Akademik Cəlal Əliyevin elmi irsi bu gün daha çox aktualdır

  

Yeni perspektiv elmi istiqamətlərin müəyyən olunmasına yalnız geniş və zəngin erudisiyaya, qeyri-adi intuisiyaya, güclü təfəkkürə malik şəxsiyyətlər qadir ola bilərlər. Akademik Cəlal Əliyev məhz belə şəxsiyyətlərdəndir. Cəlal Əliyev deyir: "Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyaları irəli sürməkdir. Dünyada həyata keçirilən hər hansı bir elmi prosesi təkrar etmək elmə töhfə vermir, yeni ideyalarla çıxış etmək lazımdır". Məhz bu tezislər alimin həyat boyu elmi yaradıcılığının əsas prinsipləri olmuşdur.

Akademik C.Əliyevi səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun dərin elmi intuisiyaya malik olmasıdır. Təsadüfi deyil ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaranması məhz onun adı ilə bağlıdır.

 

Ötən əsrin 70-ci illərindən başlayaraq kompüter elmlərinin sürətli inkişafı, onun müxtəlif sahələrə  tətbiq edilməsi ilə elmi tədqiqatların aparılmasında yeni imkanlar yaranmağa başladı. Bunun sayəsində artıq elmin müxtəlif sahələri arasında sərhədlər aradan qalxaraq yeni elmi istiqamətlər meydana gəlirdi. Belə sahələrdən biri də müasir biologiya elminin zirvəsi hesab olunan bioinformatikadır. İki texnoloji inqilabın - biotexnologiyanın və informasiya texnologiyalarının yaranması və sürətli inkişafının, onların elmi nailiyyətlərinin birgə tətbiqinin nəticəsi kimi formalaşan bioinformatika sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə edildi.

Akademik C.Əliyev bu sahənin gələcək perspektivlərini çox böyük uzaqgörənliklə görmüş və hələ keçən əsrin 70-ci illərində onun Azərbaycanda inkişaf etdirilməsinə başlamışdır. Akademik Cəlal Əliyev deyir: "Tarix boyu bütün dünyada elm inkişaf etmiş və həmişə yeni-yeni sahələr yaranmışdır. IX əsrdə əsasən fiziologiya inkişaf etmişdi və canlı orqanizmlərin funksiya və xassələrini müəyyənləşdirən həyat fəaliyyəti proseslərini öyrənirdi. Sonralar biokimya, molekulyar biologiya, molekulyar genetika inkişaf etməyə başladı. Molekulyar biologiya həyat proseslərini, makromolekulyar strukturları, onların funksiyalarını molekulyar səviyyədə, molekulyar genetika isə gen səviyyəsində öyrənməyə başladı. Bu elmlər inkişaf etdikcə yeni bioloji proseslər aşkar edildi, yeni-yeni məlumatlar əldə edildi. Mövcud biliklərlə onları izah etmək çətin olurdu. Hər bir elm sahəsinin öz dövrü olur. Sonra yeni sahələrə tələbat yaranır. Bu zaman riyaziyyat köməyə gəldi və riyazi yollarla prosesləri daha dəqiq öyrənmək mümkün oldu".

Akademik C.Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya və biofizika sahələrində tədqiqatları genişləndirərək respublikada yeni tədqiqat istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatikanın inkişafının əsasını qoymuşdur. Azərbaycanda bioinformatika sahəsini formalaşdırmaq üçün akademik C.Əliyev müxtəlif ixtisaslar: biologiya, kimya, fizika, riyaziyyat və aqrokimya üzrə ali məktəblərin məzunlarından ibarət elmi kollektivin hazırlanmasına başlamışdır. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində bizim respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və informasiya texnologiyalarından istifadə etmək mümkün olmuşdur. 30-35 il əvvəl bu, nadir hadisə idi, hətta Qərbdə belə heç kim kompüterin biologiyaya tətbiqi ilə ciddi məşğul olmurdu. Bu faktlar ona görə xüsusi qeyd olunmalıdır ki, həmin dövrdə və sonralar respublikamızda əksər elmlər riyazi və kompüter metodlarının molekulyar biologiya və genetikada istifadə olunması imkanlarının və bu istiqamətin əleyhinə çıxırdılar. Təsadüfi deyildir ki, Azərbaycanda ilk və yeganə bioinformatika və hesablama struktur biologiyası laboratoriyaları da məhz akademik C.Əliyevin  rəhbərlik etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində yaradılmiş və bu gün də aktiv fəaliyyət göstərirlər. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, keçmiş sovet məkanındakı 15 respublikadan riyazi biologiyanın və bioinformatikanın ən çox inkişaf etdiyi respublika Rusiya və Azərbaycandır.

