AMEA Naxçıvan Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat

 

Yanvarın 31-də AMEA Rəyasət Heyətinin Naxçıvan Bölməsinin 2012-ci il üçün hesabatına həsr olunmuş iclası keçirilmişdir.

İclasa Naxçıvan Bölməsinin  elmi müəssisə və digər təşkilatlarının direktorları, direktor müavinləri, elmi katiblər, Bölmə üzrə mühüm nəticələrin icraçıları və əlaqədar təşkilatların nümayəndələri dəvət olunmuşdular.

Tədbir iştirakçıları əvvəlcə iclas zalının foyesində Bölmə institutlarının hesabat ilində əldə etdikləri elmi nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.

İclasda AMEA Naxçıvan Bölməsinin akademik-katibi, akademik İsmayıl Hacıyev Bölmə institutlarının 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir (Məruzəni diqqətinizə təqdim edirik).

 

Azərbaycan Respublikası Prezidentinin "İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında" 2006-cı il 26 oktyabr tarixli 472 nömrəli fərmanının və Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 06 yanvar 2012-ci il tarixli məktubunun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti "Azərbaycan Respublikası   Prezidentinin 2011-ci ildə imzalanan fərman və sərəncamları ilə AMEA-ya tapşırılmış vəzifələrin icrası haqqında" 12 yanvar 2012-ci il tarixli 04 nömrəli sərəncam imzalamışdır. Qeyd olunan göstərişə əsasən Azərbaycan Respublikası Prezidentinin 2011-ci ildə imzalanmış fərman və sərəncamları ilə AMEA-nın Naxçıvan Bölməsinə tapşırılmış vəzifələrin icrası haqqında məlumat hazırlanmış, o cümlədən Bölmənin iştirakı nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqları 2012-ci ildə vaxtında və tam icra olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 19 dekabr 2011-ci il tarixli 546 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 22 dekabr 2011-ci il tarixli 02/03-260-9688 nömrəli məktubuna uyğun olaraq Azərbaycan MEA Rəyasət Heyəti 30 yanvar 2012-ci il tarixli 14 nömrəli sərəncam imzalamışdır. Sərəncama əsasən AMEA Naxçıvan Bölməsinin 2012-ci il dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında xərclər smetası təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidenti 13 fevral 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında" əsasnamənin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 20 fevral 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında" əsasnamənin tələblərindən irəli gələn vəzifələri icra etmək məqsədilə Azərbaycan MEA Naxçıvan Bölməsində müvafiq tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci 16 fevral tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 20 fevral 2012-ci il tarixli 70-04/S ¹-li sərəncam vermişdir. Təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq AMEA Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Universitet və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birgə H.Cavidin 130 illiyi münasibəti ilə "Hüseyn Cavid Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi" (Naxçıvan, 15 oktyabr 2012) mövzusunda simpozium keçirilmişdir.

2012-ci il fevral ayının 28-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların strateji inkişaf istiqamətlərini əks etdirən yeni 2014-2018-ci illər üzrə Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıq vermişdir. Göstərişə əsasən "Azərbaycan Respublikası regionlarının inkişaf istiqamətlərini əks etdirən yeni 2014-2018-ci illər üzrə Dövlət Proqramının layihəsinə daxil edilməsi məqsədilə Azərbaycan MEA Naxçıvan Bölməsində həyata keçirilməsi nəzərdə tutulan tədbirləri təqdim olunmuş formaya uyğun hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 04 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planında Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə alimlik dərəcələrinin verilməsi üzrə ixtisasların "Nomenklaturası"nın YUNESKO-nun və  digər beynəlxalq təşkilatların qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılması, həyata keçirilməsi zəruri məsələlərdən biri kimi müəyyənləşdirilmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2012-ci il tarixli qərarı ilə "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı" təsdiq edilmişdir. İxtisasların təsnifatının müəyyənləşdirilməsi uyğun ixtisaslara görə tədqiqat sahəsini təsbit edən və bunun əsasında müvafiq olaraq fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsini müəyyənləşdirən ixtisas pasportlarının hazırlanması zəruriyyəti yaranmışdır. Bu məqsədlə AMEA-nın Rəyasət Heyəti elm sahələri üzrə ixtisas pasportlarının hazırlanması haqqında 20 may 2012-ci il tarixdə 90 ¹-li sərəncam vermişdir. Həmçinin AMEA-nın Rəyasət Heyəti AMEA-nın elmi müəssisələrinin elmi-tədqiqat istiqamətlərinin, strukturlarının və maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi haqqında 06 mart 2012-ci il tarixli 32 nömrəli sərəncam imzalamışdır. Qeyd olunan sərəncamlara əsasən AMEA Naxçıvan Bölməsində müvafiq elm sahələri üzrə ixtisas pasportları və Bölmə üzrə 2020-ci ilədək elmi-tədqiqat işlərinin istiqaməti haqqında məlumatı hazırlanmış və təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidenti 09 aprel 2012-ci il tarixli 2130 nömrəli "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında" sərəncam imzalamışdır. Buna müvafiq olaraq Azərbaycan MEA Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünün keçirilməsi haqqında tədbirlər planı təsdiq etmişdir. Sərəncam və təsdiq olunmuş Tədbirlər Planını əsas tutaraq AMEA Naxçıvan Bölməsində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü həsr olunmuş "Şuşa şəhərinin Azərbaycan tarixində yeri və rolu (ŞUŞASIZ 20 İL)" (Naxçıvan, 08 may 2012) mövzusunda elmi konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti "Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci 10 aprel tarixli 2150 nömrəli sərəncam imzalamışdır. Müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 17 aprel 2012-ci il tarixli 76-04/S ¹-li sərəncamı ilə "Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı" təsdiq edilmişdir. Sərəncam və təsdiq olunmuş Tədbirlər Planına əsasən AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birgə M.S.Ordubadinin 140 illiyi münasibəti ilə "Məmməd Səid Ordubadi Azərbaycan tarixi roman məktəbinin banisi kimi" (Naxçıvan, 21 sentyabr 2012) mövzusunda elmi konfrans keçirilmiş və "Məmməd Səid Ordubadi: taleyi və sənəti" məqalələr toplusu çap olunmuşdur.

Azərbaycan Respublikası "Büdcə sistemi haqqında" Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2002-ci il tarixli 809 nömrəli fərmanının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 yanvar tarixli 17s və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 02 fevral 2012-ci il tarixli 11s nömrəli sərəncamlarının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 30 yanvar tarixli İ-11 nömrəli və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 06 fevral tarixli İ-13 nömrəli əmrlərinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 aprel 2012-ci il tarixli 02/03-79-2127 nömrəli məktubunun, Azərbaycan MEA Rəyasət Heyəti "AMEA-nın 2013-cü il və sonrakı üç il üçün dövlət büdcə və ictimai büdcə göstəriciləri üzrə layihələrinin tərtib olunması haqqında" 30 aprel 2012-ci il tarixli 69 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan MEA Naxçıvan Bölməsi üzrə 2013-cü il və sonrakı üç il üçün müvafiq məlumat və sənədlər hazırlanaraq təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" 01 avqust 2012-ci il tarixli 171 nömrəli sərəncam imzalamışdır. Dövlət Proqramında AMEA Naxçıvan Bölməsi üzrə qeyd olunan müvafiq bəndlərin 2012-ci il üzrə icrası nəzərə alınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda dəyişikliklər edilməsi haqqında" 28 iyun 2011-ci il tarixli 1577 nömrəli və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) təsdiq edilməsi haqqında" 28 iyun 2011-ci il tarixli 1578 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın icrası haqqında 7 iyul 2011-ci il tarixli 140 nömrəli sərəncam imzalamış. Sərəncama əsasən AMEA Naxçıvan Bölməsinin iştirakı nəzərdə tutulmuş tədbirlərin 2012-ci il üzrə icrası təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin  15 noyabr 2012-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın icrası haqqında 22 noyabr 2011-ci il tarixli 258 nömrəli sərəncam imzalamışdır. Dövlət Proqramında Azərbaycan MEA Naxçıvan Bölməsi üzrə qeyd olunan müvafiq bəndlərin 2012-ci ildə icrası nəzərə alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 25 avqust 2008-ci il tarixli 3004 ¹-li sərəncam imzalamışdır. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2008-ci il tarixdə sərəncam imzalamışdır. Dövlət proqramı üzrə tədbirlər planı nəzərdə tutulmuş, müxtəlif təşkilatlara, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasına və AMEA Naxçıvan Bölməsinə müvafiq tapşırıqlar verilmişdir. Bu məqsədlə AMEA-nın Rəyasət heyəti 08 sentyabr 2008-ci il tarixdə 120 ¹-li sərəncam vermişdir. Qeyd olunan məsələləri həll etmək üçün AMEA Naxçıvan Bölməsində fəaliyyət sahəsi üzrə tədbirlər planı hazırlanmış və müvafiq olaraq 2012-ci ildə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 05 sentyabr tarixli 156 nömrəli fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında 15 mart 2012-ci il tarixli 65 nömrəli qərar qəbul etmişdir. Qərarın icrası Azərbaycan MEA Naxçıvan Bölməsi üzrə doktorant və dissertantların qəbulunda nəzərə alınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyası və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında 07 dekabr 2011-ci il tarixli 198 nömrəli qərar qəbul etmişdir. Qərarda Azərbaycan MEA Naxçıvan Bölməsi üzrə qeyd olunan müvafiq bəndlərin 2012-ci ildə icrası nəzərə alınmışdır.

