Torpağa məhəbbət
və xeyirxahlıq toxumu səpən alim
Bu
gün Azərbaycan Respublikası çoxillik tarixinin yeni
inkişaf mərhələsini və şərəfli
dövrünü yaşayır. Bu yaxınlarda Azərbaycan
xalqı özünün böyük oğlu,
bügünkü müasir Azərbaycanı
yaratmış ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdir. Ölkəmiz
Ulu öndərin rəhbərliyi, onun sarsılmaz iradəsi, zəngin
dövlətçilik təcrübəsi və beynəlxalq
aləmdə böyük nüfuzu sayəsində öz milli
dövlətçiliyini XX əsrin sonlarında yenidən bərpa
edə və qoruyub saxlaya bildi, dünya dövlətləri
arasında öz şərəfli yerini tutdu, regionda güc mərkəzinə
çevrildi. Demokratik cəmiyyət, azad bazar iqtisadiyyatı və
sosial ədalət prinsiplərinə əsaslanan milli dövlətçilik
quruculuğu qısa müddət ərzində öz bəhrələrini
verdi və indi Azərbaycan Şərqi Avropa regionunda daha
sürətlə demokratikləşən, iqtisadiyyatında ən
yüksək və davamlı inkişaf templərinə malik
ölkələrdən biridir. Aparılan siyasətin təməl
daşını dialektik islahatçılıq təşkil
etdiyindən, bütün sahələrdə daim yeni perspektivlər
açılır, ölkə sürətlə beynəlxalq
aləmə inteqrasiya olunur, insanların həyat səviyyəsi
yüksəlir.
Ümummilli
liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı,
möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmiz yüksək bəşəri dəyərlərə,
güclü iqtisadiyyata və elmi-texniki potensiala, zəngin təbii
ehtiyatlara malik olmaqla gələcəyə inamla irəliləyir.
Ulu
öndərin müdrik siyasəti və gərgin fəaliyyəti
hesabına əsası qoyulmuş və möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi altında
uğurla möhkəmlənməkdə davam edən, milli
dövlətçilik ənənələri, sabit iqtisadi
inkişaf, idarəçiliyin səbr, zəhmət, qənaət,
məşvərətçilik kimi prinsipləri Azərbaycanın
parlaq gələcəyinə inamı daha da artırır,
dünya dövlətləri arasında nüfuzumuz yüksəlir,
ölkəmizə, onun tarixinə, mədəniyyətinə
və iqtisadiyyatına maraq günü-gündən artır.
Ölkəmizin
iqtisadiyyatında müşahidə edilən sabit və
davamlı inkişaf uzaqgörənliklə, hərtərəfli
düşünülmüş və addım-addım həyata
keçirilən vahid iqtisadi strategiyanın qanunauyğun nəticəsidir.
Bu strategiya cənab Prezident tərəfindən
formalaşdırılmış, onun iradəsi və nəzarəti
altında həyata keçirilir.
Məhz buna görə də əsasını
köklü islahatlar təşkil edən bu strategiya müvəffəqiyyət
qazanır və öz bəhrəsini verir. Çünki cənab
Prezidentin apardığı islahatların əsaslarını
möhkəm səbəb-nəticə əlaqələri, məntiqlik,
ardıcıllıq və dialektik inkişaf qanunları təşkil
edir.
Bu
gün Azərbaycanın vaxtilə onunla eyni start xəttində
olmuş ölkələrlə müqayisədə əsas
üstünlüyü göz önündədir. XX əsrin
90-cı illərinin ortalarından - aqrar islahatların
başlandığı vaxtdan ayrı-ayrı kənd təsərrüfatı
məhsulları istehsalında nəzərə çarpacaq dərəcədə
artım əldə olunmuşdur. Xüsusilə taxıl,
kartof, meyvə, tərəvəz və bostan məhsullarının
istehsal həcmi keçmiş SSRİ dövrünün ən
yüksək göstəricilərini keçmişdir. 2011-ci
ildə ölkədə 2,5 milyon ton taxıl istehsal
edilmişdir ki, bu, 1995-ci illə müqayisədə 2,67 dəfə
çoxdur. Kartof istehsalı 1995-ci illə müqayisədə
2011-ci ildə 6 dəfə, tərəvəz 2,86 dəfə,
meyvə 2,36 dəfə, bostan məhsulları 11,4 dəfə
artmışdır. Azərbaycan bazarında vaxtı ilə
möhkəm mövqe tutmuş İranın, Türkiyənin,
Rusiyanın kartofu öz yerini daxili istehsalçılara vermək
məcburiyyətində qalmışdır.
