Bakıda
Üçüncü Beynəlxalq "Muğam aləmi" elmi
simpoziumu işə başlamışdır
Martın 12-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində
"Muğam aləmi" Üçüncü Beynəlxalq
Muğam Festivalı çərçivəsində
Üçüncü Beynəlxalq "Muğam aləmi"
elmi simpoziumu işə başlamışdır.
Tədbirdə
Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin səlahiyyətlərini
icra edən, akademik Akif Əlizadə çıxış edərək
Heydər Əliyev Mərkəzində "Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam Festivalının
təntənəli açılış mərasiminin
keçirildiyini xatırlatmışdır.
A.Əlizadə
demişdir ki, açılış mərasimində Beynəlxalq
festivalın prezidenti, Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın nitqi bu
möhtəşəm tədbirin uğurla keçməsinə
stimul verən başlıca amil olmuşdur.
Natiq
vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin
milli mənəvi dəyərlərimizə göstərdiyi
diqqət və qayğı bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Akademik diqqətə
çatdırmışdır ki, Azərbaycan xalqının
musiqiyə, xüsusilə muğama olan sevgisi bütün
dünyaya məlumdur. Muğamın UNESCO tərəfindən
yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın
birinci xanımının onun inkişafına böyük
töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir.
UNESCO səviyyəsində
keçirilən simpoziumun tarixi əhəmiyyətindən
danışan Akif Əlizadə tədbiri açıq elan
etmişdir.
Simpoziumda
çıxış edən təhsil naziri Misir Mərdanov
demişdir ki, bu beynəlxalq festival təkcə muğam mədəniyyətini
deyil, eyni zamanda, musiqi təhsili, musiqi elmi, muğamların tədris
olunması, qorunması və varisliyi, ifaçılıq sənəti,
gənc muğamşünas və ifaçı kadrların
hazırlanması, xalqlar arasında beynəlxalq mədəni
inteqrasiya və əlaqələrin genişlənməsi kimi
müasir, vacib və aktual olan məsələləri də
özündə ehtiva edir. Bütün bunların
hamısı festivalın proqramları çərçivəsində
uğurla həyata keçirilir.
Nazir diqqətə
çatdırmışdır ki, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın ideyası və müəllifi
olduğu muğam layihələri Azərbaycan muğam mədəniyyətinin
müxtəlif istiqamətlərdə inkişaf etməsinə,
dünya miqyasında təbliğinə, onun elmi problemlərinin
tədqiqinə, muğamların müasir ali musiqi məktəblərində
tədrisinə, muğam mədəniyyətinə mütəxəssis
marağının artmasına səbəb olmuşdur. Nəticə
etibarilə muğamın tədrisində, elmi cəhətdən
öyrənilməsində, muğam
ifaçılığında, onun bəşəri mədəni
dəyər kimi təbliğ olunmasında yeni və
mühüm nailiyyətlər qazanılmışdır.
M.Mərdanov
demişdir ki, Azərbaycanın müasir mədəniyyət
həyatında mühüm hadisə olan muğam festivalları
beynəlxalq mədəniyyət, elm və təhsil sistemində
ən yaxşı və ən maraqlı ənənələr
sırasında dayanır və mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilir. İndiyədək
keçirilən və bu gün də davam etdirilən
muğam festivallarının nailiyyətləri və nəticələri
müasir dünyanın müxtəlif ölkələrində
geniş beynəlxalq marağa səbəb olmuşdur. Bu
nailiyyətlərə və nəticələrə
dünyanın ən nüfuzlu mədəniyyət, elm və
təhsil təşkilatları, görkəmli mədəniyyət,
təhsil və elm mütəxəssisləri tərəfindən
böyük əhəmiyyət verilir. Hamılıqla sevinirik
ki, bu festival beynəlxalq musiqi, elm, təhsil ictimaiyyəti tərəfindən
çox dəyərləndirilən irimiqyaslı mədəniyyət
layihəsi kimi böyük şöhrət və nüfuz
qazanmışdır.
