AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2012-ci
ildəki elmi və elmi-təşkilati fəaliyyəti
haqqında hesabat
Yanvarın
23-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik
Klinikasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2012-ci il
üçün hesabatına həsr olunmuş iclas
keçirilmişdir.
İclasa
BTEB-in elmi müəssisə və digər təşkilatlarının
direktorları, direktor müavinləri, elmi katiblər, Bölmə
üzrə mühüm nəticələrin
icraçıları və əlaqədar təşkilatların
nümayəndələri dəvət olunmuşdular.
Tədbir
iştirakçıları əvvəlcə iclas
zalının foyesində Bölmə institutlarının
hesabat ilində əldə etdikləri elmi nailiyyətləri əks
etdirən sərgi ilə tanış olmuşlar.
İclası
giriş sözü ilə açan AMEA-nın prezidenti,
akademik Mahmud Kərimov gündəlikdəki məsələlər
barədə məlumat vermişdir.
Sonra
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin
akademik-katibi, akademik Əhliman Əmiraslanov Bölmə
institutlarının 2012-ci ildəki elmi və elmi-təşkilati
fəaliyyəti haqqında hesabat məruzəsi ilə
çıxış etmişdir (Məruzəni diqqətinizə
təqdim edirik).
2012-ci il Biologiya və Tibb Elmləri
Bölməsinin (BTEB) elmi müəssisələrinə,
müstəqil Azərbaycan elmi potensialının
formalaşmasına, qloballaşma dövrünün tələblərinə
uyğun elm və təhsil strategiyasının inkişafına
əvəzsiz töhfələr vermişdir. Cari il Respublika
Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 4-5
oktyabr tarixində Bakıda əlamətdar hadisələrdən
biri - Humanitar Forumun keçirilməsi ilə yadda
qalmışdır. Dünyanın müxtəlif ölkələrindən
gəlmiş nüfuzlu elm və mədəniyyət xadimləri,
təhsil işçiləri tərəfindən bu möhtəşəm
forumun Bəyannaməsi irəli sürülmüş, elmin
sürətli inkişafının, yeni sahələrarası
elmi istiqamətlərin təşkilinə yol açması və
təhsil üçün zəruriliyi xüsusi qeyd
olunmuşdur. Forum çərçivəsində "XXI əsrdə
qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar",
"Müasir səhiyyəyə baxışları dəyişən
texnologiyalar və molekulyar biologiya" mövzularında təşkil
olunmuş dəyirmi masalarda BTEB-in əməkdaşlarının
çıxışları və mühazirələri
geniş əks-səda doğurmuşdur.
Hesabat ilində Biologiya və Tibb Elmləri
Bölməsinin elmi müəssisələri Respublika
Prezidentinin imzaladığı aşağıdakı sərəncamların
icrasında fəal iştirak etmişlər:
-
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı"nın həyata keçirilməsi
məqsədilə tədbirlərin yerinə yetirilməsində
iştirak etmişlər (Botanika İnstitutu - 3 tədbir:
5.2.3; 5.12.5; 5.12.7; Zoologiya İnstitutu - 3 tədbir:
5.7.6; 5.12.7; 5.12.16);
-
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı"nın həyata keçirilməsi
üzrə Tədbirlər Planının (2011- 2015-ci illər)
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578
¹-li Sərəncamının yerinə yetirilməsini təmin
etmək məqsədilə Zoologiya İnstitutu tərəfindən tədbirlər (3.3.4.1.1) icra
olunmuşdur;
-
"Azərbaycan Respublikasında alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə olunması üzrə
Dövlət Proqramı"nda iştirak edən Mikrobiologiya
İnstitutunda bitki tullantıları üzrə tədqiqatlar
davam etdirilmiş və hesabatlar AMEA Rəyasət Heyətinə
təqdim olunmuşdur;
-
"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiya" və onun həyata
keçirilməsi ilə bağlı Tədbirlər Planı
əsasında müvafiq tədbirlərin icrası institutlar tərəfindən
davam etdirilmişdir;
-
"Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqramın (2007-2012-ci illər)" icrasında
Fiziologiya İnstitutunun əməkdaşları iştirak
etmişlər və hesabat Dövlət komissiyasına təqdim
olunmuşdur.
Bundan əlavə, Bölmənin alimləri
AMEA-nın digər təşkilatları ilə yeni
"Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqram (2013-2018-ci illər)" layihəsinin
hazırlanması üzrə 9 tədbir təklif etmişlər.
