Azərbaycan elminin fəxri

 

Dünya sivilizasiyasının ilkin ocaqlarından olan Naxçıvan diyarı onlarla görkəmli nəsillərin, tarixi şəxsiyyətlərin vətənidir. Bu nəsillər nəinki Naxçıvan və Azərbaycan, eləcə də dünya tarixinə düşən görkəmli şəxsiyyətlərin birini, bəzi hallarda isə bütöv bir pleyadasını yetirmişdir. Tariximizə onlarla general vermiş qəhrəman Kəngərli nəsli, onlarla alim yetirmiş Şahtaxtinskilər nəsli barədə çox deyilmiş, çox yazılmışdır.

 

Bu cür çox görkəmli, nadir şəxsiyyətlər yetirmiş nəsillərdən, ailələrdən biri də Əliyevlər ailəsidir. Bu ailənin üzvü Heydər Əliyev - dünya şöhrətli siyasətçi, dövlət xadimi, fenomen şəxsiyyət barədə kifayət qədər söz deyilmiş, kitab və monoqrafiyalar yazılmış, filmlər çəkilmiş, mahnılar qoşulmuşdur. Bu ailə Azərbaycan elminə görkəmli alim, vətənpərvər insan, qeyrətli vətəndaş olan akademik Həsən Əliyevi vermişdir. Şöhrəti və hörməti keçmiş SSRİ məkanına sığmayan məşhur oftalmoloq, akademik Zərifə Əliyeva da bu ailəyə mənsub idi. Artıq dünya siyasət meydanında ilk mətin və uğurlu addımlarını atan, gənc ikən lider kimi məşhurlaşan Azərbaycan Respublikasının Prezidenti bu ailənin yetirməsidir. İqtisadçı alim, akademik Aqil Əliyev, xalq rəssamı Hüseyn Əliyev, AMEA-nın müxbir üzvü Rəfiqə Əliyeva, əməkdar müəllim Şəfiqə Əliyeva və başqaları Əliyevlər soyadına şərəf gətirmişdir.

Söhbət açdığımız bu ailənin çox məşhur nümayəndələrindən biri də dünya şöhrətli elm adamı, görkəmli seleksiyaçı-alim, akademik Cəlal Əliyevdir.

Deyirlər ki, alimlik Tanrı qarşısında ən uca məqamlardan biridir. Öz nəcib əməlləri, xeyirxah elmi işləri ilə insanlara bolluq və firavanlıq gətirmək isə ikiqat savabdır. Ömrünün 60 ildən artıq bir dövrünü ən nəcib bir işə - kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə onlarda fotosintezin, mineral elementlərlə qidalanmanın və maddələr mübadiləsinin öyrənilməsinə sərf etmiş görkəmli alim Cəlal Əliyevin tədqiqatlarından bitkilərin optiki-bioloji quruluşu, fotosintez aparatında gedən fotokimyəvi-fotofiziki proseslərlə fizioloji və məhsuldarlıq prosesləri arasındakı əlaqə, məhsuldarlığın molekulyar mexanizmi kimi məsələlər mühüm yer tutur. Akademik apardığı tədqiqatlar, əldə etdiyi elmi nailiyyətlər ilə ölkəmizdən xeyli uzaqlarda tanınmış, vətənimizə və elmimizə başucalığı gətirmişdir. Zəhmətkeş alimin qışın sazağında, yayın yandırıcı istisində gəzdiyi sahələr, elmi təcrübələr qoyduğu Mil-Muğan düzləri ölkəmizin taxıl anbarına çevrilmiş, bolluq, bərəkət mənbəyi olmuşdur. Məhz Cəlal müəllimin və onun yetirmələrinin səyi nəticəsində cəmi bir onillik bundan əvvəl xaricdən taxıl aldığımız halda, indi bu əvəzsiz nemətdən heç bir korluq çəkmədən əhalinin tələbatı ödənilir.

