Biologiya elminin inkişafında Cəlal Əliyev zirvəsi
Həyatın
yaranması, üzvi aləmin əmələ gəlməsi, təbiətin
əsrarəngiz və əvəzolunmaz inkişafı
fotosintez hadisəsi ilə bağlıdır. Ona
görə də fotosintez prosesinin öyrənilməsi uzun
müddət biologiya elminin ən mühüm problemlərindən
biri kimi dünya alimlərinin diqqət mərkəzində
olmuşdur. Təsadüfi deyildir ki, tək bu sahədə
əldə edilmiş nailiyyətlərə və kəşflərə
görə indiyə kimi 5 alim Nobel mükafatına layiq
görülmüşdür.
Azərbaycan elmi tarixində isə ilk dəfə
fotosintez prosesinin əsaslı şəkildə öyrənilməsinə
hazırda respublikanın elmi ictimaiyyəti tərəfindən
85 illik yubileyi təntənə ilə qeyd edilən
böyük alim, ictimai xadim, biologiya elmləri doktoru, professor,
akademik Cəlal Əlirza oğlu Əliyev ciddi maraq göstərmiş
və bu sahə onun elmi yaradıcılığının
fundamental tədqiqat obyektinə çevrilmişdir. Cəlal Əliyev alim ömrünün əhəmiyyətli
bir hissəsini kənd təsərrüfatı bitkilərində,
xüsusən də dənli bitkilərdə gedən fizioloji
və biokimyəvi proseslərin xüsusiyyətlərinin,
fotosintez hadisəsinə xarici mühit amillərinin təsirinin
öyrənilməsinə həsr etmişdir. Görkəmli
alim həmçinin, fotosintez prosesinin müxtəlif tədqiqat
istiqamətlərinin inteqrasiyası hesabına
"yaxşı" fotosintez haqqında təsəvvür
yaratmış, kənd təsərrüfatı bitkilərindən
yüksək və keyfiyyətli məhsul əldə edilməsi
üçün prosesin optimallaşdırılması məsələlərini
araşdırmışdır.
Hamıya məlumdur ki, bütün
dünyada olduğu kimi Azərbaycanda da dövlətin
taxıl ehtiyatı ölkənin ərzaq və deməli,
iqtisadi təhlükəsizliyinin bazisi, çörək isə
əsas qida mənbəyidir. Millətini,
vətənini canı qədər əziz tutan, sevən Cəlal
Əliyev hələ tələbəlik illərindən
(1946-1951) bunu yaxşı bilirdi və ona görə də
bütün taleyini, alim ömrünü şüurlu surətdə
bu sahəyə bağlamağı, xalqın gələcək
rifahına, yüksəlişinə öz alim töhfəsini
verməyi qərara almışdı. Bəlkə
də, məhz bu səbəbdən akademik Cəlal Əliyevin
uğurlu elmi yaradıcılığının əhəmiyyətli
hissəsi, əsasən, Azərbaycanda
taxılçılığın inkişafına yönəlmişdir.
Mübaliğəsiz demək olar ki, bitki
seleksiyası sahəsində ölkədə qabaqcıl
mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi
formalaşmışdır. Digər seleksiyaçı alimlər də öz tədqiqat
işlərində daima Cəlal müəllimin elmi
yaradıcılığından, uzaqgörən məsləhətlərindən
bəhrələnmişlər.
1954-cü ildə Əkinçilik
İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə
başlayan bu böyük alimin seleksiyaçı
intuisiyası, dərin nəzəri bilikləri, innovativ
ideyaları, gərgin və məqsədyönlü əməyi
yeni intensiv tipli taxıl sortlarının yaradılmasında
öz səmərəsini verməyə bilməzdi.