Cari
ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
əsasında Botanika və Zoologiya institutlarının əməkdaşları
tərəfindən hazırlanmış, Azərbaycanın
nadir və nəsli kəsilməkdə olan bitki və heyvan
növlərinə dair məlumatları, onların
areallarının xəritələrini əhatə edən
respublikanın
"Qırmızı kitab"ı
AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
çap üçün təqdim olunmuşdur.
BTEB-in
elmi fəaliyyəti 2012-ci ildə də biologiya və tibb sahəsində
fundamental və tətbiqi problemlərin həllinə yönəldilmişdir.
BTEB-in bürosunun elmi-təşkilati işləri
Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya institutları, Mərkəzi
Nəbatat Bağı və Mərdəkan Dendrarisinin,
respublikada tibb elmləri sahəsində fəaliyyət
göstərən institutların, bəzi biologiya təmayüllü
ali məktəb kafedralarının və xarici alimlərin fəaliyyəti
ilə əlaqələndirilmişdir.
Hesabat
ilində BTEB-in biologiya elmi üzrə müəssisələrində
elmi tədqiqat işləri 2 istiqamətdə davam
etdirilmişdir:
- Azərbaycanda
flora, fauna, torpaq örtüyü və mikroorqanizmlərin
biomüxtəlifliyinin öyrənilməsi, genofondun
qorunması və səmərəli istifadəsi;
-
canlıların həyat fəaliyyətinin molekulyar-genetik və
fiziki-kimyəvi əsasları.
Tibb
elmləri sahəsində tədqiqatlar 4 elmi istiqamət
üzrə aparılmışdır:
- Azərbaycan
Respublikası əhalisinin sağlamlığının və
xəstəliklərinin regional xüsusiyyətləri:
monitorinq, epidemiologiya, müalicə və profilaktika
üsullarının təkmilləşdirilməsi;
-
respublikada ana və uşaqların
sağlamlığının monitorinqi, çox
yayılmış xəstəliklərin müalicə və
profilaktikası üsullarının təkmilləşdirilməsi;
- Azərbaycanın
ekoloji və təbii amillərinin orqanizmə təsir mexanizminin
öyrənilməsi, yeni dərman preparatlarının,
kompleks müalicə və reabilitasiya üsullarının
işlənib hazırlanması;
-
hüceyrə, toxuma və orqanların normada və patologiyada
funksional və morfoloji xüsusiyyətləri.
Qeyd
olunan 6 istiqamət üzrə 45 problem, 197 mövzu (9
tamamlanmış), 467 iş (55 tamamlanmış) və 764 mərhələ
üzrə tədqiqatlar aparılmışdır. Onlardan
biologiya sahəsində 9 problem, 50 mövzunun (2
tamamlanmış) yerinə yetirilməsində 163 işi (19
tamamlanmış) əhatə edən 226 mərhələnin
tədqiqatları tamamlanmışdır. Tibb
sahəsində 13 elmi təşkilatda (Azərbaycan Tibb
Universiteti, Milli Oftalmologiya Mərkəzi, Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutu, Mamalıq və
Ginekologiya İnstitutu, Travmatologiya və Ortopediya İnstitutu,
Ağciyər Xəstəlikləri İnstitutu, Pediatriya
İnstitutu, Tibbi Bərpa İnstitutu, Tibbi Profilaktika
İnstitutu, Kardiologiya İnstitutu, Elmi Cərrahiyyə Mərkəzi,
Milli Onkologiya Mərkəzi, Hematologiya və Transfuziologiya
İnstitutu) 36 problem, 147 mövzu (7 tamamlanmış), 304
iş (36 tamamlanmış) davam etdirilmiş və 538 mərhələ
üzrə elmi işlər tamamlanmışdır (cədvəl
1).
Göstərilən
problemlər üzrə 29 mühüm elmi nəticə
alınmışdır (müvafiq olaraq biologiya sahəsində
- 11: Botanika İnstitutu - 6, Zoologiya İnstitutu - 1,
Fiziologiya İnstitutu - 1, Mikrobiologiya İnstitutu - 1, Mərkəzi
Nəbatat Bağı - 1, Mərdəkan Dendrarisi - 1; tibb elmləri
üzrə 13 elmi təşkilatda 18 mühüm elmi nəticə).
Botanika İnstitutunda Azərbaycanın
Kür-Araz ovalığı və Arazboyu düzənliklərində
qış otlaqlarının əsasını təşkil edən
lokal biotiplərin layihə örtüyünü və məhsuldarlığı,
o cümlədən səhralaşmanın ümumi təhlükəliliyini
təyin etmək üçün yeni riyazi formullar tərtib
olunmuşdur.