Bu gün bioinformatika və biotexnologiyanın müxtəlif növlərin və indiyə qədər təsəvvür edilməyən yeni materialların və məhsulların alınmasında rolu böyükdür. Bul cəbrinin əməliyyatlarını molekul və atom səviyyəsində reallaşdırmaq imkanları artıq qeyri-səlis məntiq funksiyaları da daxil olmaqla, paralel, dəstə və tor prinsipləri ilə işləyən çox kiçikölçülü molekulyar və kvant superkompüterlərinin hazırlanmasını real edir. İkinci tərəfdən, biotexnologiyaların nanosəviyyədə inkişafı, intellektual materiallar, nanobiosensorlar, nanotibbirobotlar təkcə tibbi, bioloji və ekoloji problemlərin həllinə yox, həmçinin də kompüter elmlərinə də yenilik gətirir. Artıq bioelektronika kompüter texnikasında bir istiqamət kimi formalaşır və biomolekulyar səviyyədə informasiyanın qəbulu, saxlanılması, emalı və ötürülməsi neyrokompüterlərin hazırlanmasını reallığa çevirir. Nano səviyyədə biotexnologiyaların əsas bir yeni üstünlüyü də nanomateriallarla biomolekulların interfeysinin mümkünlüyüdür. Belə bir interfeys müxtəlif tibbi tətbiqlərlə bərabər insan-maşın interfeysinin yeni mərhələsinə yol aça bilər və uzun müddət gözlənilən bir prosesi - insan beyni ilə kompüter əlaqəsini reallaşdırmağa imkan verər. Bu, bir tərəfdən insan beyninin, fikirləşmə modelinin açılmasına gətirib çıxarır, digər tərəfdən isə kompüterin köməyi ilə insan beyninin, insan beyninin köməyi ilə isə kompüterin intellektual imkanlarının təsəvvürolunmaz dərəcədə artmasına imkan verir.

Bütün bunlar akademik C.Əliyevin uzaqgörənliyinin, elmi intuisiyasının nə qədər dərin olduğunu bir daha sübut edir. Təkcə onu demək kifayətdir ki, 2012-ci ildə bioinformatika sənayesinin həcmi 2,3 milyard ABŞ dolları təşkil etmişdir. 2018-ci ildə bu rəqəmin 9,1 milyard ABŞ dolları olması gözlənilir.

Akademik C.Əlievin elmi fəaliyyətinin əsas istiqaməti fotosintez sahədir. Məlumdur ki, fotosintez yer üzərində canlı həyatın təminatçısı olan əsas bioloji proseslərdən biri və ən əsasıdır. Fotosintezin kəşf edilməsindən keçən 240 il ərzində bir çox tədqiqatçılar öz həyatlarını bu mürəkkəb və unikal həyati prosesin öyrənilməsinə həsr etmişlər. Bu müddət ərzində alınan ilkin fərziyyələr getdikcə möhkəm əsaslara söykənən elmi nəticələrə və anlayışlara gətirib çıxarmışdır. Lakin ilk baxışda çox sadə görünən bu prosesin bir çox mühüm detalları bu günədək açılmamış qalır. Hazırda dünyanın bir çox ölkələrində yüz minlərlə alim bu unikal prosesin ayrı-ayrı aspektlərini tədqiq etməklə məşğuldur. Çünki Yer kürəsində elə bir təbii hadisə tapmaq mümkün deyil ki, fotosintezlə bağlı olmasın.

Azərbaycanda bu perspektiv sahənin əsaslı inkişafı da akademik C.Əliyevin adı ilə bağlıdır. Fotosintez probleminin həllinin zəruriliyi son illərdə dünyada meydana gələn ərzaq çatışmazlığı, enerji qıtlığı, ətraf mühitin çirklənməsi kimi əsas amillərin xüsusi çəkisinin artması ilə də şərtlənir. Təsadüfü deyil ki, bu gün bəşəriyyətin enerji, ərzaq və ekoloji təhlükəsizliyi kimi qlobal problemlər bütün dünyada siyasətçiləri, iqtisadçıları, alimləri və ümumiyyətlə, dayanıqlı və xoşbəxt gələcək üçün düşünənləri narahat edir.