Ölkəmizin buğda əkin sahələrinin əsas hissəsini
təşkil edən, Gürcüstanda, Orta Asiya
respublikalarında, xüsusən Türkmənistan və
Özbəkistanda da becərilərək yüksək nəticələr
verən "Qaraqılçıq-2", "Mirbəşir-50",
"Vüqar", "Şiraslan-23", "Tərtər",
"Bərəkətli-95", "Əlincə-84",
"Ruzi-84" və başqa bu kimi bərk buğda (Triticum
durum L.) sortları ilə böyük alim öz adını
Azərbaycanın əkinçilik tarixinə qızıl hərflərlə
yazmışdır. Cəlal müəllimin
yaratdığı yumşaq buğda (Triticumaestivum L.) sortu
"Qiymətli-2/17" yüksək məhsuldarlığına,
əla çörək keyfiyyətinə, güclü
şaxtaya və xəstəliklərə
davamlılığına görə dünyanın
tanınmış seleksiyaçı alimləri tərəfindən
"möcüzə sort"
adlandırılmışdır. Fermerlərin
dili ilə desək "Cəlal Əliyevin sortları"
respublikanın müxtəlif aqroiqlim bölgələrinin
yerli şəraitinə uyğun olmaqla və dəyişən
ekoloji amillərin təsirinə qarşı öz adaptiv
xüsusiyyətlərini qorumaq qabiliyyəti göstərməklə,
yüksək məhsuldarlıq və keyfiyyət göstəriciləri
ilə seçilirlər. Bu gün fermerlər tərəfindən,
həmçinin iri təsərrüfatlarda geniş şəkildə
becərilən yeni "Tale-38", "Əzəmətli-95",
"Qobustan" yumşaq buğda sortlarını bu mənada
xüsusi olaraq qeyd etmək lazımdır.
Elmi ictimaiyyətə yaxşı məlumdur
ki, biologiyanın müasir istiqamətlərindən olan
molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya, bioinformatika,
gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi
sahələri Azərbaycan elmində ilk dəfə olaraq məhz
Cəlal Əlirza oğlu Əliyevin uzaqgörənliyi, təşəbbüskarlığı,
milli təəssübkeşliyi, novator-alim mövqeyi nəticəsində
inkişaf etdirilmiş, onun rəhbərliyi ilə bu elmlərin
kadr bazası formalaşdırılmışdır. Onun rəhbərliyi ilə respublikamızda ilk dəfə
biologiya və kənd təsərrüfatının bir
çox nəzəri və praktiki məsələlərinin
həllində riyazi metodlardan və kompüter
texnologiyasından istifadə etmək mümkün olmuşdur.
Bununla əlaqədar Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev və
s. şəhərlərin aparıcı elmi-tədqiqat
institutları və böyük alimləri ilə elmi əlaqələrin
yaranmasını və genişlənməsini xüsusi olaraq
qeyd etmək lazımdır. Təkcə onu demək kifayətdir
ki, bu gün Azərbaycan bioinformatika sahəsində dünya
üzrə ən qabaqcıl mövqelərdən birini tutur,
yaxın regionlarda isə birincidir, halbuki bir vaxtlar Cəlal
müəllimin bu sahənin inkişafı üçün
bütün qüvvəsini sərf etməsi müxtəlif
dairələrdə bir az istehza, bir az təəccüb, bir az
da qısqanclıqla qarşılanırdı. Lakin
həyat onun nə qədər haqlı olduğunu sübut
etdi.
Akademik Cəlal Əliyev fitri istedadı,
uzun illərə söykənən zəngin təcrübəsi,
orijinal və bənzərsiz elmi yaradıcılığı
sayəsində Azərbaycanda kənd təsərrüfatı
bitkilərinə və onların yabanı əcdadlarına
aid 40 minə yaxın nümunədən ibarət bitki
genofondunun istifadəsi əsasında 60-dan çox yeni,
müasir tələblərə cavab verə bilən buğda
sortu yaratmağa nail olmuşdur ki, bu da tək-tək elm
adamının taleyinə düşən böyük Allah
vergisi hesab edilə bilər.
Akademik Cəlal Əliyevi yaxından
tanıyanlar yaxşı bilirlər ki, o, taleyini təkcə
elmi yaradıcılığa həsr etməklə kifayətlənməmişdir.
C.Əliyev həmçinin Azərbaycan elmində
nüfuzlu bir mövqe qazanmış böyük bir elmi məktəbin
yaradıcısı və rəhbəridir. Cəlal müəllim həmişə gənc alimlərə
arxa-dayaq, böyük məsləhətçi olmuşdur.