Düstura əsasən qış otlaqlarında səhralaşmanın
zəif, orta, şiddətli və çoxşiddətli qrupa
aid olduğu aydınlaşmışdır. Respublikanın
şorangəlik səhra şəraitində Anabasis apulla (L.)
(Chenopodiaceae Vent.) - yarpaqsız öldürgən
növünün arealının iki dəfə azalması
müəyyənləşdirilmiş, onun ekologiyası və
aqrobiologiyası öyrənilmişdir.
Azərbaycanın
zəngin biomüxtəlifliyinin saxlanması məqsədilə
Botanika İnstitutunda çox dəyərli herbari
kolleksiyasının infrastrukturu müasirləşdirilmiş,
respublikanın endem, nadir və nəsli kəsilməkdə
olan bitki fondu yenilənmiş və yeni nümunələrlə
zənginləşdirilmişdir. Elm üçün yeni olan, Azərbaycandan
təsvir edilən bitki tiplərinin ilk dəfə xüsusi
"Herb-skaner" cihazı vasitəsilə
digitallaşdırılması həyata keçirilmişdir. Ali və ibtidai bitki növlərinin məlumat
bazaları yaradılmış və çapda olan "Azərbaycanın
Qırmızı Kitabı"na (300-ə yaxın nadir və
nəsli kəsilməkdə olan bitki və göbələk
növləri və 206 heyvan növü, II nəşr) daxil
edilmişdir. Bu işlərlə əlaqədar
Avropanın qabaqcıl Berlin Botanika Bağı və Botanika
Muzeyi (Almaniya), Kyu Kral Botanika Bağı (Böyük Britaniya)
ilə əməkdaşlıq haqqında memorandumlar
imzalanmışdır. İnstitutda Berlin Botanika Bağı və
Botanika Muzeyi, Fribourg Təbiət Tarixi Muzeyi (İsveçrə)
ilə müştərək layihələr çərçivəsində
respublikanın Botanika Muzeyinin təşkili üzrə işlər
davam etdirilir. Bu muzeyin 2013-cü ildə Berlin Botanika
Bağı və Botanika Muzeyində Qafqaz florasına aid və
2015-ci ildə Fribourg Təbiət Tarixi Muzeyində
dünyanın relikt bitkilərinə həsr edilmiş beynəlxalq
sərgilərdə iştirakı nəzərdə
tutulmuşdur.
Akademik
C.Əliyev tərəfindən bitkilərdə gedən fototənəffüs
prosesi haqqında yeni fikir irəli
sürülmüşdür. Müəyyən edilmişdir
ki, fototənəffüs təkamül nəticəsində
formalaşmış həyat əhəmiyyətli metabolik
proseslərdən biridir və bitkilərin məhsuldarlığını
artırmaq məqsədilə bu prosesi azaltmaq cəhdləri əsassızdır.
İkinci
fotosistemdə sitoxrom b559 komponentinin su molekullarının
oksidləşməsini və molekulyar oksigenin
ayrılmasını həyata keçirən katalitik S-tsiklinin reaksiyalarına
qoşularaq S2 və S3 pillələrini elektronla təchiz etməsi
müəyyənləşdirilmişdir.
Azərbaycanda
meyvə-tərəvəz bitkilərini yoluxduran fitoplazma və
virus xəstəlikləri aşkar olunmuş, onların
molekulyar diaqnostikası və identifikasiyası
aparılmışdır.
İmmunoferment
analizlə ilk dəfə olaraq, pomidorda və bibərdə -
Tomato chlorosis virus, T. mosaic virus, T. yellow leaf curl virus; xiyarda,
badımcanda və bibərdə - Cucumber mosaic virus, Cucurbit
yellow stuning disorder virus, Cucumber vein yellowing virus və Cucurbit
clorotic yellows virus; yemişdə - Melon necrotic
spot virus və Cucurbit yellow stunting disorder virus xəstəlikləri
aşkar edilmiş, onların molekulyar identifikasiyası
aparılmış və bitkilərin yoluxma səviyyələri
ilə sərbəst radikalların əmələ gəlməsi
arasında korrelyasiya müəyyən edilmişdir.
Azərbaycanda
Genbankda toplanan buğda genotiplərində müxtəlif
molekulyar markerlərdən istifadə etməklə
quraqlığa davamlılığa cavabdeh genlər və gen
lokusları müəyyən edilmişdir.
Botanika
İnstitutunda Almaniya və Fransanın aparıcı alimlərinin
iştirakı ilə bioloji məhsuldarlığın fundamental
problemlərinə həsr olunmuş seminar-treninq
keçirilmişdir.