Əvvəllər
ziyanla işləyən heyvandarlıq indi kəndlinin əsas
dolanışıq mənbələrindən birinə
çevrilmişdir. 1995-ci illə müqayisədə, 1 yanvar
2012-ci ilə olan məlumata əsasən iri buynuzlu
mal-qaranın sayı bir milyon 49 min baş və yaxud 64,2%, qoyun və keçilərin sayı
4 milyon baş və ya 87,8% artmışdır.
Bu
gün artıq öz torpaq və əmlak payına malik olan kəndli
azad sahibkara çevrilmişdir və öz təsərrüfatını
bazar münasibətlərinə uyğun idarə edir. Kənddə
sərbəst seçimə və azad iqtisadi təşəbbüsə
geniş meydan verilməsi aqrar istehsalın ölkənin real tələbatına
uyğun qurulmasına, ərzaq probleminin demək olar ki, aradan
qalxmasına və gəlirlərin artmasına imkan
yaratmışdır.
Məhz
bu artımın nəticəsidir ki, son illərdə
adambaşına istehlak olunan ərzaq məhsullarında daxili
istehsalın payı xeyli artmışdır. Hazırda əhalinin
kartofa, bostan məhsullarına, meyvəyə və tərəvəzə
olan illik tələbatı daxili istehsal hesabına ödənilir.
1995-ci
ildən başlayaraq, aqrar bölmənin inkişaf tarixinə
nəzər salsaq, asanlıqla görmək olar ki, kənddə
ilkin kapitalın yaranması, işlək xammal və ərzaq
bazarlarının formalaşması və infrastrukturun
inkişafı ilk növbədə
taxılçılığın inkişafı ilə
sıx bağlı olmuşdur.
Taxılçılığın inkişafı həm də
ötən əsrin 70-ci illərində ölkədə
mövcud olmuş yüksək təsərrüfatçılıq
ənənələrinin və əkinçilik mədəniyyətinin
yenidən bərqərar olmasına, təsərrüfatdaxili
ixtisaslaşmaya, növbəli əkin sisteminin getdikcə daha
geniş tətbiqinə səbəb olmuşdur.
Hörmətli
oxuculara aydındır ki, XX əsrdə yaranmış qlobal
inkişaf meyilləri və baş verən proseslər
insanların və cəmiyyətin həyatında
özünü daha kəskin büruzə verən 4 əsas
strateji problemi müəyyənləşdirməyə imkan
vermişdir. Bunlar Ərzaq təhlükəzisliyi, İqtisadi
artım, Yoxsulluğun aradan qaldırılması və Qlobal
iqlim dəyişkənliyi və ətraf mühitin mühafizəsi
problemləridir. Bu problemlərin həllinə isə
yalnız və yalnız fundamental və tətbiqi elm qadirdir.
Bu
gün Azərbaycanda fundamental tədqiqatlarla praktiki
seleksiyanın qırılmaz vəhdətini özündə əks
etdirən böyük bir elm, böyük bir məktəb
vardır. Bu, akademik Cəlal Əliyev elmi və Cəlal Əliyev
məktəbidir. Ömrünün 65 ilini Azərbaycan elminə
həsr etmiş, son dərəcə zəhmətkeş,
istedadlı, mərd, vətənpərvər, yüksək
elmi və intellektual səviyyəsi ilə seçilən,
adı dünyanın elm korifeyləri ilə bir sırada
çəkilən, elmi nəticələri həmişəlik
olaraq dünya elmi xəzinəsinə daxil olmuş akademik Cəlal
Əlirza oğlu Əliyevin anadan olmasının 85 illiyi tamam
olur. O, 1928-ci il iyun ayının 30-da Azərbaycan
Respublikasının qədim Naxçıvan şəhərində
zəhmətkeş fəhlə ailəsində anadan
olmuşdur. 1944-cu ildə Naxçıvan Müəllimlər
İnstitutunun təbiətşünaslıq-coğrafiya
fakültəsini, 1951-ci ildə isə Azərbaycan Dövlət
Universitetinin biologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyasının
bitkilərin fiziologiyası üzrə aspiranturasına daxil