Bildirilmişdir
ki, qədim tarixə və zəngin ənənələrə
malik olan, UNESCO tərəfindən bəşəriyyətin mədəni
irsinə daxil edilən, dünyanın müxtəlif
xalqları tərəfindən sevilən muğam sənətinin
tədrisə daxil edilməsi Azərbaycanda müasir təhsil
siyasətinin nailiyyətlərindən biridir. Əsas məqsəd
gənclərdə bütün xalqların mədəniyyətinə
və milli dəyərlərinə humanist münasibət
formalaşdırmaqdan, onlara bu sahədə bilik və
informasiya verməkdən, nəhayət, müasir tələblərə
cavab verən mütəxəssis hazırlığını
həyata keçirməkdən ibarətdir.
Ölkəmizdə
musiqi təhsilinin 3 pillədə həyata keçirildiyini söyləyən
Misir Mərdanov vurğulamışdır ki, son illər Təhsil
Nazirliyi Azərbaycan Milli Konservatoriyası və onun nəzdində
fəaliyyət göstərən musiqi kolleci ilə birgə
respublika muğam müsabiqələri keçirir. Bu muğam
müsabiqələri milli musiqi təhsilini daha da inkişaf
etdirmək, muğam ifaçılığı sahəsində
yeni istedadlı gəncləri aşkar etmək, gənclərin
professional ifaçı kimi formalaşmasına nail olmaq məqsədi
daşıyır.
Son illər
ölkəmizdə muğam təhsili sahəsində baş
verən daha bir yeniliyi diqqətə çatdıran təhsil
naziri demişdir ki, ali musiqi məktəblərinin magistratura
pilləsində muğamşünaslıq ixtisası üzrə
mütəxəssis hazırlığına
başlanılmışdır.
Muğamın
xalqımızın mənəvi dünyasının, milli
ruhunun əsas ifadə vasitələrindən biri olduğunu
söyləyən mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev demişdir ki, muğam
keçmişlə bu gün arasında, Azərbaycan ilə
dünya xalqlarının mədəniyyəti arasında mənəvi
körpüdür. Təsadüfi deyildir ki, Azərbaycan
muğamı 2003-cü ildə bəşəriyyətin
şifahi və qeyri-maddi şah əsərləri siyahısına
daxil edilmişdir. Bununla əlaqədar olaraq 2006-cı ildə
UNESCO ilə Azərbaycan hökuməti arasında saziş
imzalanmış və bu saziş əsasında Heydər Əliyev
Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və UNESCO tərəfindən "Əbədi
muğam" layihəsi uğurla həyata
keçirilmişdir.
Muğam sənətinin
müxtəlif mədəniyyətlər arasında dialoq
musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi
irsi kimi qorunmasında Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır. Məhz
onun fəaliyyətinin nəticəsi olaraq artıq
üçüncü dəfədir ki, ölkəmizdə
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı
keçirilir. Bu tədbir dünya miqyasında muğam
ifaçılarının, muğamsevərlərin və
xüsusilə bu musiqiyə həyatını həsr
etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini
formalaşdıra bilmişdir.
Nazir
müavini vurğulamışdır ki, builki festival və
simpoziuma əvvəlkilərdən daha çox, təqribən
24 ölkədən iştirakçı
qatılmışdır. Bu fakt muğam sənətinə və
festivalına ildən-ilə artan marağın göstəricisidir.
Ə.Vəliyev
demişdir: "Hələ 1971-ci ildə UNESCO 50 albomdan ibarət
olan "Dünya ənənəvi musiqisinin
antologiyası" kolleksiyasına "Şərqin musiqi
antologiyası" seriyasında çıxan "Azərbaycan
musiqisi" plastikasını daxil etmişdir. 1975-ci ildə isə
Azərbaycan muğamları UNESCO tərəfindən
"Musiqi mənbələri" seriyasında
buraxılmışdır. Ötən əsrin 70-ci illərində
ulu öndər Heydər Əliyevin himayəsi ilə
başlanan muğam sənətinin inkişafı XXI əsrdə
Prezident İlham Əliyevin dəstəyi ilə
özünün ən yüksək inkişaf mərhələsini
yaşamaqdadır".
