GÖRKƏMLİ ALİMİN 79 YAŞI TAMAM OLMUŞDUR

 

Fevralın 25-i Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti səlahiyyətlərini icra edən, Geologiya İnstitutunun direktoru, görkəmli alim, akademik Akif Əlizadənin 79 yaşı tamam olmuşdur.

A.Əlizadə 1934-cü ildə Bakıda anadan olmuşdur. O, gənc yaşlarında elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin dövrdə A.Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri sayılırdı. Alim 1978-ci ildə Geologiya İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur. O, 1980-ci ildə akademiyanın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

A.Əlizadə 1960-cı ildən Ümumittifaq Paleontologiya Cəmiyyətinin üzvü, Qafqaz Regional Stratiqrafiya Komissiyasının sədri, SSRİ EA Biosfer problemləri üzrə elmi şuranın üzvüdür. Akademik 2007-ci ildə AMEA-nın vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Bu il fevralın 21-də isə Rəyasət Heyətinin qərarı ilə AMEA-nın prezidenti səlahiyyətlərinin icrası A.Əlizadəyə həvalə edilmişdir.

Akademik 1970-ci ildə «Fədakar əməyə görə» medalı, 1986-cı ildə isə «Şərəf ordeni», 2004-cü ildə Azərbaycan Respublikasının «Şöhrət», 2008-ci «Şərəf» ordenləri ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi və Azərbaycan Respub­likasının Dövlət Mükafatı Laureatıdır.

Azərbaycan Milli Elmlər Akademiyası və respublika elm ictimaiyyətinin çoxsaylı üzvləri akademiki 79 yaşının tamam olması münasibəti ilə təbrik edir.

 

 

Elm.- 2013.- 27 fevral.- S.3.