Azərbaycan  Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1939 nömrəli "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə-ixtisas müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan MEA Rəyasət Heyəti 30 dekabr 2011-ci il tarixli 293 nömrəli sərəncam imzalamışdır. Sərəncamda qeyd olunan məbləğin nəzərə alınmasına baxmayaraq 2012-ci ildə Azərbaycan MEA Naxçıvan Bölməsində əyani təhsil alan doktorant olmadığından icrası təmin olunmamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" 26 yanvar 2012-ci il tarixli 20 nömrəli qərarını və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 06 fevral tarixli 02-36/06 nömrəli məktubunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 07 fevral 2012-ci il tarixli 18 nömrəli qərar imzalamışdır. Qərarda Azərbaycan MEA Naxçıvan Bölməsi üzrə qeyd olunan müvafiq bəndlərin 2012-ci ildə icrası nəzərə alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2012-ci il tarixli 17/963-11/22 ¹-li məktubuna əsasən ərazidə qədim adət və ənənələrə dair nominasiyaların YUNESKO-nun Təcili Qorunma Siyahısına (USL) daxil edilməsi müstəsna əhəmiyyət kəsb edir. Məktubda qeyd edilmiş göstərişə əsasən Azərbaycan MEA Naxçıvan Bölməsi çovgan/çövgan oyunu haqqında məlumatı hazırlamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nda dəyişikliklər edilməsi barədə" 2012-ci il 10 may tarixli 100 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir. Qərarın 2012-ci ildə icrası Azərbaycan MEA Naxçıvan Bölməsinin müvafiq tədqiqat müəssisələrində nəzərə alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 avqust 2012-ci il tarixli 17/3463-11 ¹-li məktubuna əsasən Azərbaycan MEA Rəyasət Heyəti 2012-ci il AMEA-nın elmi müəssisə və digər təşkilatlarında yüksəkixtisaslı elmi kadrların hazırlığı haqqında sərəncam imzalamışdır. Sərəncam əsasında AMEA Naxçıvan Bölməsi üzrə təsdiq olunmuş 2012-ci il üçün qəbul planı nəzərə alınmış və Bölmənin doktoranturasına 5 nəfər fəlsəfə doktoru, 5 nəfər elmlər doktoru qiyabi hazırlığı üzrə qəbul olunmuş, mövzu və rəhbərləri təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın yeni redaksiyada təsdiq olunması haqqında 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli qərar qəbul etmişdir. Buna müvafiq olaraq Azərbaycan MEA Rəyasət Heyəti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 28 noyabr 2012-ci il tarixli 265 nömrəli sərəncam imzalamışdır. Qeyd olunan qərar və sərəncamın icrası Azərbaycan MEA Naxçıvan Bölməsinin kargüzarlıq fəaliyyətlərində nəzərə alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 oktyabr tarixli 17/17/2350-24 nömrəli dərkənarına uyğun olaraq "Naxçıvan şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Brest şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında ticarət-iqtisadi və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş" layihəsini AMEA Naxçıvan Bölməsi müdafiə etmiş və təkliflər təqdim etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri R.Mehdiyevin 13 dekabr 2011-ci il tarixli 99 nömrəli sərəncamı ilə 20 yanvar faciəsinin 22-ci ildönümünün keçirilməsi haqqında xüsusi tədbirlər planı hazırlanmışdır. Planda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar olaraq Azərbaycan MEA Rəyasət Heyəti 21 dekabr 2011-ci il tarixli 23/1 nömrəli qərar vermişdir. Tədbirlər Planında qeyd olunan müvafiq bəndə uyğun olaraq AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş "20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi" (Naxçıvan, 18 yanvar 2012) mövzusunda elmi konfrans keçirilmişdir.

Beləliklə, 2012-ci ildə AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Prezidentinin 15 adda fərman və sərəncamları, Respublika hökumətinin 9 adda sərəncam və qərarları, Azərbaycan MEA Rəyasət Heyətinin isə 25 adda sərəncam və qərarları icra edilmişdir.

Hesabat dövründə Bölmədə 2012-ci il üçün təsdiq edilmiş plana uyğun olaraq 6 elmi istiqamətdə 6 problemi əhatə edən 7 mövzuya daxil olan 34 iş 97 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulan elmi-tədqiqat işlərinin müasir standartlara cavab verəcək keyfiyyətdə aparılmasına xüsusi diqqət yetirilmişdir. Tədqiqatlar 21 şöbə və 8 laboratoriyada 91 elmi işçi və köməkçi heyət tərəfindən yerinə yetirilmişdir. Elmi işçilərdən 5 nəfərin iş yerini dəyişməsi, 1 nəfərin isə məzuniyyətə çıxması ilə əlaqədar olaraq planda nəzərdə tutulan 6 mərhələ üzrə tədqiqat işləri qismən yerinə yetirilmişdir.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda 2012-ci ildə aparılan elmi-tədqiqat işlərinin 1 problem, 1 mövzuya daxil olan 5 iş 14 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Elmi əməkdaşlardan 1 nəfər iş yerini dəyişdiyindən plan üzrə 1 mərhələnin icrası dayandırılmış, 13 mərhələ üzrə tədqiqatlar başa çatdırılmışdır. Hesabat ilində İnstitutun Qədim və orta əsrlər tarixi şöbəsində aparılan tədqiqatlar Ordubad bölgəsinin epiqrafik abidələrinin tədqiqi, Naxçıvanda sənətkarlıq mərkəzlərinin təşkili və inkişafı, XVI -XVIII əsrlərdə Naxçıvanın iqtisadi həyatının tədqiqi istiqamətində yerinə yetirilmişdir. Araşdırmalar zamanı 405 ədəd kitabənin bir hissəsinin mətnlərinin oxunuşu və Azərbaycan dilinə tərcüməsi yoxlanılmışdır.

Yeni və ən yeni dövr tarixi şöbəsinin 2012-ci ildə elmi-tədqiqat istiqaməti Naxçıvan uğrunda siyasi mübarizənin (XX əsrin əvvəlləri), Naxçıvan kəngərlilərinin Qafqazdakı hərbi əməliyyatlarda fəaliyyətinin (1826-1864-cü illər) və I Rus inqilabından I Dünya müharibəsinə qədərki dövrdə Naxçıvanda sosial-siyasi vəziyyətin öyrənilməsi olmuşdur. Tədqiqatlara dair yeni arxiv materialları toplanmış, təhlillər aparılmış, mühüm nəticələr əldə olunmuşdur. Tədqiqatın nəticələrinə dair monoqrafiya çap olunmuşdur.

Qədim dövr arxeologiyası şöbəsində tədqiqatlar Son Eneolit və Erkən Tunc dövrü mədəniyyətlərinin əlaqələri (Şərur rayonunun abidələri əsasında) və İlikliqaya yaşayış yerinin araşdırılması istiqamətində yerinə yetirilmişdir. Tədqiqat zamanı Ovçulartəpəsi, Aşağı Daşarx, I Maxta və Oğlanqaladan aşkar olunan arxeoloji materiallar araşdırılaraq təhlil edilmişdir. Radiokarbon analizlərin nəticələri Ovçulartəpəsində Kür-Araz mədəniyyətinə aid maddi mədəniyyət nümunələrinin e.ə. V minilliyin sonuna aid olduğunu göstərir (e.ə. 4200). Faktlar Kür-Araz mədəniyyəti tayfalarının Ovçulartəpəsində müəyyən müddət məskən saldığını təsdiq edir. Təhlillər nəticəsində Duzdağın dünyanın ən qədim duz mədəni olduğu sübuta yetirilmişdir. Hesabat dövründə Gilançay vadisində bir neçə yeni abidə- Bist şirəxanası, Dəyirman yeri, Güney yaşayış yeri, Tivi kəndində bir kitabə fraqmenti və üzərində insan təsvirləri olan daş qeydə alınmışdır.