Ötən
il ölkəmizin UNESCO ilə əlaqələrinin
qurulmasının 20 illiyinin qeyd olunmasını diqqətə
çatdıran natiq bildirmişdir ki, bu müddətdə Azərbaycan
dövləti xalqın milli mənəvi dəyərlərini
özündə ehtiva etdirən qeyri-maddi irs nümunələrinin
mühafizəsi və təbliği sahəsində UNESCO ilə
sıx əməkdaşlıq münasibətləri
qurmuşdur.
Bildirilmişdir
ki, muğam sənətindən sonra 2009-cu ildə Azərbaycanın
aşıq sənəti və beynəlmiləl Qeyri-maddi mədəni
irs nümunəsi kimi Novruz bayramı, 2010-cu ildə
xalçaçılıq sənəti, 2012-ci ildə isə
tar ifaçılığı sənəti UNESCO-nun
Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil
edilmişdir. Bu, UNESCO ilə əməkdaşlığın
bariz göstəricisidir.
Vurğulanmışdır
ki, muğam sənəti UNESCO səviyyəsində xalqın
milli-mədəni irsinin qorunması hərəkatının
başlanğıcında ilk addım olsa da, digər irs
nümunələrinin də bu prosesə qoşulmasında
mühüm rol oynamışdır.
Nazir
müavini əminliklə bildirmişdir ki, bugünkü
simpoziumda muğam musiqisi elmi cəhətdən müzakirə
olunmaqla yanaşı, onun mədəniyyətləri,
xalqları birləşdirən xüsusiyyətləri bir daha
təsdiqini tapacaq, muğamın bizi valeh edən yeni
xüsusiyyətləri üzə çıxacaqdır.
İştirakçıları
Azərbaycan dilində salamlayan UNESCO-nun Ənənəvi
Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM)
nümayəndəsi Jan Dürinq tədbirin böyük əhəmiyyət
daşıdığını söyləmişdir. Qonaq
demişdir ki, bir neçə dildə çap edilmiş
simpozium materialları hər bir iştirakçıya
müzakirələrdə yaxından iştirak etmək
imkanı yaradacaqdır.
Muğamın
spesifik bir musiqi növü olduğunu söylənən
J.Dürinq demişdir ki, bu musiqi xalqların birləşməsinə,
yaxınlaşmasına xidmət edir. Bu da özlüyündə
muğamın əlçatmazlığından, bəşəriliyindən
xəbər verir.
Azərbaycan
xalqının musiqiyə, xüsusilə muğama olan
sevgisinin bütün dünyaya məlum olduğunu söyləyən
UNESCO-nun nümayəndəsi, festivalın bütün təşkilatçılarına
minnətdarlığını bildirmişdir.
Ənənəvi
olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq
muğam festivalının böyük maraq doğurduğunu
söyləyən Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə
demişdir ki, milli musiqimizin təbliğində belə tədbirlərin
mühüm rolu vardır.
"Muğam
aləmi" Üçüncü Beynəlxalq Muğam
Festivalının artıq 4 gündür ki, davam etdiyini diqqətə
çatdıran Xalq Artisti bildirmişdir ki, bu möhtəşəm
musiqi bayramı təkcə paytaxt Bakıda deyil, bu gün Azərbaycanın
bütün bölgələrində geniş şəkildə
qeyd olunmaqdadır.
Hər il
simpoziumun mövzu baxımından zənginləşdiyini
söyləyən F.Əlizadə demişdir ki, bu da
özlüyündə musiqiyə, xüsusilə də
muğamların tədqiq və təbliğinə olan
böyük maraqdan irəli gəlir. Simpoziuma təqdim olunan məruzələr
muğamın geniş təhlilini, onun dünyanın
aparıcı musiqişünas alimlərinin diqqət mərkəzində
olmasını göstərir. Bu da özlüyündə
müxtəlif xalqlara məxsus muğam
ifaçılığının yaxınlığından,
qohumluğundan xəbər verir. Bütün bunlar deməyə
əsas verir ki, muğam bəşəridir, əlçatmazdır,
onun fəzası sonsuzdur.
Üçüncü
Beynəlxalq "Muğam aləmi" elmi simpoziumunun
böyük maraq doğuracağını söyləyən
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
demişdir ki, burada təkcə alimlərlə yanaşı,
ifaçıların da çıxışları dinləniləcəkdir.
