MƏNALI ÖMRÜN
ŞÖHRƏTİ
İnsan
ömrü cəmiyyətə, elmə, təhsilə, xeyirxah
əməllərə həsr ediləndə mənalı
olur, xatırlanır, qürur doğurur. Əməkdar Elm
Xadimi, millət vəkili, akademik Cəlal Əlirza oğlu Əliyev
də belə mənalı bir ömür
yaşadığı, həyatını Azərbaycan elminin
inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin
möhkəmlənməsinə sərf etdiyi üçün
fəxr edə bilər.
Akademik
Cəlal Əliyevin fəal elmi yaradıcılığı
yarım əsrdən artıqdır ki, kənd təsərrüfatı
bitkilərinin, başlıca olaraq, buğdanın məhsuldarlığının
nəzəri və təcrübi əsaslarının tədqiqinə
həsr olunmuşdur. İlk elmi yaradıcılığı
1955-ci ildə müdafiə etdiyi "Mikroelementlərin
buğdanın inkişafına və məhsuldarlığına
təsiri" mövzusunda namizədlik dissertasiyasında
öz əksini tapmışdı. Nəzəri və təcrübi
biliklərini genişləndirərək Cəlal Əliyev1971-ci
ildə "Bitkilərin fotosintetik fəaliyyəti, mineral
elementlərlə qidalanması və məhsuldarlığı"
mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası ilə
Azərbaycan elminə, xüsusilə də seleksiya işinin
inkişafına mühim töhfələr vermişdir.
İlk dəfə olaraq o, yeni
sortların alınmasında kompleks yanaşma tətbiq
etmişdir: bu işə seleksiyaçılarla və
aqrotexniklərlə bərabər fiziologiya, biokimya, biofizika,
gen mühəndisliyi və s. sahələrin mütəxəssisləri
də cəlb olunmuşdur.
Cəlal Əliyevə qədər də
Azərbaycanda müxtəlif kənd təsərrüfatı
bikilərinin seleksiyası ilə bir çox görkəmli
alimlər məşğul olmuş, taxılçılıq
sahəsində yeni sortlar alınmış və
rayonlaşdırılmışdır. Lakin bu sortlar əkinçiliyin
ekstensiv inkişafını təmin edir və 8-10 sentnerdən
artıq məhsul alınmırdı. Yüksək qulluq və
aqrofon hesabına məhsuldarlıq artırıldıqda isə
taxılın yatması nəticəsində
yetişdirilmiş məhsulu yığmaq mümkün olmurdu.
Cəlal müəllimin seleksiya işinə
kompleks yanaşması yüksək məhsuldar və
çörəkbişirmə keyfiyyətlərinə
uyğun, xəstəliklərə davamlı, texnoloji şərtlərə cavab
verən intensiv sortların yaranmasını təmin edirdi.
Qısa müddət ərzində rəhbərlik etdiyi
kollektiv tərəfindən 100-dən çox sort
yaradıldı. Onların 63-nə respublikanın müxtəlif
bölgələri üçün
rayonlaşdırılaraq ixtira hüququna malik
olduğuna görə müəlliflik şəhadətnaməsi
verilmişdir.
Onlardan "Mirbəşir-50",
"Qaraqılçıq-2", "Vüqar",
"Şiraslan-23", "Tərtər", "Bərəkətli-95",
"Qarabağ", "Əlincə-84" bərk, "Mirbəşir-128",
"Əkinçi-84", "Qiymətli-2/17", "Əzəmətli-95",
"Nurlu-99", "Qobustan", "Ruzi-84",
"Tale-38", "Qırmızı gül" və sair
yumşaq buğda sortları respublikada geniş əkin sahələrini
tutmağa başladı.
Cəlal müəllimin
yaratdığısortlar Azərbaycanda buğda
istehsalını artırmaq imkanına malikdir. Yeri gəlmişkən
deməliyəm ki, onun rəhbərlik etdiyi kollektiv tərəfindən
alınan bərk buğda sortları tərkibində
zülalın miqdarına görə bir çox hallarda
dünya standartlarını da ötüb keçir.