olmuş və 1955-ci ildə "Mikroelementlərin
buğdanın inkişafına və məhsuldarlığına
təsiri" mövzusunda namizədlik, 1971-ci ildə isə
"Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə
qidalanması və məhsuldarlığı"
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Onun həmin illərdəki fəaliyyəti mənim
gözümün önündədir. Həmin illərdə
o, həqiqətən çox böyük zəhmət
hesabına, bütün gələcək nailiyyətlərinin
əsasını təşkil edə biləcək dərin tədqiqat
əsəri yaratmağa müvəffəq olmuşdur. Cəlal
müəllim daim zəhmətə qatlaşmağa, yalnız
özünə, öz əməyinə güvənməyə,
insanlara qayğı və həssaslıqla yanaşmağa,
imkansız və kimsəsizlərə arxa olmağa, onlara
kömək etməyə, sadə və təvazökar həyat
sürməyə üstünlük vermiş,
şan-şöhrətdən uzaq olmuşdur. Akademik C.Əliyev
65 ildən artıqdır ki, kənd təsərrüfatı
bitkilərinin, başlıca olaraq isə buğdanın
fotosintetik məhsuldarlığının nəzəri əsaslarının
və onun praktiki seleksiyada tədqiqi ilə məşğul
olur. Özünün ardıcıl və məqsədyönlü
fəaliyyəti ilə Cəlal Əliyev məhsuldarlıq
proseslərinin əsası kimi fotosintezin kompleks şəkildə
tədqiq olunmasını inkişaf etdirmişdir. Bu tədqiqatların
dairəsi bitkilərin məhsuldarlığının
fizioloji, biokimyəvi və molekulyar-genetik əsaslarını,
eyni zamanda bitki orqanizmlərinin həyatının
struktur-funksional təşkilinin molekulyar səviyyədən
başlayaraq bütöv bitki və əkinə qədər
bütün dövr və formalarında məhsuldarlıq
proseslərinin öyrənilməsini əhatə etmişdir.
O, Azərbaycanda fiziki-kimyəvi biologiya sahəsində tədqiqatları
inkişaf etdirməklə, molekulyar biologiyanın, molekulyar
genetikanın və gen biotexnologiyasının respublikada
inkişafının əsasını qoymuş və
hazırda onun rəhbərliyi ilə bu sahədə tədqiqatlar
müvəffəqiyyətlə davam etdirilir.
Dünyada
ilk dəfə olaraq akademik C.Əliyev fotosintezin ilkin proseslərinin
məhsuldarlıqla əlaqəsi ilə bağlı ilk tədqiqatlar
aparmış, bitkilərin fiziologiyası və biologiyanın
yeni istiqamətləri - fiziki-kimyəvi biologiya, xüsusilə
fotosintez sahəsində öz layiqli məktəbini
yaratmış, onun tədqiqatları əsasında məhsuldar,
yüksək keyfiyyətli, xəstəliklərə, zərərvericilərə,
əlverişsiz hava şəraitinə davamlı buğda
sortları yaradılmış, yüksək keyfiyyətli dən
məhsulu alınmasını təmin edən fızioloji və
biokimyəvi əsaslar işlənib hazırlanmış,
buğdanın hüceyrə seleksiyası üsulu tətbiq
edilmişdir. Onun yaratdığı onlarla buğda
sortları, o cümlədən
"Qaraqılcıq-2", "Mirbəşir-50",
"Tərtər", "Vüqar",
"Şir-Aslan-23", "Bərəkətli -95", "Əlincə-84",
"Qiymətli - 2/17", "Əkinçi-84",
"Qobustan", "Nurlu-99", "Ruzi-84" respublikamızda geniş ərazilərdə
becərilir. Bəzi sortlar ("Qaraqılcıq-2",
"Mirbəşir-50", "Tərtər") təkcə
Azərbaycanda deyil, Türkiyədə, Özbəkistanda və
Türkmənistanda da müvəffəqiyyətlə
yetişdirilir. O, ölkəmizdə
taxılçılığın sort ehtiyatının
yaradılması və onun toxumçuluğunun təşkili
istiqamətində misilsiz xidmət göstərmişdir.
