Regional innovasiya proqramının tərtibatına dair dəyərli
metodiki vəsait
Ölkəmizin
müstəqillik əldə etməsindən ötən 20 il ərzində iqtisadi situasiyanın davamlı
olaraq yaxşılaşması iqtisadiyyatda yeni imkanlar və
perspektivlər yaradır. Eyni zamanda dünyada
informasiya cəmiyyətinin yaranması prosesi sürətlənir. Ona görə dünya
iqtisadiyyatına sürətlə inteqrasiya olunan
respublikamızda yeni tipli iqtisadiyyatın
formalaşdırılması, kreativ əməyin və
innovasiyaların səmərəli istifadə edilməsi
olduqca vacib istiqamətlər hesab
edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə 29 noyabr 2011-ci il
tarixli Sərəncamında deyilir: "Hazırda Azərbaycan
yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin
əsas hədəfi çoxşaxəli, səmərəli
və innovasiya yönlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır".
İnformasiya cəmiyyətinin və rəqabətə
davamlı yüksək texnologiyalı milli iqtisadiyyatın
yaradılması bir sıra dövlətlərin iqtisadi siyasətinin
prioritet istiqamətinə çevrilmişdir.
Hazırda dünyanın iqtisadi cəhətdən
inkişaf etmiş bütün ölkələri, o cümlədən
Avropa dövlətləri öz iqtisadiyyatlarında əldə
edilmiş yüksək göstəricilərin stabil
saxlanılması və perspektiv iqtisadi inkişaf üçün
innovasiyaların imkanlarından istifadəni olduqca əhəmiyyətli
hesab edirlər.
Bu cəhətdən AMEA Elmi
İnnovasiyalar Mərkəzinin nəzdindəki Təhsil-Tədris
Mərkəzinin direktoru iqtisad elmləri doktoru, professor Tərbiz
Əliyev və iqtisad üzrə fəlsəfə doktoru
Lütvəli Babayev tərəfindən işlənib
hazırlanan "Regional innovasiya proqramının tərtibatı
üzrə metodiki tövsiyələr" regional innovasiya
sisteminin yaradılması və inkişaf etdirilməsində
nəzəri və praktiki əhəmiyyət daşıyan
nümunəvi və informativ vəsait kimi təqdirəlayiqdir.
Vəsaitdə hazırkı şəraitdə
ölkəmizdə və onun regionlarında innovasiyalar
üçün maneələr xarici və daxili hissələrə
bölünür. Xarici maneələr kifayət
qədər inkişaf etməmiş infrastrukturdan, mövcud
sahədəki biliklərin
çatışmazlığından, köhnəlmiş qanunvericilikdən,
cəmiyyətdəki istedadlara ümumi etinasızlıqdan
ibarətdir. Daxili maneələrə ciddi
təşkilati tələblər və prosedurlar, konservatizm,
dünyagörüşünün
çatışmazlığı, köhnə qaydanın
saxlanmasına maraq, başqa insanların ideyalarının qəbul
etməkdən imtina, riskə getmək üçün arzunun
və motivasiyanın olmaması daxildir.
Regional innovasiya proqramının tərtibatı
zamanı müəlliflər aşağıdakı vəzifələrin
icrasını ön plana çəkmişlər:
Regionlarda mövcud iqtisadi potensiallardan səmərəli
istifadə olunması istiqamətində səylərin
innovasiyanın prioritet istiqamətlərinin inkişafına cəmləşdirilməsi;
Regionlarda iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsində
investisiya-innovasiya tədbirlərinin həyata keçirilməsində
dövlət və qeyri-dövlət təşkilatlarının
dəstəyinin təmin edilməsi;
Regional infrastruktur təminatının
yaxşılaşdırılması istiqamətində
innovasiya xarakterli kompleks tədbirlərin işlənilməsi
və həyata keçirilməsi;
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
istiqamətində innovasiya meyilli layihələrin,
biznes-planların həyata keçirilməsi;
Regionların emal müəssisələrində
yüksək texnologiyalı və elmtutumlu məhsulların
istehsalı üçün innovasiyanın
inkişafının təmin edilməsi;
Regionlarda mütərəqqi texnoloji
sistemin və cəlbedici innovasiya mühitinin
formalaşması üçün müvafiq
infrastrukturların (regional texnoparkların;
biznes-inkubatorların; vençur-fondlarının;
innovasiya-texnoloji mərkəzlərin; dizayn mərkəzlərinin;
texnologiyaların transferi mərkəzlərinin, elmi
parkların və s.) yaradılması;
İnnovasiya menecmentinin mütərəqqi
forma və metodlarının tətbiqi;
İnnovasiyaya olan tələbatın
yüksəldilməsi üçün innovasiyanın
inkişafı sferasına xüsusi investorların cəlb
edilməsi mexanizminin təkmilləşdirilməsi;
Respublikanın elmi-texniki və intellektual
potensiallarının regionların innovasiya prosesinə cəlb
edilməsi;
Sığortalanma mühafizəsi
mexanizminin cəlb edilməsi hesabına regionlarda həyata
keçirilən innovasiya layihələrində riskin
azaldılması;
İnnovasiya yanaşmalarını nəzərə
almaqla regionlarda resurs, kredit, vergi-büdcə və tarif siyasətinin
formalaşması.
