ADƏMİN
yediyi buğda
Adəmin yediyi buğda -
insan nəslini cənnətdən çıxaran bu nemət həm
də Yer üzündə insan həyatının davamı
üçün əsas vasitələrdən biri olmuşdur.
İlahinin hikmətinə görə, Adəm buğdanı
yedikdən sonra özünü dərk etməyə
başlamalı və öz azadlığına can atmalı
idi. Çörək insanın özünüdərkinin və
azadlığının mayasıdır. Demək, insan
ağlının, yaradıcılığının, onun
yaratdığı dünyanın, can atdığı xəyalların,
eləcə də onun bütün fəlakətlərinin,
inqilablarının, müharibələrinin mayası
çörəkdir, Adəmin yediyi o, ilk buğdadır. Bəlkə
də, insan oğlunun unutduğu, amma tapmaq istədiyi,
bütün dinlərdə, fəlsəfələrdə, elm
və texnologiyada axtardığı o ilk şifrə, o ilahi
kod elə məhz Adəmin yediyi buğdadır.
Bu
günlərdə 85 illiyi tamam olan xalqımızın
görkəmli oğlu, dünya şöhrətli alim, akademik
Cəlal Əlirza oğlu Əliyevin bütün
yaradıcı həyatı boyu axtardığı, tədqiq
etdiyi, yaratmağa, bərpa etməyə can atdığı o
ilahi kodun, şifrənin gizləndiyi Adəmin yediyi
buğdadır. Yer üzündə həyatın əsası
olan o ilk buğda dənəsi insanın özünü dərki
və azadlığı sirrini özündə yaşadan
"ideal buğda". Bəşər övladı tarix boyu
kamilliyə, ideala can atmışdır. Bəlkə də,
qarşıda can atılan o ideal elə
yaradılışın ilkindədir. XX əsrin elmi, fəlsəfəsi
özünün gələcəyə istiqamətlənmiş
sürəti, vüsəti ilə bərabər
keçmişə, ilkinliyə, rasional düşüncənin
doğulduğu mifik təssəvvürlərə
qayıdışın insan təfəkkürü
üçün son dərəcə zəruri olduğunun fərqinə
çoxdan varmışdır. "Quş nə qədər
yüksək uçsa, dənçün yerə enər yenə",
- deyən Səməd Vurğun da məhz bu çılğın
inkişaf əsrinin gedişatını nəzərdə
tutmurdumu?! Cəlal Əliyev də bu əsrin yetirməsidir.
Zamanından aldığı yüksək elmi-texnoloji biliklərlə
yanaşı, fitrətində yaradılmış intuitiv
qabiliyyəti, dərin sezgisi ilə həyatın sirrinin həyatın
ilkinliyində olduğunu anlayırdı. O, mürəkkəbliyin
sadədə, küllün zərrədə olduğunu
anlayırdı. O, "idealı" - sabahın verə biləcəyini
Allahın insan üçün yaratdığı ən ilk
nemətdə axtardı. Bu da onun həyatının
missiyası, ömrünün mənası oldu: Yer kürəsinin
bir guşəsi olan öz vətənində,
insanlığın bir parçası olan öz milləti
üçün bütün fiziki, coğrafi, sosial, siyasi
şərtlərə rəğmən Allahın ən
böyük nemətinin - çörəyin daimiliyini,
bolluğunu, kəsilməzliyini təmin etmək, bunun
üçün də elmin, texnologiyanın ən son nailiyyətlərindən
istifadə edib, çoxillik təcrübə, gərgin əmək
və iradə sayəsində təbiətdə
yaradılmış yüzlərlə buğda sortu içindən
mürəkkəb fizioloji, biokimyəvi, molekulyar-genetik, riyazi
və s. elmi yanaşmalarla yüksək məhsuldarlığa
malik və eləcə də müəyyən əlverişsiz,
ekstremal coğrafi şəraitdə belə öz yüksək
keyfiyyətini qoruyub yetişə biləcək "ideal
buğda" sortunu - Adəmin yediyi buğdanı əldə etmək,
insanlığın çörəyin bol olduğu bərəkət
cənnətində yaşaması üçün mübarizə
aparmaq.
İndi
Cəlal Əliyev özü qarşısında, xalq
qarşısında, tarix qarşısında
ömrünün 85 illik hesabatını qürurla, yüksək
məsuliyyət və iftixar hissi ilə verdiyi günləri
yaşayır. Bu 85 ilin zirvəsindən baxdıqda göz
önünə elmə həsr olunmuş mübariz və
keşməkeşli bir ömür, cənnət timsalı bir
Vətəndə ucsuz-bucaqsız taxıl zəmiləri gəlir,
çörək ətri hiss edirsən. Cəlal Əliyevin
adı bolluq, bərəkət rəmzinə çevrilib.
