AMEA Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərinin təqdimatı keçirilmişdir
Bu yaxınlarda AMEA Milli Azərbaycan
Tarixi Muzeyində 2010-2012-ci illərdə muzey tərəfindən
nəşr olunmuş kitabları geniş ictimaiyyətə təqdim
etmək məqsədilə təqdimat keçirilmişdir.
Təqdimat
mərasimində elmi-tədqiqat institutları və ali təhsil
ocaqlarının rəhbərləri, müəllim və tələbələri,
respublikanın aparıcı kitabxanalarının əməkdaşları,
kitab satışı mərkəzlərinin nümayəndələri,
kitabsevərlər, KİV nümayəndələri
iştirak etmişlər.
Təqdimatdan
əvvəl tədbir iştirakçıları muzeyin
konfrans salonunda muzeyin nəşrlərilə tanış
olmuşlar. Azərbaycan tarixinin aktual məsələlərinə,
muzeydə qorunan eksponatlara həsr olunmuş nəşrlər
sırasında "Milli Azərbaycan Tarixi Muzeyi
kolleksiyasının inciləri" kataloq-albomu, "Hacı
Zeynalabdin Tağıyev" albomu, "Azərbaycanın
antropomorf terrakotları", "Şirvanın bədii
metalı", "Mirzə Fətəli Axundzadə -
200", "Xurşidbanu Natəvan - 180", "Azərbaycanın
müdafiə silahları" kataloqları,
"Z.Tağıyevin qız məktəbi tarixindən",
"Azərbaycanın Paris sülh konfransındakı
elçiləri", "Azərbaycan xanlıqlarının
bayraqları", "Biz birlikdə qalib gəldik!",
"Azərbaycan xalqının mənəvi həyatı"
kitabları, "Qarabağın tarixi-mədəni irsi",
"Qafqaz Albaniyasının epiqrafik abidələri",
"Azərbaycanın maddi və mənəvi mədəniyyətində
zərdüştlük dövrünün
kaşıları" adlı bukletlər, müxtəlif beynəlxalq
konfransların tezis və məruzələri, muzeyin məqalələr
toplusu xüsusi yer tutur.
Tədbiri
giriş sözü ilə açan muzeyin direktoru, AMEA-nın
vitse-prezidenti, akademik Nailə Vəlixanlı nəşrlərin
əhəmiyyətindən danışmışdır.
Bildirmişdir ki, tədbirin əsas məqsədi ötən
üç il ərzində muzey tərəfindən nəşr
olunmuş kitabları geniş ictimaiyyətə təqdim etmək,
muzeylərdə qorunan maddi mədəniyyət nümunələrindən
bəhs edən elmi və elmi-populyar ədəbiyyatın nəşrinin
vacibliyini diqqətə çatdırmaqdır. Təqdimata
muzey tərəfindən 20-dən artıq kitab, kataloq,
broşür və buklet daxil edilmişdir.
Sonra
"Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri
(2010-2012)" adlı slayd-film nümayiş etdirilmişdir.
Akademik Nailə Vəlixanlı "Muzeyin inciləri",
"Muzeyin bələdçisi" , "The Great Silk Way"
kitabları haqqında məlumat vermişdir.
Elmi işlər
üzrə direktor müavini Nərgiz Əliyeva Muzey tərəfindən
hər il nəşr olunan məqalələr toplusu barədə
məlumat verərək, topluda yalnız Azərbaycanın
deyil, xarici tədqiqatçıların da
materiallarının nəşr olunmasını
vurğulamışdır.
Muzeyin elmi
katibi Fərhad Cabbarov Muzey tərəfindən nəfis tərtibatda
nəşr olunmuş "H.Z.Tağıyev albomu",
"H.Z.Tağıyev Qız məktəbi" adlı kitablar
barədə danışmışdır. Muzeyin baş
mühafizi Məhfuzə Zeynalova Muzeyin bərpa
laboratoriyasının işini əks etdirən "Muzey
eksponatlarının ikinci həyatı-2" bukleti barədə
məlumat vermişdir. Bundan başqa, Ekspozisiya şöbəsinin
əməkdaşı Məmməd Məmmədov, Arxeologiya
Fondunun müdiri Nasir Quluzadə, Silahlar və Bayraqlar Fondunun
müdiri Sevinc Vahabova, Xarici əlaqələr şöbəsinin
əməkdaşı Pərvin Gözəlov, Ekspozisiya
şöbəsinin əməkdaşı Fikrət
Bağırov, AMEA Rəyasət Heyətinin şöbə
müdiri Zemfira Hacıyeva muzey tərəfindən nəşr
olunmuş kitablar, bukletlər, kataloqlar haqqında məlumat
vermişlər.
Akademik
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor
Gövhər Baxşəliyeva çıxış edərək
Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətinin genişlənməsində
muzeyin direktoru Nailə Vəlixanlının xidmətlərini
xüsusi qeyd etmiş, bu kimi tədbirlərin AMEA-nın fəaliyyəti
barədə geniş ictimaiyyətə məlumat verilməsi
baxımından olduqca əhəmiyyətli olmasını
vurğulamışdır. Azərbaycan Milli Kitabxanasının
direktoru Kərim Tahirov qeyd etmişdir ki, milli kitabxanaya
soydaşlarımızla bərabər minlərlə xarici vətəndaş
müraciət edir və Azərbaycanla bağlı ədəbiyyat
sifariş verirlər. Bu baxımdan Muzeyin nəşrlərinin
yalnız Azərbaycan dilində deyil, xarici dillərdə də
olması vətənimizin tarixi və mədəniyyəti
haqqında əcnəbilərin məlumatlandırılması
baxımından olduqca əhəmiyyətlidir. Tədbirin
sonunda Muzeylə bir sıra kitabxana, kitab evi və kitab
satış mərkəzləri arasında Muzeyin nəşrlərinin
yayılması barədə müqavilələr
imzalanmışdır.
Elm.- 2013.- 15 mart.- S.5.