Ərzaq probleminin həlli insanların qarşısında daha ciddi şəkildə durur. Biz bu gün alternativ enerji haqqında danışa bildiyimiz halda, təəssüf ki, bu sözləri alternativ ərzaq haqqında deyə bilmirik. Hətta fikirləşə də bilmirik ki, ərzaqdan başqa insan orqanizminə yaşamaq üçün tələb olunan bioenerjini təmin edən alternativ məhsullar varmı?

Dünya əhalisinin sayı təkcə XX əsrdə 4 dəfə artmışdır. Hal-hazırda rəsmi statistikaya görə, dünyada 7 milyarddan çox insan yaşayır. BMT-nin hesabatlarındakı proqnoza görə, dünya əhalisinin sayı 2025-ci ildə 8,5 milyarda, 2050-ci ilədək isə 9,1 milyarda çatacaqdır. Təhlükə yaradan məsələ odur ki, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır. Təəssüflə qeyd edilməlidir ki, ildən ilə aclıq çəkənlərin də sayı artır və bu gün hələ də təxminən 1 milyard insanın aclıqdan əziyyət çəkməsi uzun illərdir ki həllolunmaz bir problem kimi qalır. Baxmayaraq ki, hazırda yer səthinin cəmi 11%-i ərzaq məhsullarının yetişdirilməsi üçün istifadə olunur, bu rəqəmin daha da artırılması müxtəlif obyektiv səbəblərdən bu gün mümkün deyil. FAO-nun hesablamalarına görə, Yer kürəsində yaşayan bütün insanların Avropa səviyyəsində ərzaq məhsullarının qəbul etməsini təmin etmək üçün bizə Yer kimi üç planet tələb olunur. Bu istiqamətlərdə fotosintezin bitkilərin məhsuldarlığına təsiri, idarəolunan fotosintezin köməyi ilə yeni bitki və onların növlərinin və modifikasiya olunmuş məhsul tiplərinin alınması və s. həlli vacib məsələlər kimi dünya alimlərinin qarşısında durur.

Akademik C.Əliyevin elmi fəaliyyətinin böyük bir hissəsi məhz bu problemlərin həllinə yönəlmişdir. Onun rəhbərliyi ilə kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın məhsuldarlığının fizioloji, biokimyəvi, biofiziki və molekulyar-genetik əsasları tədqiq edilmiş, yeni yüksək məhsuldar buğda sortları və bir neçə min genotipi əhatə edən zəngin buğda genofondu yaradılmışdır.

Təsadüfü deyil ki, 25 avqust 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda bir çox vacib məsələlərlə yanaşı, yeni məhsuldar sortların sınaqdan keçirilməsi və rayonlaşdırılması, məhsuldar və keyfiyyətli buğda toxumlarının istehsalının stimullaşdırılması və daxili tələbatın ödənilməsi, elmin müasir sahələrinin, xüsusilə biotexnologiyanın, gen mühəndisliyinin və s. inkişaf etdirilməsi, bu sahədə elmi kadrların hazırlanması kimi məsələlər öz əksini tapmışdır. Bütün bunlar C.Əliyevin elmi fəaliyyətinin nə qədər aktual olduğunu bir daha göstərir.

Akademikin təşəbbüsü ilə son on ildə ölkəmizdə bitkilərin biomüxtəlifliyinin qorunması və səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilir. Hazırda Botanika İnstitutunda onun təklifi əsasında Herbariumun bazasında məlumat bankının genişləndirilmiş elektron versiyası yaradılır.

Akademik Cəlal Əliyevin uzaqgörənliyi eyni zamanda qeyd olunan sahələrin inkişafında və bu sahədə çalışan gənc alimləri daima himayə etməsində də təzahür edir. Gənc kadrların yetişməsində onun rolu əvəzsizdir. Azərbaycan dövlətinin, şəxsən Heydər Əliyevin həmin dövrdə təşəbbüsü və daimi qayğısı sayəsində keçmiş SSRİ-nin qabaqcıl elm-təhsil mərkəzlərində milli kadrlarımızın hazırlanması dövlət siyasətinin strateji istiqamətlərindən biri idi. Bu siyasətin biologiya elmləri, o cümlədən bioinformatika sahəsində gerçəkləşməsinin ideya rəhbəri, yaradıcısı və himayədarı məhz akademik C.Əliyev olmuşdur. O, yerli ali məktəbləri bitirən istedadlı tələbələri seçərək keçmiş Sovetlər İttifaqının ən qabaqcıl elm mərkəzlərinə göndərirdi. Cəlal müəllim deyir: "O vaxt Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi. Mənim təşəbbüsümlə oraya əsasən riyaziyyatçılar göndərilirdi. Bəzən belə deyənlər də olurdu ki, bu elmi mərkəz tanınmaya-tanınmaya C.Əliyev buraya niyə bu qədər riyaziyyatçı tələbə göndərir? Həmin vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən yaxşılardan biri oldu. Ona görə də elmlə məşğul olan dünəni, bu günü yox, sabahı, o biri günü görməlidir. O zaman hazırlanan kadrlar bu gün ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Kanada, Braziliya, Yaponiya, Fransa, İsveç, İsrail, Türkiyə və s. kimi bir çox xarici ölkələrdə uğurla işləyir və elmə töhfələr verirlər".

