Əzizim,
DOST MEHRİBANIM...
"Alimin mürəkkəbi
şəhidin qanından üstündür".
MƏHƏMMƏD
PEYĞƏMBƏR (s.ə.s.)
Ürək
dostum, can sirdaşım Cəlal! Harda qaldı qaynar, yanar
gözlərimiz? Nə ad verək o təlatümlü gənclik
illərinə biz. Əzizim, nə gözəl çağlar
idi, nə mənalı, maraqlı illər idi.
Arzularımız, diləklərimiz, pərvaz xəyallarımız
zirvələrə qanadlanardı. Həmin unudulmaz dövrdən
nə az, nə çox, düz altmış iki il keçir.
Canlı xatirələrdə yaşayan illər...
Xatırladım ki, mən Cəlalın
qardaşı Aqil Əliyevlə hazırkı Bakı Dövlət
Universitetinin tarix fakültəsində bir qrupda, Cəlal isə
biologiya fakültəsində təhsil alırdı. Biz Cəlalla
tez-tez görüşər, hal-əhval tutardıq. Cəlal
bizdən xeyli fərqli olaraq gecə-gündüz
çalışar, kitabxanalardan çıxmazdı. Növbəti
görüşlərimizin birində ərkyana dedim: "Nə özünə divan
tutursan, nə qədər yuxusuz gecələr keçirmək,
oxumaq olar? Gəl bir dəfə Xəzərin sahilinə gedək.
Gözəlliklərə, gözəllərə baxaq,
boylanaq. Dənizin ayna sularının tamaşasına duraq.
Qırçın ləpələrinin mahnılarını,
melodiyalarını dinləyək". O gülümsəyərək:
"Sən deyən olsun, axırda görək kim qalib gələcək",
- dedi .
Ali təhsili başa vurduq. Hərə bir
səmtə meyil aldı. Mən Moskvada aspiranturada oxumağa
getdim. Qardaşlar da Bakıda təhsillərini davam etdirdilər.
Hər üçümüz namizədlik işini müdafiə
edib elmi fəaliyyətə başladıq. Böyük həvəslə,
bir ayrı eşqlə...
Zaman hökmünü verdi, illər illərə
qovuşdu. Müstəqilliyimizin işığında fəaliyyətimizi
davam etdirdik. Cəlal müəllim də, mən də Azərbaycan
Respublikasının Milli Məclisinə deputat seçildik. Mən
Elm və təhsil daimi komissiyasına sədr, Cəlal müəllim
isə həmin komissiyaya üzv seçildi. Dostluğumuz daha
da ərkidi, bərkidi. Daha da yaxınlaşdıq,
doğmalaşdıq. Birlikdə bir neçə təxirəsalınmaz
qanunlar hazırladıq. Necə deyərlər, bir-birimizə
can dedik, can eşitdik. Hər işdə mənə kömək
oldu, arxa durdu... Onun mənə göstərdiyi qardaş
qayğısını, dost qayğısını nə
unudar, nə yaddan çıxararam...
Cəlal müəllim təbiətən
sakit adamdı. Bir qədər də qaraqabaq
görünür. Həmişə fikirli, düşüncəli,
xəyallıdı. Necə deyərlər, öz aləmi,
öz dünyası var. Qətiyyətli, cəsarətlidi. Qəlbi
dup-duru, tər-təmiz, ürəyi yanğılıdı.
Haqqı, ədaləti uca tutandı. Lakin üzü
dönüklərə, namərdlərə, üzə
gülüb arxadan vuranlara, dar ayaqda qoyub qaçanlara
qarşı barışmazdı. Şimşək təki
yandırandı, çaxandı. Düşməninə
qarşı qənimdi, amansızdı...
İnsan təbiətin tacı, yer
üzünün əşrəfidi. Cəlal müəllim əşrəf
insandı. İnsanlığın bütün yüksək əlamətlərini
özündə birləşdirən, qoruyandı. Sadədi,
səmimidi, sədaqətlidi. Özü bütöv,
sözü bütövdü, dediyindən dönməzdi. Əqidəlidi,
inamlıdı, israrlıdı. Mətindi, mərddi,
mübarizdi, istiqanlı, vətəncanlıdı. Etibarlı
dostdu, arxadı, dayaqdı. "Dost yolunda boran olar", qar
olar hünərini
yaşayandı. Ağayana olduğu qədər də
qürurludu, əyilməzdi, dönməzdi. Vəfalı dosta
can qurban eləyəndi.