Zoologiya İnstitutunda atom-absorbsion
spektrofotometriya metodu ilə (AAS-300, Perkin-Elmer, USA) gürzə
zəhərinin biokimyəvi göstəriciləri üzərində
tədqiqatlar aparılmış və müəyyən
edilmişdir ki, ağır metalların zəhərdə
miqdarı ilan tutulan ərazidəki torpaq və bitki nümunələrində
olan ağır metalların miqdarı ilə korrelyativ əlaqə mövcuddur.
Xəzər
dənizinin müxtəlif ərazilərindən
ovlanmış kefal balığından 7 növ parazit
tapılmışdır: 3 növ trematod, 2 növ monogeney, 1
növ miksosporidi və 1 növ nematod, külmə və
kütüm balıqlarında isə 8 növ monogeney müəyyən
edilmişdir.
"Elm" gəmisinin işləməməsi Xəzər dənizi
biomüxtəlifliyinin müasir vəziyyətinin öyrənilməsində
çətinliklər yaradır.
Fiziologiya İnstitutunun əməkdaşları
tərəfindən müəyyən edilmişdir ki, Azərbaycanın
subtropik iqlim qurşağında yerləşən Lənkəran
rayonunun coğrafi mövqeyinə görə düzənlik
arealda yaşayan uzunömürlülərin sağlamlıq
durumu dağlıq, dağətəyi və sahilyanı arealda
yaşayanlardan
daha qənaətbəxşdir və bu coğrafi areal
uzunömürlülər üçün əlverişli
sayıla bilər. Həmçinin ilk dəfə olaraq
kişilər arasında yüksək
uzunömürlülük indeksi qeydə
alınmışdır.
Tədqiqatlar
göstərmişdir ki, zəfəran ekstraktının
heyvanlara qabaqcadan verilməsi, ionlaşdırıcı
şüalanmanın radiasiya zədələnmələri nəticəsində
fəallığını itirən orqanizmin antioksidant
sistemini korreksiya edərək fəallığını nisbətən
artırır, həmin ekstrakt ürəyin miokard infarktı və qəfil
ölüm hallarını azaldır. Zəfəran
ekstraktı diabetik retinopatiya zamanı retinoprotektor xüsusiyyətlər
daşıdığı və gözün buynuz
qişasının kimyəvi yanıqları zamanı isə
yüksək müalicəvi təsir göstərərək
onun antioksidant, antimikrob təsiri qeyd olunur.
Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlar
göstərmişdir ki, dəniz mühitində karbohidrogen və
digər üzvi birləşmələrin biodeqradasiyasında
əsas rol mikroorqanizmlərin üzərinə
düşür. Xəzərin Lənkəran-Astara sahillərində
karbohidrogenləri mənimsəyən bakteriyalardan ayrılan
10 cinsə aid 44 təmiz kultura əldə edilmiş,
onların aromatik karbohidrogenlərə münasibəti təyin
olunmuşdur. Bundan əlavə, suda saprofitlərin və biogen
elementlərin miqdarı müəyyənləşdirilmişdir.
Suvarılan
boz-qonur, çəmən-meşə və sarı-qleyli
torpaqların mikroflorasının tədqiqi zamanı alınan
məlumatlar, əsasən iyun ayında bakteriyaların
üstünlük təşkil etdiyini göstərir. Becərilən
torpaqların şumlanmış qatında spor əmələ
gətirməyən bakteriyaların miqdarı artır.
Mərdəkan Dendrarisində ilk dəfə olaraq, ərazinin
"Torpaq xəritəsi" və "Bitki xəritəsinin
ibtidai forması, bitkilərin legendası" tərtib
edilmişdir. Məsələn, Dendrarinin əməkdaşları
Xəzər rayonunun ekoloji vəziyyəti ilə bağlı
neftlə çirklənmiş ərazilərdə atmosfer
havasının nəmliyi və temperatur göstəricilərini,
torpağın müxtəlif qatlarının temperaturunu, 1 m3
havadakı O2, CO2 və CO qazlarının faizlə
miqdarını aylara və günlərə görə
təyin etmiş və yeni "Xəzər rayonunun texnogen
çirklənmə xəritəsi"ni
hazırlamışlar.
