AMEA Rəyasət Heyətində Gənc Alimlər şuralarının sədrləri ilə görüş keçirilmişdir

 

Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Gənc Alimlər şuralarının sədrləri ilə görüş keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə ölkəmizdə elmin inkişafı üzrə dövlət siyasətindən, gənc alimlərə göstərilən diqqət və qayğıdan danışmışdır. Akademik Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının  "Xidmətlərə görə" Qızıl ordeninə layiq görülməsini diqqətə çatdırmışdır.

Prezident İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən bir qrup gənc alimin Avropa ölkələrində təcrübə keçdiklərini qeyd edən A.Əlizadə sərəncama görə işlərin yenidən davam etdiriləcəyini vurğulamışdır.

Bildirmişdir ki, bu gün gənc alimlərin informasiya texnologiyalarına və xarici dillərə dərindən yiyələnməsi vacibdir. Elmi ədəbiyyatların çoxunun xarici dillərdə olması bu məsələyə xüsusi diqqət yetirilməsini şərtləndirir. Çünki xarici dili bilməyən gənc elmlə məşğul ola bilməz. Respublikamızda gənc alimlərə böyük ehtiyac olduğundan onlar daima öz üzərində çalışmalı, gündəlik işlərində yeniliklər etməlidirlər. Dərslik proqramları, metodik vəsaitlərin əksəriyyətinin köhnəldiyini bildirən A.Əlizadə bu sahədə gənclərin üzərinə böyük iş düşdüyünü vurğulamışdır.

Gənclərin ictimai həyatda fəallığından danışan akademik Azərbaycan həqiqətlərinin elmi əsaslarla xaricdə tanıdılması üçün gənclərin tariximiz, mədəniyyətimiz və incəsənətimiz haqqında dərin biliklərə malik olmasının vacibliyini də diqqətə çatdırmışdır. A.Əlizadə Gənc Alimlər Şurasının bundan sonra Rəyasət Heyətinin binasında fəaliyyət göstərəcəyini bildirmişdir. Akademik həmçinin qeyd etmişdir ki, AMEA nəzdində İnstitut Direktorları Şurası və Gənclər Bürosu yaradılacaq.

AMEA-nın Rəyasət Heyətinin akademik-katibi, akademik Vaqif Fərzəliyev çıxış edərək elmə yeni istiqamətləri hər zaman gənc alimlərin gətirdiyini və respublikamızda gəncləri bu istiqamətdə fəallaşdırmağın vacibliyini diqqətə çatdırmışdır.

AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov mərkəz tərəfindən görülən işlər barədə hesabat xarakterli məlumat verərək bildirmişdir ki, gənclər və elm siyasətini həyata keçirən bir qurum olan mərkəz 2005-ci ildə yaradılmışdır. Mərkəzin yeni jurnalı təsis edilmiş və burada elmin bütün istiqamətləri üzrə elmi əsərlər çap olunmaqdadır. O, mərkəz tərəfindən iki ildən bir "Gənclik və elm həftəliyi"nin keçirildiyini, bu il ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar növbəti gənclik və elm həftəliyinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Gənclər və İdman Nazirliyinin xətti ilə xarici ölkələrdə keçirilən tədbirlərdə gənc alimlərimizin iştirak etdiyini nəzərə çatdıran İlqar Orucov hər il 5 gənc alimə gənclər mükafatının təqdim olunduğunu da bildirmişdir. Şuranın fəaliyyətində olan problemlərdən danışan İ.Orucov Gənc Alimlər şuralarının fəaliyyətlərinin gücləndirilməsi istiqamətində təkliflər irəli sürmüşdür.

Tədbirdə gənc alimlərdən f.ü.f.d. Rəhim Ələkbərov, tex.ü.f.d. Fərhad Yusifov, b.ü.f.d. Mehrac Abbasov, fil.ü.f.d. Eşqanə Babayeva və başqaları çıxış edərək fəaliyyətləri haqqında məlumat vermiş, mövcud problemlərlə bağlı fikirlərini səsləndirmişlər.

Sonda gənc alimlərin mənzil və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

 

 

 Elm .- 2013.- 15 mart.- S.5.