Onun tədqiqatları
nəticəsində Azərbaycanda ilk dəfə olaraq
biologiyanın bir sıra yeni sahələrinin - molekulyar
biologiyanın, molekulyar genetikanın, riyazi biologiyanın,
radiobiologiyanın və kənd təsərrüfatı
radiologiyasının əsasları qoyulmuşdur. Ötən əsrin
80-ci illərində Elmi-Tədqiqat Əkinçilik
İnstitutunda Cəlal Əliyevin şəxsi iştirakı
ilə Zaqafqaziyada yeganə olan
ixtisaslaşdırılmış fitotron istixana kompleksi
tikilmişdir. Bu kompleks süni iqlim qurğularından istifadə
etməklə, burada xarici mühitdə olan bütün şəraitin
yaradılmasına və nizamlanmasına imkan vermişdir. Bunun
köməkliyi ilə respublikamızın müxtəlif
zonaları üzrə müasir əkinçiliyin tələblərinə
cavab verən yüksək dən keyfiyyətinə malik, məhsuldarlığı
hektardan 6,0-7,0 ton, potensial məhsuldarlığı 8,0-10,0 ton
olan yumşaq və bərk buğdanın yeni
sortlarının yaradılma müddətinin iki dəfə
azaldılaraq 10-12 ildən 5-6 ilə qədər endirməyə
nail olmuşdur.
Hələ
90-cı illərin ortalarında onun gərgin əməyi və
şəxsi təşəbbüsü ilə hazırlanmış
"Azərbaycanın bitki genetik ehtiyatları üzrə
ölkə proqramı" FAO tərəfindən yüksək
qiymətləndirilərək Azərbaycan Respublikası Birləşmiş
Millətlər Təşkilatının "Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatına" (FAO) qəbul
edilmiş, və Beynəlxalq Bitki Genetik Ehtiyatları
İnstitutunun üzvü seçilmişdir.
1997-ci
ildə onun əldə etdiyi yeniliklər və nailiyyətlərlə
tanış olmaq üçün Rusiya, Ukrayna və Belarus Kənd
Təsərrüfatı akademiyalarının bir qrup
aparıcı alimi, habelə Buğda və
Qarğıdalının Seleksiyası üzrə Beynəlxalq
Mərkəzin (SIMMYT) əməkdaşları Azərbaycana gələrək
Elmi-Tədqiqat Əkinçilik İnstitutu və onun təcrübə
stansiyalarında buğda üzrə aparılan fundamental və
tətbiqi tədqiqatlarla, buğdanın yeni
yaradılmış sortları ilə tanış olmuşlar.
C.Əliyevin
tədqiqatları ilə tanış olan bu görkəmli
alimlər onun gördüyü işlərə heyran
olduqlarını, onunla şəxsən tanış
olmaları ilə fəxr etdiklərini gizlətmirdilər.
Rusiya Kənd Təsərrüfatı Elmləri
Akademiyasının prezidenti, akademik K.A.Romaninko Azərbaycan
alimlərinin bitkilərin genetik ehtiyatları sahəsində səmərəli
işlərinin şahidi olmuş,
Rusiyanın bu sahədə Azərbaycandan geridə
qaldığını etiraf etmiş və birgə fəaliyyət
göstərməyin zəruriliyini qeyd etmişdir. Belarus
Respublikası Aqrar Elmlər Akademiyasının vitse-prezidenti,
akademik S.İ.Qrib demişdir ki, "Sizin institutun təcrübə
stansiyalarında, təsərrüfatlarda
gördüyümüz nəticələr ən yüksək
qiymətə layiqdir". Akademik N.K.Kovalyov da onunla həmfikir
olduğunu bildirərək demişdir: "Etiraf etməliyəm
ki, Sizin institutun təcrübə sahəsində
gördüklərim dünya standartlarına tam uyğun gəlir".
Akademik V.İ.Fisin isə öz təəssüratı barədə
demişdir: "Akademik Cəlal Əliyevin apardığı
elmi təcrübələr və bunlardan əldə edilən
nəticələr məni heyrətləndirdi. Akademik C.Əliyevin
rəhbərliyi altında aparılan elmi axtarışlar
dünya səviyyəli tədqiqatlardır. İnanıram ki,
respublika seleksiyaçılarının yaratdığı
sortlar nəinki Azərbaycanda yetişdiriləcək, bunlarla
başqa dövlətlər də maraqlanacaqlar".