Arxeoloji xidmət şöbəsində aparılan araşdırmalar Şahtaxtının Orta Tunc dövrü abidələrinin və Orta tunc dövründə Naxçıvan əhalisinin məşğuliyyətinin tədqiqi istiqamətində yerinə yetirilmişdir. Qazıntılar  zamanı əldə olumuş materiallar sistemləşdirilmiş və öyrənilmişdir.

İnstitutun Etnoqrafiya şöbəsində tədqiqatlar Naxçıvanda əhalinin məşğuliyyəti, təsərrüfat həyatı, yaşayış evləri və həyətlər, qış ehtiyat tədarükünün görülməsi məsələsinin öyrənilməsi istiqamətində aparılmışdır. Naxçıvançay hövzəsinin maddi mədəniyyəti, qədim yaşayış evləri, onların quruluşu ilə bağlı əvvəlki illərdə toplanmış materiallar sistemləşdirilməklə ədəbiyyat məlumatları ilə qarşılıqlı müqayisə əsasında ümumiləşmələr aparılmışdır. Əhalinin qış üçün ərzaq və yanacaq ehtiyatları ilə bağlı etnoqrafik materiallar araşdırılmışdır.

Qafqaz tarixi şöbəsində tədqiqatlar Ermənistan-Azərbaycan münaqişəsində Türkiyənin mövqeyi və Naxçıvan məsələsinin öyrənilməsi istiqamətində aparılmışdır. Tədqiqat zamanı sistemləşdirilmiş ədəbiyyat materiallarının müqayisəli təhlili əsasında müəyyənləşdirilən elmi nəticələr nəşrlərdə işıqlandırılmışdır.

2012-ci ildə İnstitut əməkdaşlarının 5 monoqrafiyası ("Ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və qanlı cinayətləri", "Duzdağın qədim duz mədənləri", "Aşağı Daşarx", "Qədim Şərur", "Milli-mənəvi dəyərlərimiz"), 1 metodik vəsaiti ("Milli mətbəx və qonaqpərvərlik (elmi-metodik vəsait)") və 134 elmi məqaləsi nəşr olunmuşdur. Məqalələrdən 39-u xaricdə çapdan çıxmışdır.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda 2012-ci ilin elmi-tədqiqat işlərinin planına əsasən 1 problem üzrə 1 mövzunu əhatə edən 6 işin 25 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Elmi əməkdaşlardan 3 nəfər iş yerini dəyişdiyindən plan üzrə 3 mərhələnin icrası dayandırılmış, 22 mərhələ üzrə tədqiqatlar başa çatdırılmışdır. İnstitutun Təsviri dekorativ-tətbiqi sənətlər şöbəsində tədqiqatlar Naxçıvan rəssamlarının yaradıcılığında portret janrının (1950-1990) araşdırılması istiqamətində aparılmışdır. Tədqiqat zamanı 1950-1990-cı illər Naxçıvan rəssamlarının rəsm əsərləri haqqında məlumatlar və materiallar toplanaraq sistemləşdirilmiş və araşdırılmışdır.

Musiqi və teatr şöbəsində elmi-tədqiqat işləri Naxçıvanda teatrın formalaşması və inkişafında Azərbaycan ziyalılarının rolunun və "Cavid" Poeziya Teatrının öyrənilməsi istiqamətində yerinə yetirilmişdir. Araşdırmalardan məlum olur ki, 1873-cü ildə Naxçıvan və Ordubadda 58 məktəb fəaliyyət göstərmişdir ki, bu məktəblər vasitəsilə Naxçıvan və Ordubad qəzalarının ziyalıları dünya xalqlarının mədəniyyəti, ədəbiyyatı, tarixi  ilə tanış olmuş, nəticədə ictimai-siyasi, fəlsəfi-estetik fikirlərin bu diyarda yayılması üçün münasib şərait yaranmışdır. Beləliklə, yerli maarifpərvər ziyalıların təşəbbüsü ilə Naxçıvanda 1883-cü ildə dünyəvi peşəkar teatr yaranmışdır.

Dilçilik şöbəsində 2012-ci ildə elmi istiqamət Şərur şivələrində sait və samitlər, Babək rayonu şivələrində assimiliyasiya və dissimiliyasiya hadisələri, heyvandarlıq terminləri, Naxçıvan dialektində fonetik hadisələrin öyrənilməsi yönündə olmuşdur. Tədqiqat zamanı Azərbaycan və türk dillərinin digər dialekt və şivələrinə aid materiallarla müqayisəli təhlillər aparılmışdır.

Onomastika şöbəsində tədqiqatlar Azərbaycan dilinin onomastik leksikasında ideonimlər (nəşriyyat, qəzet və jurnal, bədii əsər və s. adları) layının tutduğu yer (Naxçıvan materialları əsasında) və Ordubad rayonu oykonimlərinin leksik-semantik xüsusiyyətlərinin linqvistik təhlili, paleo və mezotoponim dövrünün təyini, onların areal türk oykonimik sistemi ilə müqayisəsinin öyrənilməsi istiqamətində yerinə yetirilmişdir. Şöbədə "Onomalogiya problemləri" və "Naxçıvanlıların etnogenezi tarixindən (m.ö. VI-II minilliklər) adlı monoqrafiyalar nəşrə hazırlanmışdır.

Ədəbiyyatşünaslıq şöbəsində elmi araşdırmalar Məhəmmədağa Şahtaxtlının həyat və fəaliyyətində Türkiyə, Şeyx Məhəmməd Rasizadənin mühiti və müasirləri, Cəlil Məmmədquluzadə, eləcə də mollanəsrəddinçilərin yaradıcılığında klassik ədəbi irsə münasibət məsələsi, Əkrəm Əylisli yaradıcılığında hekayə janrı və X-XII əsrlərdə Naxçıvanda ədəbi mühitin öyrənilməsi istiqamətində aparılmışdır. Şöbədə "Hüseyn Cavid Ensiklopediyası" üzərində işlər davam etdirilmişdir.

İnstitutun Folklorşünaslıq şöbəsində araşdırmaların elmi istiqamətini inanclarda və sınamalarda mifoloji-poetik xüsusiyyətlər, ilkin mifoloji arxetiplər: inancların funksionallığı, pirlərlə bağlı mətnlərin ifadə xüsusiyyətinə görə bölgü sistemi, Nuhla bağlı yer adları, əfsanə və rəvayətlər, uşaq folklor janrı: oyunlar, eləcə də "Şərq qapısı" qəzetində folklorun nəşri və tədqiqi əhatə etmişdir. Tədqiqat nəticəsində Naxçıvan folklor mühiti sistemli şəkildə öyrənilmiş və "Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru"nun III cildi nəşr edilmişdir.

Tədqiqatların nəticələrinə dair İnstitut əməkdaşlarının 246 elmi əsəri, o cümlədən 7 kitabı ("Həyatım və mühitim", "Mövlana Cəlaləddin Rumi, Məsnəvi. I cild. (I və II dəftər) (tərcümə)", "Mövlana Cəlaləddin Rumi, Məsnəvi. II cild. (III və IV dəftər) (tərcümə)", "Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. III cild.", "Azərbaycan şifahi xalq ədəbiyyatı (dərslik)", "Azərbaycan ədəbiyyatının "cüvəllağısı", "Mətbuatda yaşayan işıq"), 6 monoqrafiyası ("Duzdağın qədim duz mədənləri", "Onomologiya. II cild.", "Abbas Zamanov həyatı və yaradıcılığı", "Cəlil Məmmədquluzadə yaradıcılığında "kiçik" adam obrazlarının ictimai-bədii funksiyası", "Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr", "Azərbaycan dilinin Şahbuz şivələri"), 1 metodik vəsaiti ("Azərbaycan şifahi xalq ədəbiyyatı (bakalavr pilləsi üçün proqram)"), 229 elmi məqalə və konfrans materialı, 3 tezis dərc olunmuşdur. Əsərlərdən 56 elmi məqalə və tezislər xaricdə çap olunmuşdur.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunda aparılan tədqiqatlar müxtəlif profillidir. 2012-ci il İnstitutda yerinə yetirilən tədqiqat işlərinin plana uyğun olaraq 1 problem 1 mövzu üzrə 7 iş 21 mərhələdə aparılmışdır. İnstitutun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında yuxarı qatılıqlı konsentratın alınması üçün seçici flotasiya prosesi araşdırılmış, kasıb və zəngin flotokonsentratların tərkibinin kimyəvi analizləri, sink asetatla arsen(V)sulfid arasında gedə biləcək reaksiyanın mexanizmi, TlSbSe2 üçlü birləşməsinin üzvi mühitdə alınması şəraiti, ZnIn2S4 birləşməsinin şüşə altlıq üzərində nazik təbəqəsinin alınması, tioindatlarin nazik örtüklərinin alınmasının ümumi prinsiplərinin işlənib əsaslandırılması tədqiq edilmişdir.