Məhz elə bunun nəticəsidir ki, indiyə
kimi onun ustad himayəsi, müəllim qayğısı və
şəxsi təşəbbüsü ilə 300-ə
yaxın gənc istedad dissertasiya müdafiə edərək
alim adını qazanmışdır. Cəlal
müəllim onlardan 80-dən çoxunun namizədlik, 11-nin
doktorluq dissertasiyasının bilavasitə elmi rəhbəri
olmuşdur. Əməkdar Elm Xadimi Cəlal Əliyevin
elmi məktəbinin yetirmələrinin səs-sorağı bu
gün ABŞ, Kanada, İsveç, Böyük Britaniya,
Yaponiya, Cənubi Koreya, Avstraliya, Rusiya və onlarca digər
qabaqcıl ölkələrin tanınmış universitetlərindən,
elmi-tədqiqat müəssisələrindən, beynəlxalq mərkəzlərdən
gəlir.
Akademik Cəlal Əliyevin elmi yaradıcılığını
qarşısına qoyduğu məqsədlər, fundamental nəzəri
və praktiki nəticələrinin ümummilli və bəşəri
əhəmiyyəti, mövzu yeniliyi, orijinallığı
baxımından əsasən iki mərhələyə
bölmək olar:
1-ci mərhələ - 1950-1970-ci illəri
əhatə edən dövr. Bu mərhələdə
geniş miqyaslı və təcrübi şəkildə kənd
təsərrüfatı bitkilərində (xüsusilə, dənli
bitkilərdə) gedən fizioloji və biokimyəvi proseslərin
xüsusiyyətləri, bu bitkilərin məhsuldarlığına
mikroelementlərin təsiri, bu amillərin fotosintez prosesi ilə
qarşılıqlı əlaqəsi, fotosintez prosesinə
xarici mühit amillərinin təsiri, habelə kənd təsərrüfatı
bitkilərindən yüksək və keyfiyyətli məhsul
alınmasında günəş enerjisinin faydalı iş əmsalını
nəzərə almaqla bu prosesin
optimallaşdırılması öyrənilmişdir. Uğurlu elmi tədqiqatın nəticələri
alimin 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcəsi
almaq üçün "Bitkilərin fotosintez fəaliyyəti,
mineral elementlərlə qidalanması və məhsuldarlığı"
mövzusunda müdafiə etdiyi dissertasiyasında mükəmməl
və ətraflı olaraq öz ifadəsini
tapmışdır.
2-ci mərhələ 1970-ci ildən bu
günədək olan dövrü əhatə edir.
Bu dövr Cəlal müəllimin elmi
yaradıcılığı öz zənginliyi, fundamental
yeniliyi, yeni bioloji elmi istiqamətlərin (biotexnologiya, gen
mühəndisliyi, hüceyrə seleksiyası, molekulyar biologiya,
riyazi metodların, kompüter texnikasının və
informasiya texnologiyalarının biologiyada tətbiqi və s.)
yaranması, bu istiqamətdə dünyəvi əlaqələrin
inkişafı ilə seçilir. Məhz bu
dövrdə o, tanınmış alim kimi böyük
şöhrət qazanmış, 1976-cı ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə
isə həqiqi üzvü seçilmişdir. 1981-1990-cı illərdə Azərbaycan Elmlər
Akademiyasının Biologiya Elmləri Bölməsinin
akademik-katibi vəzifəsində işləmişdir.
1970-ci ildən başlayaraq Cəlal Əliyevin
rəhbərlik etdiyi laboratoriyalarda aparılan kompleks tədqiqat
işlərinin istiqaməti tədricən kənd təsərrüfatı
bitkilərinin potensial məhsuldarlığını
reallaşdıran fizioloji-genetik əsasların öyrənilməsinə
yönəldilmişdir. Bu,
müasir intensiv sortların seleksiyası üçün
öyrənilməsi zəruri olan aktual bir məsələ
idi.