"Çörək
bol olarsa, basılmaz Vətən" - bunu həm Cəlal Əliyevin
doğulduğu, yaşayıb-yaratdığı əsr, həm
də bütün insanlıq tarixi deyib. İdrakı və həyat
təcrübəsi ilə mənsub olduğu millətin və
bütün insanlığın tarixi yaddaşına yiyələnmiş
bir fərd fəaliyyət göstərdiyi tarixi şəraitdə
Vətəni, dövləti, milləti üçün nəyin
daha zəruri olduğunu və bu zərurət
üçün nələr edə biləcəyini öz
ağlı, fəhmi ilə dərindən dərk edir, bilik, təcrübə
və iradəsi ilə bunu gerçəkləşdirir. Bu fərdin
öz missiyasını həyata keçirməsi
üçün sanki onun ömür yolu da ilahi tərəfindən
proqramlaşdırılır, həyatın
sınaqlarından keçirilir.
Müqəddəs
kitabımız Quranın "Nur" surəsində deyilir:
"O, (Allah) Nur üstündə nurdur". Bütün
yaradıcı ömrünü ardıcıl və məqsədyönlü
bir fəaliyyətlə fotosintezi - Günəş
şüaları enerjisinin bitkilərdə xlorofil piqmenti vasitəsilə
karbon qazı və suyun iştirakı ilə potensial kimyəvi
enerjiyə çevrilməsi prosesini kompleks şəkildə
öyrənməyə həsr edən akademik Cəlal Əliyev
sözün həm hərfi mənasında, həm də məcazi
anlamda Allahın öz işığına doğru yönəltdiyi
insanlardandır. Elm işıqdır, Allah nurudur. Alimlər bu
nurun daşıyıcıları, bu nurla qaranlığı,
nadanlığı, məchulluğu parçalayan, bəşərin
qəlbinə, idrakına işıq paylayan fəzilət
sahibləridir. Bu elm işığında fotosintezi öyrənmək,
işıq içində işığı aramaq sanki
"nur üstündə nur" olan Allahın
işığına bir addım daha yaxın olmaq deməkdir.
Bu
dünyada insan oğlu yaşam tərzinə, fəaliyyətinə,
məqsəd və məramına görə bir-birindən fərqlənir.
Biri daim işığa doğru can atır, öz
düşüncə və əməllərində Xeyiri təcəssüm
etdirir, digəri isə Günəşdən gizlənən
yarasalar kimi qaranlıqlara tapınır, şərə,
şeytana səcdə edir.
Cəlal
Əlirza oğlu Əliyev bütün ömrü boyu
işığa tapınmışdır. İşığa
tapınanlar həyatı sevənlərdir, insan qəlbində
və maddədə həyatın əsası olan
işığı arayıb tapan, yenidən o
işığı başqa bir qəlbə və maddəyə
calayıb həyatı çoxaldanlar xeyir və bərəkət
yayıcıları, hünər sahibləridirlər.
Qaranlığa
səcdə edənlər isə qəlbdə və maddədə
olan işığı söndürənlər, həyatı
məhv edənlər, hünər sahiblərinin düşmənləridirlər.
İşıq
qaranlıqla mübarizədədir. Bu, tarixin, həm də bir
insan ömrünün dialektikasıdır.
İşığa doğru gedənlər qaranlıqla
mübarizədən keçirlər. Cəlal Əlirza
oğlu da mübarizələr və ziddiyyətlər
içindən keçərək 85 ilin zirvəsinə
yüksəlmişdir. Nadanlıq, cəhalət, bədxahlıq...
onun da düşməni olmuş, bəzən gizli, məqam
tapanda isə açıq-aşkar, bütün kini,
düşmənçiliyi ilə xalqın bu sədaqətli
oğlunun içində daşıdığı
işığı söndürməyə
çalışmışdır.
Amma
"Allah öz istədiyini işığına doğru
aparır", onu himayə edir, üzərinə qoyduğu
missiyanı həyata keçirməsi üçün
zamanın fitnələrindən qoruyur. Əsl alimlər
ömrün ziddiyyətlərini, təlatümlərini daha
çox həyatın səthində deyil, ruhun, idrakın dərinliklərində
yaşayırlar. Onların şöhrəti də
yaşadıqları, dərkinə çatdıqları dərinliklərin
ifadəsidir. Cəlal Əlirza oğlu Əliyev ani təsadüflər,
zamanın qabarma və çəkilmələri nəticəsində
köpük kimi üzə çıxan, kütlənin bu
gün başı üzərinə qaldırıb sabah
ayaqları altına atdığı "millət qəhrəmanları"ndan
deyil, bütün varlığı ilə yarım əsrdən
çox bir vaxt ərzində böyük bir səbatla, təmkinlə,
hər bir təntənə və cah-cəlalla yaşamaq
imkanlarına baxmayaraq, sadə, təvazökar bir ömürlə
elmin ağır, keşməkeşli yollarında xalqına
xidmət göstərən böyük bir alimdir.