Azərbaycan xalqına, Azərbaycan elminə yaxşı məlumdur ki, görkəmli akademik respublikamızda taxılçılığın və əkinçiliyin inkişaf etdirilməsinin elmi əsaslarını yüksək səviyyədə işləyib hazırlamış və yeni məhsuldar taxıl sortlarının yaradılması istiqamətində böyük nailiyyətlər əldə etmişdir. Akademik Cəlal Əliyevin uzun illər min bir zəhmətlə apardığı elmi tədqiqatların nəticəsində 40-dan artıq yüksək məhsuldar taxıl sortu yetişdirilmişdir. Onların xeyli hissəsi rayonlaşdırılmış, ölkəmizdə, habelə MDB məkanında müvəffəqiyyətlə becərilmişdir. Qardaş Türkiyə Cümhuriyyətində də akademik Cəlal Əliyevin taxıl sortları sınaqdan uğurla çıxmış və hazırda geniş istifadə olunur. "Qaraqılçıq-2", "Tərtər", "Vüqar", "Şiraslan-23", "Əlincə-84", "Mirbəşir-50", "Bərəkətli-95", "Əkinçi-84" və başqa taxıl sortları artıq yüz min hektarlarla sahədə əkilir və hər hektardan 60-70 sentner məhsul götürülür. Həm də bu sortlar Azərbaycanın quraq, şoran torpaqlarına, eləcə də sərt qış şaxtalarına uyğunlaşdırılmışdır. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq buğdanın seleksiyasının elmi əsaslandırılmış proqramı uğurla həyata keçirilmişdir. Buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla bunu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılmışdır. Bununla da akademik Cəlal Əliyev tərəfindən fiziki-kimyəvi biologiya sahəsində tədqiqatlar inkişaf etdirilməklə molekulyar biologiyanın, gen biotexnologiyasının əsası qoyulmuşdur.

Akademik Cəlal Əliyev görkəmli tədqiqatçı-alim olmaqla yanaşı, həm də bacarıqlı müəllim, qayğıkeş və xeyirxah rəhbərdir. Onun Botanika və Əkinçilik institutlarında rəhbərlik etdiyi şöbələrdə son 30-40 il ərzində yetirdiyi 250-yə yaxın alim ən qabaqcıl ölkələr olan ABŞ, Kanada, Yaponiya, Rusiya, Almaniyabaşqa yerlərdə elmlə məşğul olurakademik Cəlal Əliyevin elmi məktəbini layiqincə təmsil edirlər. Akademik Cəlal Əliyev və onun əməkdaşları bioloji məhsuldarlıq proseslərinin molekulyar əsaslarının öyrənilməsində böyük nailiyyətlərə görə beynəlxalq Soros Fondunun 8 qrantını almışlar.

Akademik Cəlal Əliyev 25 kitab və monoqrafiyanın, dünyanın ən nüfuzlu jurnallarında çap olunan 600-dən çox elmi məqalənin müəllifidir. Əsərlərindən 100-dən çoxu xarici ölkə jurnallarında çap edilmişdir. Cəlal müəllimin rəhbərliyi ilə 80-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. Bu gün onların bir çoxu öz görkəmli müəllimləri ilə çiyin-çiyinə çalışırlar.

Hazırda ömrünün müdriklik çağını yaşayan istedadlı alimin şöhrəti və elmi nüfuzu vətənimizin sərhədlərini aşmış, yaxın-uzaq ölkələrə yayılmışdır. Elə buna görə də akademik Cəlal Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, UkraynaBelarus Aqrar Elmlər akademiyalarının xarici üzvü, habelə dünyanın digər onlarla elmi qurumlarının üzvüdür. Xarici ölkələrdə vaxtaşırı keçirilən elmi konfrans və simpoziumların ən arzuedilən qonaqlarındandır. Akademik Cəlal Əliyev və onun neçə-neçə yetirməsi öz uğurlu elmi işləri ilə xarici ölkə bioloq-alimlərinin diqqətini cəlb etmişonlar çox böyük maraqla aparılan tədqiqatlar və onun yekunları ilə tanış olmaq üçün Azərbaycana gəlirlər.