Bu dövr həmçinin intensiv
sortların yaradılmasında və
yaxşılaşdırılmasında ümdə şərtlərdən
birinə - fotosintez əlamətləri və məhsuldarlığı
ilə bir-birindən kəskin fərqlənən formalardan
ibarət zəngin buğda genefondunun yaradılmasına həsr
edilmişdir. Cəlal müəllim tərəfindən
Azərbaycanda kənd təsərrüfatı biologiyası və
bitkilərin seleksiyası sahəsində müasir elmi nəzəriyyənin
formalaşdırılması məhz bu dövrə təsadüf
edir. O, bu nəzəriyyədən faydalanmaqla ilk dəfə
təcrübi yolla yeni intensiv tipli sortların
yaradılmasına və tətbiqinə nail olmuş,
fundamental elmlə istehsal-sahə tədqiqatlarının yeni
formada vəhdətini, inteqrasiyasını
yaratmışdır. Qiymətli fotosintez əlamətlərinin
irsən keçməsinin və ümumiyyətlə, irsiyyətin
öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin
aşkar olunması və ən başlıcası -
"ideal" tipə yaxın sortların yaradılması
üzrə məqsədyönlü seleksiya işlərinin
kompleks şəkildə həyata keçirilməsi onun
adı ilə sıx bağlıdır.
Cəlal Əliyevin seleksiya proqramı
çoxcəhətli və hərtərəflidir.
Bu proqram daima fəaliyyətdə və
inkişafda olan, təkrarolunmaz, hissələri bir-birini
tamamlayan, dayandırılması və ya zəiflədilməsi
mümkün olmayan bir mexanizm, bir sistemdir. 80-ci
illərin sonu, 90-cı illərin əvvəllərində bu
sistemi pozmağa bir çox ciddi cəhdlər edilmiş, Əkinçilik
İnstitutunun rəhbərliyi dəyişdirilmiş,
seleksiyaçı alimlər başqa işə
keçirilmiş, məqsədyönlü elmi seleksiya işlərinin
aparılmasına lazımi şərait
yaradılmamışdı. Həmin illər
məlum Qarabağ müharibəsi nəticəsində erməni
işğalçıları tərəfindən Elmlər
Akademiyasının Qarabağ seleksiya bazası
dağıdılmış, Tərtər Bölgə Təcrübə
Stansiyasında işlər zəifləmişdi. Digər bir problem ondan ibarət idi ki, zəngin milli
buğda genefondu sovetlər dövründə Ümumrusiya Bitkiçilik
İnstitutunda (Sankt-Peterburq) saxlanıldığından
müstəqillik əldə edildikdən sonra
seleksiyaçı alimlərin bu fonddan istifadə etməsi
xeyli çətinləşmişdi.
Məhz bu mürəkkəb illərdə
akademik C.Əliyev hər cür təqib və təzyiqlərə
baxmayaraq, Əkinçilik İnstitutunda
başladığı seleksiya proqramını həyata
keçirmək üçün alim kollektivini öz ətrafında
sıx birləşdirərək, ruhdan düşməyə
qoymamışdır. Respublikanın
taxıla olan tələbatının durmadan artması və
bu illərdə süni surətdə yaradılmış
blokada akademik C.Əliyevi yeni seleksiya proqramları
hazırlayıb həyata keçirməyə təşviq
edirdi. Lazımi dəstək görməsə
də, respublikada yeni məhsuldar və keyfiyyətli buğda
sortlarının yaradılması onun və rəhbərlik
etdiyi bir qrup əməkdaşın öhdəsinə
düşmüşdü. Çətinliklərə
baxmayaraq, həmin illər aparılan seleksiya işləri nəticəsində
yüksək məhsuldar "Qaraqılçıq-2",
"Mirbəşir-50", "Tərtər" və
"Vüqar" bərk buğda sortları yaradıldı və
rayonlaşdırıldı.
Mürəkkəb torpaq-iqlim şəraiti
olan Azərbaycanın müxtəlif bölgələrinə
uyğun buğda sortlarının yaradılması zərurəti
müstəqillik illərində daha da
aktuallaşmışdı. Bu tip
sortlar yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik
və zərərvericilərə davamlı, şoran və
şorəkət torpaqlarda da nisbətən yüksək məhsul
vermək qabiliyyətinə malik olmalı idi. Akademik
Cəlal Əliyev son onillikdə seleksiya proqramında məhz
bu istiqamətlərə xüsusi diqqət yetirmişdir.
Bunun üçün o, hibrid nəsillərin
alınmasında yerli buğda sortlarından istifadə
olunmasına böyük üstünlük vermişdir.