Cəlal
Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan
Respublikasının Naxçıvan şəhərində
anadan olmuşdur. Naxçıvan Müəllimlər
İnstitutunun təbiətşünaslıq-coğrafiya
fakültəsini (1944-cü il) və Azərbaycan Dövlət
Universitetinin biologiya fakültəsini (1951-ci il) fərqlənmə
diplomu ilə, Azərbaycan Elmlər Akademiyasının
aspiranturasını (1954-cü il) "bitkilərin
fiziologiyası" ixtisası üzrə bitirmişdir.
Cəlal
Əliyev "Mikroelementlərin buğdanın
inkişafına və məhsuldarlığına təsiri"
mövzusunda namizədlik dissertasiyasını (1955-ci il) və
"Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə
qidalanması və məhsuldarlığı"
mövzusunda doktorluq dissertasiyasını (1971-ci il) müdafiə
etmişdir. O, özünün yarım əsrdən çox
ardıcıl və məqsədyönlü fəaliyyəti
ilə kənd təsərrüfatı bitkilərinin,
başlıca olaraq buğdanın məhsuldarlıq proseslərinin
nəzəri əsası kimi fotosintezin kompleks şəkildə
tədqiq olunmasını inkişaf etdirir.
Elm təbiəti
təkmilləşdirir. Elmin özü isə təcrübə
ilə təkmilləşir. Cəlal Əliyev fotosintez və
məhsuldarlıq prosesləri üzrə fundamental tədqiqatlar
aparmış və bu tədqiqatların həyata tətbiq
edilməsinin ən yüksək nümunəsini dünya elmi
ictimaiyyətinə nümayiş etdirə bilmişdir.
Bu
gün Azərbaycanın çörəklə təmin
olunduğu buğda əkini sahələrinin böyük hissəsini
Cəlal Əliyevin yaratdığı "ideal tip"ə
yaxın yüksək məhsuldar və ekstremal şəraitə
davamlı buğda şortları təşkil edir.
Dünyanın
bir çox məşhur alimlərinin fikrinə görə,
akademik Cəlal Əliyevin fundamental tədqiqatlarının nəticələri
dünya elmi praktikasında daha geniş istifadə
olunmalıdır. Dünya şöhrətli alim, doktor
S.Benival Cəlal Əliyevi
tanınmış elm korifeyləri, Nobel mükafatı
almış alimlərlə müqayisə edərək bildirmişdir
ki, əgər Nobel mükafatı müəyyən bir
işin nəticəsinə görə verilirsə, Cəlal Əliyevin
kompleks şəkildə apardığı tədqiqatların
hər bir istiqaməti bundan yüksəyə layiqdir.
Akademik
Cəlal Əliyevin həyat və fəaliyyətini daha
yaxından izlədikcə onun obrazını səciyyələndirən
iki xarakterik cizgini daha aydın, daha qabarıq görmək
olur: işıq və məhsuldarlıq. Həm fitrətində,
varlığında olan nur, həm də yarım əsr
fotosintezin (işığın təsiri, bilavasitə
iştirakı ilə nəsə yaratmaq) tədqiqi ilə məşğul
olmaq bu insanın xarakterinə, əməllərinə bir
işıq, bir aydınlıq yaymışdır. Bu
işıq onun insanlara xeyirxah münasibətində bir millət
vəkili kimi minlərlə qaçqın ailələrinə
olan himayə və qayğısında təzahür edir.
Akademik
Cəlal Əliyevin mənsub olduğu ailəni bütün
xalqımız yaxşı tanıdığına görə
həm də belə ifadə işlədə bilərik ki, bu
nur, bu işıq tutqusu işığa canatım, həm də
onun daşıyıcısı olduğu genlərindədir. Əgər
akademik Cəlal Əliyev ömrünü həyatın
başlanğıcı olan təbiətdə üzvi maddələrin
ilk yaradıcısı rolunu oynayan bitkilərdə fotosintez
prosesinin bioloji məhsuldarlığının ilkin əsasını
öyrənməyə həsr edibsə, onun
daşıdığı genin digər
daşıyıcısı xalqımızın ümummilli
lideri Heydər Əliyev isə həyatın ən yüksək
və ali forması olan cəmiyyətdə, bütöv bir
millətin və dövlətin həyatında öz fitri
ağlının və təcrübəsinin
işığını ictimai-siyasi proseslərə nüfuz
etdirmiş, cəmiyyət həyatında sülhün,
sabitliyin təmin olunması üçün bütün
varlığı ilə çalışmışdır. Bu
da bir işıq tutqusudur. "Nur üstündə nur
olan" Tanrıya xidmətdir. Allah istədiyi adamları
öz işığına yönəldir.