Sorbsiya prosesləri laboratoriyasında elmi tədqiqatlar IRA-743, AN-31-GeO2 sistemlərinin öyrənilməsi, Duolayt C 467 markalı ionitlə məhlullardan Zn2+ ionlarının sorbsiyası, KU-2 ioniti ilə Zn2+ və Cu2+ ionlarının sorbsiyasının öyrənilməsi, amberlit tipli kationitlərlə Pb2+ və Cd2+ ionlarının sorbsiyası istiqamətində yerinə yetirilmişdir. Laboratoriyada "Gümüşü polimetallik yatağı filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənib hazırlanması" mövzusunda yerinə yetirilən qrant layihəsi üzrə alınan nəticələr Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmiş, hesabatlar qəbul edilmişdir. Həmçinin "Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yüksək temperatura davamlı istilikizolyasiya materialların və seolitlərin alınma metodlarının işlənməsi" mövzusunda qrant layihələri üzrə müsabiqədə uğur qazanılmışdır.

Fiziki tədqiqatlar laboratoriyasında Cu2ZnSnS4 və kimyəvi çökdürmə üsulu ilə alınmış SnS nazik təbəqəsinin fotoelektrik və optik xassələri, qadolinium sulfidlərinin (GdS, GdS1,48 Gd2S3, Gd3S4) nazik təbəqələrinin elektrofiziki xassələri, TlSnS2 birləşməsinin nazik təbəqələrinin alınması, külək enerjisinin Naxçıvan MR ərazisində yerli relyefdən asılılığının öyrənilməsi və çeviricilərin quraşdırılması üçün ərazinin seçilməsi araşdırılmışdır.

Avtomatlaşdırma və seysmologiya laboratoriyasında 2012-ci il tam idarəedilən fəza kommutasiyası elektron rəqəm kommutatorları və kommutasiya sistemlərinin innovativ işlənib hazırlanması tədqiq edilmişdir. Tədqiqat zamanı innovativ rəqəm elektron kommutasiya texnikasının inkişafını təmin edən kiçik tutumlu kommutatorlar və kommutasiya sistemləri üzrə innovativ kommutasiya metodları işlənib hazırlanmışdır.

İnstitutun İqtisadiyyat şöbəsində Naxçıvan MR-də sənaye istehsalının iqtisadi səmərəliliyi və onun müəyyən edilməsi metodları araşdırılmış, eləcə də region iqtisadiyyatının aqrar sferasında əhalinin məşğulluq səviyyəsi təhlil edilmişdir. Müəyyənləşmişdir ki, regionumuzda intensiv investisiyalaşma prosesinin nəticəsində əsas fondların müasir standartlara uyğun yenidən qurulması ilə əlaqədar olaraq sənayedə bir nəfər işçiyə düşən istehsalın həcmi 2005-ci ildən sonra dinamik olaraq artmışdır. Tədqiqatlar nəticəsində Naxçıvan Muxtar Respublikasının aqrar sektorunda əhalinin səmərəli məşğulluq potensialının artırılması imkanları öyrənilmişdir.

Coğrafiya şöbəsində tədqiqatlar Naxçıvan MR-də iqlim xüsusiyyətlərinin landşaftyaradıcı rolunun öyrənilməsi və Sədərək rayonunda landşaftın ekomeliorativ qiymətləndirilməsi istiqamətində yerinə yetirilmişdir. Tədqiqat zamanı aydın olmuşdur ki, landşaftyaradıcı faktorlar içərisində aparıcı komponent kimi iqlimin və onun ayrı-ayrı ünsürlərinin, xüsusilə temperatur və rütubətin rolu olduqca mühümdür. Sədərək rayonundan müxtəlif torpaq və su nümunələr götürülmüş və analiz edilmişdir.

Hesabat dövründə İnstitut əməkdaşlarının 105 elmi əsəri, o cümlədən 3 monoqrafiyası ("Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları", "İndium", "Termiçeskie i qidrotermalğnıe prevraheniə v slojnıx alömosilikatax"), 1 kitabı ("Naxçıvan daş duzu"), 72 elmi məqaləsi, 21 konfrans materialı və 8 tezisi çap edilmişdir. Əsərlərdən 32-si, o cümlədən 1 monoqrafiya, 13 elmi məqalə, 13 konfrans materialı və 5 tezis xaricdə nəşr edilmişdir.

Bölmənin Bioresurslar İnstitutunda araşdırmaların 2012-ci ildə təsdiq edilmiş plan əsasında 1 problem, 1 mövzuya daxil olan 11 iş üzrə 27 mərhələdə yerinə yetirilmişdir. İnstitutun Nəbatat şöbəsində elmi-tədqiqat işləri Naxçıvan MR florasının Paxlalıkimilər-Fabaceae Lindl. fəsiləsinə daxil olan nadir bitkilər, onların biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi və mühafizə yollarının araşdırılması, Sədərək və Şərur rayonları ərazilərində Qamçılıcakimilər-Asplenaceae Newm. fəsiləsi və Zəngçiçəyi-Campanula cinsinə daxil olan növlərin öyrənilməsi və nadir növlərin mühafizə yollarının tədqiqi, o cümlədən Naxçıvan MR-də Avropa dendroflorasına daxil olan yerli və kənardangəlmə bəzi ağac və kol bitkilərinin introduksiyası və onların istifadə imkanlarının öyrənilməsi istiqamətində aparılmışdır. Tədqiqat zamanı uzun illərdir ki, məhv olmuş növ kimi hesab etdiyimiz Aristolochia bottae Jaub. et Spach.- Botta zəravəndi, nəhayət Şahbuz rayonunun Nursu ərazisinə gedilən ekspedisiya zamanı aşkar edilmişdir. Tədqiqatlar nəticəsində ərazidə ilk dəfə olaraq təsvir edilən 5 növün təbiətdəki mövcud vəziyyətinin pisləşməsini nəzərə alaraq, onların biologiyasını öyrənərək, Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına salınması məqsədəuyğun hesab edilmişdir. Müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində 2 şöbə, 2 sinif, 6 yarımsinif, 10 sıraüstü, 13 sıra, 13 fəsilə, 22 cinsə aid olan 36 növ və 2 yarımnöv Avropa coğrafi elementinə daxil olan yerli və kənardangəlmə ağac və kol bitkisi yayılmışdır.

İnstitutun Zooloji tədqiqatlar şöbəsində Şahbuz rayonunda yayılmış sürünənlər, tumlu meyvə ağaclarının zərərverici həşəratların və onların entomofaqlarının növ tərkibi, bioekoloji xüsusiyyətləri, hörümçəklərin (Arachnoidea, Aranea) fauna biomüxtəlifliyi, Naxçıvan MR şəraitində iribuynuzlu heyvanların sarkosporidiləri, onların bioekoloji xüsusiyyətləri, dağətəyi zonalarındakı otlaqlarda anopolosefalyatoz törədicilərinin aralıq sahiblərinin yayılma xüsusiyyətləri, müxtəlif fiziki-coğrafi xüsusiyyətli çay və göllərində formalaşmış zoobentosun əsas sistematik qruplar üzrə kəmiyyət göstəriciləri öyrənilmişdir. Hörümçəklərin tədqiqi zamanı ərazidə 12 fəsiləyə 20 cinsə mənsub olan 21 növ hörümçəyin yayıldığı müəyyən edilmişdir ki, bunlardan bir növ Azərbaycan faunası üçün ilk dəfə göstərilmişdir.

Bitki sistematikası şöbəsində elmi tədqiqatlar Naxçıvan MR ərazisində yayılan Pyrenulaceae, Roccellaceae, Micocaliciaceae fəsilələrinə daxil olan epilit şibyə növlərinin, Lyngbya Ag. cinsinə daxil olan göy-yaşıl yosunların, Culfa rayonunda rast gəlinən papaqlı göbələklərin yayılma qanunauyğunluqlarının, Kəngərli və Babək rayonları ərazisində yayılmış təbii ehtiyatı bol olan faydalı bitkilərin müəyyən edilməsi, fitosenoloji xüsusiyyətlərinin, səmərəli və davamlı istifadə imkanlarının öyrənilməsi, eləcə də, Brassicaceae Burnett, Hyacinthaceae Batsch və Rubiaceae Juss. fəsilələrinə daxil olan növlərin, Poytrichaceae Schwaegr. in Willd, Dicranaceae Schimp., Bryaceae Schwaegr. in Willd, Pottiaceae Schimp. fəsilələrinə daxil olan torpaq mamırlarının araşdırılması istiqamətində yerinə yetirilmişdir. Papaqlı göbələklərin növ tərkibinin araşdırılması zamanı aydın olmuşdur ki, ərazidə müxtəlif sistematik qruplara aid 21 növ papaqlı göbələk yayılmışdır. Toplanılan növlər işərisində bir növ Azərbaycan mikobiotası üçün ilk dəfə verilmişdir.

