Almaniya alimləri Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşlar
Görkəmli alman ziyalısı, Azərbaycanın
yaxın dostu, Osvald von Volkenştayn Gesselşaft Cəmiyyətinin
prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinda Hartman 8 mart -
Beynəlxalq Qadınlar Günündə Azərbaycan
xalqının mədəni və maddi dəyərlərini
qoruyub saxlayan, zəngin ədəbiyyatımızı
dünyaya tanıdan AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində olmuşdur.
Muzeyi ikinci
dəfə ziyarət edən qonaq özü ilə daha bir
alman ziyalısını da gətirmişdi.
Qonaqları
salamlayan AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael
Hüseynov muzeyin ədəbiyyatımızın təbliğində
böyük rol oynadığını bildirmişdir.
Muzeyin ilk dəhlizində
görkəmli Şərq və Qərb klassiklərinin
barelyefləri sırasında Azərbaycan heykəltəraşları
tərəfindən hazırlanmış obraz - dahi alman
şairi İohan Volfqanq Getenin Nizami Gəncəvi haqqında
fikirlərini dinləyən qonaqlar keçirdikləri
qürur hissini gizlətməmiş və muzeydə alman
şairinə göstərilən ehtirama görə minnətdarlıqlarını
ifadə etmişlər.
Muzeyin yenidən
qurulmuş, müasir dünya standartlarına cavab verən
geniş, işıqlı zallarını ziyarət edən
almaniyalı qonaqlar xalqımızın nə qədər zəngin
mədəniyyətə malik olduğunun bir daha şahidi
olmuşlar.
Muzeyin
"Kitabi Dədə Qorqud" dastanına həsr olunmuş
zalında qonaqlara ilk dəfə bu dastanı üzə
çıxaran alman alimi Fon Dits, XII yüzilin görkəmli
şairəsi Məhsəti Gəncəvi
yaradıcılığının tədqiqatçısı
Frits Mayer, alman alimi Barbara Fleminqin Həsənoğlu qəzəlini
aşkara çıxarması, "Gəncəli
müdrik" Mirzə Şəfi Vazehin alman şərqşünası
Fridrix Bodenşdedtlə dostluğu haqqında ətraflı məlumat
verilmişdir.
Azərbaycanın
hazırda dünya arenasındakı nüfuzundan, mədəniyyət
sahəsindəki nailiyyətlərindən söz açan Ziqlinda
Hartman Avropa oxucusuna Şah İsmayıl Xətainin bir şair
kimi daha geniş miqyasda tanıdılmasının, Azərbaycan
ədəbiyyatı nümunələrinin Avropa dillərinə
tərcüməsi istiqamətində daha çox işlərin
görülməsinin zəruriliyini bildirmişdir.
Sonda
Z.Hartman muzeyin "Rəy kitabında" təəssüratlarını
qeyd etmişdir.
Qonaqlara
muzeyin nəşr etdirdiyi yeni kitablar hədiyyə
olunmuşdur.
Sevinc PAŞAYEVA
Elm.- 2013.- 15 mart.- S.5.