Mərkəzi Nəbatat
Bağında
5 yeni növ dekorativ bitkinin (Bergerantus multiceps -
Çoxbaşlı bergerantus, Ruschia diversifolia - Müxtəlifyarpaqlı
Rusxya, Akanthostachys strobilaceae - Qozadaşıyan akantostaxis,
Aechmea recurvata - Əyri exmeya və Cordyline terminalis - Terminal
kordilina) introduksiya şəraitində ontomorfogenezi və
struktur əlamətləri öyrənilmişdir, hazırda
onların uyğunlaşma potensialı aşkar edilir və həyat tsiklinin
ilkin dövrü üçün becərmə
üsulları hazırlanır.
Cari ildə
"Azərbaycan MEA-nın elmi-tədqiqat və təcrübə-konstruktor
işlərinin 2012-ci il üçün tətbiq
planı"na BTEB elmi müəssisələrindən 6
iş (Botanika İnstitutu - 4, Zoologiya İnstitutu - 2) daxil
edilmişdir. Onlardan 2-si keçici, 4-ü isə yenidir. Səhiyyə
Nazirliyi və Təhsil Nazirliyinin elmi və tədris təşkilatları
114 tətbiq işi aparır, onlardan 95-i keçici, 19-u yenidir.
Bölmə üzrə müvafiq olaraq 120 işdən 97
iş keçici, 23 iş yenidir (cədvəl 2).
Hesabat
ilində BTEB-in tərkibindəki elmi müəssisələrdə
çalışan əməkdaşlar tərəfindən
3098 elmi əsər, onlardan 24 kitab (2-si xaricdə), 17 monoqrafiya
(3-ü xaricdə), 1729 məqalə (531-i xaricdə) və
1112 tezis (418-i xaricdə) dərc edilmişdir (cədvəl 3).
Onlardan bəzilərini qeyd etmək olar: İ.Hüseynova,
N.Sultanova, Ə.Məmmədov, C.Əliyev "Virusnıe
zabolevaniə, porajaöhie ovohnıe kulğturı v
Azerbaydjane" (Bakı: Elm, 120 s.),
G.Balakişiyeva, Ə.Məmmədov , İ.Hüseynova "Azərbaycanda
fitoplazma xəstəlikləri". (Bakı:
Elm, 100 s.); T.Məmmədov "Azərbaycan
dendrologiyası" (II c. Bakı: Elm, 320 s.; K.Əsədov,
T.Məmmədov, F.Məmmədov "Dendrologiya" (Bakı,
Elm, 482 s.); E.Qurbanov "İİR-in Ərdəbil bölgəsində
kartof sort nümunələrinin aqrobioloji xüsusiyyətləri"
(İran, "Təbriz", 307 s.); İ.Ələkbərov
"Svobodnojivuhie infuzorii Azerbaydjana" (Bakı: Elm, 520 s.); Ş.İbrahimov. "Parazitı i
bolezni rıb Kaspiyskoqo morə" ( Bak:, Elm, 396 s.); T.Kərimov və b. "Azərbaycanın
mühüm ornitoloji əraziləri" (Bakı:
Victori, 447 s.); Q.Mustafayev, İ.Babayev "Quşların
qorunması" (Bakı: Elm 255 s.) və s.
Ötən il ərzində
Bölmə elmi müəssisələrinin əməkdaşları
tətəfindən 10 patent (1 - biologiya və 9 - tibb üzrə)
alınmış, 18 patentin verilməsi üçün iddia
sənədləri hazırlanmışdır (6 - biologiya və
12 - tibb üzrə), xaricdən 1 patent (tibb üzrə)
alınmışdır (cədvəl 4).
Hesabat
dövründə "Azərbaycan MEA-nın Xəbərləri
(biologiya və tibb elmləri)" jurnalının 2 nömrəsi
(¹ 1 və ¹ 2) nəşr üçün
hazırlanmış və çapdan
çıxmışdır. AMEA-nın internet saytında yerləşdirilmiş
jurnallarda biologiya və tibb elmlərinin müxtəlif sahələrinə
aid 48 elmi məqalə dərc edilmiş, konfranslar və
yubileylər haqqında məlumatlar dərc edilmişdir.
2012-ci
ildə BTEB-in tərkibində AMEA-nın 8 həqiqi (3 -
biologiya, 5 - tibb) və 16 müxbir üzvü (11 - biologiya, 5 -
tibb) AMEA-nın və Səhiyyə Nazirliyinin elmi müəssisələrində
fəaliyyət göstərmişlər. Bölmənin elmi
müəssisələrində 8238 əməkdaş (onlardan
3014 elmi işçi), müvafiq olaraq biologiya elmləri sahəsində
1012 əməkdaş (459 elmi işçi) və tibb elmləri
sahəsində 7226 əməkdaş (2555 elmi işçi)
çalışmışdır. Bölmənin
elmi müəssisələrində hesabat ilində 310 elmlər
doktoru (45 - biologiya üzrə, 265 - tibb üzrə) və 1473
fəlsəfə doktoru (228 biologiya üzrə, 1245 - tibb
üzrə) elmin və tədrisin müxtəlif sahələri
üzrə və elmi problemlərin həllində iştirak
etmişlər (cədvəl 5).