Regional innovasiya proqramlarının
hazırlanması zamanı nəzərə
alınmalıdır ki, yaradici işçilər və
onların fəaliyyətinin nəticələri yalnız
uzunmüddətli perspektivdə qiymətləndirilə bilər.
İnnovasiya siyasətinin uğurlu icrasına nail olmaq
üçün təklif olunan metodiki tövsiyələrdə
nəzərdə tutulmuş prioritetlik, komplekslilik, səmərəlilik,
ekoloji təhlükəsizlik, regional yanaşma prinsiplərinə
əməl olunması vacibdir.
İnnovasiyaların idarə olunmasında
məqsəd bütün təşkilat miqyasında yeni
ideyaları irəli sürmək, generasiya etmək, nəzarət
etmək və qiymətləndirməklə alınmış
nəticələri bazara çıxarmaqdan ibarətdir.
İnnovasiyaların idarə olunmasının əsasında
novatorların və təşkilatın fəaliyyət nəticələrinə
cavabdehlərin balanslaşdırılmış əməkdaşlığı
durur. Yaradıcılıq proseslərinin səmərəli
idarə olunması üçün menecerlər
innovasiyaların istifadəsi yolundakı maneələri
tapmalı və aradan qaldırmalı, eləcə də
şəxsi, qrup şəkilli innovasiya təşəbbüslərini
müdafiə edərək innovasiya yönündə əməkdaşlıq
münasibətlərini təşkilatda yaratmalıdır.
İnnovasiyalaşdırma - yeni
ideyaların yaradılması və tətbiqi hesabına
müəssisənin iqtisadi və ya sosial potensialında məzmunlu,
məqsədyönlü dəyişikliklərin həyata
keçirilməsi cəhdidir. İnnovasiyalar məhsullarda və proseslərdəki
tələbatların, mövcud uyğunsuzluqların,
iqtisadiyyatın ayrı-ayrı sahələrindəki və
ümumiyyətlə bazardakı dəyişikliklərin,
demoqrafik inkişafın və yeni biliklərin nəticəsi
olaraq meydana çıxa bilər. Müəlliflər
bütün bunları nəzərə alaraq regional innovasiya
proqramının dayanıqlı inkişafa təsir göstərə
bilən aşağıdakı prioritet istiqamətlərini
müəyyən etmiş və həyata keçirilməsi zəruri
hesab edilən nümunəvi tədbirlərin təsnifatını
hazırlamışlar:
Regionun iqtisadi-coğrafi
xarakteristikasının şərhi və ehtiyat
imkanlarının aşkara çıxarılması;
Respublikanın ayrı-ayrı
regionlarında sənaye kompleksinə daxil olan müəssisələrin
(o cümlədən kiçik innovasiya biznesinin) innovasiya
inkişafı;
Ölkənin bütün regionlarında
innovasiya fəaliyyətinin dövlət tərəfindən
stimullaşdırılması və dəstəklənməsi;
Müasir tipli infrastruktur obyektlərinin
yaradılması, onların mütərəqqi texnika və
texnologiya ilə təmin edilməsi, mövcud obyektlərin
işinin beynəlxalq standartlara uyğunlaşdırılması;
Ərazilərin
abadlaşdırılması, şəhər (qəsəbə)
salma prosesində innovasiyaların geniş tətbiqi;
İnnovasiya meyilli səhiyyənin
inkişafı;
Kənd təsərrüfatının
innovasiya yönümlü iqtisadi inkişafı;
Əhalinin sağlamlığının
qorunmasında və təhlükəsizliyinin təmin edilməsində
ekoloji innovasiya metodlarının geniş tətbiqi;
İnnovasiya meyilli turizm infrastrukturunun
inkişaf etdirilməsi;
Regionlarda informatizasiya sferasında
innovasiyanın tətbiq edilməsi;
Təhsil sisteminin təkmilləşdirilməsində
və kadr təminatı işində dünya informasiya
resurslarından səmərəli istifadənin təşkili
və innovasiya prosesinin dinamikliyinin təmin edilməsi;
Şəxsiyyətin innovasiya aktivliyinin və
hərtərəfli inkişafının
formalaşdırılması.