Xalq seleksiyası tərəfindən seçilmiş, Azərbaycanda
uzun müddət əkilən, üstəlik təbii
seçmə nəticəsində yerli şəraitə
uyğunlaşan davamlı "Sarı buğda",
"Ağ buğda", "Qırmızı buğda",
"Qara qılçıq" və başqa buğda genotipləri
müasir intensiv sortlarla hibridləşdirilərək yeni nəsillər
yaradılmışdır. Bunlardan perspektivli
hesab olunan formaların ekstremal amillərə
davamlılığı Əkinçilik İnstitutunda fəaliyyət
göstərən fitotronda - süni iqlim kameralarında
öyrənilərək, tezliklə tarla şəraitində
sınaqdan keçirilmiş və həyata vəsiqə
qazanmışdır.
İlkin seleksiya nailiyyətlərinin təsərrüfata
sürətlə tətbiqini təşkil etmək
üçün 1993-cü ildən Əkinçilik
İnstitutunda akademik C.Əliyevin təşəbbüsü və
kollektivin iştirakı ilə elmlə istehsalatın sıx əlaqəsinin
yaradılması istiqamətində addımlar
atılmış və bu, öz bəhrəsini vermişdir.
Əkinçilik İnstitutu ilə
respublikanın toxumçuluq təsərrüfatları
arasında əlaqələrin bir mərkəzdən idarə
edilməsi nəticəsində toxum istehsalı sürətlə
artmış, yaradılmış yeni buğda
sortlarının toxumçuluğunun yüksək səviyyədə
təşkili və təsərrüfatlara tətbiqi
mümkün olmuşdur. Məhz bunun nəticəsidir
ki, əgər əvvəllər Azərbaycana xarici ölkələrdən
hər il 20-25 min ton taxıl toxumu gətirilirdisə,
1996-cı ilin payızından etibarən buna ehtiyac
duyulmamışdır. Bu da respublika büdcəsində
külli miqdarda valyutaya qənaət olunmasına imkan
yaratmışdır.
Akademik Cəlal Əliyevin bioloji müxtəlifliyin
mühafizəsi və səmərəli istifadəsi sahəsində
də fəaliyyətləri təqdirəlayiqdir.
O, bu müxtəlifliyə seleksiya üçün tükənməz
mənbə kimi baxır. Akademik "Bioloji müxtəliflik bəşəriyyətin
sərvətidir" məqaləsində göstərir:
"Dünyada 15 milyondan çox canlı mövcuddur və hər
gün onların 100-ə yaxını məhv olur. Lakin
onların məhv olması bir çox hallarda hiss edilmir. Bəşəriyyət isə belə itkilərdən
olduqca böyük ziyan çəkir. Təxminən 265
min bitki növündən yalnız 5 mini ərzaq məhsulları
üçün becərilir... Elmi seleksiyada
yüksək məhsuldar sortların yaradılmasında xəstəlik
və zərərvericilərə azdavamlı formaların nəzərə
alınmaması kənd təsərrüfatı bitkilərinin
genetik ehtiyatlarını məhdudlaşdırmışdır.
Yabanı formalardan daha davamlı genləri
köçürməklə itirilmiş əlamətləri
bərpa etmək olar".
Bir uzaqgörən elm xadimi olaraq Cəlal Əliyev
həmişə yeni buğda sortlarının
yaradılmasında, seleksiya prosesinin qısaldılmasında və
səmərəliliyinin artırılmasında
seleksiyaçılarla bərabər fizioloqların,
kimyaçıların, fitopatoloqların, entomoloqların birgə
fəaliyyət göstərmələrini məsləhət
bilmişdir. Onun fikrincə, hüceyrə
seleksiyası metodu ilə yeni regeneratlar yaradıla bilər.
Cəlal müəllim bütün sadalanan elm
sahələri üzrə, xüsusən biotexnologiya və gen
mühəndisliyi sahəsində kadr hazırlığına
böyük diqqət vermişdir. Məhz
qeyd edilən məqsədlərlə bağlı olaraq, Azərbaycan
Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bazasında
Seleksiya Mərkəzi təşkil edilmişdir.
Buğdanın seleksiyasında əsaslı
nailiyyətlərin əldə edilməsi üçün nəzəri
tədqiqatların aparılmasının vacibliyini qabaqcadan
görən akademik Cəlal Əliyev bu istiqamətdə tədqiqatlar
aparmış, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin
inkişafının əsasını qoymuşdur.