Akademik Cəlal Əliyevi ölkəmizdə fəal ictimai mövqeyi ilə seçilən ictimai xadim, prinsipial və ədalətsizliyə qarşı duran görkəmli şəxsiyyət və elm adamı kimi tanıyırlar. O, bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı olmaqla parlamentin işində, onun bir sıra komitələrinin fəaliyyətində fəal iştirak edir. Cəlal müəllim respublikanın problemləri ilə daim maraqlanan, onların həlli üçün çalışan vətənpərvər alimdir. O, erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı siyasətinin mahiyyətini, tarixi həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması üçün "Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı", "Erməni terroristlərinin və quldur törəmələrinin insanlığa qarşı cinayətləri" əsərlərini yazmış və bir neçə dildə çap etdirmişdir. Akademik Cəlal Əliyev qaçqın və məcburi köçkünlərlə tez-tez görüşür, onların düşdüyü vəziyyəti beynəlxalq aləmə çatdırır, onlara maddi və mənəvi dayaq olur. Onun öz şəxsi vəsaitindən qaçqınlara və məcburi köçkünlərə göstərdiyi yardım heç də bəzi təşkilatların göstərdiyindən az deyildir.

Akademik Cəlal Əliyevi xeyirxah, ədalətli, prinsipial, mərd, kimsəsizlərə daim qayğı göstərən bir insan kimi xarakterizə etmək olar. Ötən əsrin 80-ci illərinin sonlarında ölkədə hökm sürən çətin şəraitdə belə akademik Cəlal Əliyevi ölümlə təhdid etsələr də, o, geri çəkilməmiş, öz prinsipial mövqeyində qalmışdır. "Elm həqiqətdir" kitabında Azərbaycanda 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində baş vermiş hadisələr düzgünobyektiv mövqedən izah edilmişdir. Akademik Cəlal Əliyev mənsub olduğu ailənin şərəf və ləyaqətini qorumaq üçün əsl mərdlik və mətinlik mübarizəsi göstərmiş, yalan və böhtanları ifşa etmişdir.

Akademik Cəlal Əliyev bu gün müstəqil respublikamızın ictimai-siyasi həyatının ən fəal iştirakçılarından biridir. Ömrünün və yaşının bu müdrik çağında o, öz çoxsahəli elmi tədqiqatlarını daha intensiv aparır, elmin yeni nailiyyətlər və nəticələrlə zənginləşməsi üçün fədakarlıqla çalışır, Azərbaycan elminin, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə böyük xidmətlər göstərir. Təsadüfi deyildir ki, dünyanın bir çox məşhur alimləri akademik Cəlal Əliyevin elmi axtarışlarına çox yüksək qiymət vermişlər: "Akademik Cəlal Əliyevin rəhbərliyi altında aparılan elmi axtarışlar dünya səviyyəli tədqiqatlardır" (akademik V.Fisin), onun "radioekologiya sahəsindəki tədqiqatları dünya elminə qiymətli töhfədir" (akademik V.Minayev), "Əgər Nobel mükafatı müəyyən bir işin nəticəsinə görə verilirsə, akademik Cəlal Əliyevin kompleks şəkildə apardığı tədqiqatların hər bir istiqaməti bundan yüksək qiymətə layiqdir" (prof. S.Benival) və s.

İslam aləmində çörək həmişə Qurana bərabər tutulur. Ən layiqli kişilərə "çörək verəndir" demişlər. Ağsaçlı akademik Cəlal Əliyev isə öz misilsiz elmi fəaliyyəti ilə bir insana yox, bütövlükdə insanlığa çörək vermək kimi müqəddəs bir işlə məşğuldur. Bu cür insanlar həmişə və hər yerdə ehtirama və pərəstişə layiqdirlər.

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan Bölməsinin sədri, akademik,

 

Tariyel TALIBOV,

AMEA-nın müxbir üzvü

 

Elm.- 2013.- 30 may.- S.18.