Elmə bağlı ömür yolu

 

2013-cü il iyun ayının 30-da təkcə ölkəmizdə deyil, eləcə də onun hüdudlarından kənarda, beynəlxalq miqyasda tanınmış görkəmli alim, akademik Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 85 ili tamam olur.

 

Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasında "bitki fiziologiyası" ixtisası üzrə aspiranturaya daxil olmuşdur. "Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri" mövzusu üzrə elmi tədqiqatlarını uğurla başa çatdıraraq, 1954-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Cəlal Əliyevin sonrakı illərdə apardığı elmi tədqiqat işləri aspiranturada oxuduğu müddətdə elmi axtarışlarla, yəni yeni buğda sortlarının yaradılması və onların məhsuldarlığının artırılması ilə bağlı olmuşdur. Başqa sözlə desək, hələ çox gənc alim olan C.Əliyev bu mövzunun gələcəkdə dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğunu qabaqcadan görə bilmişdir.

Elə bu tədqiqatların yekunu kimi, Cəlal Əliyev 1971-ci ildə "Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Elə həmin ildən başlayaraq, C.Əliyev öz elmi tədqiqatlarını Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda yaratdığı və rəhbərlik etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində aparır və bu tədqiqatları bu gün də uğurla davam etdirir.

Canlı həyatın təkamül cəhətdən inkişaf mərhələlərində fotosintez prosesinin nə dərəcədə əhəmiyyətli olması artıq elmə məlumdur. Ətraf mühitin  stres faktorlarının (quraqlıq, ətraf mühitdə baş vermiş dəyişikliklər və s.) təsirindən bu prosesdə baş vermiş  dəyişikliklərin öyrənilməsi və ekstremal şəraitdə davamlı buğda sortlarının yaradılmasının nəzəri əsaslarının işlənib hazırlanması və onların təsərrüfatda tətbiqi, demək olar ki, Cəlal Əliyevin 62 illik elmi yaradıcılıq fəaliyyətinin əsasını təşkil etmişdir.

XX əsrin ikinci yarısından başlayan və XXI əsrdə davam edən dünya əhalisinin sürətlə artması və onları ərzaq məhsulları ilə təmin etmək üçün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması problemi dövlətlərin və elmin qarşısında əsas məsələ kimi qalmaqdadır.  Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatı bitkilərinin, xüsusilə əsas ərzaq mənbəyi olan buğdanın, düyünün, qarğıdalının və s. məhsuldarlığının artırılmasında üstünlük əkin sahələrinə azot tərkibli üzvi gübrələrin verilməsidir. Şübhəsiz ki, sahələrə üzvi gübrələrin verilməsi bitkilərdə fotosintetik prosesin və eləcə də, yeni zülalların əmələ gəlməsini sürətləndirərək məhsuldarlığın artmasına səbəb olur. Lakin belə müsbət nəticə ilə yanaşı bu gün bütün dünyada əkin sahələrinə verilən azot gübrələri ətraf mühitdə - çaylarda, göllərdə, torpaqda və  nəhayət, qida maddələrində nitrat tərkibli birləşmələrin normadan bir neçə dəfə artmasına və ekoloji tarazlığın pozulması səbəbindən insanlarda bir çox xəstəliklərin yaranmasına və ya onların ağırlaşmasına səbəb olur.

C.Əliyev elmi fəaliyyətinin ilk illərindən başlayaraq, buğda bitkisinin məhsuldarlığının artırılması və  yeni məhsuldar buğda sortlarının yaradılması üçün kompleks fizioloji, biokimyəvi, molekulyar-genetik tədqiqatlar aparmış və bu sahədə dünya alimlərinin diqqətini cəlb edən elmi nəticələr almışdır.

Bir çox dünya alimlərindən fərqli olaraq, Cəlal Əliyev apardığı fundamental tədqiqatlarla müəyyən etmişdir ki, yüksək məhsuldarlığın alınmasında bitkilərdə (buğdada) gedən fotosintez prosesinin intensivliyi ilə yanaşı fototənəffüsün də yüksək intensiv olması vacibdir. Bununla yanaşı, C.Əliyev bitkilərin mineral elementlərlə qidalanmasını öyrənərək, məhsulda nitratların toplanmasının və onların torpaqdan yuyularaq ətraf mühitə yayılmasının qarşısını almaq məqsədi ilə apardığı elmi axtarışlar nəticəsində azotla qidalanmanın bufer rejiminin və optimal qidalanma rejimini təmin edən azot gübrələrinin kapsulda yerləşdirilməsi texnologiyasını hazırlamış və praktiki olaraq həyata keçirmişdir. Bu istiqamətdə aparılan elmi axtarışların nəticələrini bir yenilik kimi qəbul etmək olar. Belə ki,  azot gübrələrinin müvafiq rejimlə verilməsi bitkilərdə məhsuldarlığın saxlanılması ilə yanaşı, ətraf mühitin çirklənməsində və insanların sağlamlığının qorunmasında əvəzsiz profilaktik bir tədbir kimi qiymətləndirilə bilər.

Əlbəttə, təqdim etdiyimiz kiçik bir məqalədə akademik Cəlal Əliyevin keçdiyi elmi yaradıcılıq fəaliyyətini tam əhatə etmək mümkün deyil. Onun aldığı nəticələr dünyanın yüksək nüfuzlu jurnal və toplularında çap olunmuş 600-dən çox məqalədə, ölkəmizdə və xaricdə çap olunmuş 25 monoqrafiya və kitabda öz əksini tapmışdır.

C.Əliyevin rəhbərliyi altında 80 namizədik və 11 doktorluq dissertasiyası müdafiə edilmişdir. Bu gün Cəlal Əliyevin tələbələri ABŞ, Almaniya, Fransa, Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail və s. inkişaf etmiş ölkələrin molekulyar biologiya səhəsində ixtisaslaşmış mərkəzlərinin aparıcı elmi işçiləridirlər.

Mən uzun illər ərzində Cəlal Əliyev kimi böyük bir alimlə tanış olmuşam. Mənim onunla Elmlər Akademiyasında, onun yaşadığı evdə, mənim işlədiyim klinikada çox görüşlərimiz olub.

Qeyd etmək istərdim ki, o öz işlərində çox ciddi, tələbkar, ədalətli və hadisələri obyektiv qiymətləndirmək xüsusiyyətlərinə malik olmaqla yanaşı, mehribanlığı, xeyirxahlığı, qayğıkeşliyi və nümunəvi ailə başçısı kimi də fərqlənən şəxsdir. Cəlal Əliyev çox zəhmətkeş, istedadlı bir alimdir. İşgüzarlığı, zəhmətkeşliyi sayəsində təbiətin ona bəxş etdiyi istedadı onu daha da yüksəklərə qaldırmış və o, yüksək elmi uğurlar qazanmışdır

Cəlal Əliyev 85 illik yubileyini yüksək elmi nailiyyətlərlə qarşılayır. Onun yaratdığı dünya səviyyəli müasir elmi məktəb və bu məktəbin onlarla istedadlı yetirməsi bu gün də Cəlal Əliyevin rəhbərliyi altında tədqiqatlar apararaq, yeni elmi nailiyyətlərlə respublikamızın, elmimizin adını ucaldırlar.

Mən bu əlamətdar gündə hörmətli Cəlal müəllimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona və ailəsinə uzun illərin sağlamlığını və xoşbəxtliyini arzulayıram.

 

Böyükkişi AĞAYEV,

akademik

 

Elm.- 2013.- 30 may.- S.19.