Akademik
Cəlal Əliyevə xas olan bir xarakterik cizgi də onun olduqca
əməksevər və məhsuldar olmasıdır. Bu həyatsevər
və işgüzar insanın adı çəkiləndə
sanki bir bərəkətlilik duyulur. Yarım əsrdən
artıq bir dövrü əhatə edən elmi və əmək
fəaliyyəti, onlarca yüksək məhsuldar və ekstremal şəraitə
davamlı "ideal tip"ə yaxın buğda
sortlarının yaradılması və çox geniş tətbiqi,
müxtəlif elmi istiqamətləri qovuşduraraq, biologiya,
kimya, riyaziyyat, fizika, aqrokimya üzrə ali məktəb məzunlarından
elmi kollektivin hazırlanması, fiziki-kimyəvi biologiya və
gen biotexnologiyası sahəsində tədqiqatların
respublikada inkişafı ilə əlaqədar ən yeni
avadanlıqlarla təchiz olunmuş elmi laboratoriyaların
yaranması, onun təşəbbüsü ilə məhsuldar
işləyən kollektivdə 250-dən çox elmlər
namizədi və elmlər doktorunun hazırlanması
(onların 80 nəfərini bilavasitə özü
hazırlamışdır), əməkdaşları ilə
birlikdə layiq görüldüyü Beynəlxalq Soros
Fondunun 8 qrantı, 600-dən çox elmi məqalə, o
cümlədən 25 monoqrafiya və kitab, müxtəlif
ölkələrin, beynəlxalq elmi mərkəzlərin məşhur
alim və mütəxəssisləri ilə dostluq və elmi əlaqələr,
"Əməkdar Elm Xadimi" fəxri adı (1982),
"1941-1945-ci illər Böyük Vətən müharibəsində
xidmətlərinə görə" medalı (1946), iki dəfə
"Qırmızı Əmək Bayrağı" ordeni
(1978 və 1986), Azərbaycan Respublikasının
"İstiqlal" ordeni (1998), Gürcüstan
Respublikasının "Şərəf" ordeni (2003),
dörd dəfə Azərbaycan Respublikası Milli Məclisinin
deputatı - bütün bunlar bir ömrün qazancı, bir insanın
uğurlarıdır. Azərbaycan MEA-nın akademiki (1980-ci
il), Rusiya Kənd Təsərrüfatı Elmləri
Akademiyasının (1995-ci il), Ukrayna (1995-ci il) və Belarus
(1996-cı il) Aqrar Elmlər akademiyalarının xarici
üzvü, Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq
Cəmiyyətin (1994), Amerika Bitki Bioloqları Cəmiyyətinin
(1994), Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin
(1995) üzvü, Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin
(1997) və Hüceyrə Sitresi üzrə Beynəlxalq Cəmiyyətin daimi
üzvü, UNESCO yanında Bioetika, Elmi Biliklərin və
Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin
sədri (1999), "Azərbaycanda biologiya elminin yeni sahələrinin
inkişafı" fondunun prezidenti (1994), Azərbaycan MEA
Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik
əsasları şöbəsinin müdiri - budur şöhrətli
akademikin elm zirvəsində mövqeyi!
Bu
gün cəmiyyətimizdə işıqla
qaranlığın, quruculuqla
dağıdıcılığın, bilik və təcrübə
ilə naşılıq və nadanlığın, sədaqətlə
xəyanətin... mübarizəsi getdiyi dövrdə 85
yaşı tamam olan akademik Cəlal Əliyev öz
işıqlı zəkası, məhsuldar əməyi, Vətənə,
xalqa tükənməz məhəbbəti və sədaqəti
ilə yeni cəmiyyət quruculuğu üçün
insanlarımıza bir nümunədir. Bəlkə,
özünün ağır və gərgin əməyi,
tükənməz səbri, sadəliyi və təvazökarlığı
ilə zamanın doğurduğu yeni tip "qəhrəmanlar"dan
daha çətin təqlid olunan bir nümunədir. Amma bu
nümunədə xeyir, bərəkət,
ardıcıllıq, kəsilməzlik, təbiətin və
Allahın insan qəlbinə və əməllərinə bəxş
etdiyi işıq var.
Afaq ƏSƏDOVA,
"ELM"
qəzetinin baş redaktoru
Elm.-
2013.- 30 may.- S.16-17.