Həqiqi
ziyalı, alicənab insan
Neçə-neçə
görkəmli şəxsiyyətlər yetirmiş qədim
Naxçıvan diyarının zəhmətkeş oğlu Əlirza
kişinin və İzzət xanımın Azərbaycan
xalqına bəxş etdiyi dünya şöhrətli siyasətçi,
istedadlı alim kimi əsl ziyalı övladları içərisində
akademik Cəlal Əliyevin özünəməxsus yeri
vardır. Zəhmətsevər, insanpərvər valideynlərin
çox böyük çətinliklər bahasına pərvazlandırdıqları
övladların cəmiyyətdə yüksək mövqe
tutmalarının, qeyri-adi istedada, gözəl insani
xüsusiyyətlərə malik olmalarının əsas səbəblərindən
biri də onların doğulduqları, boya-başa
çatdıqları ailədə aldıqları tərbiyə
idi. Əlirza kişi və İzzət xanım
yaşadıqları dövrün məhrumiyyətləri
üzündən mükəmməl təhsil ala bilməsələr
də, gözəl insani keyfiyyətlərə malik
olmuşlar.
El
misalıdır: "Ot kökü üstə bitər".
Bu sadə insanlar XV əsrdə
yaşayıb-yaradan, islam fəlsəfəsinin
daşıyıcılarından biri - təsəvvüf
(sufizm) - xəlvətiyyənin şeyxi, görkəmli alim,
filosof Seyid Yəhya Bakuvinin "İnsan öz nəfsini kin, həsəd,
ədavət, tamah kimi pis xislətlərdən təmizləyib
məhəbbət, səbir, riza kimi pak xislətlərlə zənginləşdirməlidir"
kimi məram və tövsiyələrindən bəhrələnmişlər.
Belə bir ailədə tərbiyə
almış, boya-başa çatmış akademik Cəlal Əlirza
oğlu hələ yeniyetmə yaşlarında zəhmətə
alışmış, AMEA-nın akademiki və dünya
şöhrətli alim olmuşdur.
Ağır müharibə illərinə
təsadüf edən tələbəliyi, yataqxanada daima əhatələrində
olduğu kasıb, nimdaş geyimli tələbələr,
gün ərzində 500 qr çörək və s. bu kimi həyatın
digər məşəqqətləri Cəlal Əliyevi gələcəyin
uğurlu yollarına çıxmaq üçün çətinliklərə
sinə gərməyə sövq etmiş və əsl vətəndaş
kimi yetişdirmişdir.
Bəlkə, məhz buna görə də
o, insan həyatında, onun qidalanmasında, konkret desək,
yaşamasında əsas vasitələrdən biri olan kənd
təsərrüfatı məhsulunun, yəni taxıl
bitkisinin yetişdirilməsi problemlərinin işlənməsini
qarşısına həyati məqsəd kimi qoymuşdur.
Akademik Cəlal Əlirza oğlu qəlbinin
ən zərif, ən incə telləri ilə Vətənə
bağlı olduğundan əsas iş laboratoriyasını təbiətin
qoynunda yaratmış və bu laboratoriyaya gedən yollar Azərbaycanın
gözəl, güllü-çiçəkli ormanlarından
keçdiyi üçün ona həmişə
qarşısına qoyduğu məqsədə çatmaqda
uğurlar qazandırmışdır.
Cəlal müəllim Azərbaycanda becərilən
əsas kənd təsərrüfatı bitkilərində gedən
fizioloji və biokimyəvi proseslərdə mineral elementlərin
əhəmiyyətinin tədqiqində böyük işlər
görmüşdür. O, AMEA-nın Biologiya Elmləri
Bölməsinə rəhbərlik etmiş və qeyd olunan sahədə
kifayət qədər ixtisaslı kadrlar
hazırlamışdır.
İntensiv buğda sortlarının
yetişdirilməsində əsas şərtlərdən biri
olan fotosintezin kompleks tədqiqinin müxtəlif elm sahələrini
əhatə etdiyini nəzərə alan akademik Cəlal Əliyev
elmi kollektivə bioloqlarla yanaşı, kimyaçı, fizik,
riyaziyyatçı və digər ixtisaslı alimləri də
cəlb etmişdir.
Onun fəaliyyətini təkcə qeyd
olunan sahə ilə əlaqədar gördüyü
mühüm işlərlə və Azərbaycan elminin qeyd
olunan sahədəki nailiyyətlərini dünyəvi kəşflər
səviyyəsinə qaldırması ilə məhdudlaşdırmaq
düzgün olmazdı.
Cəlal müəllim əsl vətəndaş
kimi əsrlər boyu öz geostrateji əhəmiyyəti və
nefti ilə siyasi arenada güclü hərbi mövqeyinə
görə bir-birini əvəz edən böyük dövlətlər
arasındakı çəkişmələrdə
haqsızlıqlara məruz qalan vətənimizin tarixini
çox yaxşı bilir və tarixçi alimlərə də
yaxından kömək edir.