İnstitutun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının tədqiqatlarında Naxçıvan Muxtar Respublikası ərazisində yayılan zirinc (Berberis L.) cinsinə daxil olan yabanı növlər, onların tədqiqi, təbii ehtiyatı və istifadə perspektivləri, Kəngərli və Babək rayonlarında becərilən armud bitkisinin sort və formaları, universal istiqamətli mutant, hibrid, klon üzüm formalarının aqrobioloji və meteoqrafiq xüsusiyyətləri öyrənilmişdir. Seleksiya yolu ilə alınmış Naxçıvan muskatı, Əlincə üzüm formaları və yeni aşkarlanmış aborigen "Bənəniyar" sortu "Seleksiya nailiyyətlərinin Sınağı və Mühafizəsi Üzrə Dövlət Komissiyası"nın Nehrəm dayaq məntəqəsinə təqdim edilmişdir.

İnstitutun Dənli taxıl və paxlalı bitkilər laboratoriyasında Naxçıvan Muxtar Respublikası şəraitində ərzaqlıq paxlalı bitki, bərk buğda və qarğıdalı bitkisinin sort nümunələrinin vegetasiya fazalarının gedişi, xəstəlik və ziyanvericilərə qarşı davamlılığı öyrənilmiş və qiymətləndirilmişdir.

Biokimyəvi tədqiqatlar laboratoriyasında araşdırmalar itburnu (Rosa L.) cinsinin perspektivli növlərinin flavonoidlərinin vəsvi və miqdari analizi, onların ayrılması və tədqiq olunması, Ordubad rayonu ərazisində yayılan adi zirə (Carum carvi L.) bitkisinin bioloji xüsusiyyətlərinin öyrənilməsi və onlardan bioaktiv maddələrin alınması istiqamətində aparılmışdır.

İnstitutun Torpaq ehtiyatları laboratoriyasında aparılan tədqiqat işləri Türkeş çökəkliyi torpaqlarının mədəni və təbii bitkilər altında eko-coğrafi qiymətləndirilməsi istiqamətində yerinə yetirilmişdir. Ərazidən götürülmüş nümunələrin təhlili zamanı müəyyənləşdirilmişdir ki, çökəkliyin ekoloji şəraiti nəzərə alınmaqla tədbirlər elmi əsaslarla planlı surətdə həyata keçirilərsə, torpaqlardan mədəni və təbii bitkilər altında səmərəli istifadə etmək olar.

2012-ci il institut əməkdaşları Naxçıvan MR ərazisində keçirilən beynəlxalq ekspedisiyalara rəhbərlik etmiş xarici ölkələrin alimləri ilə birgə tədqiqatlar aparmışlar. Belə ki, AMEA-nın müxbir üzvü T.Talıbovun rəhbərliyi ilə ABŞ Kənd Təsərrüfatı Departamenti, Kaliforniya Universitetinin doktorları K.Mallikarjuna Arabhya və Craig A. Ledbetter ərazidə mövcud olan çəyirdəkli bitkilərin sort müxtəlifliyini tədqiq edərək nümunələr aparmış, ABŞ-ın tanınmış genetikləri prof. Bikram S. Gill və William John Raupp ərazidə mövcud olan mədəni bitkilərin, xüsusən Taxılkimilərin- Poaceae Barnhart mənşəyini öyrənmək üçün materiallar toplamış, AMEA-nın müxbir üzvü T.Talıbov, b.ü.f.d. A.İsmayılıov Niderland Krallığı Genetik Ehtiyatlar Mərkəzinin doktoru Chris Kiklə Naxçıvan MR ərazisində mövcud olan Quşüzümükimilər (Qulançarkimilər)- Asparagaceae Juss. fəsiləsinə daxil olan növlərin genetik ehtiyatlarının tədqiqi ilə əlaqədar materiallar toplamış, AMEA-nın müxbir üzvü T.Talıbov, b.ü.f.d. A.İsmayılov, b.ü.f.d. İ.Məmmədov Türkiyənin tanınmış bioloqu Batur Avqanla birgə bəbirin qida zəncirində başlıca rol oynayan otyeyən heyvanların yemini təşkil edən ot bitkilərinin öyrənilməsi ilə əlaqədar muxtar respublikanın ayrı-ayrı ərazilərinə fototələlər quraşdıraraq məsafədən tədqiqatlar aparmışlar.

Tədqiqat ilində İnstitutun əməkdaşlarının 140 elmi əsəri, o cümlədən 1 monoqrafiyası ("Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası"), 2 kitabı ("Bitki embriologiyası (dərs vəsaiti)", "Naxçıvan Muxtar Respublikasının zəhərli ilanları"), 2 metodik vəsaiti ("Naxçıvan Muxtar Respublikasında Gülçiçəklikimilər fəsiləsinin ağac və kolları (metodik vəsait)", "Kənd təsərrüfatı heyvanlarının anopolosefalyatozlarında otlaq profilaktikasının tətbiq edilməsinə dair tövsiyələr"), 13 bukleti və 122 elmi məqaləsi nəşr edilmişdir. Əsərlərdən 31 elmi məqalə və konfrans materialı xaricdə nəşr olunmuşdur.

Bölmənin Əlyazmalar Fondunda elmi-tədqiqat işlərinin təsdiq olunmuş plana uyğun olaraq 1 problem, 1 mövzuya daxil olan 2 iş üzrə 4 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Elmi işçilərdən 1 nəfərin iş yerini dəyişməsi, 1 nəfərin isə analıq məzuniyyətinə çıxması ilə əlaqədar olaraq planda nəzərdə tutulan 2 mərhələnin icrası dayandırılmış, 2 mərhələ üzrə tədqiqatlar isə başa çatdırılmışdır.

Əlyazmaların toplanması şöbəsində aparılan elmi araşdırmalar Orta əsr əlyazmalarında "Tibbinamə"nin xüsusiyyətlərinin tədqiqi istiqamətində yerinə yetirilmişdir. Tədqiqatlar dövründə müxtəlif "Tibbinamə"lərin hazırlanmasında istifadə olunan metod və üslub təhlil edilmişdir. Həmçinin Məhəmməd Naxçıvaninin Təbriz Milli Kitabxanasına hədiyyə etdiyi kitabların kataloqunun I cildinin tərcuməsi üzərində iş aparılmışdır.

Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsində araşdırmalar Hacı Molla Məhəmməd Naxçıvaninin "Qürrətül-Əbsar" əsərlərinin tədqiqi istiqamətində aparılmışdır. Tədqiqat müddətində Hacı Molla Məhəmməd Naxçıvaninin "Qürrətül-Əbsar" əsərinin tədqiqi və leksik xüsusiyyətləri tədqiqata cəlb edilmiş Əsərin giriş hissəsi və ümumi məzmununa dair məlumat əldə edilmişdir. Əsərdə əsasən dörd müqərrəb mələklər, dörd səmavi kitab, dörd səmt haqqında maraqlı elmi yeniliklər öz əksini tapmışdır.

2012-ci ildə Fondun zənginləşdirilməsi məqsədi ilə bir sıra səmərəli iş fəaliyyətinin nəticəsi olaraq 8 adda əlyazma və qədim kitablar toplanılmış, ilkin tədqiqat mərhələsi başa çatdırılmış, 30 adda əlyazma tam şəkildə kataloqlaşdırılmışdır. Hesabat dövründə Fondda toplanılan əlyazmaların və qədim kitabların ümumi sayı 451-ə çatdırılmışdır.

Tədqiqatlara dair Fond əməkdaşlarının biri xaricdə olmaqla 12 elmi məqaləsi və konfrans materialı nəşr edilmişdir.

Bölmənin Batabat Astrofizika Rəsədxanasında yerinə yetiriləcək elmi tədqiqat işlərinin təsdiq olunmuş plana uyğun olaraq 1 problem 2 mövzu üzrə 3 iş 6 mərhələdə aparılmışdır. Rəsədxananın Səma Cisimlərinin Mövqe Müşahidələri şöbəsində aparılan elmi-tədqiqat işləri Günəşdəki fakel sahələrinin, 2012-ci ildə tapılmış uzundövrlü kometlərin mövqe müşahidələri və onların perihelilərinin dəyişməsinin tədqiq edilməsi istiqamətində yerinə yetirilmişdir. 2012-ci il plandan əlavə Günəşdəki irimiqyaslı maqnit sahələrinin, Günəş spikullarının fiziki parametrlərinin və transneptun komet ailələri və planet cisimlərini tədqiqi yönündə araşdırma aparılmışdır. Tədqiqat zamanı uzundövrlü kometlərin 1/a və q parametrləri arasında tərs mütənasib asılılıq müəyyənləşdirilmişdir.