Akademik buğdanın fotosintez fəaliyyətinin
sirlərini aydınlaşdırmaqla prosesi arzu olunan istiqamətə
yönəltmək üçün genetik seleksiyadan istifadə
etmişdir. Məhz Cəlal müəllimin
rəhbərliyi ilə aparılan molekulyar tədqiqatlar əsasında
uyğun fermentlər vasitəsilə buğda bitkisinin genom
kitabxanası yaradılmış, sintez olunmuş plazmidlərin
köməyi ilə genlərin köçürülməsi
nəticəsində davamlılıq geni daşıyan bitki
regenerantları alınmışdır.
Keçmiş Sovetlər Birliyində
buğdanın seleksiyası ilə məşğul olan
institutlardan müxtəlif morfofizioloji əlamətlərə
malik zəngin buğda genefondu - gen bankı
yaradılmışdı. Cəlal
Əliyevin rəhbərliyi ilə Əkinçilik
İnstitutunun Bitki fiziologiyası şöbəsində elmi əsaslarla
yaradılmış sortlar da bu gen bankının mühüm
tərkib hissəsidir.
Dünya şöhrətli
seleksiyaçı alim, Azərbaycanın biologiya elminin
qürur mənbəyi hesab edilən, bu günlərdə
anadan olmasının 85 illiyini fərəhlə qeyd etdiyimiz
akademik Cəlal Əliyevin elmi uğurları beynəlxalq təşkilatlar,
dünyanın ən böyük elm xadimləri tərəfindən
yüksək qiymətləndirilməkdədir. Onun
elmi fəaliyyəti haqqında ən yüksək
kürsülərdən deyilmiş ürək sözlərini
toplasaq, bir neçə iri həcmli kitaba
sığışdırmaq mümkün olmaz. Burada yalnız bir neçə nümunə göstərmək
istərdik. "Cəlal Əliyev Azərbaycanda
"yaşıl inqilab" yaratmışdır" - bu
sözləri Rusiya Kənd Təsərrüfatı Elmlər
Akademiyasının prezidenti, akademik G.Romanenko,
Qarğıdalı və Buğda Sortlarının
Yaxşılaşdırılması üzrə Beynəlxalq
Mərkəzin (CIMMYT) bərk buğda seleksiyası
proqramının rəhbəri doktor F.Pfeyfer və bir çox
digər məşhur seleksiyaçı alim Cəlal Əliyevin
yetişdirdiyi məhsuldar buğda sortları və bu
sortların əkin sahələri ilə tanış olduqdan
sonra söyləmişlər. Bundan başqa, CIMMYT-nin regional təmsilçisi
doktor A.Morqunov yazır ki, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik
İnstitutunda aparılan nəzəri tədqiqatların təcrübi
seleksiyaya tətbiqi yaradılan sortların ekoloji
sınağından və ilkin toxumçuluqdan tutmuş
sürətlə artırılaraq fermer təsərrüfatlarında
yayılmasına qədər analoqu olmayan ən ideal modeldir.
Tatarıstan Elmlər Akademiyasının həqiqi
üzvü, SSRİ Elmlər Akademiyasının akademiki
İ.A.Tarçeviski öz dostu Cəlal Əliyevi belə
xarakterizə edir: "Mən Cəlal Əliyevi, demək olar
ki, yarım əsrdir tanıyıram. Onun bitkilərin
fotosintezi və yeni buğda sortlarının yaradılması
ilə bağlı araşdırmaların nəticələri
haqqında etdiyi çıxışlarını beynəlxalq
və ümumittifaq konfranslarda dinləmişəm. Bundan başqa, mən onun doktorluq dissertasiya işi və
müəllif materialları ilə də yaxından
tanışam. Nə vaxtsa bu insanın
doktorluq dissertasiyasına, demək olar ki, özü ilə hələ
tanış olmadığım bir vaxtda müsbət rəy
vermişdim". Bütün bu fikirlər
onu deməyə imkan verir ki, Azərbaycan xalqi öz
böyük alimi ilə öyünməkdə həmişə
haqlı olmuşdur.
