Elimizin və elmimizin
AĞSAQQALI
Akademik,
elimizin və elmimizin ağsaqqalı Cəlal Əliyev mənim
üçün çox doğma və əziz bir
insandır. XX əsrdə gəncliyini və
cavanlığını, XXI əsrdə
ağsaqqallığını və müdrikliyini yaşayan
böyük alim çoxları kimi mənə də həmişə
əziz olub. Onun keçdiyi həyat yolu çətinliklərlə,
mübarizələrlə, elmi mətləblərlə dolu
olub. Ömrünü mənalı yaşayıb. O, həmişə
zəhmətkeş olub. Zəhmətə Allah kimi səcdə
edib. Torpağın, təbiətin, sünbülün, zəminin,
dənin, tarlanın dilini bilən bir alim kimi Azərbaycan elmi
üçün çox işlər görüb. Nə
iş görübsə, xalq üçün, millət
üçün, dövlət üçün görüb.
Onu böyüdən, boya-başa çatdıran ailə Azərbaycana
böyük insanlar bəxş edib. Akademik Həsən Əliyevi
hamı hörmətlə xatırlayır. Ulu öndərimiz,
ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti
hamı üçün örnək olduğu kimi, akademik Cəlal
Əliyev üçün də örnək olub.
Ömrün-günün çətin və
sınaqlı yollarında Cəlal müəllim şax yeriyən,
şux duran, aydın danışan, sözü üzə deyən,
həqiqətin tərəfində dayanan əsl kişi -
şəxsiyyət ömrü yaşayıb, bu gün də
öz təmiz və müqəddəs yolu ilə gedir.
Böyük alim, gözəl insan, dostuna dost, düşmənə
düşmən olan Cəlal müəllimə yaxın olmaq
mənə də nəsib olub. Mənim onunla ilk
tanışlığım 1994-cü ildə olub. İlk
tanışlıqdan bu günə qədər ona olan sevgim həmişə
artıb, həmişə çoxalıb. Ona görə ki,
o, bu sevgiyə layiq olub. Xoşbəxtlikdən onunla mənim
doğmalığım Milli Məclisdən başlayıb.
Onun çıxışları, təklifləri həmişə
həqiqətə söykənib. Bizim çox söhbətlərimiz
olub. Əsas söhbətlərimiz ulu öndərimiz Heydər
Əliyevlə bağlı olub. Dövlətdən, dövlətçilikdən,
müstəqillikdən, istiqlaldan, xalqın taleyindən, bu
yolda gördüyü çətinliklərdən
danışmışıq.
O adamlar yaddaşlarda qalır ki, onlar
xalqa çörək verir, ruzi verir, qismət verir. Cəlal
müəllim bir alim - vətəndaş, insan kimi də
xalqı qarşısında həmişə məsuliyyətli
olub. Xalqın böyüklüyünü, arzularını,
istəklərini vaxtında dərk edib və tutduğu yol ona
çox-çox ölkələrdə böyük
şöhrət qazandırıb. Onun taleyinə neçə-neçə
Akademiyanın üzvü olmaq, yüksək səviyyəli
alimlər yetişdirmək, elmin ağsaqqalına çevrilmək
xoşbəxtliyi düşüb. Onun ən yaxın dostu
torpaqdır. O, torpağa arxalanıb, torpaq da ona dünya
şöhrəti qazandırıb. Azərbaycan
torpağının hər yerini qarış-qarış gəzən,
görən, bilən, tanıyan bir alim kimi o,
torpağımızın şöhrətini zirvələrə
qaldırıb. Nur saçmaq, işıqlı olmaq, xeyirxah və
alicənab olmaq, insanlara gərək olmaq - Budur insanın
böyüklüyü!
Alın təri, əl qabarı, yuxusuz
gecələr hələ şərt deyil, intellektual səviyyə
və ağılla ürəyin vəhdətindən yaranan vətəndaşlıq
hissi olmalıdır ki, alim kimi boy göstərib bu xalqa
oğul olasan. Cəlal müəllim buğdanın, bərəkətin,
çörəyin, halal nemətin, tükənməz gözəlliyin
alimidir. Onun elmi işlərində mücərrədlik yoxdur,
konkret olaraq halal nemət var, halallıq və zəhmət
var, tükənməzlik var.
Cəlal müəllim kimi
ağsaqqalı, elm fədaisini, dövlət adamını,
ictimai-siyasi xadimi, istedadlı adamların dostunu qorumaq
lazımdır. Çünki belə alimlər həmişə
yetişmir. Onu qorumaq xalqı, milləti, vətəni,
torpağı, bərəkəti qorumaqdır. İstiqlalı,
müstəqilliyi, tərəqqini, yüksəlişi, əmin-amanlığı
qorumaqdır.
Cəlal müəllimin bu vaxta qədər
gördüyü işlər elimizin və elmimizin sərvətinə
çevrilib. Arzu edirəm ki, bundan sonra da Cəlal müəllim
heç vaxt yorulmasın. Həmişəki kimi cavanlıq
eşqi ilə yazsın, yaratsın, biz də onun elminin və
şəxsiyyətinin işığında yaşayaq. Ulu
Tanrı Cəlal müəllimə cansağlığı
qismət eləsin. Onun sağlığı hamımıza
lazımdır. Çox hörmətli və əziz dostumuza
yeni-yeni uğurlar arzulayıram!
Zəlimxan
YAQUB,
Xalq
şairi
Elm.-
2013.- 30 may.- S.13.