BÖYÜK ALİM VƏ GÖRKƏMLİ İCTİMAİ XADİM

 

Akademik Cəlal Əliyev Azərbaycan cəmiyyətinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş bir ailənin üzvüdür.

 

Çox möhkəm, dərin köklərə, zəngin genofonda malik olan Əliyevlər ailəsi Azərbaycanda və Vətənimizin hüdudlarından çox-çox uzaqlarda tanınan, ölkəmizi dünya arenasında təmsil edən ulu öndərimiz Heydər Əliyev kimi böyük bir dövlət xadimini, siyasətçini yetirmişdir.

Bu ailənin üzvlərinin - səkkiz övladın hamısının daxilində elə bir fitri istedad, qabiliyyət, tükənməz zəhmətkeşlik, dözümlülük, məqsədyönlülük, intellektual təfəkkür, sarsılmaz inam, öz işinə, ideallarına sədaqət vardır ki, onların hər biri həyatda öz yolunu tapmış, seçdikləri sahədə - siyasət, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində böyük müvəffəqiyyətlərə nail olmuş, respublikamızın inkişaf tarixində yeni yollar açmışlar.

Köklü, qollu-budaqlı möhtəşəm ağaca bənzəyən Əliyevlər ailəsinin, necə deyərlər, bəhrəli şaxələrindən biri də görkəmli alimictimai xadim Cəlal Əliyevdir.

Biz onunla xaricdə - Almaniyada tanış olmuşduq. 1990-cı illərdə mən Almaniyada çalışırdım. Cəlal Əliyevin həyat yoldaşı Eleanora xanım isə həmin vaxt Almaniyada ağır xəstəlikdən müalicə olunurdu. Mən Vətəndən uzaqda ikən ona mənəvi dayaq olmaqla, eyni zamanda, bu ailəni daha yaxından tanıdım. Böyük bir elm xadimi olan Cəlal müəllimi sədaqətli və incə qəlbli ailə başçısı kimi gördüm. Eyni zamanda, onun da yaradıcılığıma olan diqqəti məni təsirləndirdi.

Mən sonralar da xarici səfərlərdə çox olmuşam. Orada görüşlərim zamanı Azərbaycanla bağlı söhbətlər aparmışam və hər dəfə də akademik Cəlal Əliyevin adının görkəmli alimlər sırasında necə ehtiramla çəkildiyinin və Azərbaycan elminin nüfuzlu simalarından biri kimi beynəlxalq miqyasda tanındığının şahidi olmuşam.

Akademik Cəlal Əliyev hələ sovet dövründə böyük kəşfləri olan seleksiyaçı-alim kimi məşhurlaşmışdı. O, ilk dəfə olaraq, elmdə yeni bir sahə olan fotosintez nəzəriyyəsinə əsaslanıb, quraqlığa və şaxtaya davamlı, böyük məhsuldarlığa malik yeni buğda növlərini yetişdirmişdi. O, keçmiş SSRİ məkanında bu sahədə ən öncül alimlərdən biri idi. Onun elmi tədqiqatları fiziologiya, biokimya kimi perspektivli elm sahələrinin qovşağında olub, eyni zamanda, molekulyar genetikanın inkişafına təkan vermişdir. Onun elmi tapıntıları geniş surətdə öz tətbiqini taparaq, ölkənin iqtisadiyyatının, eləcə də strateji qüdrətinin möhkəmlənməsinə xidmət edən elmi nailiyyətlərdən biri kimi qiymətləndirilir.

Azərbaycan, Rusiya, Ukrayna, Nyu-York Elmlər akademiyalarının həqiqi və xarici üzvü olan akademik Cəlal Əliyev böyük bir elmi məktəbin yaradıcısıdır və o, elm sahəsində öz ardıcıllarını da yetişdirmişdir.

Bu gün onun tələbələrinin - yetirdiyi elmlər doktorlarının sorağı artıq görkəmli alimlər olaraq dünyanın ən müxtəlif ölkələrindən - Amerikadan, Yaponiyadan, Almaniyadan, Avstraliyadan, Cənubi Koreyadan və digər yerlərdən gəlir, onların sayı 250-dən artıqdır. Elmdə ilk addımlarını akademik Cəlal Əliyevin rəhbərliyi altında atmış alimlərin geniş spektrli tədqiqatları bu gün Kembric, San-Dieqo kimi dünyanın ən böyük elmi mərkəzləri və laboratoriyalarında davam etdirilir.

Cəlal Əliyev həm də tanınmış ictimai xadim və gözəl insani keyfiyyətlərə malik şəxsiyyətdir. O, öz qardaşı, xalqımızın ümummilli lideri Heydər Əliyevin yanında olan ən sədaqətli insanlardan biri kimi, ən çətin anlarda onu siyasifiziki təzyiqlərdən öz canını sipər edərək, xalqımız üçün, Azərbaycan üçün qorumuş, haqq işində ona həmişə arxa-dayaq olmuşdur. Onun qələbəmizə, ölkəmizin qüdrətinə olan inamı sarsılmazdır və bizimçün, eləcə də yetişən nəsillər üçün əsil örnək ola bilər.

Millət vəkili, akademik Cəlal Əliyev xeyriyyəçiliklə də çox məşğul olaraq, qaçqınlara və məcburi köçkünlərə yaxından kömək edir.

Eyni zamanda, o, "Azərbaycanda bioloji elmlərin yeni sahələrinin inkişafı" fondunun yaradıcısı və rəhbəri kimi səmərəli fəaliyyət göstərərək, Azərbaycan elminə öz töhfələrini verməkdə davam edir.

Bu gün böyük alimictimai xadim Cəlal Əliyev kamillik zirvəsində dayanaraq, öz müdrikliyi ilə, cəmiyyətimizdə tutduğu inamlı, fəal mövqeyi ilə Azərbaycan elminin çiçəklənməsinə xidmət edir.

Akademik Cəlal Əliyevin yubileyini qeyd etdiyimiz bu xoş günlərdə ona cansağlığı və Azərbaycan elminin gələcəyi naminə, ölkəmizin qüdrətinin artırılması kimi şərəfli bir yolda yeni uğurlu kəşflərə imza atmasını arzulayıram.

 

Firəngiz ƏLİZADƏ, Azərbaycan Bəstəkarlar İttifaqının sədri,

UNESCO-nun "Sülh naminə incəsənət xadimi",

Azərbaycan Respublikasının Xalq artisti, professor

 

Elm.- 2013.- 30 may.- S.20.