Bir sözlə, nəzəriyyə ilə praktikanın vəhdəti
özünü göstərəcəkdir.
Bildirilmişdir
ki, muğam festivalı çərçivəsində təşkil
edilən üç mühüm tədbirin hər biri
ayrı-ayrılıqda iştirakçıların
marağına səbəb olacaqdır. Festival günlərində
Azərbaycan və dünya alimlərinin iştirakı ilə
Beynəlxalq muğam simpoziumu, 35 yaşadək muğam
ifaçılarının müsabiqəsi və şəhərimizin
əsas səhnə salonlarında yerli və xarici ölkələri
təmsil edən ifaçıların iştirakı ilə
konsertlər təşkil olunur.
Budəfəki
muğam müsabiqəsinin böyük maraq
doğuracağını bildirən Firəngiz Əlizadə
demişdir ki, burada təkcə xanəndələr deyil, həm
də milli alətlərin ifaçıları da öz məharətlərini
nümayiş etdirəcəklər.
Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan, bu gün düşmən
tapdağı altında inləyən Qarabağın zəngin
musiqi ənənələrinin bu gün də
yaşadıldığını söyləyən Firəngiz
Əlizadə demişdir ki, hazırda festival çərçivəsində
təşkil edilmiş silsilə konsertlərdə bu doğma
yurdun 11-12 yaşlı xanəndələri çox böyük
uğurla çıxış edirlər. Artıq
Qarabağın işğalından 20 ildən çox vaxt
keçir. Bu balaca ifaçılar heç ata-baba
torpaqları - Qarabağın üzünü də görməyiblər.
Amma genetik kod onların qanında, düşüncə tərzində,
ifaçılıq məharətində özünü
çox aydın şəkildə göstərməkdədir.
Bu, bir daha göstərir ki, nəsillər dəyişsə də,
məşhur Qarabağ xanəndələrinin
yaratdıqları ənənələr dünya durduqca
yaşayacaqdır.
Simpoziumun
açılış mərasiminə həsr edilmiş tədbirə
yekun vuran Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin səlahiyyətlərini
icra edən, akademik Akif Əlizadə
vurğulamışdır ki, sorağı dünyanın ən
müxtəlif guşələrindən gələn bu nəhəng
mədəniyyət hadisəsi bizi daim qürurlandırır.
Sonra elmi
simpozium öz işini bölmə iclaslarında davam
etdirmişdir.
Firəngiz
Əlizadənin və UNESCO-nun nümayəndəsi Jan
Dürinqin sədrlik etdikləri "Azərbaycan
muğamlarında və Şərqin oxşar ənənəvi
janrlarında musiqi alətlərinin rolu" mövzusunda
iclasda, ümumilikdə, 5 məruzə dinlənilmişdir.
İclasda
almaniyalı alim Elsner Yurgenin "Muğam-reallıq və ümumiləşdirmələr",
yaponiyalı professor Geniçi Tsugen "Yapon qaqakusu və qədim
uyğur musiqisi bir-biri ilə əlaqəlidirmi?",
qazaxıstanlı tədqiqatçı Saida Yelemanovanın
"Qazax şifahi ənənəli professional musiqisinin
vokal-instrumental spesifikasının öyrənilməsi problemi
və bəzi tipoloji cəhətləri", tunisli tədqiqatçı
Mahmud Gettatın "Tunis maalufunda Nuba: morfoloji orqanoloji
yanaşma" və türkiyəli alimlər - Rəcəb
Uslu, Burçin Uçaner və Əmrah Hatipoğlunun birgə
işi olan "Türkiyə sufi musiqisində məqamlar və
alətlər" mövzularında məruzələr təqdim
edilmişdir.
AMEA-nın
Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi
Kamal Abdullayevin sədrlik etdiyi "Azərbaycan muğam dəstgahlarının
müqayisəli təhlili" mövzusunda iclasda, ümumilikdə,
7 məruzə dinlənilmişdir.