Səma Cisimlərinin Fotometriyası şöbəsində tədqiqatlar 2012-ci ildə tapılmış komet və asteroidlərin fotometrik müşahidələri, tapılmış kometlərin verilənlər bazasının yaradılması, asteroidlərin fəza koordinatlarının araşdırılması istiqamətində aparılmışdır. Tədqiqat ilində plandan əlavə Günəş spektrində Fraunqofer xətlərinin tədqiqi və ortalanmış parabolik məhdud üç cisim məsələsi və onun yer tipli planetlərə tətbiqinin öyrənilməsinə çalışılmışdır. Tədqiqatlar zamanı ortalanmış parabolik məhdud üç cisim məsələsi üçün həyəcanlanma funksiyasının ayrılışının ilk iki həddi götürülməklə ifadəsi alınmışdır.

Tədqiqat işlərinin nəticələri haqqında Rəsədxana əməkdaşlarının müxtəlif elmi jurnallarda 17 elmi məqaləsi və 5 tezisi dərc olunmuşdur.

2012-ci ildə AMEA Naxçıvan Bölməsinin elmi müəssisələrindən əldə olunan

MÜHÜM NƏTİCƏLƏR

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu üzrə.

1.Naxçıvan arxeoloji tədqiqi işi üzrə.

Radiokarbon analizlərin nəticələri Ovçulartəpəsində Kür-Araz mədəniyyətinə aid maddi mədəniyyət nümunələrinin e.ə. V minilliyin sonuna aid olduğunu göstərir (e.ə. 4200). Faktlar Kür-Araz mədəniyyəti tayfalarının Ovçulartəpəsində müəyyən müddət məskən saldığını təsdiq edir. Təhlillər nəticəsində Duzdağın dünyanın ən qədim duz mədəni olduğu sübuta yetirilmişdir. Gilançay vadisində bir neçə yeni abidə- Bist şirəxanası, Dəyirman yeri, Güney yaşayış yeri, Tivi kəndində bir kitabə fraqmenti və üzərində insan təsvirləri olan daş qeydə alınmışdır.

İcraçılar: AMEA-nın müxbir üzvü V.Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru T.Xəlilov

2.Naxçıvanının orta əsrlər dövrü tarixinin tədqiqi işi üzrə.

Tədqiqatlar nəticəsində Ordubad şəhəri və rayonu ərazisindən indiyədək, xüsusilə 2006-2010-cu illərdə əksəriyyəti tərəfimizdən qeydə alınmış 405 ədəd epiqrafik abidə sistemləşdirilmiş, mətnlərinin oxunuşu, tərcüməsi yoxlanılmış və həmin kitabələr əsasında monoqrafiya çap üçün hazırlanmışdır.

İcraçı: tarix elmləri doktoru, professor H.Səfərli

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu üzrə.

1. Naxçıvan folklorunun toplanılması və öyrənilməsi işi üzrə.

Araşdırmalarda 36 janrda folklor nümunələri tədqiqata daxil edilmişdir. Tədqiqat işində uşaq folkloru ilə bağlı materiallara xeyli yer verilmişdir. Buraya ilk dəfə saylar, dolamaclar və acıtmalar daxil olunmuşdur. İlk dəfə olaraq el şairləri haqqında məlumat və materiallar tədqiqata cəlb olunmuş, müəllifli bayatılar və naxçıvanlı şairlərin bayatı nümunələri təqdim edilmişdir. Tədqiqat zamanı ilk dəfə olaraq adətlər, geyim və bəzəklər, dönərgələr, yalvarışlar, peşmanlamalar, gülməcələr araşdırılmışdır. "Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru" III cild. (560 s.) nəşr olunmuşdur.

İcraçılar: Filologiya elmləri doktoru, professor M.Cəfərli, filologiya üzrə fəlsəfə doktoru R.Babayev.

2. Naxçıvan ədəbi mühitinin öyrənilməsi işi üzrə.

Araşdırmalarda mollanəsrəddinçi ədəbi istiqamət yenidən öyrənilməklə onun nümayəndələrindən biri olan Əliqulu Qəmküsarın həyat və yaradıcılığı yeni məzmunda təqdim edilmişdir. Tədqiqat nəticəsində mollanəsrəddinçi yaradıcılığın mövzu və janr xüsusiyyətləri işığında görkəmli ədibin müxtəlif formalarda və məzmunda yazdığı ədəbi-bədii nümunələr ortaya qoyulmuşdur. Tədqiqatda ədib haqqında olan xatirələr və digər sənədlər təqdim edilmiş, satirik şeirləri və felyetonları ilk dəfə olaraq dövriyyəyə daxil edilmişdir. Tədqiqat nəticəsində tənqidi realizmin nəzəri, bədii-estetik xüsusiyyətləri yenidən araşdırılmış, tamamilə müasir dövrün tələblərinə uyğun elmi qənaətlər irəli sürülmüşdür. Tədqiqatda Azərbaycan tənqidi realizmi və onun banisi Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatına gətirdiyi ideya, mövzu, məzmun və forma yenilikləri ortaya çıxarılmış, tənqidi realist ədəbiyyatın sənətə gətirdiyi "kiçik" adam obrazı və problemi çərçivəsində xalqın problem və ehtiyacları, milli inkişaf məsələləri təhlil edilmişdir. İlk dəfə olaraq bu tədqiqatda Azərbaycan ədəbiyyatşünaslığında "kiçik" adam statusu nəzəri cəhətdən müəyyənləşdirilmiş, elmi-nəzəri, bədii-estetik mahiyyəti üzə çıxarılmış, problemin siyasi, iqtisadi, mənəvi tərəfləri öz təhlilini tapmış, milli məzmunu ortaya qoyulmuş, ədəbiyyatdakı ənənəsi izlənilmişdir. "Azərbaycan ədəbiyyatının Cüvəllağısı" (324 s.) və "Cəlil Məmmədquluzadə yaradıcılığında "kiçik" adam obrazlarının ictimai-bədii funksiyası" (220 s.) monoqrafiyaları çap olunmuşdur.

İcraçılar: filologiya üzrə fəlsəfə doktoru F.Kazımova, filologiya üzrə fəlsəfə doktoru R.Qasımov

Təbii Ehtiyatlar İnstitutu üzrə.

1. Naxçıvan MR-in Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi, Me+x- (Sb, As, Mo, In-un ikili halkogenidləri)- su, üzvi həlledicilər sistemlərindən üçlü birləşmələrin və onların nazik təbəqələrinin alınması işi üzrə.

Tədqiqat nəticəsində natrium tioindat duzu ilə sink sulfatın su mühitində qarşılıqlı təsirindən yarımkeçiricilər texnikasında tətbiq oluna bilən sink tioindatın alınması metodu işlənib hazırlanmışdır.

İcraçı: elmi işçi Aliyə Rzayeva

2. Naxçıvan MR ərazisində alternativ (bərpa olunan) enerji mənbələrinin öyrənilməsi və günəş çeviricilərində istifadə olunan perspektivli birləşmələrin nazik təbəqələrinin alınması və tədqiqi işi üzrə.

Araşdırmalar zamanı Naxçıvan MR ərazisində külək enerjisinin yerli relyefdən asılılığı tədqiq edilmiş və çeviricilərin quraşdırılması üçün ərazi seçilmişdir.

İcraçı: elmi işçi Məhbub Kazımov

Bioresurslar İnstitutu üzrə.

1. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan ibtidai bitkilərin öyrənilməsi, nadir növlərin mühafizəsi və istifadə imkanlarının araşdırılması işi üzrə.

Culfa rayonunda papaqlı göbələklərin tədqiqi zamanı Galeropsis desertorum Velen. et Dvorak növü Azərbaycan mikobiotası üçün ilk dəfə verilmişdir.

İcraçı: biologiya üzrə fəlsəfə doktoru H.Seyidova

2. Naxçıvan MR-in fauna biomüxtəlifliyinə daxil olan onurğasız heyvanlar, onların tədqiqi və istifadə imkanlarının araşdırılması işi üzrə.

Şahbuz rayonunda yayılmış hörümçəklərin (Arachnoidea, Aranea) fauna biomüxtəlifliyinin tədqiqi zamanı ərazidən 12 fəsiləyə 20 cinsə mənsub olan 21 növ hörümçəyin yayıldığı müəyyən edilmişdir. Metellina mengei (Blackwall, 1870) növü Azərbaycan faunası üçün ilk dəfə göstərilmişdir.

İcraçı: biologiya üzrə fəlsəfə doktoru M.Məhərrəmov

Əlyazmalar Fondu üzrə.

1. Naxçıvan əlyazmalarının toplanması və tədqiqi işi üzrə.

Araşdırma nəticəsində naxçıvanlı müəlliflərin tədqiq olunmamış əsərlərindən Fazil Naxçıvaninin "Tibbinamə" əsərinin bir nüsxəsi aşkar edilmiş və ilkin kataloq məlumatları işlənilmişdir.