Akademik Cəlal Əliyev təkcə alim
kimi deyil, həm də bir insan, bir dost olaraq
insanlığın zirvəsində dayanmaqdadır. Azərbaycan elminin təəssübkeşi öz
böyük nüfuzundan istifadə etməklə bir çox
hallarda haqsızlıqlarla üzləşən elm fədailərinə
arxa, dayaq olmuş, hər cür yardım göstərmiş,
ancaq heç vaxt yaxşılıqlarını dilə gətirməmiş,
üzə vurmamışdır. Bu
xarakterin özü də məhz böyük ürəkli
insanlara xas olan əlamətlərdən biridir.
Cəlal müəllimin
böyüklüyü həm də onun sadəliyində, təvazökarlığındadır.
Dünyanın bütün ölkələrində
bu böyük elm adamının kəşflərindən
söhbət açılmasına baxmayaraq, o, bir dəfə
də olsun özündən razılıq hissini büruzə
verməmiş, sadə elm adamları arasında
özünü heç kimdən fərqləndirməmişdir.
Əməyinə verilən bütün qiymətləri
alimlər ordusunun uğuru saymışdır. Sirr deyil
ki, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda
onun rəhbərlik etdiyi "Bitkilərin fiziologiyası"
və Milli Elmlər Akademiyasının Botanika İnstitutunda
"Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları"
şöbələrində gərgin yaradıcılıq
axtarışlarının mərkəzində akademik Cəlal
Əliyevin alim dühası durur. Bu şöbələrdə
əldə edilmiş bir çox elmi-nəzəri nailiyyətin,
kəşfin başlıca müəllifi özü olsa da, hər
zaman "bunu mən etmişəm" deyil, "biz
etmişik" demişdir.
Akademik Cəlal Əliyev daim
axtarışda olan, narahat bir elm xadimidir.
Əgər onun obrazına qiymət verməli
olsaq, uzun zaman ərzindəki müşahidələrimizə
görə, onu "böyük əməksevər"
adlandırmaq olar. Böyük alim olmaq
üçün təkcə əməksevərlik kifayət
deyildirsə də, taleyini elmə bağlamış bir tədqiqatçının
məhsuldarlığı üçün vacib şərtdir.
Cəlal müəllimin respublikada və beynəlxalq
mətbuatda çap olunmuş 600-dən çox elmi məqalənin,
o cümlədən 25 monoqrafiya və kitabın müəllifi
olması bunun bariz sübutudur.
C.Əliyev Rusiya Kənd Təsərrüfatı
Elmləri Akademiyasının (1995), Ukrayna və Belarus Aqrar
Elmlər akademiyalarının xarici üzvü, Bitkilərin
Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin
(1994), Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin
(1995), Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997),
Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin
(1998) üzvüdür. C.Əliyev Genetik Ehtiyatlar üzrə
Milli Proqramın rəhbəri (1996); UNESCO yanında Bioetika,
Elmi Biliklərin və Texnologiyaların Etikası üzrə
Azərbaycan Milli Komitəsinin sədri (1999), Yeni Bitki
Sortlarının Qorunması üzrə Beynəlxalq Cəmiyyətin
səlahiyyətli nümayəndəsi (2004); Azərbaycan
Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin sədri
(1999), "Azərbaycanda biologiya elminin yeni sahələrinin
inkişafı" fondunun prezidentidir (1994).
Bu gün ölkəmizdə kənd təsərrüfatının
uğurlu inkişafında, heç şübhəsiz ki, Cəlal
Əliyevin böyük və danılmaz xidməti var. Lakin
akademikin elmi intellektual fəaliyyətini yalniz bir sahə ilə
məhdudlaşdırmaq əsla doğru olmazdı.
Azərbaycan elminin və ictimai həyatının
ən müxtəlif sahələrinə kifayət qədər
dərindən bələd olan böyük mütəfəkkir
ən yeni tarixin analitik təhlilini verən "Nauka
istinna" kitabı ilə bunu bir daha təsdiq etmişdir.