AMEA-nın
və Səhiyyə Nazirliyinin doktoranturalarında BTEB elmi
müəssisələrinin 39 doktorantı əyani və 15 nəfəri
qiyabi təhsilini davam etdirmişlər. 2012-ci ildə 16 əyani
və 10 qiyabi yerə qəbul olunanların sayı müvafiq
olaraq, biologiya üzrə 7 əyani və 5 qiyabi, tibb üzrə
9 əyani və 5 qiyabi təşkil
edir. Bölmənin 9 doktorantının təhsil müddəti
başa çatmışdır. BTEB elmi müəssisələrində
hesabat ilində 12 elmlər doktoru (biologiya üzrə 4, tibb
üzrə 8) və 78 fəlsəfə doktoru (biologiya üzrə
18, tibb üzrə 60) dissertasiya müdafiə etmişlər.
182 dissertant (biologiya üzrə 42, tibb üzrə 140)
dissertasiya mövzuları üzərində tədqiqatlarını
davam etdirmişlər (cədvəl 6).
2012-ci
ildə BTEB elmi müəssisələrinin 120-dən artıq
alimi 55 qrant layihəsində iştirak etmişlər. Nəticədə AR Elmin İnkişaf Fondu, Ukrayna
Elm və Texnologiyalar Mərkəzi, Alman Texnoloji Əməkdaşlıq
Təşkilatı, İsveç Elm Fondu, BP şirkəti,
Avropa Birliyi və s. fondlar tərəfindən 39 qrant (biologiya
üzrə 28, tibb üzrə 11) əldə edilmiş,
2.084.453 man. (biologiya üzrə 850.068 man., tibb üzrə
1.234.385 man.) vəsait hesabına tədqiqatlar maliyyələşdirilmişdir
(cədvəl 7). Qeyd olunmalıdır ki, ötən
ildə Bölmənin elmi müəssisələri ilə Azərbaycan
Tibb Universitetinin birgə qrantı əsasında Transmission
Elektron Mikroskopu, ona əlavə olunmuş köməkçi
cihaz, avadanlıq və materiallar alınaraq müvafiq
firmaların mütəxəssisləri tərəfindən
quraşdırılmış və hazırda fəaliyyət
göstərir. Bu tədbir respublikada nəsli kəsilməkdə
olan flora və fauna nümunələrinin anatomik-morfoloji
xüsusiyyətləri, bitkilərin məhsuldarlığının
molekulyar-genetik əsasları, transgen mənşəli məhsulların
insan sağlamlığına təsiri haqqında
informasiyaların, insanlarda bədxassəli şişlərin əmələ
gəlməsi və s. xəstəliklərin müasir səviyyədə
tədqiqinə imkan yaratmışdır.
Hesabat
ilində BTEB elmi müəssisələrinin sədrliyi və
təşkilatçılığı ilə 12 respublika və
beynəlxalq konfrans, seminar və yubiley iclasları
keçirilmişdir. Bunlardan
aşağıdakıları qeyd etmək olar: 2012-ci il iyun
ayında Botanika İnstitutunda Fransanın İNRA Mərkəzindən
professor Bruno Gronenborn və
doktor Axmed Keyr, Almaniya DSMZ mərkəzindən Stefan Vinterin ilə
birgə "Bitkilərdə virus xəstəliklərinin
DAS-ELISA metodu ilə molekulyar diaqnostikası və
identifikasiyası" respublika elmi-praktiki konfransı (90 nəfər),
yenə həmin institutda Herbari Fondunun təkmilləşdirilməsi
və 75 illiyi ilə əlaqədar respublika seminarı (100 nəfər)
keçirilmişdir.
Fiziologiya
İnstitutunda REA-nın institutlarının (İnstitut
Bioloqii razvitiə RAN, Moskva, İnstitut Fizioloqii, Sankt-Peterburq) əməkdaşları
ilə birgə "Stres amillərinin orqanizmə təsiri"
mövzusunda beynəlxalq elmi-metodik seminar keçirilmişdir.
Seminarda respublikadan və xarici ölkələrdən 70 alim
iştirak etmişdir.
