həyata keçirilən işlərdən danışmışdır: "Xocalı faciəsi ərəfəsində ölkədə yaranmış ağır ictimai-siyasi durum, 366-cı alayın erməni quldurlarına dəstək verməsi və qırğınların törədilməsində birbaşa iştirak etməsi, Xocalının müdafiəsinin əsasən yerli özünümüdafiə dəstələri tərəfindən həyata keçirilməsi bu qətliamın daha dəhşətli xarakter almasına səbəb olmuşdur".

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov "Xocalı faciəsi ərəfəsində Azərbaycanda vəziyyət", institutun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə "Xocalı faciəsinin siyasi və milli mahiyyəti", tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov "Xocalı faciəsi: tarixi, səbəbləri və dərsləri", həmin institutun şöbə müdiri Emin Şıxəliyev "Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı apardığı soyqırımların tərkib hissəsi kimi", tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva "Xocalı qəhrəmanları" mövzusunda elmi məruzələrlə çıxış ediblər.

Konfransda Xocalı soyqırımı reallıqlarını əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slayd nümayiş etdirilmişdir.

Qeyd edək ki, Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanasında "Xocalı soyqırımı" adlı sərgi də təşkil olunub. Sərgidə 30-dan çox kitab, müxtəlif jurnal və qəzet materialları nümayiş etdirilir.

 

***

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimini  giriş sözü ilə açan Muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni şovinistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd etmişdir. Natiq bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), professor Elmira Süleymanova Xocalıda törədilən soyqırıma bu günədək dünya tərəfindən lazımi qiymətin verilmədiyini söyləmiş, ermənilər tərəfindən dövlət səviyyəsində yürüdülən terror siyasətindən nəticə çıxararaq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməli işlərin görülməsinin vacibliyini vurğulamışdır.

Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan olunmuş "Xocalıya ədalət" adlı genişmiqyaslı kampaniya haqqında məlumat vermiş, bu ictimai aksiyanın məqsədinin beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı məlumatlanması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymətin verilməsi və soyqırımın beynəlxalq səviyyədə anılması olduğunu qeyd etmişdir.

Qeyd edək ki, Muzeyin foyesində "Xocalı şəhidləri", "Xocalı soyqırımı dünya mətbuatı səhifələrində" adlı stendlər, Milli Qəhrəman, operator Çingiz Mustafayevin hadisə yerində 26.02.1992 və 02.03.1992-ci il tarixlərində çəkdiyi sənədli kadrlar nümayiş etdirilmişdir.

Tədbirdən əvvəl Nurəddin Günün poeması əsasında yazılmış "Xocalı simfoniyası" səsləndirilmişdir.

Tədbirin sonunda Sülh Şəbəkəsi "Liderlik" məktəbinin şagirdləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş şeirlər və musiqilər ifa edilmişdir.

 

***

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin şəhidlərinin anıldığı tədbirdə xalqımızın tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verilmiş, Xocalı faciəsinin həqiqətlərinin bütün dünyaya çatdırılması sahəsində fəallığın artırılmasının vacibliyindən danışılmışdır.

Çıxışlarda 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini zəbt etmələri, ermənilərin törətdikləri görünməmiş vəhşiliklər nəticəsində dinc əhalidən 613 nəfərin, o cümlədən 106 qadın və 63 uşağın şəhid olduğu, 487 nəfərin şikəst qaldığı, əksəriyyəti qocalar, uşaqlar, qadınlar olmaqla 1275 nəfərin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə məruz qaldığı qeyd edilmişdir.

Xocalı faciəsinin ağır nəticələrindən danışan institut əməkdaşları bu hadisələrin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləmiş, xocalıların amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etmiş, Xocalıda törədilən qırğını tarixdə görünməmiş faciə adlandırmışlar.

 

***

 

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş elmi sessiyanı giriş sözü ilə açan direktor əvəzi, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Xocalı faciəsinin çağdaş tariximizdə unudulmayan, xalqın şüurunda dərin iz salaraq onu mübarizəyə səsləyən hadisə adlandırmış, Əlyazmalar İnstitutunda saxlanan Qarabağ tarixinə, ədəbiyyata dair əsərlərdən danışmışdır.

P.Kərimov bildirmişdir ki, hazırda institutda Qarabağa dair əsərlərin tədqiqi və nəşri intensiv surətdə davam etməkdədir.

Filologiya üzrə elmlər doktoru Kamandar Şərifli, filologiya üzrə fəlsəfə doktorları Əli Əliyev, Raqub Kərimov və başqaları çıxış edərək Xocalı faciəsi qurbanlarının heç bir zaman unudulmayacağını söyləmiş, işğal olunmuş torpaqlarımızın mütləq qaytarılacağına inandıqlarını bildirmişlər.

 

***

 

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar "XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı" mövzusunda konfrans-sərgi keçirilmişdir.

Tədbirdə qeyd edilmişdir ki, XIX-XX əsrlərdə erməni şovinist dairələri tərəfindən azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirilmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqət dünya ictimaiyyətinə çatdırılmalıdır. Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı yönəlmiş bu ağır hərbi cinayətə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməlidir.

MEK-in sərgi zalında Xocalı faciəsini əks etdirən kitab, jurnal, qəzet və şəkillərdən ibarət sərgi nümayiş etdirilmişdir.

 

***

 

Qeyd edək ki, AMEA-nın digər elmi-tədqiqat institutlarında da Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.

 

 

Elm.- 2013.- 27 fevral.- S.23.