Akademik Cəlal Əliyevin
çoxşaxəli və hərtərəfli seleksiya
proqramı, xüsusilə də bərk buğdanın
seleksiyası istiqamətində apardığı tədqiqatlar
dünyanın görkəmli
alim-seleksiyaçılarının böyük
marağına səbəb olmuş və yüksək qiymətləndirilmişdir.
Bir çox dünya alimləri Cəlal müəllimlə əməkdaşlığa
böyük əhəmiyyət vermiş və birgə səylər
yeni buğda sortlarının meydana gəlməsinə,
ölkənin kənd təsərrüfatının
inkişafına imkan yaratmışdır.
Görkəmli alimin yaratdığı
buğda sortları intensiv əkinçiliyin bütün tələblərinə
cavab verməklə, yeksək keyfiyyətliliyi, məhsuldarlığı,
xəstəlik və ziyanvericilərə
davamlılığı ilə fərqlənir. Əfsuslar
olsun ki, təsərrüfat orqanlarının məsuliyyətsizliyi
ucbatından bu sortların toxumçuluğu lazımi səviyyədə
təşkil olunmamış və onların əkin sahələri
indiyədək məhduddur.
Yeni sortların alınmasına kompleks yanaşma
ilə bərabər Cəlal Əliyevin ən böyük
nailiyyəti Azərbaycanda bu sahə üzrə məktəb
yaratması və kadr hazırlığıdır. Zəngin
təcrübəyə, böyük elmi zəkaya malik olan alim
kənd təsərrüfatı istehsalının səmərəliliyinin
artırılmasını istedadlı gəncləri eimi işə
yaxından cəlb etməkdə və elmi əsaslara yiyələnməkdə
görür.
1972-ci ildən 1988-ci ilə qədər
onun rəhbərliyi altında məqsədli aspiranturada 48 nəfər
mütəxəssis hazırlanmış, 80 nəfərdən
artıq elmi işçi keçmiş SSRİ-nin mərkəzi
şəhərlərində biofizika, biokimya, biotexnologiya,
torpaq fizikası, aqrokimya, molekulyar biologiya və genetika, bitkilərin
fiziologiyası, aqroekosistemin və fotosintetik proseslərin
riyazi modelləşdirilməsi, radiologiya, texniki kibernetika və
informasiya nəzəriyyəsi, fitopotologiya, bitki immuniteti,
quraqlığa davamlılıq üzrə seleksiya, elektron
hesablama maşınlarının tətbiqi ilə təcrübi
göstəricilərin riyazi işlənməsi və s.
ixtisaslar üzrə uzunmüddətli ixtisasartırma
keçmişlər.100 nəfərdən artıq elmi əməkdaş
keçmiş Sovet İttifaqının aparıcı mərkəzi
institutlarında, Fransa, Almaniya və Macarıstanın
müvafiq institutlarında və beynəlxalq elmi mərkəzlərdə
ixtisaslarını artırmışlar.
Hazırda həmin kadrlar ölkənin
müxtəlif elmi-tədqiqat və ali tədris müəssisələrində,
hökumət və dövlət orqanlarında məsul
işlərdə çalışırlar. 23 nəfər isə
ABŞ, Yaponiya, Almaniya, Fransa, Kanada, Avstraliya, İngiltərə,
Çin, İsveç və başqa ölkələrdə
elmi işə dəvət olunmuş və orada uğurla çalışırlar.
Aparılan
nəzəri və praktiki tədqiqatlat nəticəsundə
akademik Cəlal Əliyev "İdeal buğda" bitkisinin modelini
hazırlamış və onun testləri əsasında
seleksiya materiallarının seçilməsi
ilə qiymətli formalar
yaratmışdır. Onun
yaratdığı 16 buğda sortu, seleksiya məktəbi,
yazdığı qiymətli əsərlər, zəngin buğda genefondu Azərbaycan
xalqının milli sərvətidir.
Yaradılan
bir çox bərk buğda sortları beynəlxalq sərgilərdə
nümayiş etdirilərək dəfələrlə
yüksək mükafatlara və medallara layiq görülmüşdür. Rəhbərlik etdiyi kollektivin
aldığı çoxsaylı təltiflər akademik Cəlal Əliyevin böyük
elmi xidmətlərinin nəticəsi kimi qiymətləndirilməlidir.
