ZAMANLA BÖYÜYƏN İNSAN

 

Ziddiyyətli, sevincli-kədərli və faciəli həyatı bütövlükdə doğma xalqının tarixi və mədəniyyəti ilə bağlı olub xeyriyyəçi milyonçu Ağa Musa Nağıyevin.

 

XIX əsrin sonlarında, XX əsrin əvvəllərində neftə artan tələbat Azərbaycan milli burjuaziyasının təşəkkülünə səbəb olur. Onların malik olduqları var-dövlət həmin dövrün bəzi hökmdarlarının  xəzinələrində olduğundan da artıq idi.

Dünənədək heç kimin tanımadığı, saymadığı sadə insanlar qısa müddət ərizində varlandılar. Sanki hansısa bir sehirbaz Hacı Zeynalabdin Tağıyevi, Ağa Musa Nağıyevi və bir çoxlarını milyonçuya çevirdi.

Bu milyonçuların üzərinə sanki tarix vacib bir vəzifə qoydu - xalqını maarifləndirmək missiyasını. Lakin onların arasında pullarını zinət əşyaları almağa sərf etməyə üstünlük verənlər də tapıldı. Bəziləri isə maarifləndirilmənin əhəmiyyətini dərk edərək, təhsilin inkişafına  vəsait  buraxdı. Neft sahibkarı Ağa Musa Nağıyev belə vətənpərvərlərin  sırasına daxil oldu.

Onun və digər mesenatların əməyi və milyonları sayəsində Azərbaycanda qısa müddət ərzində bütöv bir ziyalılar nəsli təşəkkül tapdı.

1917-ci ildə Azərbaycanda mesenatlığa müvəqqəti olaraq son qoyuldu. Ağa Musa Nağıyev kimilərin - milli burjuaziya nümayəndələrinin üzərinə "xalq düşməni" damğası vuraraq onları  təqibə məruz qoydular.

Lakin bütün "sirlər nə vaxtsa aşkar olur" - deyiblər. Sosializmin dağılması ilə keçmiş düşmənlər "qəhrəmanlara", sosialist inqilabının qəhrəmanları isə "milli xainlərə" çevrildi.

Ağa Musa Nağıyev ilə eyni vaxtda Sovet Ensiklopediyasında "geniş" yer verilmiş Gülbekyan soyadlı bir mesenat da fəaliyyət göstərib. Vətənində heç vaxt yaşamayan mesenat həyatını İraq, Fransa, AvstraliyaRusiyada keçirməsinə baxmayaraq, müstəqillik qazanandan sonra xalqın ilk tədbiri onun adının əbədiləşdirilməsi olmuşdur. O vaxtdan Yerevanın mərkəzində heykəli qoyulmaqla bərabər adına küçə də verilib.

Bəxt, tale, qismət deyilən anlamlara inanmayanlara bir məsləhətim var: neft milyonçusu Ağa Musa Nağıyevin həyat tarixçəsinə nəzər salsınlar. Çünki şaxtanın bıçaq kimi sümüyə işlədiyi  qış axşamlarının birində dünyaya gəlmiş Ağa Musanın milyonları sonradan başına gələn hadisələrin qarşısını ala bilməyəcək. Bu həmin gün onun alnına yazılmış tale qisməti imiş.

Tanrı onu kiçik yaşlarından özündən böyük yükün altına yıxır. Zəhmətinin bəhrəsini - yalnız çörəyə çatan pulu qazanıb, ona möhtac olan ailəsinə köməkdə görür. Uşaqlığını unudur.

Sonradan xeyirxahlığı, ziyalı təfəkkürü ilə zəmanəsinin mesenatları arasında özünəməxsus yer tutanlardan olur. "Zamanla böyüyən insan" - Ağa Musa Bakının simasına çevrilir.

XX əsirin əvvəllərində Bakının daha çox ehtiyac duyduğu sahələrin dirçəlişi, xalqın tələbatını ödəmək baxımından məşhur mesenatın həyata keçirdiyi tədbirlər bu gün fövqəladə zəhmətin və xalqa bağlılığın təzahürü kimi diqqəti cəlb edir.

A.M.Nağıyevin qazandığı sərvətin ölçüsü hesaba gəlməzdir. Onun ictimai fəaliyyətini öyrəndikcə, xalq onu daha çox qiymətləndirir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Ağa Musa Nağıyev kimi xeyriyyəçi-milyonçulara "istismarçı-kapitalist" damğası vurulur. Bunun nəticəsidir ki, milyonçu dünyasını dəyişdikdən sonra vəsiyyətinə rəğmən Kərbəla ona qismət olmur.

Keçmişimizə hörmətlə yanaşmaq, Azərbaycanın tarixini, onun dəyərli səhifələrini övladlarımıza, gələcək nəslə ötürmək hər birimizin borcudur.

Dilarə xanımın bu mövzuya  müraciət  etməsi və zaman məsafəsində  qazandığı nailiyyətləri onun vətənpərvərlik hisslərindən, humanizmindən, incə, nəcib duyğularından irəli gəlir. Xeyriyyəçilik prinsipləri ilə tanınan, insanlara maddi və mənəvi dayaq olan bu xanımın ürək genişliyi  onun ətrafında olan insanlara sevgi hissini aşılayır.

O, xalq üçün yaşanan ömrün davamçısı olaraq məsuliyyət və qətiyyəti gündəmə gətirib.

Onun yazdığı hər bir fəsildə Azərbaycanın dövlətçilik prinsipləri, onun coğrafiyası, tarixi, tanınmış simaların portret cizgiləri əsas xətt olaraq təqdim olunur. Buradakı hər iz tariximizin bir parçası, yaşanılan illərin əks-sədasıdır desək, fikrimizdə yanılmarıq.

Neçə əsrlik tariximizi "Daş kitabə"lər vasitəsilə bizlərə əxz etməkdir onun məqsədi.

Kitabı oxuyarkən Dilarə xanımın bu sahədə etdiklərinə nəzər yetirdikcə, artıq onun saldığı ləpirləri görmək olur.

 

 

Arif HƏŞİMOV,

AMEA-nın birinci vitse-prezidenti,

akademik

 

Elm.- 2013.- 15 mart.- S.18.