Akademik C.Əliyevin şəxsi təşəbbüsü sayəsində 300-dən artıq yüksək ixtisaslı kadr hazırlanmışdır. 80-dən çox elmlər namizədi və 11 elmlər doktoru şəxsən onun rəhbərliyi altında müdafiə etmişdir. Akademik C.Əliyev böyük elmi məktəb yaratmışdır. Bu məktəbin sədası bizim ölkəmizdə və xaricdə yüksəkdən gəlir. Akademik C.Əliyevin və onun rəhbərlik etdiyi kollektivin işləri beynəlxalq səviyyədə böyük maraq doğurmuşdur.

Onun rəhbərlik etdiyi kollektiv beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda çıxış etməklə elmi cəmiyyətlərin fəaliyyətində aktiv iştirak edir. Uzun illərin tədqiqatları həm də coxsaylı nüfuzlu beynəlxalq dövri nəşrlərdə öz əksini tapmışdır. Akademik C.Əliyev respublikada və beynəlxalq mətbuatda çap olunmuş 600-dən çox elmi məqalənin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidır. O, bir sıra elmi və müdafiə şuralarının üzvü kimi fiziki-kimyəvi biologiya sahəsində tədqiqatların genişlənməsinə şərait yaratmışdır.

Akademik C.Əliyev təkcə elm xadimi kimi seçilmir, o həm də aktiv siyasətdədir, ölkənin aparıcı partiyası olan YAP Siyasi Şurasının üzvü, millət vəkilidir. Elə onun dörd çağırışda (1995-2000; 2000-2005, 2005-2010 və 2010-2015-ci illər) Azərbaycan Milli Məclisinin üzvü seçilməsi də akademikin ictimai-siyasi fəaliyyətinin, seçicilər arasında nüfuzunun göstəricisidir.

Akademik C.Əliyevin şəxsiyyətinə olan hörmətin, fotosintezin tədqiqi sahəsində onun və yaratdığı məktəbin əldə etdiyi böyük nailiyyətlərin və qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən ciddi qiymətləndirilməsinin nəticəsidir ki, Azərbaycan fotosintez və bioinformatika sahəsində bir çox mötəbər elmi tədbirlərə ev sahibliyi etmişdir. 2008-ci ilin yayında Bakı şəhərində keçirilmiş "Bioinformatika: mövcud vəziyyət və gələcək perspektivlər" mövzusunda beynəlxalq konfransın Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunması da təsadüfi deyildir və rəmzi məna daşıyır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı Dövlət Universitetinin birgə təsisçiliyi ilə yaradılan və "Thomson Reuters" agentliyinin bazasına daxil olan və impakt faktoru alan ilk Azərbaycan beynəlxalq elmi jurnalının - "Applied and Computational Mathematics"-in xüsusi buraxılışı bioinformatika, molekulyar biologiya və molekulyar genetikanın ən aktual problemlərinin öyrənilməsinə, bu tədqiqatlarda riyazi və kompüter modellərinin tətbiqinə həsr olunmuşdur. Burada akademik C.Əliyevin tələbələrinin elmi məqalələri yer almışdır.

Akademik C.Əliyevin elmi fəaliyyətində nəşr və redaksiya işi böyük bir yer tutur. O, "AMEA-nın xəbərləri" (biologiya elmləri seriyası) jurnalının baş redaktoru, "AMEA-nın məruzələri" jurnalının redaksiya heyətinin üzvü, bir sıra kitab və topluların redaktorudur.

Akademik C.Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü, Bitkilərin Molekulyar Biologiyası Beynəlxalq Cəmiyyətinin, Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin, Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin, Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin üzvüdür. O, UNESCO yanında Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin sədridir.