Cəlal
Əlirza oğlu Əliyev respublikanın Əməkdar
Elm Xadimi, Azərbaycan
Milli Elmlər Akademiyasının akademiki, Rusiya Kənd Təsərrüfatı
Elmləri Akademiyasının, Ukrayna və
Belarus Aqrar Elmlər
akademiyalarının xarici üzvü,
Amerika Bitki
Bioloqları Cəmiyyətinin, Fotosintez Tədqiqatları
üzrə Beynəlxalq Cəmiyyətin, Yaponiya Bitki
Fizioloqları Cəmiyyətinin, UNESCO yanında Bioetika, Elmi Biliklərin və
Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin və bir
çox beynəlxalq, yerli
cəmiyyətlərin və fondların sədri, prezidenti və üzvüdür.
Akademik Cəlal Əliyev Azərbaycan
elminin inkişafına göstərdiyi
xidmətlərinə görə 2 dəfə
"Qırmızı Əmək Bayrağı", "İstiqlal" və Gürcüstan
Respublikasının "Şərəf" ordenləri ilə
təltif olunmuş, bir
çox mükafatlara
və fəxri adlara layiq
görülmüşdür.
Cəlal
Əliyev 1995-ci ildən ardıcıl olaraq
hər üç
çağırış müstəqil Azərbaycanın ali qanunverici orqanına deputat seçilmiş və
2010-cu ilin parlament
seçkilərində də seçiciləri ona etimad göstərərək
IV çağırış Milli Məclisə
yenidən deputat seçmişlər. Cəlal müəllim
ölkədə aparılan uğurlu
islahatların hüquqi bazasının
möhkəmləndirilməsində fəal iştirak
etmişdir.
Ancaq qazanılan yüksək adlar, təltiflər və mükafatlar
heç də asan əldə
edilməmişdir. Görkəmli alimin
çətin günləri, təqiblərə məruz
qaldığı, sıxışdırıldığı anlar az
olmamışdır. Onun otkəmliyi, həqiqəti üzə deməsi, nadan insanları qəbul etməməsi, elmə
bəla olan bəzi üzdəniraq alimlərin
nöqsanlarını qabartması, vəzifəyə, ada görə kimsəyə əyilməməsi
Cəlal müəllimi bir çox
hallarda çətinliklərə salsa da, o,
məsləkini, əqidəsini dəyişməmiş,
tutduğu haqq yolundan dönməmişdir.
1980-ci
illərin sonlarında ümummilli liderimiz Heydər Əliyevə qarşı ittifaq və respublika rəhbərliyi
tərəfindən böhtan və nüfuzdansalma kampaniyası Cəlal müəllimdən
də yan keçməmişdir. Hətta onun rəhbərlik etdiyi institutun bağlanmaq təhlükəsi
yaranmışdı. Buna baxmayaraq
o, təmkinini pozmamış, şəxsi
mənafeyindən çox,
çalışdığı sahənin taleyi
barədə düşünmüş, elmi yaradıcılığını davam etdirmək üçün
hər bir çətinliyə hazır olduğunu nümayiş etdirmişdir.
Ömrünün 85-ci baharını yaşayan akademik Cəlal Əliyevin
elmi fəaliyyəti və həyatı onu yaxından tanıyanlar tərəfindən
yüksək qiymətləndirilir. O, indiyə kimi
elmin çətin və şərəfli
yollarında mətanətlə, qürurla
irəliləmiş, Azərbaycan və dünya
elminə töhfələr vermiş, doğma ölkəmizin, xalqımızın xoş güzəranı naminə
yaşayıb-yaratmışdır. Cəlal müəllimə
bundan sonra da elmi, ictimai-siyasi
fəaliyyətində uğurlar, uzun ömür, cansağlığı
arzulayıram.
Arif
RƏHİMZADƏ,
Azərbaycan Respublikası
Milli Məclisinin Regional
məsələlər komitəsinin sədri
Elm.-
2013.- 30 may.- S.6.