Hörmətli
akademikin beynəlxalq aləmdə böyük nüfuzu və
mövqeyi 1999-cu ilin martında Bakı şəhərində
Dünya Bankı, ISNAR (Milli Kənd Təsərrüfatı Tədqiqatlarına Beynəlxalq Xidmət Mərkəzi),
CIMMYT (Buğda və Qarğıdalının Seleksiyası
üzrə Elm Mərkəzi), ICARDA (Quraq Zonalarda Kənd Təsərrüfatı
Tədqiqatları üzrə Beynəlxalq Elm Mərkəzi),
FAO (BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı)
və Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları
Məsləhət Qrupunun aparıcı ekspertlərinin
iştirakı ilə "Milli Kənd Təsərrüfatı
Tədqiqatları Sistemində islahatlar" mövzusunda beynəlxalq
seminarın keçirilməsinə nail oldu. Milli aqrar elmində
köklü islahatların aparılması istiqamətində
ilk ciddi addım və dönüş nöqtəsi olan bu
seminarda Cəlal müəllimin çıxışı tədqiqat
sisteminin gələcək inkişaf strategiyasının tezislərini
formalaşdırdı. Dünya elmində aparıcı rol
oynayan təşkilatlarla Azərbaycan elminin böyük
potensiala malik olmasını, eyni zamanda bizim yalnız
inkişafa yönəlmiş islahatlar əzmində
olduğumuzu sübut etdi.
Mart
müşavirəsində beynəlxalq elm və maliyyə təşkilatları
Azərbaycan elminə strateji seçim qarşısında ən
düzgün qərar qəbul etmək qabiliyyətinə malik
bir insanın rəhbərlik etdiyinin əyani şahidi oldular.
Məhz bu amil Beynəlxalq İnkişaf Assosiasiyasının
dəstəyi ilə müvəffəqiyyətlə
reallaşan və ilk dəfə olaraq Azərbaycan aqrar elminə
investisiya qoyulmasını nəzərdə tutan Müsabiqəli
Qrantlar və Elmi Sistemin İslahatı Proqramının yaranmasını şərtləndirdi.
Dünya
elmində baş verən proseslərin mahiyyətini dərindən
bilən əsl tərəqqiyə yalnız qlobal əhəmiyyətli
tədqiqatları öyrənməklə və tətbiq etməklə
nail olunmasını öz təcrübəsində sübut
edən Cəlal müəllim daim uzaqgörənliklə beynəlxalq
elmi təşkilatlarla əlaqələrin gücləndirilməsinin
zəruriliyini qeyd etmişdir. Onun rəhbərliyi ilə
ICARDA, SIMMYT, IPQRI, ICRISAT-la yaradılmış sıx əlaqələr,
bu təşkilatların nümayəndələrinin mütəmadi
olaraq Azərbaycana səfərləri, onların ET Əkinçilik
İnstitutunun təcrübə tarlaları ilə
tanışlığı son nəticədə Azərbaycanın
"Mərkəzi Asiya və Qafqaz ölkələrində kənd
təsərrüfatının davamlı inkişafı"
üzrə birgə proqrama qoşulması ilə nəticələnmişdir.
Bu proqram çərçivəsində ölkəmizin aqrar
tədqiqatlar sistemi dünyanın 9 beynəlxalq elm mərkəzi
ilə əməkdaşlığa nail olmuşdur. Xüsusilə dənli və dənli-paxlalı
bitkilər və bitki genefondunun öyrənilməsi və
qiymətləndirilməsi, alim və mütəxəssislərin
beynəlxalq elm mərkəzlərində təlim keçməsi, birgə məcmuələrin
nəşri və s. sahəsində əhəmiyyətli nəticələr
əldə edilmişdir.
CIMMYT-in,
ICARDA-nın, Türkiyənin aparıcı
institutlarının nümayəndələri doktor A.Morqqunov,
doktor S.Benival, doktor Ömər Fərrux Mamluk, doktor V.Uzunlu,
doktor F.Altay, Rusiya Elmlər Akademiyası (REA) Kazan Biologiya
İnstitutunun Zülalların Metobolizm laboratoriyasının rəhbəri,
REA-nın akademiki İqor Anatolyeviç Torçevşki,
Rusiya Elmlər Akademiyasının N.İ.Vavilov adına
Ümumi Genetika İnstitutunun direktor müavini, professor
İlya Artemyeviç Zaxarov, REA-nın Ümumi Genetika
İnstitutunun ehtiyat zülallarının genetikası bölməsinin
rəhbəri Andrey Anatolyeviç Pomortsov akademik Cəlal Əliyevin
seleksiya təcrübəsini öyrənmək məqsədilə
Elmi-Tədqiqat Əkinçilik İnstitutunda, institutun Qobustan
və Tərtər bölgə təcrübə
bazalarında aparılan seleksiya işləri, Muğan bölgəsində
yeni sortların istehsalat, ekoloji sınağı və tətbiqi
ilə tanış olmuş və Cəlal Əliyevin
taxılçılıq sahəsində apardığı
fundamental tədqiqatların praktiki seleksiya ilə vəhdət
təşkil etməsi və onların nəticələrinin
fermer təsərrüfatlarında tətbiqini çox
yüksək qiymətləndirmişlər. Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun Abşeron Təcrübə Bazasında uzun illər
boyu morfofizioloji əlamətlərə görə fərqlənən
buğda genofondu əsasında aparılan seleksiya işlərinin
nəzəri-metodoloji və praktiki əsaslarının
düzgün əlaqələndirilməsi, stress amillərə
davamlı genotiplərin yaradılması üçün
fizioloji proseslərin molekulyar mexanizminin
aydınlaşdırılması, hüceyrə-toxuma
seleksiyasının birgə aparılması və onların nəticəsində
əldə olunan nailiyyətlərin təsərrüfatlara tətbiqi
məsələsinə qədər bütün proseslərin
akademik Cəlal Əliyevin bilavasitə özünün rəhbərliyi
ilə kompleks şəkildə aparılması doktor
S.Benivalın diqqətini cəlb etmiş, onu heyrətə gətirmiş
və onda xoş təəssürat yaratmışdır.