Azərbaycanın sayılan, seçilən,
dünyada tanınan şöhrətli alimlərindəndi.
Elmdə parlaq istedad sahibidi. Ensiklopedik biliyə, geniş
erudisiyaya, güclü məntiqə, dərin müşahidə
qabiliyyətinə malikdi. Həyatının mənası,
taleyinin şamı müdam axtarmaqda, elmi araşdırmada... Məhəmməd
Peyğəmbərimizin təbirincə desək: "Elm
Çində də olsa arxasınca gedin", - hünərini
yaşayandı, daha uzaqlara, lap dünyanın o başına
gedəndi.
Cəlal müəllim torpağın
dilini, qədrini bilən, ona ehtiram göstərən, baş əyəndi,
diz çökəndi, müqəddəs sayandı. Neçə-neçə
taxıl növlərini yaradan, yetişdirən, bol məhsul əldə
edəndi. Torpaq qədər, vətən qədər
çörəyi də müqəddəs sayar.
Xalqını bol taxılla təmin edəndi. Hər
sünbülün başına pərvanələr tək
dönən, dolanandı.
Dahilik, dühalıq zirvəsində qərar
tutan, bayrağımız, bayraqdarımız olan ulu öndərimiz
Heydər Əliyevin əziz qardaşlarından biridi Cəlal
müəllim. Qardaşının zaman-zaman inkişaf etməsilə,
uğurlar qazanması ilə, dünyada tanınması və
şöhrətlənməsilə fəxr edən, qürur
duyan, qanadlanandı Cəlal müəllim.
Heydər Əliyevin vəzifəsindən
uzaqlaşdırılanda da, məhrumiyyətlərlə
qarşılaşanda da bütün çətinliklərə,
amansızlıqlara sinə gərən, öldü var,
döndü yoxdu inadını, hünərini yaşayan Cəlal
müəllim ikinci dəfə hakimiyyətə gələn
qardaşının arxası, inamı, dayağı oldu.
Bir azərbaycanlı, bir alim və
ziyalı kimi müstəqilliyimizin bərqərar olmasına, əbədiləşməsinə
ürəkdən sevinən, alqışlayandı Cəlal
müəllim. Dövlətimizin, dövlətçiliyimizin
qüdrətlənməsi, inkişaf etməsi, dünyada
şöhrətlənməsilə şərəf duyandı
Cəlal müəllim. Azərbaycanlıları bir bayraq
altında birləşdirən, azərbaycançılıq
ideologiyasına öz töhfəsini verəndi Cəlal müəllim.
Əzizim, dost mehribanım Cəlal müəllim!
Nədənsə, xeyli vaxtdır görüşmürük.
Məncə, "təqsirkar" sənsən. Elə istəyirəm
ki, görüşək, ötən günləri, xoş
xatirələri, unudulmazları yada salaq. Bu yerdə
böyük şairimiz Molla Vəli Vidadinin "Gözüm
gözündən uzaq olsa da, könüldən könülə
yollar görünür" misrasını xatırlamaqla təsəlli
tapıram... Sən həmişə gözümdə,
könlümdəsən, əzizim...
Cəlal müəllim! Elmdə
ağılasığmaz, xəyalagəlməz möcüzələrinin,
əvəzsiz nailiyyətlərinin sorağı bir sıra
Avropa ölkələrindən, okeanın o tayından gəlir.
Necə səninlə fəxr etməyək, qürur duymayaq.
Yaşa, dostum, yarat dostum...
Əzizim Cəlal müəllim, hər
ikimiz bir ildə dünyaya gəlmişik. Səksən
beşi arxada qoymuşuq. Geri dönüb baxanda, boylananda
xalqımıza layiq, vətənimizə layiq
olmağımızla sevinirik. Doxsana sarıyıq. Dostum,
canın sağlam, ömrün uzun olsun. Arzuların
üzünə gülsün. Yeni-yeni elmi uğurlarınla
bizlərə fərəh bəxş et...
Teymur
BÜNYADOV,
akademik
Elm.-
2013.- 30 may.- S.7.