Metodiki tövsiyədə qeyd edilən
prioritet istiqamətlər üzrə işlənib
hazırlanacaq tədbirlərin nümunəvi təsnifatı
verilmişdir ki, bu da proqramın tərtibatçıları
üçün önəmlidir və regional innovativ
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
üçün çox vacib mənbədir.
Müasir dövrdə dünya universitetləri
kadr hazırlığının həyata keçirilməsi,
elmi-tədqiqat işlərinin yerinə yetirilməsi kimi ənənəvi
funksiyaları ilə yanaşı, innovasiyaların
yayılması funksiyasını da yerinə yetirirlər. Bunu nəzərə alaraq müəlliflər
hazırladıqları metodiki tövsiyələrdə
innovasiya fəaliyyətinin aktivləşdirilməsində
ölkəmizin universitetlərinin, eləcə də
regionlarda yerləşən universitetlərin üzərinə
mühüm vəzifələr düşdüyünü nəzərə
almışlar. Doğrudan da, müasir universitetlər
innovasiya layihələrinin məqsədyönlü
axtarışı və reallaşdırılması; ali məktəblərdə
elmi tədqiqatlar əsasında kiçik innovasiya müəssisələri
zolağının yaradılması; elmi nailiyyətlərin və
yeni texnologiyaların ölkə müəssisələrinə
ötürülməsi; ölkəyə beynəlxalq və
yerli vençur kapitalın cəlb edilməsi
üçün uğurlu layihələr hazırlamaq;
innovasiya fəaliyyətini dəstəkləyən
infrastrukturun yaradılmasına elmi və ideya cəhətdən
köməklik göstərilməsi və innovasiya fəaliyyətinin
kadr təminatı kimi funksiyaları da yerinə yetirməlidirlər.
Ölkəmizdə fəaliyyət göstərən
qabaqcıl ali məktəblər mərkəzdə
və regionlarda innovasiyaların yaradılması və tətbiqi
istiqamətində aktiv şəkildə fəaliyyət
göstərməlidirlər. Universitetlərin
geniş maddi-texniki bazası və böyük elmi
potensialı artıq fundamental elmi tədqiqat işlərini
yüksək keyfiyyətlə yerinə yetirməyə imkan
verir. Bir sözlə, universitetlərdə
innovasiya mühitinin inkişafı kreativ düşüncəli
yeni nəslin formalaşmasında mühüm rol oynayır ki,
bu potensialdan da regional innovasiya proqramlarının
hazırlanmasında istifadə edilməsi mümkündür.
Fikrimizcə, son illərdə ölkənin
iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi,
informasiya və biliklərə əsaslanan, rəqabətə
davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik
bazarının yaradılması və inkişaf etdirilməsi
istiqamətində ölkədə aparılmış
irimiqyaslı işlər innovasiyaların genişlənməsi
üçün möhkəm baza
formalaşdırmışdır. İnnovasiyaların
iqtisadiyyatın dövlət və özəl sektorlarında
geniş tətbiq olunmasının
stimullaşdırılması istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirlər, o
cümlədən innovasiya proqramlarının elmi əsaslarının
yaradılmasına xidmət edən metodik vəsait, tövsiyə
və göstərişlərin hazırlanması iqtisadiyyatın yeni,
innovasiyalı strukturunun formalaşmasına təkan verə
bilər.
Asif
ŞİRƏLİYEV,
iqtisad elmləri doktoru, professor
Müslüm
CABBARZADƏ,
iqtisad üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan
Dövlət Universiteti
Elm.- 2013.- 15 mart.- S.18.