İcraçı: elmi işçi Fəxrəddin Eylazov

Batabat Astrofizika Rəsədxanası üzrə.

1. Kometlərin mövqe müşahidələrinin tədqiqi işi üzrə.

Tədqiqat nəticəsində uzundövrlü kometlərin 1/a və q parametrləri arasında tərs mütənasib asılılıq müəyyən edilmişdir.

İcraçı: fizika üzrə fəlsəfə doktoru Ə.Dadaşov.

2012-ci ildə Bölmə əməkdaşlarının 14 monoqrafiya, 10 kitab, 4 metodik vəsait, 613 elmi məqalə, 16 tezisi və 13 buklet olmaqla 670 elmi əsəri nəşr edilmişdir ki, bunlardan 341 əsər beynəlxalq indeksli jurnallarda çap olunmuşdur. Əsərlərdən 1 monoqrafiya, 155 məqalə və 10 tezis (cəmi 166 əsər) xaricdə çapdan çıxmışdır. 2011-ci illə müqayisədə 1 elmi əməkdaşın az olmasına baxmayaraq 49 elmi əsər çox nəşr edilmişdir. 2012-ci ildə hər bir elmi əməkdaşa düşən əsər sayı 7,4 olmuşdur. Bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan "Xəbərlər" jurnalının 4 nömrəsi çapdan çıxmışdır ki, bu nömrələrdə Bölmə əməkdaşlarının 131 məqaləsi işıq üzü görmüşdür. Hesabat ilində Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları "Axtarışlar" adlı elmi jurnalın 4 nömrəsinin çapına nail olmuşlar. Hazırda "Hüseyn Cavid Ensiklopediyası" kitabı üzərində iş yekunlaşmaq üzrədir. "Onomalogiya problemləri", "Naxçıvanlıların etnogenezi tarixindən: m.ö. V-III minilliklər" adlı monoqrafiyalar, "Naxçıvan Muxtar Respublikasının rəsmi dərman bitkiləri", "Naxçıvan Muxtar Respublikası torpaq xəritəsinin əkinçilikdə rolu" adlı kitablar çapa hazırlanmışdır.

2012-ci ildə AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən "Heydər Əliyev lektoriyası"nın 5 məşğələsi keçirilmişdir. Məşğələlərdə ümummilli lider Heydər Əliyevin həyatı və çoxcəhətli siyasi fəaliyyətinin müxtəlif istiqamətləri öyrənilmiş, eyni zamanda "Heydər Əliyev və Azərbaycan təbiəti", "Ümummilli lider Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır", "Heydər Əliyev, ölkənin ərazi bütövlüyü və ordu quruculuğu", "Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi", "Azərbaycan xalqının ümummilli lideri" və s. mövzularında məruzələr dinlənilmiş, sərgi ilə tanışlıq və sənədli filmə baxış keçirilmişdir.

2012-ci il AMEA Naxçıvan Bölməsində 1 beynəlxalq simpozium, 15 konfrans, 11 iclas və 35 seminar keçirilmişdir. Bunlardan "Naxçıvan: İlkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq simpozium (Naxçıvan, 27-28 iyul 2012), 2012-ci il Naxçıvan Muxtar Respublikasında Milli Dəyərlər ili ilə əlaqədar "Milli dəyərlər - milli kimliyimizdir" (Naxçıvan, 20 aprel 2012), eləcə də 20 Yanvar faciəsinin 22-ci ildönümü, Bəhruz Kəngərlinin anadan olmasının 120 illiyi, Xocalı faciəsinin 20-ci ildönümü, 31 Mart Azərbaycanlıların soyqırımı günü, 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, Naxçıvan Muxtar Respublikasında "Mirzə Cəlil günləri", Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü, 22 May - Biomüxtəliflik Günü, 28 May - Respublika Günü, 05 İyun - Beynəlxalq Təbiəti Mühafizə Günü, 15 İyun - Milli Qurtuluş Günü, o cümlədən M.S.Ordubadinin 140, H.Cavidin 130, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90, Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibətilə keçirilən konfransları qeyd etmək olar. Hesabat ilində kimya elmləri doktoru Əliəddin Dəyyan oğlu Abbasovun 60 illik yubileyi qeyd olunmuş, "Azərbaycan xalçaları Naxçıvan qrupu", "Naxçıvan: Nuh baba və türk atadan gələn yol", "Ermənistan - Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində", "Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası", "Qədim Şərur" kitab və monoqrafiyalarının təqdimatı keçirilmişdir.

AMEA Naxçıvan Bölməsinin əməkdaşları hesabat dövründə bir sıra tədris və tədqiqat müəssisələri ilə, o cümlədən ABŞ Kənd Təsərrüfatı Departamenti, Niderland Krallığı Genetik Ehtiyatlar Mərkəzi, Türkiyə Cümhuriyyətinin Qazi, Qars, Ərzurum, Adnan Menderes Universitetləri, Moskva Dövlət Universiteti, Özbəkistan Respublikası EA "Botanika" Elm-İstehsalat Mərkəzi, Krım Astrofizika Rəsədxanası və RF Yer Maqnetizmi, İonosferi və Radio Dalğalarının Yayılması İnstitutu (IZMIRAN), Təbriz Milli kitabxanası, Təbriz Dövlət Universiteti, o cümlədən ABŞ, Fransanın, Rusiya, İran, Türkiyə, Gürcüstan elm və təhsil müəssisələrinin alimləri ilə sıx elmi əlaqələr yaratmış, səmərəli əməkdaşlıq etmişlər. 2012-ci ildə Bölmənin 33 əməkdaşı Tokio, Vyana, Budapeşt, Milan, Maku, Moskva, Novosbrsk, Kislovodsk, Aşqabad, Sofiya, Sankt-Peterburq, Barnaul, İstanbul, Ankara, Konya, Tuzluca, Qars, Ağrı, Ərzurum və s. şəhərlərdə 30 beynəlxalq qurultay, simpozium və konfranslarda məruzələrlə çıxış etmişlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu layihələri müsabiqəsində qalib gəlmiş "Naxcıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən molibden(VI)oksidin, surmə(III)sulfidin və farmasevtik təmiz natrium xloridin yeni alınma metodlarının işlənməsi" və "AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası üçün spektrometrik cihazların düzəldilməsi, quraşdırılması, "Seyss-600" teleskopunda sınaq müşahidələrinin aparılması, ixtisaslı elmi-texniki kadrların hazırlanması və spektroskopik tədqiqatların həyata keçirilməsi" mövzuları üzrə qrant layihəsi çərçivəsində elmi-tədqiqat işləri başa çatmış və yekun hesabatı verilmiş, "Gümüşü polimetallik yatağı filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənib hazırlanması" və "Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genofondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları" mövzuları üzrə alınan nəticələr müvafiq quruma təqdim edilmiş, hesabatlar qəbul edilmişdir. 2012-ci il Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qrant layihələri müsabiqəsində "Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yüksək temperatura davamlı istilikizolyasiya materialların və seolitlərin alınma metodlarının işlənməsi" mövzusunda qrant layihəsi qalib gəlmiş və ötən dövr ərzində mövzu istiqamətində aparılan tədqiqatların nəticələri təqdim olunan qurumda müsbət qiymətləndirilmişdir.

