Alim ömrünün müdriklik zirvəsi

 

Azərbaycan xalqının elm və mədəniyyətini dünya miqyasında tanıtdıran, ona şərəf və başucalığı gətirən şəxsiyyətlərimiz hər zaman olmuşdur. Bu baxımdan yaşadığımız dövr də istisna deyil. Biz beynəlxalq miqyasda tanınan görkəmli ziyalılarımızla bu gün də qürur hissi keçirir, şərəf duyuruq. Belə şəxsiyyətlərdən biri də yalnız Azərbaycan elminin deyil, dünya elminin də məşhur simalarından olan, öz sanballı tədqiqatları, parlaq əməlləri, dərin zəkası və fitri istedadı ilə müasir biologiya elminin inkişafına böyük xidmətlər göstərən tanınmış alim, mahir elm təşkilatçısı və bacarıqlı ictimai xadim, millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, biologiya emləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevdir.

Milli elmimizin gələcək taleyinə, sözün əsl mənasında, ürək yanğısı ilə yanaşan, öz həyatını biologiya sahəsi ilə həmişəlik bağlamış akademik Cəlal Əliyev zəhmətlə dolu zəngin və mənalı ömür yolu keçmiş və bu, onun çoxşaxəli elmi fəaliyyətində öz ifadəsini tapmışdır.

Görkəmli alim hələ tələbəlik illərində elmi-tədqiqat işlərinə böyük maraq göstərmiş, özünün bütün qüvvə və bacarığını həmişə çətin  problemlərin həllinə sərf etmişdir. Onun elmi fəaliyyət dairəsi  kənd təsərrüfatı bitkilərinin öyrənilməsinə, onların məhsuldarlığının artırılmasına, bununla da ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsinə və bu sahədəki qıtlıq təhlükəsinin qarşısının alınmasına yönəldilmişdir. Alimin axtarışları, əsasən, məhsuldarlıq proseslərinin fotosintez fəaliyyətini və onun müxtəlif xüsusiyyətlərini əhatə etməklə yanaşı,  müasir fiziki-kimyəvi biologiyanın müxtəlif sahələrinin  tədqiqinə həsr olunmuşdur.

Akademik gənc yaşlarından bu yolda yorulmaq bilmədən bütün əziyyətlərə qatlaşmış, hər cür çətinliklərə dözmüş, gərgin zəhmət hesabına həmişə yüksək vətəndaşlıq borcunu yerinə yetirməyə çalışaraq özünün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə vətənimiz Azərbaycanın tərəqqisinə xidmət etmişdir.

Akademik Cəlal Əliyevin keçdiyi alimlik yolu çox şərəfli və mübariz olmuşdur. Elmdə və elmə münasibətdə daim həqiqət axtaran Cəlal Əliyev bu yolda bəzən siyasi və mənəvi təzyiqlərlə üzləşmiş, lakin iradəli, cəsarətli və haqqa, ədalətə sadiq olması sayəsində bu çətinliklərdən, bu bəlalardan üzüağ çıxmağa müvəffəq olmuşdur. Həyatının ən çətin anlarında belə elmi tədqiqatlarını dayandırmamış, elm və insanlıq naminə daim axtarışda olmuşdur.

Yüksək intellektual təfəkkürə malik olan akademik Cəlal Əliyev öz geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə müasir Azərbaycan biologiya elminin inkişafına dəyərli töhfələr bəxş etmşdir. O, Azərbaycanda kənd təsərrüfatı bitkilərinin biologiyası və seleksiyası sahəsində müasir elmi nəzəriyyəni formalaşdıraraq ilk dəfə təcrübi yolla yeni intensiv tipli sortların yaradılmasına nail olmuşdur. Belə ki, görkəmli alimin öz sahəsində qarşıya qoyduğu problemlərin həll edilməsi yüksək müvəffəqiyyətlə nəticələnərək kənd təsərrüfatı bitkilərinin 70-dən artıq yeni sortunun yaradılmasına səbəb olmuşdur. Akademik tərəfindən yaradılan və yüksək məhsuldarlığı, quraqlığa davamlılığı, eləcə də yüksək texnoloji və çörəkbişirmə keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı ilə fərqlənən buğda sortları ölkəmizin geniş əkin sahələrini əhatə edir.

Akademik Cəlal Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanda biologiya sahəsində "yaşıl inqilab" baş vermişdir. Bunu bir çox beynəlxalq mərkəzlərin aparıcı mütəxəssisləri də təsdiq etmişlər. Cəlal müəllim qarşıya qoyulan məqsədə çatmaq üçün yalnız istedad və inadkarlıq nümayiş etdirməmiş, eyni zamanda mövcud problemləri başqa alimlərə məlum olmayan qeyri-adi metodlarla tədqiq etmişdir ki, bu da onun olduqca yüksək nəticə əldə etməsinə imkan vermişdir.