Hesabat
ilində Bölmənin əməkdaşları bir sıra
beynəlxalq və respublika səviyyəli elmi
yığıncaqlarda məruzə ilə iştirak etmişlər:
"Yeni hüceyrələr, yeni vaksinləri
bazara doğru" beynəlxalq simpoziumu (iyun, ABŞ, Vilminqton
ş. (b.ü.f.d. F.Quliyeva), "Floranın biomüxtəlifliyinin
qorunmasında introduksiyanın rolu" beynəlxalq
konfransı, Rusiya, Yaroslavl (b.ü.f.d. C.Nəcəfova,
b.ü.f.d. A.Hüseynova), "Dünya florasının bioloji
müxtəlifliyinin qorunmasında və istifadəsində
introduksiya üsulları", Belarus MEA Mərkəzi Botanika
Bağı (b.ü.f.d. E.Əliyev), "Dağ ekosistemləri
və onların komponentləri" beynəlxalq konfransı,
Abxaz Dövlət Universiteti, Nalçik (b.ü.f.d. V.Fərzəliyev). B.ü.e.d. Ş.İbrahimov
Türksoya üzv olan dövlətlərin YUNESKO üzrə
milli konfransında (Qazaxıstan, Astana), Zoologiya İnstitutunun
4 əməkdaşı "Qafqazın və Rusiyanın cənubunun
bioloji müxtəlifliyi" XIV beynəlxalq konfransında
(Dağıstan, Mahaçqala), b.ü.e.d. Ş.Topçiyeva
"WSEAS: Riyazi metodlar və ekologiya" beynəlxalq
konfransında (İtaliya, Siciliya), b.ü.e.d. N.Mirzəyeva
"Dağların ekosistemləri və onların komponentləri"
beynəlxalq konfransında (Gürcüstan, Suxumi) məruzələrlə
çıxışlar etmiş, xarici ölkələrin
alimləri ilə sıx əlaqələr yaratmışlar.
Fiziologiya İnstitutunun əməkdaşları "Neyroelm
tibb və psixologiya üçün" beynəlxalq konqresində
(Ukrayna, Krım), "The XIX International simpozium on Hiqh Power
Systems and Applications" II beynəlxalq fənlərarası
konfransında (Türkiyə, İstanbul) məruzə ilə
çıxış etmişlər. Mərdəkan
Dendrarisinin əməkdaşları "Biomüxtəlifliyin
qorunması və turizm" beynəlxalq konqresində
(Türkiyə), Avropa üzrə Beynəlxalq Botanika
bağlarının VI konqresində (Yunanıstan), "Botanika
bağları və dendroparkların landşaft
arxitekturası" beynəlxalq konfransında (Rusiya, Moskva),
"Aralıq dənizi ölkələrinin təbii
florası və biomüxtəlifliyi" beynəlxalq
konfransında (Çexiya) məruzələrlə iştirak
etmişlər.
Hesabat
ilində tanınmış alimlərin yubileyləri ilə əlaqədar
AMEA Rəyasət Heyətində, Bölmədə, elmi
müəssisələrin elmi şuralarında iclaslar və
elmi sessiyalar keçirilmiş (m.ü. G.Əbdürrəhmanov -
100, akad. R.Rəhimov - 90, akad. H.Həsənov - 80, m.ü.
N.Feyzullayev - 80, m.ü. N.Qarayeva - 80, m.ü. İ.Əzizov - 60, b.ü.f.d. Z.Cəfərova -
80, b.ü.e.d. F.Əsgərov
- 75, b.ü.e.d. R.Ağabəyli - 70, b.ü.e.d. E.Novruzov - 70,
b.ü.e.d. S.Süleymanov - 60 və s.), elmi fəaliyyətini
davam etdirən alimlər AMEA-nın Fəxri Fərmanı ilə
təltif edilmişlər.