Müasir Azərbaycanıntarixi fəlsəfəsini
təhlil edərkən görürük ki, ölkənin
müstəqilliyinin möhkəmləndirilməsində
akademik Cəlal Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu
böyük elm adamının tarixi qələbələrini
şərtləndirən əsas amillərdən biri,
heç şübhəsiz ki, yüksək vətənpərvərliyi,
mənsub olduğu xalqa sözdə deyil, məhz əməldə,
işdə sədaqətidir. Onun 1990-cı ilin əvvəllərində
apardığı mübarizəni iki istiqamətə bölmək
olar: birincisi, ailə şərəfinin qorunması, ikincisi isə
Azərbaycan xalqına qarşı dağıdıcı təcavüzlərə
son qoyulması. Müşahidələr göstərir
ki, Cəlal Əliyev ümummilli liderimiz Heydər Əliyevi
böyük qardaşdan çox, Azərbaycan xalqının
böyük oğlu, Azərbaycanin tarixinin ən yeni
xilaskarı kimi görmüşdü. Bu mənada
xüsusilə qeyd etmək yerinə düşər ki, Cəlal
müəllim elmi-intellektual fəaliyyəti ilə Heydər Əliyev
ideyalarının tamamlayıcısı olmuşdur.
Hər kəs yaxşı bilir ki, ulu
öndər Heydər Əliyev xalqımızın təkidi və
xahişi ilə ikinci dəfə (1993-2003-cü illər)
hakimiyyətə gəldikdən sonra ölkə əhalisinin
kənd təsərrüfatı (xüsusən taxıl) məhsullarına
olan tələbatının ödənilməsi
üçün aqrar islahatlara və aqrar elm sahəsinin
inkişafına xüsusi diqqət yetirirdi.
Bu gün həmin məsələlər Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən
daha ciddi şəkildə diqqətdə
saxlanılmaqdadır.
İndi aqrar islahat şəraitində əkin
sahələrinin təkmilləşdirilməsinə, əkinçilik
mədəniyyətinin yüksəldilməsinə, yeni məhsuldar
bitki sortlarının yaradılmasına və tətbiqinə
daha çox ehtiyac duyulur. Bu məsələnin uğurlu həllində
böyük təcrübə və nüfuz sahibi olan akademik
Cəlal Əliyevin, onun rəhbərliyi ilə fəaliyyət
göstərən elmi kollektivlərin, yaratdığı və
himayə etdiyi seleksiyaçı və genetiklər məktəbinin
rolu, üzərinə düşən məsuliyyət əhəmiyyətli
dərəcədə yüksəkdir.
Akademik Cəlal Əliyevin alim əməyi
xalqımız və dövlətimiz tərəfindən həmişə
yüksək qiymətləndirilmişdir.
O, Əməkdar Elm Xadimidir (1982). 1998-ci ildə elmin
inkişafında böyük xidmətlərə görə
Azərbaycan Respublikasının ali mükafatı -
"İstiqlal" ordeni, 2003-cü ildə isə
Gürcüstan Respublikasının "Şərəf"
ordeni, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu
(2008) ilə təltif olunmuşdur. Dörd
çağırış (1995; 2000; 2005; 2010) Azərbaycan
Respublikası Milli Məclisinə üzv seçilmişdir.
C.Əliyevə məxsus ciddi
prinsipiallıq, elmi gələcəyi görmə qabiliyyəti,
naməlum olanı dərk etməyə çalışmaq cəhdi,
gənc elmi kadrların yetişdirilməsinə diqqət onun
şəxsi cazibədarlığı, xarizması və
qayğıkeşliyi ilə harmoniya təşkil edir.
Azərbaycan xalqı inanır ki, 85 illik
yubileyini keçirdiyimiz, hələ gənclik eşqi ilə
qurub yaradan, millət vəkili olaraq illərdən bəri Azərbaycan
xalqının ürək sözlərini möhtəşəm
tribunalardan cəsarətlə söyləməyi bacaran, zəhməti
onlarla orden və medallarla, dövlət mükafatları ilə
qiymətləndirilən akademik-tribun Cəlal Əlirza
oğlu Əliyev biologiya və aqrar elmləri sahəsində,
eləcə də kadr hazırlığında əldə etdiyi yeni-yeni
uğurlarla hələ uzun illər Azərbaycan xalqına xidmət
göstərməkdə, Azərbaycan elmini inkişaf etdirərək
daha da şöhrətləndirməkdə, dövlətin ərzaq
təhlükəsizliyinin təmin olunmasına real töhfələr
verməkdə davam edəcək.
Əhliman
ƏMİSLANOV,
Akademik,
Qərib
MƏMMƏDOV,
akademik
Elm.-
2013.- 30 may.- S.2-3.