Görkəmli bioloq kimi Cəlal müəllimin elmi irsinin ən yenimühüm sahələrindən birinibioetika, elm və texnologiyaların etikası problemləri təşkil edir. Onun ümumi biologiya, biotexnologiya, biokimya, bitki seleksiyası və s. sahələr üzrə apardığı çoxsaylı və sanballı elmi tədqiqat işləri dünya mətbuatında geniş əksini tapmışdır.

Görkəmli alim bir çox ölkələrin Elmlər akademiyalarının üzvü olmaqla yanaşı, həm də bir sıra beynəlxalq və milli cəmiyyətlərin də üzvüdür. Onun həyatından və elmi araşdırmalarından, dünya alimləri tərəfindən qəbul edilmiş ixtiralarından, elmə gətirdiyi yeniliklərdən, Azərbaycan iqtisadiyyatının və xüsusilə kənd təsərrüfatının inkişafına xidmət edən nəticələrindən saatlarla danışmaq olar. Lakin bunu xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ömrünü Azərbaycanın inkişafına həsr edən böyük alim və qayğıkeş insan akademik Cəlal Əliyevin zəngin elmi biliyi, qiymətli elmi nəticələri, yaratdığı məktəb və yetişdirdiyi kadrlar sayəsində respublikamızın elmi nüfuzu daha da yüksəlmiş, dünya elmi ictimaiyyəti arasında layiqli yerini tutmuşdur.

Akademik Cəlal Əliyev ömrünü təkcə elmi yaradıcılığa həsr etməmişdir. Bir elm adamı, adı böyük hərflərlə yazılmış Azərbaycan vətəndaşı kimi bu insan həmişə gənc alimlərə arxa-dayaq, böyük məsləhətçi olmuşdur. Belə ki, tükənməz enerjiyə malik görkəmli alim biologiya elmi sahəsində 250-yə yaxın yüksək ixtisaslı mütəxəssisin hazırlanmasına, Cənubi Qafqazda yeganə seleksiya kompleksinin tikilməsinə, müasir laboratoriya avadanlıqlarının alınmasına, taxıl və paxla bitkilərinin zəngin genofondunun yaradılmasına, seleksiyanın hərtərəfli kompleks elmi əsaslarla aparılmasına, intensiv tipli yüksək məhsuldar sortların yaradılmasına və istehsalatda yayılmasına bilavasitə rəhbərlik etməklə bu işlərə böyük əmək sərf etmişdir. Onun bir çox tələbəsi ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Avstriya, Yaponiyabaşqa ölkələrdə işləyir və Azərbaycana şöhrət gətirirlər. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində böyük elmi nailiyyətlərinə görə Cəlal Əliyev və onun əməkdaşları beynəlxalq Soros Fondunun 8 qrantını almışlar. Onun elmi əsərləri ən yüksək beynəlxalq dövri nəşrlərdə öz əksini tapmışdır. Ümumiyyətlə, Cəlal Əliyev 600-dən çox elmi məqalənin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir.

Cəlal müəllimin böyüklüyü həm də onun sadəliyindədir, belə ki, o heç vaxt özünü sadə elm adamlarından üstün tutmamış, onlardan fərqləndirməmişdir. Dünyanın böyük elm adamlarının onun kəşflərindən söhbət açmasına baxmayaraq, o, bir dəfə olsun belə özündən razılıq hissi keçirməmiş, əməyinə verilən yüksək qiyməti bu sahə üzrə çalışan bütün alimlərin uğuru saymışdır.

Azərbaycan xalqı haqlı olaraq öz böyük alimi ilə həmişə fəxr etmişdir. Bu gün ölkəmizdə kənd təsərrüfatının uğurlu inkişafında, heç şübhəsiz ki, Cəlal Əliyevin böyük və danılmaz xidmətləri var. Onun elmi intellektual fəaliyyətini yalnız bir sahə ilə məhdudlaşdırmaq doğru olmazdı. Azərbaycan elminin ən müxtəlif sahələrinə kifayət qədər dərindən bələd olan böyük mütəfəkkir alim ən yeni tarixin analitik təhlilini verən "Nauka istinna" kitabı ilə bir daha təsdiq edir ki, ölkə müstəqilliyimizin möhkəmlənməsində akademik Cəlal Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu böyük elm adamının qazandığı uğurları şərtləndirən əsas amillərdən biri, heç şübhəsiz ki, onun yüksək vətənpərvərliyi, mənsub olduğu xalqa sözdə deyil, məhz əməldə, işdə sədaqətidir. Bu mənada xüsusi qeyd etmək yerinə düşər ki,  Cəlal Əliyev ümummilli liderimiz Heydər Əliyevi böyük qardaşdan çox Azərbaycan xalqının böyük oğlu, Azərbaycanın ən yeni tarixinin xilaskarı kimi görmüşdür. Ulu öndər Heydər Əliyev ideyalarının sadiq davamçılarından olan Cəlal müəllim öz elmi-intellektualsosial-ictimai  fəaliyyəti ilə Azərbaycan xalqına böyük xidmətlər göstərmişdir.