2012-ci
ildə Biologiya və Tibb Elmləri Bölməsinin və
BTEB-in elmi müəssisələrinin elmi şuraları ilə
birgə 11 büro iclası keçirilmiş, AMEA Rəyasət
Heyətinin, dövlət qurumlarının qərar, sərəncam
və məktubları müzakirə edilmiş və icra
üçün müvafiq elmi idarələrə göndərilmişdir. Həmçinin
elmi müəssisələrin elmi-tədqiqat planları nəzərdən
keçirilmiş, hesabatları dinlənilmiş, Bölməyə
təqdim olunan monoqrafiyalar, biblioqrafik göstəricilər, məqalələr
toplusu, konfrans materialları müzakirə edilərək
çapa təqdim olunmuşdur. Büro
iclaslarında doktorantların attestasiyası, yeni qəbulun vəziyyəti,
müəssisələrdə elmi işçilərin yeni vəzifələrə
seçilməsi, şöbə və laboratoriya müdirlərinin
təyin edilməsi, yaxud çalışma müddətinin
uzadılması və s. haqqında təşkilatların elmi
şuralarının vəsatətləri baxılaraq
müzakirə üçün AMEA Rəyasət Heyətinə
təqdim edilmişdir. Həmçinin hesabat
dövründə elmi konfransların keçirilməsi, elmi
müəssisələrdə müəyyən struktur dəyişiklikləri,
yubiley və təltif haqqında vəsatətlər və s.
məsələlər də BTEB bürosunun müzakirə
obyekti olmuş, AMEA Rəyasət Heyəti üçün
müvafiq qərar layihələri
hazırlanmışdır.
BTEB-in
tərkibindəki Biologiya elmləri üzrə və Tibb elmləri
üzrə problem şuralarının 2012-ci il üzrə
elmi-tədqiqat planları müzakirə edilmiş, elmi idarələr
tərəfindən təqdim olunmuş mühüm nəticələr
BTEB-in illik hesabatına daxil edilmişdir. Bölmənin
fəaliyyətində Azərbaycan Botaniklər Cəmiyyəti
(katib b.ü.f.d. V.Xəlilov), Azərbaycan Molekulyar
Bioloqlar və Biokimyaçılar Cəmiyyəti (ak. C.Əliyev),
Azərbaycan Bitki Fizioloqları Cəmiyyəti (m. ü. İ.Əzizov),
Azərbaycan Zooloqlar Cəmiyyəti (sədr müavini m.ü.
İ.Ələkbərov), Azərbaycan Fizioloqlar Cəmiyyəti
(m.ü. T.Ağayev), Azərbaycan Mikrobioloqlar Cəmiyyətinin
(ak. M.Salmanov) elmi və təşkilati məsələləri
mühüm yer tutur.
Azərbaycan
MEA Rəyasət Heyətinin "Biologiya Elmləri Bölməsinin
2011-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin
yekunları haqqında" 27 yanvar 2012-ci il tarixli 4/1 ¹-li qərarı
ilə Biologiya Elmləri Bölməsinə və onun elmi
müəssisələrinə verilən tapşırıqlar
ilin əvvəlində Bölmədə müzakirə edilmişdir.
Hesabat ili ərzində və əvvəllər
alınmış müasir avadanlıq və cihazlar, o cümlədən
Transmission Elektron Mikroskopu quraşdırılmış və
istifadəyə verilmişdir. Elmi müəssisələr
2013-cü il üzrə kompleks işlər planlaşdırırlar. Zoologiya
İnstitutu 2012-ci ildə Azərbaycan heyvanlar aləminin
"Qırmızı kitabı"nı hazırlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
çap üçün təqdim etmişdir. Fiziologiya
və Mikrobiologiya institutları respublikanın və xarici
ölkələrin müvafiq profilli elmi mərkəzləri
ilə, müştərək elmi tədqiqat işləri,
elmi əsərlərin mübadiləsi, beynəlxalq elmi
yığıncaqlarda iştirak üzrə Rusiya
Federasiyası, İran İslam Respublikası, Türkiyə və
bəzi MDB ölkələri ilə əlaqələri
genişləndirmişlər.
***
Hesabatla bağlı
müzakirələrdə iştirak edən akademiklər Akif Əlizadə, Arif Həşimov, Vaqif Fərzəliyev,
AMEA-nın müxbir üzvləri İlham Ələkbərov,
İradə Hüseynova, AMEA Botanika İnstitutunun direktoru,
biologiya elmləri doktoru Validə Əlizadə, tibb elmləri
doktoru, professor Eldar Qasımov və Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun icraçı direktoru Elçin
Babayev Bölmənin əməkdaşları tərəfindən
aparılmış tədqiqatların nəticələrini
yüksək qiymətləndirərək illik hesabatı qənaətbəxş
hesab etmişlər.
AMEA Rəyasət Heyəti
Biologiya və Tibb Elmləri Bölməsinin 2012-ci ildəki
elmi və elmi-təşkilati fəaliyyəti haqqında
hesabatını dinlədikdən və müzakirə etdikdən
sonra əldə olunmuş mühüm nəticələrin
AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın
təsdiq olunması haqqında qərar qəbul
etmişdir.
Elm.- 2013.- 27 fevral.-
S.4-5.