Akademik C.Əliyev nadir ziyalı, istedadlı alim, fədakar elm xadimi olmaqla yanaşı, həm də böyük vətənpərvərdir. Dünya şöhrətli alim təkcə elmi və siyasi fəaliyyət göstərməklə kifayətlənmir, həm də bu gün Azərbaycan üçün olduqca önəmli olan Qarabağ problemi ilə bağlı həqiqətləri dünyaya çatdırır. 2003-cü ildə akademikin həmkarı B.Budaqovla birgə yazdığı "Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı" kitabı rus, ingilis, alman və fransız dillərinə tərcümə olunmuşdur. 2006-cı ildə akademik C.Əliyevin "Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır" kitabı Moskvada işıq üzü görmüşdür.

Akademik C.Əliyev Dağlıq Qarabağ haqqında yazdığı növbəti kitabında tarixə ekskurs edərək, türk torpaqlarında öz dövlətlərini yaratmaq arzusunda olan erməni yaraqlı-siyasətçilərinin, daşnakların hiyləgər, ölçülüb-biçilmiş siyasətlərini ifşa edir, tarixən onlara havadarlıq edənlərin ikiüzlülüyünü oxucunun diqqətinə çatdırır. Müəllif tarixi hadisələrin məntiqi təhlili vasitəsilə XIX və XX əsrlərdə, sonralar Şərqi Anadoluda və Zaqafqaziyada erməni millətçi ekstremistlərinin əməllərini, əzəli Azərbaycan torpaqlarının - İrəvan xanlığının, Zəngəzurun, Göyçə gölü bölgəsinin, nəhayət, Dağlıq Qarabağın qəsb olunmasını şərtləndirən amilləri açıb göstərir, İran və Türkiyə ermənilərinin Azərbaycana köçürülməsini xatırladır. Bütün bu hadisələrdə xristian Avropasının, o cümlədən İngiltərə, Avstriya və Rusiyanın, ABŞ-ın ermənilərə maddi və mənəvi yardımını yada salır, bunun səbəbini anladır.

Akademik C.Əliyev Əməkdar Elm Xadimidir. 1998-ci ildə akademik C.Əliyev elmin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatı - "İstiqlal" ordeni, 2003-cü ildə Gürcüstan Respublikasının "Şərəf" ordeni və 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif olunmuşdur.

Akademik C.Əliyevin keçdiyi elm və həyat yolu çox şərəfli və mübariz olmuşdur. Elmdə və elmə münasibətdə daima həqiqət axtaran C.Əliyev bu yolda bəzən siyasi və mənəvi təzyiqlərlə üzləşmiş, vətəndaş və insani hüquqlarına edilən təcavüzlərə məruz qalmışdır. Lakin o, möhkəm iradəsi, cəsarəti, haqqa və ədalətə sadiq olması sayəsində həmişə bu çətinliklərdən, bu bəlalardan üzüağ çıxmağa müvəffəq olmuşdur. Həyatının ən çətin anlarında belə elmi tədqiqatlarını dayandırmamış, elm və insanlıq naminə daima axtarışlarda olmuşdur. C.Əliyevə məxsus ciddi prinsipiallıq, elmi gələcəyi görmə qabiliyyəti, naməlum olanı dərk etməyə çalışmaq cəhdi, gənc elmi kadrların yetişdirilməsinə diqqət onun şəxsı cazibədarlığı və qayğıkeşliyi ilə harmoniya təşkil edir ki, bunu da onun tələbələri, əməkdaşları və iş yoldaşları daima hiss edirlər.

Onun həyatından və elmi araşdırmalarından, dünya alimləri tərəfindən qəbul edilmiş ixtiralarından, elmə gətirdiyi yeniliklərdən, Azərbaycan iqtisadiyyatının və xüsusən kənd təsərrüfatının inkişafına xidmət edən nəticələrindən çox danışmaq olar. Bu gün də akademik C.Əliyev biologiya elminin yeni istiqamətləri sahəsində elm-tədqiqat işlərini müvəffəqiyyətlə davam etdirir. Ömrünü elmə həsr edən böyük alim və qayğıkeş insan akademik C.Əliyevin zəngin elmi biliyi, qiymətli elmi nəticələri, yaratdığı məktəb və yetişdirdiyi kadrlar sayəsində respublikamızın elmi nüfuzu bundan sonra daha da yüksələcək, dünya elmində öz layiqli yerini tutacaqdır.

Belə bir əlamətdar gündə Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür və gələcək elmi-təşkilati fəaliyyətinizdə uğurlar arzulayıram.

Yubileyiniz mübarək olsun, əziz Cəlal müəllim.

 

Ə.M.ABBASOV,

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik

 

Elm.- 2013.- 30 may.- S.8-9.