Qeyd etdiyimiz kimi, akademikin xalqımız qarşısında böyük  xidmətlərindən birionun fəal ictimai mövqeyidir. Cəlal müəllim heç zaman ədalətsizliklə barışmamış, həmişə mərdlik nümunəsi göstərmişdir. O, Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi daimi komissiyaların işində, elm, təhsil, kənd təsərrüfatı, tibb, ekologiyas. sahələrlə əlaqədar qanun layihələrinin hazırlanmasında iştirak etmiş, qaçqın və məcburi köçkünlərlə görüşərək  onlara maddi və mənəvi dayaq olmuşdur. Yuxarıda adını qeyd etdiyimiz "Nauka istinna" kitabından başqa görkəmli alimin  müəllifi olduğu "Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı", "Erməni terroristlərinin və quldur törəmələrinin insanlığa qarşı cinayətləri" (Qısa xronoloji ensiklopediya) və s. əsərlər bir daha onun  müdrikliyini, respublikanın, xalqın problemlərinə dərindən bələd olmasını və bu problemlərin həlli yolunda fəaliyyətini əks etdirir.

Akademik Cəlal Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərin yüksək kürsülərindən doğma Qarabağın, müqəddəs torpaqlarımızın erməni işğalçıları tərəfindən xaincəsinə zəbt edilməsini, 1 milyondan artıq əhalinin öz doğma yurd-yuvasından didərgin düşməsini ürək ağrısı ilə dəfələrlə bəyan etməklə yanaşı, ermənilərin başladığı bu müharibənin biomüxtəlifliyə vurduğu ziyanı - respublikanın bu bölgəsində olan ən nadir meşə ağaclarının vəhşicəsinə qırılmasını, digər qiymətli bitki örtüklərinin talan edilməsini, yandırılmasını da xüsusi vurğulamışdır. O, hər zaman öz çıxışlarında qeyd etmişdir ki, bitki genetik ehtiyatları dünyanın hər  yerində bütün bəşəriyyətə məxsusdur. Harada olursa-olsun onun talan edilməsi yolverilməzdir. Belə hallar dünya üzrə daha böyük təbii fəlakətlərə gətirib çıxara bilər. İşğalçı erməni qüvvələrinin Vətənimizə qarşı başladığı müharibənin Azərbaycan florasına vurduğu ziyanı da beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdıran Cəlal Əliyev Ermənistanın işğalçılıq hərəkətlərini pisləyərək onların üzünü bütün dünyaya göstərmişdir.

Akademik Cəlal Əliyev elm qarşısında böyük xidmətlərinə görə keçmiş SSRİ-nin bir sıra orden və medalları ilə, o cümlədən Azərbaycan Respublikasının yüksək mükafatı - "İstiqlal" ordeni ilə təltif olunmuşdur.

Cəlal müəllim bu gün 85 illik bir ömrün müdriklik zirvəsindədir. Bu həm də Azərbaycan elminin keçdiyi məşəqqətli, mübarizələrlə dolu təkamül prosesinin zirvəsidir. Azərbaycan elminin nüfuz və fəxr rəmzlərindən biri olan akademik Cəlal Əliyev Azərbaycan  xalqının azad, firavan yaşaması üçün əlindən gələn hər şeyi edən böyük bir ziyalıdır və o, bu güntorpağa məhəbbət, xeyirxahlıq toxumu səpir. Bu səbəbdən onun əldə etdiyi elmi nailiyyətlər,  rəhbərliyi ilə yaradılan yeni sortlar, yazdığı qiymətli əsərlər, qurduğu elmi məktəb, zəngin buğda genofondu Azərbaycan xalqının milli sərvətidir.

Hörmətli Cəlal müəllim!

Sizi - xalqına və dövlətinə xidmət duyğusunu hər şeydən üstün tutan görkəmli insanı, elm fədaisini, xalqın elçisi adını şərəflə daşıyan ləyaqətli və mübariz millət vəkilini, milyonlarla insanın sevgisini qazanmış əsl vətəndaşı Vətənimiz Azərbaycanın sivil, azad, firavan gələcəyi naminə tükənməz enerjisevgi ilə sərf etdiyiniz ömrünüzün bu müqəddəs tarixi günü - 85 illik yubileyiniz münasibətilə Azərbaycan ağsaqqalları və  şəxsən öz adımdan təbrik edir, Sizə uzun ömür, cansağlığı, ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.

 

Fəttah HEYDƏROV,

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı

 

Elm.- 2013.- 30 may.- S.5.