Azərbaycan MEA Naxçıvan Bölməsində ştat cədvəli üzrə 2012-ci ildə 261 nəfər əməkdaş çalışmışdır. Hesabat dövründə 22 nəfər (2 elmi işçi, 5 böyük laborant, 15 texniki işçi) yeni işə götürülmüşdür. Bölmə əməkdaşlarının 94 nəfəri elmi işçi, 16 nəfəri laborantdır. Hazırda Azərbaycan MEA Naxçıvan Bölməsində 2 nəfər AMEA-nın həqiqi üzvü, 4 nəfər AMEA-nın müxbir üzvü, 6 nəfər elmlər doktoru, 53 nəfər fəlsəfə doktoru, 29 nəfər doktorant və dissertant fəaliyyət göstərir. Bölmə əməkdaşlarından 69%-nin elmi dərəcəsi vardır. 2012-ci ildə Bölmə əməkdaşlarından 1 nəfər (b.ü.f.d. V.Quliyev) elmlər doktoru, 5 nəfər (M.Quliyev, Y.Rəhimov, Ə.Hüseynzadə, Z.Quliyeva, A.Rzayeva) fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Əməkdaşlardan 5 nəfər (t.ü.f.d. E.Şıxəliyev, f.ü.f.d. L.Əsgərzadə, b.ü.f.d. V.Quliyev, b.ü.f.d. Z.Salayeva, f.ü.f.d. S.İbrahimov) dosent diplomu almış, 5 nəfər elmlər doktoru üzrə doktoranturaya (b.ü.f.d. Z.Salayeva, b.ü.f.d. R.Ələkbərov, f.ü.f.d. N.Sadıqzadə, f.ü.f.d. N.Əliyeva, s.ü.f.d. Ə.Qasımov), 3 nəfər fəlsəfə doktoru üzrə doktoranturaya (E.Məmmədov, E.Kəlbizadə, R.Məmmədov), 4 nəfər dissertanturaya (f.ü.f.d. S.İbrahimov, b.ü.f.d. Ə.İbrahimov elmlər doktoru, Ə.Nəsirova, İ.Seyidova fəlsəfə doktoru üzrə) qəbul olmuş mövzu və rəhbərləri təsdiq edilmişdir. Hazırda Bölmədə 17 doktorant (10 fəlsəfə doktoru, 7 elmlər doktoru), 18 nəfər dissertant (16 fəlsəfə doktoru, 2 elmlər doktoru) var. 2012-ci il Bölmədə fəaliyyət göstərən Dissertasiya Şurasında müdafiə edənlərin sayı ötən illərlə müqayisədə çox olmuşdur. Belə ki, hesabat ilində Bölmənin Dissertasiya Şurasında 17 nəfərin, o cümlədədn "Vətən tarixi" ixtisası üzrə 8 nəfərin fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru, "Elm və texnikanın tarixi" ixtisası üzrə 1 nəfərin fəlsəfə doktoru, "Arxeologiya" ixtisası üzrə 1 nəfərin fəlsəfə doktoru, "Müəssisələrin təşkili və idarə olunması" ixtisası üzrə 5 nəfərin fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilmişdir. Həmçinin elmi əməkdaşlar Bölmədə və digər müəssisələrdə üzv olduqları müdafiə şuralarında elmi-təşkilati fəaliyyətlərini davam etdirmiş, çox sayda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarına və avtoreferatlara rəy yazmış, rəhbərlik və rəsmi opponentlik etmişlər. Akademik İ.Hacıyevin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 1 nəfər elmlər doktoru, 4 nəfər fəlsəfə doktoru, eləcə də AMEA-nın müxbir üzvü Ə.Quliyevin rəhbərliyi ilə 1 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Hesabat ilində əməkdaşlardan 1 nəfəri dissertasiya şurasının sədri, 2 nəfəri sədr müavini, 1 nəfəri elmi katibi, 2 nəfəri isə üzvü kimi elmi təşkilati fəaliyyətlərini davam etdirmişlər.

2012-ci ildə Azərbaycan MEA Naxçıvan Bölməsi bu və ya digər məsələlərlə bağlı Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi qərar və sərəncamları layiqincə yerinə yetirməyə çalışmışdır. Hesabat ilində Azərbaycan MEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin müxtəlif məsələlərlə bağlı 62 qərarı, 3 sərəncamı qəbul edilmişdir.

2012-ci ildə Bölmədə mövcud cihaz və avadanlıqların təkmilləşdirilməsi davam etdirilmiş, 7036 manat dəyərində ayrı-ayrı struktur bölmələrə printer, kağıztikən və elektron lövhə alınmışdır. Bioresurslar İnstitutunun "Biokimyəvi tədqiqatlar" və Təbii Ehtiyatlar İnstitutunun "Sorbsiya prosesləri" laboratoriyalarına termal analiz avadanlığı, TM 3000 elektron mikroskopu, spektrofotometr cihazı və s. avadanlıqların və kimyəvi reaktivlərin alınması üçün Türkiyə Respublikasının iki şirkəti ilə müqavilə bağlanmış və 293659 manat vəsait ödənilmişdir. Həmçinin Bioresurslar İnstitutunun Nəbatat bağında "istixana" qurulması üçün şirkətlə bağlanmış müqaviləyə əsasən 143000 manat ödənilmişdir. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda "Arxeologiya muzeyi"nin maddi-texniki bazasının təkmilləşdirilməsi üçün 1888 manatlıq tarixi abidə şəkilləri alınmışdır. Bölmə əməkdaşlarının elmi-tədqiqat işlərinin müvafiq struktur bölmələrdə aparılması üçün ezamiyyə xərclərinə 10280 manat vəsait sərf edilmişdir. Hesabat ilində Bölmə üçün dəftərxana ləvazimatları və cari təsərrüfat materiallarının alınmasına 14186 manat sərf olunmuşdur.

2012-ci ildə AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasına 1278 ədəd çap məhsulu daxil olmuşdur. Fonda daxil olan yeni kitabların 287 ədədi Azərbaycan dilində, 48 ədədi rus dilində, 14 ədədi Qərbi Avropa dillərində, 20 ədəd isə Şərq dillərində olmuşdur. Elmi Kitabxanaya daxil olan ədəbiyyatların 19 ədədi Naxçıvan MR Ali Məclisi tərəfindən, 316 ədədi isə müxtəlif müəlliflər və şəxslər tərəfindən hədiyyə verilmişdir. Cari ildə fonda 17 ədəd dissertasiya və 703 ədəd avtoreferat daxil olmuşdur. Hazırda kitabxana fondlarının ümumi həcmi 55147 ədəd təşkil edir. Cari ildə yeni daxil olan ictimai-siyasi və ədəbi-bədii ədəbiyyatlar elektron kataloqa salınmışdır. Prosesdə 265 ədəd kitab elektron kataloqlaşdırılmışdır. Kitabxanada Milli dəyərlər, milli ideya və M.F.Axundzadə-həyat və fəaliyyəti adlı yeni kartotekalar yaradılmışdır. Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, "Qarabağın tarixi", "Azərbaycan mətbuat tarixi" adlı kartotekalarda "Heydər Əliyev və Azərbaycanda kitabxana işi", "Şuşa - tarixi və bu günü", "Milli mətbuatımızın tanınmış nümayəndələri" adlı yeni rubrikalar açılmışdır.

2012-ci ildə Bölmə əməkdaşlarından bir nəfər Azərbaycan Respublikası Milli Məclisinin, iki nəfər isə Naxçıvan MR Ali Məclisinin üzvü kimi fəaliyyət göstərmişdir. K.ü.f.d. V.Quliyev Amerikada nəşr edilən İnternational Who's Who (Dünyada Kim Kimdir) bibloqrafik ensiklopediyaya və Amerika Kimya Cəmiyyətinin üzvü seçilmiş AMEA-nın müxbir üzvü Ə.Quliyev Türk almanaxı və Türk antologiyasının redaksiya heyətinin, "Beynəlxalq türkologiya" jurnalının, f.ü.f.d. Z.İsmayıl "Turan" Stratejik Araşdırmalar dərgisinin redaksiya heyətinin üzvü, E.Məmmədov "Azərbaycan" qəzeti və İstanbul Universitetinin "Türkiyat" məcmuəsinə Naxçıvan təmsilçisi seçilmişdir. AMEA-nın müxbir üzvü Ə.Quliyev Dövlət Dil Komissiyasının işçi qrupuna üzv, N.Alıyev Azərbaycan Rəssamlar ittifaqına üzv, f.ü.f.d. R.Qasımov Avrasiya Araşdırmalar dərgisinə ekspert qəbul edilmişdir. Oruc Əhmədov 5-7 sentyabr 2012-ci il tarixdə Norveçin Oslo şəhərində keçirilmiş "Energetikanın texniki və fiziki problemləri" 8-ci Beynəlxalq konfransının sertifikatını almışdır.

2012-ci il bir sıra göstəricilərlə yanaşı, AMEA Naxçıvan Bölməsinin fəaliyyətində həll olunmamış aşağıdakı problemlər və çatışmazlıqlar da olmuşdur:

- Bölmədə institutların elmi-tədqiqat işlərinin səmərəliliyınin artırılması üçün bir sıra qiymətli cihaz və avadanlıqlar əldə edilsə də, bu sahədə görülən işlərin davam etdirilməsinə ehtiyac duyulur.

- Bölmə tərkibindəki bəzi institutların elmi seminar və iclaslarda aparılan elmi-tədqiqat işlərinin müzakirəsi tələb olunan səviyyədə keçirilmir, doktorant və dissertantlarla lazımi iş aparılmır.

- Bölmənin bəzi elmi-tədqiqat institutlarının beynəlxalq tədbirlərdə və qrant layihələrində iştirakı qənaətbəxş deyildir.

- Nəzərdə tutulan bəzi elmi konfranslar vaxtında hazırlanıb keçirilməmişdir.

- Təcrübə sahələrinin imkanlarından tam səviyyədə istifadə edilməmişdir.

 

***

 

AMEA Rəyasət Heyəti Naxçıvan Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını dinlədikdən və müzakirə etdikdən sonra əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın təsdiq olunması haqqında qərar qəbul etmişdir.

 

 

"Elm.- 2013.- 15 mart.- S.6-10.