Böyük insan, vətənpərvər
alim və ictimai xadim
"Elmin vətəni yoxdur", - deyirlər. Andre Berte də, təxminən, belə
deyib: "Elm öz mənbəyi etibarilə əbədidir, fəaliyyətində
nə zamanla məhdudlaşıb, nə də məkanla, həcminə
görə ölçüsüz, vəzifəsinə
görə sonsuzdur".
Bəlkə də, belədir. Elm sərhəd
tanımır və bütün insanlığa - birinə
tez, birinə gec də olsa, bir cür xidmət göstərir.
Bu mənada elm, həqiqətən, bəşəridir.
Amma elm göydən
düşmür, onu insanlar yaradır. Bu
insanların hər biri müəyyən bir millətə, müəyyən
bir məmləkətə mənsub olur. Şübhə yoxdur
ki, bu mənada elm öz vəzifəsinə görə bəşəri
olsa da, öz mənşəyinə görə eyni zamanda
milli səciyyə daşıyır. Beləliklə, biz bəşəriliklə
dialektik vəhdətin daimi şahidləri olaraq
qalırıq.
Azərbaycan Milli Elmlər Akademiyasının belə bir ənənəsi
var. Rəyasət Heyətinin
iclaslarında vaxtaşırı aktual mövzularda məruzələr
edilir. Onlardan ikisi - AMEA-nın akademiki, böyük bioloq
alimimiz Cəlal Əliyevin öz yetirmələri ilə
birlikdə hazırladığı məruzələr
onun gördüyü işlərlə
dünya elmini necə zənginləşdirməsi barədə
bizdə aydın təsəvvür yaradıb və biz məhz
Azərbaycan aliminin dünya elmini zənginləşdirməsi
ilə fəxr etmişik.
Akademik Cəlal Əliyev eyni zamanda böyük elm təşkilatçısı
kimi tanınır.
"Azərbaycan" qəzetinin 2003-cü il 16
mart tarixli sayında "Müsabiqəli Qrantlar və Elmi
Sistemin İslahatı Proqramı: nəticələr, problemlər,
perspektivlər" adlı bir səhifəlik böyük bir
yazı dərc edilmişdi. Yazıda Müsabiqəli Qrantlar
Proqramının təsdiq edildiyi gündən keçən
müddətdə Kənd Təsərrüfatı Tədqiqatları
Şurasının sədri, akademik Cəlal Əliyevin işləyib
hazırladığı və
irəli sürdüyü islahat strategiyasının müddəalarına
uyğun olaraq milli aqrar tədqiqatlar sahəsində yeni bir
sistemin əsasının qoyulmasından və konkret bir sahədə
tədqiqat-tətbiq-yayım modelinin
formalaşdırılmasından danışılırdı.
Göstərilirdi ki, Müsabiqəli Qrantlar Proqramı elə
bir inkişaf səviyyəsinə gəlib çatıb ki, o,
artıq sınaq modeli hüdudundan çıxaraq, mükəmməl
tədqiqat sisteminə çevrilmişdir. Yazını
oxuduqdan sonra əmin oldum ki, Cəlal müəllimin xüsusilə
tədqiqat mövzularının idarə edilməsinin təkmilləşdirilməsi,
habelə elmi-tədqiqat institutlarının daxili modernləşdirilməsi
barədəki müddəaları yalnız kənd təsərrüfatına
deyil, ümumən bütün elm sahələrinə, o
cümlədən humanitar və ictimai elmlərlə məşğul
olan tədqiqat müəssisələrinə də uğurla
tətbiq edilə bilər.
Akademik Cəlal Əliyevin AMEA-da müxtəlif səviyyələrdə
keçirilən yığıncaqlardakı
çıxışları onun elmi erudisiyasının dərinliyi
və ümumi mütaliəsinin genişliyi barədə də
aydın təsəvvür yaradır. Bəlli olur ki, nəinki
öz sahəsinə, ümumiyyətlə, ən müxtəlif
sahələrə aid kitablar, jurnallar, qəzetlər də
alimin maraq dairəsindədir. Vaxtilə AMEA Rəyasət Heyətinin
iclaslarından birində elmi informasiya sahəsində vəziyyətdən
danışarkən o, "Bakinskiy raboçiy" qəzetində
görkəmli Azərbaycan
filosofu, mərhum akademik, keçmiş SSRİ EA-nın
müxbir üzvü A.O.Makovelskiyə həsr edilmiş bir məqalədəki
təhriflər haqqında danışdı. Bu hadisədən
sonra biz həmin məsələni bölmədə araşdırdıq
və Cəlal müəllimin dediklərinin dəqiqliyinin bir
daha şahidi olduq.
Xalqımızın
mənəvi sərvətlərindən
olan böyük insan, vətənpərvər
alim və ictimai xadim akademik
Cəlal Əliyevi 85 illik yubileyi münasibətilə təbrik
edir, ona cansağlığı və
uzun ömür arzulayıram.
Ağamusa
AXUNDOV,
akademik
Elm.-
2013.- 30 may.- S.10.