Doktor S.Benival bu görkəmli azərbaycanlı alimi
tanınmış elm korifeyləri, Nobel mükafatı
almış alimlərlə müqayisə edərək
demişdir: "Əgər Nobel mükafatı müəyyən
bır işin nəticələrinə görə verilirsə,
akademik Cəlal Əliyevin kompleks şəkildə
apardığı tədqiqatların hər bir istiqaməti
bundan yüksək qiymətə layiqdir". Hələ
1987-ci ildə dünyanın ən böyük və möhtəşəm
elm mərkəzlərindən birinin rəhbəri, dünya
miqyasında tanınmış görkəmli alim,
keçmiş SŞRİ Elmlər Akademiyasının
Prezidenti, SSRİ EA-nın həqiqi üzvü
Q.İ.Marçuk Azərbaycan Elmlər Akademiyasının
Ümumi yığıncağında demişdir: "Akademik
Cəlal Əliyevin biologiya sahəsindəki elmi xidmətləri
olmasaydı, Azərbaycan elmi hansı müvəffəqiyyətlərin
hesabatını verərdi".
Akademik
C.Əliyevin şəxsi təşəbbüsü və
bilavasitə köməkliyi ilə 70-ci illərdən
başlayaraq müxtəlif ixtisaslar: biologiya, kimya, fizika,
riyaziyyat, aqrokimya üzrə ali məktəb məzunlarından
ibarət elmi kollektivin hazırlanmasına başlanmış
və elmlərin bu inteqrasiyası sayəsində
respublikamızda ilk dəfə olaraq biologiyanın və kənd
təsərrüfatının mühüm nəzəri və
praktiki məsələlərinin həll edilməsi
üçün riyazi metodların və kompüter
texnikasının geniş surətdə tətbiq edilməsi
mümkün olmuşdur. Bu fəaliyyət dairəsində
Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev və başqa şəhərlərin
aparıcı elmi-tədqiqat institutları və nüfuzlu
alimləri ilə elmi əlaqələrin yaradılması və
genişləndirilməsi xüsusi əhəmiyyət kəsb
etmiş və respublikada həmin elmi istiqamətlərin
inkişafına təkan vermişdir. Bu sahədə Cəlal Əliyevin
ən böyük xidmətlərindən biri də onun şəxsi
təşəbbüsü ilə respublikada fiziki-kimyəvi
biologiya, o cümlədən biologiya, biofizika, molekulyar biologiya
və gen biotexnologiyası sahəsində elmi tədqiqatların
inkişafı ilə bağlı ən yeni avadanlıqlarla təchiz
olunmuş laboratoriyalar yaratmasından ibarətdir.