İclasda
azərbaycanlı alimlər Zemfira Səfərovanın
"Musiqi məcəlləsi" (XV əsr) və
"Vüzuhül-əqram" (XIX əsr) risalələrində
muğam və musiqi alətlərinin rolu və onlar
haqqında dini baxışlar", Rəna Məmmədovanın
"Makom formalarında struktur prinsiplərinin vahidliyinə
dair", Əfsanə Babayevanın "Muğam və islam
dini mərasimlərinin struktur və informasiya əlaqələri",
Afaq Hüseynovanın "Azərbaycan muğamı:
müqayisəli aspektləri", Ülkər Talıbzadənin
"Azərbaycan muğamına dövlət
qayğısı", Sehranə Kasiminin "Şərq
musiqi alətlərinin təkamül yolu" və Teymur Kərimlinin
"Klassik Azərbaycan ədəbiyyatında musiqi alətlərinin
bədii təqdimi" mövzularında məruzələri
maraqla qarşılanmışdır.
Alimlər
araşdırdıqları məsələləri əyani
vasitələrlə diqqətə
çatdırmışlar.
***
Martın
13-də simpozium işini Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) "Azərbaycan muğamlarında və
Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin
rolu" mövzusunda iclasla davam etdirmişdir.
"Muğam
aləmi" Üçüncü Beynəlxalq Muğam
Festivalının bədii rəhbəri, ABİ-nin sədri,
Xalq Artisti, Firəngiz Əlizadənin və almaniyalı alim
Elsner Yurgenin sədrlik etdikləri iclasda ümumilikdə 6 məruzə
dinlənilmişdir.
"Muğam
aləmi" Üçüncü Beynəlxalq Muğam
Festivalı çərçivəsində reallaşan tədbirlərdən
söz açan Firəngiz Əlizadə simpoziuma
qatılmış alimlərin məruzələrini nəzəriyyə
ilə praktikanın vəhdəti kimi dəyərləndirmişdir.
İclasda
azərbaycanlı alimlər Səadət Abdullayevanın
"Azərbaycan instrumental muğam
ifaçılığı-ənənələrin varisliyi
kontekstində", Seyran Qafarovun "Azərbaycanın nəfəsli
musiqi aləti ney: tarixi retrospektivi və xüsusiyyətləri",
Abbasqulu Nəcəfzadənin "Muğam
İfaçılığında nəfəs
çalğı alətlərinin müxtəlifliyi",
UNESCO-nun nümayəndəsi Jan Dürinqin "Mərkəzi
Asiyanın maqam musiqisində vokal-instrumental münasibət. Əsas
məsələlərin şərhi", türkiyəli tədqiqatçı
Murat Səlim Tokaçın "Türk maqam musiqisində ney
və tənbur alətlərinin rolu və az istifadə olunan
məqamlar" və özbəkistanlı alim Rövşən
Yunusovun "Buxara Şaşmakomunun instrumental hissələrinin
ansambl ifası haqqında" məruzələri təqdim
edilmişdir.
Məruzələrdə
Azərbaycan muğamlarının özünəməxsus
üslubu, dünya xalqlarını valeh edən bu musiqi
növünün fəlsəfəsi, digər millətlərə
məxsus muğamların xüsusiyyətləri geniş
şəkildə şərh olunmuşdur.
Günün
ikinci yarısında davam etdirilən iclasda isə Azərbaycan,
Hindistan, Kanada, Qazaxıstan və Tacikistan alimləri əsasən
milli alətlərin xüsusiyyətlərindən bəhs edən
məruzələrlə çıxış etmişlər.
İclasda
"Uyğur muğamı və instrumental ənənə",
"Hind raqalarının sitarda ifası: meyllər və
xüsusiyyətlər", "Azərbaycan tarının
milli özəlliyinin yaranmasında saz alətinin tarixi rolu
haqqında", "Şaşmakom və tənbur: musiqinin və
alətin həmahəngliyi problemi haqqında" və
"Azərbaycan muğam dəstgahı Şərq musiqi alətlərinin
müqayisəli öyrənilməsi üçün konseptual
əsas kimi" mövzularında təqdim olunan məruzələrdə
alimlərin araşdırdıqları məsələlər
əyani vasitələrlə diqqətə
çatdırılmışdır.
Simpozium
işini martın 15-də yekunlaşdıracaqdır.
AzərTAc
Elm.- 2013.- 15 mart.- S.3.