Fransanın sabiq prezidenti Jak Şirakın
ölkə parlamentinin "Osmanlı imperiyasında 1915-ci il
erməni soyqırımı" haqqındakı qərarını
təsdiq etməsi, Türkiyə ictimaiyyətinin ciddi
narazılığına səbəb olmuşdu.
Bu ədalətsizliyə cavab olaraq,
akademik Cəlal Əliyev yüksək vətənpərvərlik
hissləri ilə peşəkar tarixçi kimi (akademik Budaq
Budaqovla birgə) çıxış edərək,
"Türklər, azərbaycanlılar, ermənilər: tarixi
həqiqətin soyqırımı" əsərində
tarixi faktlara əsaslanaraq sübut etdi ki, eramızdan əvvəl
II minillikdə Şərqi Anadoluda "ARM" (axırına
əlavə olunan "ni" və ya "eni" yer deməkdir)
adlanan yerin əhalisi hind-Avropa dillərində danışan
lubilər, lidilər, illirilər və başqa etnoslardır,
ermənilər deyil. Eramızdan əvvəl 165-ci ildə
İberiya, Albaniya və Atropatena ərazisində
yaranmış "Böyük Armini" dövlətinin ermənilərə
heç bir aidiyyəti yoxdur. Bu dövlət eramızdan əvvəl
I əsrin ortalarında dağılmış, zəbt
olunmuş ərazi geri qaytarılmışdır. Əsər
tarixi faktları saxtalaşdırıb "Böyük Ermənistan"
xülyasına qapılmış erməniləri dəstəkləyən
Fransa, ABŞ, İngiltərə, Almaniya və digər 70
ölkədə yaşayan, dünya ictimaiyyətinin fikrini
çaşdırmağa çalışan erməni
diasporuna tutarlı cavab idi. Akademik Cəlal Əliyev arxiv sənədlərindən,
tarixi mənbələrdən və bir sıra xarici müəlliflərdən
sitatlar gətirib faktlara istinad edərək Jak Şiraka və
bütün dünya ictimaiyyətinə çatdırdı
ki, azərbaycanlılar tarixi Azərbaycan ərazisindən -
doğma dədə-baba yurdlarından (1828-1832, 1877- 1878,
1905-1907, 1918-1920, 1948-1953, 1988)
köçürülmüş və ardıcıl olaraq ermənilər
tərəfindən soyqırıma məruz qalmışlar.
Cəlal müəllim yalnız tarixi
problemlərin deyil, demək olar ki, bütün elm sahələrində
mövcud olan problemlərin həll olunmasında da yaxından
iştirak edir.
Bu fədakar alim və səmimi insan
şəxsən mənim həyatımda da çox əhəmiyyətli
rol oynayan, çətin tədqiqat yollarından keçib
uğurlar qazanmağım üçün mənə
qol-qanad verən əvəzedilməz bir şəxsiyyətdir.
Cəlal Əlirza oğlunun tələbəlik illərinin
çətinlikləri, tələbə yataqxanası,
gündəlik 500 qram çörəyə möhtac
olması, maddi təminatsızlıq və digər məhrumiyyətləri
mənə eynən öz tələbəlik illərimi
xatırladır. Belə bir həyat yolu keçmiş
insanlara İlahi kömək edir və onlara qeyri-adi insani
xüsusiyyətlər bəxş edir.
Belə insanlar həyatda təkcə
özlərinin uğurlar qazanması ilə kifayətlənmir,
digərlərinə də kömək edirlər.
Akademik Cəlal Əliyevin diqqəti,
qayğısı mənim də ömrümə ömür
calayır, üzərində yaşadığımız, vətəndaşı
olduğumuz bu ulu diyarın çoxəsrlik tarixinin, dədə-babalarımızın
daş yaddaşının tədqiqində yeni uğurlar
qazanmağa həvəsləndirir, mənə qüvvət və
ilham verir.
Mən Cəlal müəllimi
ömür nərdivanının 85-ci pilləsində belə
cavan görkəmə, elmdə daima yüksək enerjiyə
malik olduğu üçün təbrik edirəm, ona
cansağlığı, uğurlar diləyirəm və deyirəm:
85 hər ömrə nur çələngidir,
Zəhmətdən su içər
gülü, çiçəyi.
Mətin iradəniz bir Günəş
kimi,
İşığa qərq edər
xoş gələcəyi.
***
Vətən torpağına bərəkət
yağar,
Sizin zəkanızdan, qüdrətinizdən.
Susar önünüzdə
yadlar-yağılar,
El-oba danışar şöhrətinizdən.
***
Qoşa qanadındır elmin, zəhmətin-
Bir ömür yaşadın müqəddəs,
halal.
Həmişə mərdanə, həmişə
mətin,
Min yaşa, min yaşa, əzizim Cəlal.
Məşədixanım
NEMƏT,
AMEA-nın
müxbir üzvü
Elm.-
2013.- 30 may.- S.12.