Akademik
C.Əliyevin hərtərəfli elmi-təşkilatçılıq,
bacarıq və qabiliyyəti 1962-ci ildən Azərbaycan Elmi-Tədqiqat
Əkinçilik İnstitutunun "Bitki fiziologiyası",
Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun
"Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları"
şöbələrinə, 1981-1990-cı illərdə isə
Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinə
rəhbərlik etməsi dövründə özunü daha
aydın şəkildə büruzə vermişdir. Bu
dövrdə akademik C.Əliyev nəinki bitkiçilik sahəsində,
habelə biologiyanın başqa sahələrində (zoologiya,
mikrobiologiya, bitkilərin mühafizəsi, genetika və
seleksiya, heyvan və insan fiziologiyası və s.) elmi işlərin
müasir dünya səviyyəsinə
qaldırılmasına, onların maddi, elmi-texniki
bazasının və kadr potensialının möhkəmləndirilməsinə,
laboratoriya və şöbələrin müasir avadanlıq və
cihazlarla təmin edilməsinə xüsusi diqqət verməklə
bölmənin uzun illərin geriliyindən
çıxarılmasına, yeni canlanma və intensiv elmi fəaliyyətə
başlamasına nail olmuş, bölmənin bütün
institutlarının keçmiş SSRİ-nin və
dünyanın bir sıra elmi mərkəzləri ilə əlaqə
yaratmasına çalışmış və buna müvəffəq
olmuşdur. Akademik C.Əliyevin həmin dövrdə
respublikada bütünlükdə biologiya elminə və bu
sahədə nəşr edilən əsərlərə
prinsipial və elmi tələbkarlıqla yanaşması nəticəsində
biologiya elminin səviyyəsi əhəmiyyətli dərəcədə
yüksəlmiş və bu sahədə çalışan
alimlərimızin nüfuzu nəinki keçmiş
İttifaqda, həmçinin də xarici ölkələrdə
xeyli artmışdır.
Akademik
Cəlal Əliyevin Azərbaycan elminin inkişafındakı əvəzsiz
xidmətlərindən biri də onun uzaqgörənliklə hələ
Sovetlər Ittifaqı vaxtı elmimizin bu günü
üçün ən müasir xarici cihazlar alıb uzun illərdən
bəri çalışdığı Azərbaycan Elmi-Tədqiqat
Əkinçilik və Azərbaycan Milli Elmlər Akademiyasi
Botanika institutlarının elmi-texniki bazasının möhkəmləndirilməsinə,
SSRİ-nin ən nüfuzlu elmi mərkəzlərində
biologiya elminin yeni və perspektivli sahələri üzrə
respublikamızın müxtəlif bölgələrindən
olan 350 nəfərdən çox azərbaycanlı gənclərin
təhsil almasına və təcrübə keçməsinə
hər cür kömək etməsindən ibarətdir. Onun təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə məhsudar işləyən
kollektivdə 300-ə yaxın elmlər namizədi və
doktoru hazırlanmışdır. Onun yetirmələrinin bir
çoxu ABŞ, Almaniya, Fransa, Kanada, Avstralıya, Yaponiya,
İsveç, İsrail, İngiltərə, Hollandiya, Türkiyə və digər
ölkələrdə yüksək ixtisaslı mütəxəssis
kimi işləyirlər. 1993-cü ildə bioloji məhsuldarlıq
proseslərinin molekulyar əsaslarının öyrənilməsində
boyük nailiyyətlərinə görə akademik C.Əliyev
və onun əməkdaşları Beynəlxalq Soros Fondunun 8
qrantını almışlar. Son 10 ildə C.Əliyev və
onun rəhbərlik etdiyi kollektiv beynəlxalq konqres, konfrans və
simpoziumlarda fəal iştirak etmiş və onların nəticələri
nüfuzlu beynəlxalq dövri nəşrlərdə öz əksini
tapmışdır.
C.Əliyev
600-dən çox elmi əsərin, o cümlədən
onlarla monoqrafiya və kitabın müəllifidir. Onun onlarca əsəri
dünyanın bır çox ölkələrində və
onların mərkəzi şəhərlərində (Moskva,
London, Budapeşt, Riqa, Kiyev, Düşənbə və Sankt-
Peterburq) çap etdirilmişdir. C.Əliyevin müxtəlif
ölkələrdə ingilis, fransız, alman və başqa
dillərdə biologiyanın ən müxtəlif və
mühüm problemlərinə dair 100-dən çox məqaləsi
çap edilmiş və o ölkələrin alimlərinin
diqqətini cəlb etmişdir.
Akademik
Cəlal Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri
Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər
akademiyalarının xarici üzvü və bir çox
nüfuzlu beynəlxalq elmi cəmiyyətlərin
üzvüdür. O,1998-ci ildə elm qarşısında
böyük xidmətlərinə görə Azərbaycan
Respublikasının ən yüksək mükafatı olan
"İstiqlal" ordeni ilə təltif olunmuşdur. Cəsarətlə
demək olar ki, 70-ci illərdən başlayaraq
respublikamızda biologiya elminin və taxılçılığın
inkişafına yönəldilmiş elə bir dövlət tədbiri
və elmi proqram yoxdur ki, onların hazırlanıb həyata
keçirilməsində akademik C.Əliyevin və onun rəhbərlik
etdiyi elmi kollektivin əməkdaşlarının
iştirakı, xüsusi yeri və xidməti olmasın.
Akademik
Cəlal Əliyevin bilavasitə rəhbərliyi ilə
buğda proqramı üzrə Elmi-Tədqiqat Əkinçilik
İnstitutunda aparılan çoxillik kompleks seleksiya işlərinin
nəticəsində 70-ə yaxın yeni intensiv tipli, yüksək
keyfiyyətli buğda və digər dənli bitkilərin
sortları yaradılaraq Dövlət Sort Sınağı
Komissiyasına təqdim edilmiş və onlardan 30-dan çoxu
artıq rayonlaşdırılmışdır. İnstitutun bərk
buğda sortları öz keyfiyyət göstəricilərinə
görə hətta dünya standartlarından da üstün
olmaqla müxtəlif beynəlxalq sərgilərdə yüksək
mükafatlara layiq görülmüşdur. Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun məqsədyönlü fəaliyyəti nəticəsində
bu sortların elmi əsaslı toxumçuluğu təşkil
olunmuş və nəticədə 1994-cü ildən
respublikamızda 900 min hektar sahənin toxuma olan tələbatı
(175 min ton) tam ödənilmişdir. Mütəxəssislərin
hesablamalarına görə bu qədər toxumun xaricdən
alınması üçün ən azı 60 milyon ABŞ
dolları tələb olunduğunu və bu toxumların yerli
şəraitdə özünü nə dərəcədə
doğruldacağı ilə bağlı böyük riski nəzərə
alsaq, institutun bu nailiyyətinin əhəmiyyəti tam
aydın olar.
Beləliklə,
Elmi-Tədqiqat Əkinçilik İnstitutunun kollektivinin elmi fəaliyyəti,
fədakar əməyi nəticəsində yeni intensiv tipli
sortların yaradılması, onların toxumçuluğunun təşkili,
becərmə texnologiyasının işlənib hazırlanması
və tətbiqi respublikamızda
taxılçılığın inkişafına imkan
vermiş və son nəticədə, Azərbaycanı
çörəklə tam təmin edəcək qədər
taxıl istehsalı imkanları yaranmışdır.
Cəlal
müəllim əsl elm fədaisi kimi gələcəyə
inamla baxmış, yorulmaq bilmədən daim elmi
axtarışlarını davam etdirir. O, eyni zamanda elmi
yaradıcılıq işlərini ictimai-siyasi fəaliyyəti
ilə də üzvü surətdə əlaqələndirir.
Milli Məclisin üzvü kimi komissiyaların işində,
elm və kənd təsərrüfatı ilə əlaqədar
qanun və layihələrin hazırlanmasında fəal
iştirak edir, tez-tez xalq arasında olmaqla Ermənistandan və
Ermənistan tərəfindən işğal olunan ərazilərdən
məcburi qaçqın və köçkün
düşmüş insanlarla mütəmadi
görüşür və onlara mənəvi dayaq olur.
O, həmkarı,
mərhum akademik Budaq Budaqovla birgə "Türklər, azərbaycanlılar,
ermənilər: tarixi həqiqətin soyqrımı"
adlı kitabında erməni millətçiləri tərəfindən
Türk dünyasına, Azərbaycan xalqına qarşı
törədilmiş terror və təxribatları,
ağlasığmaz dəhşətli faciələri, vəhşilikləri
Azərbaycan millətinin başına gətirilən müsibətləri
ürək yanğısı ilə, tarixi faktlarla qələmə
almış, dünya ictimaiyyətinə
çatdırmışdır.
Akademik
Cəlal Əliyev çörək bolluğu yaradan alimdir. O,
torpağa məhəbbət və xeyirxahlıq toxumu səpir.
Əgər insan onu yaşadan maddi nemətə, torpağa bərəkət
toxumu səpirsə, o, xoşbəxtdir, pakdır. Ürəyinin
hökmü ilə Vətənin taleyinə ürəkdən
yanan dahi insanı, dünya şöhrətli alimi,
ictimai-siyasi xadimi anadan olmasının 85, elmi-pedaqoji və
ictimai fəaliyyətinin 65 illiyi münasibətilə səmimi
qəlbdən təbrik edir, ona möhkəm
cansağlığı, öz xeyirxah işlərində
uğurlar arzulayırıq.
Siddiqə MƏMMƏDOVA,
akademik,
Əməkdar Elm Xadimi
Elm.-
2013.- 30 may.- S.14-15.