Görkəmli
alim və qürur duyulası
elmi məktəbin banisi
Yarım əsrdən artıq bir
dövrü, ömrünün 65 ilini ardıcıl və məqsədyönlü
şəkildə fotosintez prosesinin sirlərini dərk etməyə
həsr edən akademik Cəlal Əlirza oğlu Əliyev
sözün əsl mənasında Tanrının öz işığına
doğru yönəltdiyi insanlardandır.
Onlarla monoqrafiyanın, kitabın və
yüzlərlə elmi məqalənin müəllifi olan böyük alim təkcə
elmi fəaliyyət göstərməklə kifayətlənmir.
O, fəal siyasətçi və tanınmış ictimai
xadimdir.
Çox diqqətəlayiq bir haldır
ki, Azərbaycanda biologiya elminin yeni sahələrinin əsası
keçən əsrin 70-ci illərində məhz akademik Cəlal
Əliyev tərəfindən qoyulmuş və yüksək
surətdə inkişaf etdirilmişdir. Fiziki-kimyəvi
biologiya, xüsusən də biokimya və biofizika sahələrində
tədqiqatları genişləndirərək, respublikada
molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə
biotexnologiyası, riyazi biologiya və bioinformatika kimi yeni tədqiqat
istiqamətləri yaradılmışdır.
Ötən
əsrin 70-ci illərindən başlayaraq,
C.Əliyev tərəfindən biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya üzrə
ali məktəb məzunlarından elmi kollektivin
hazırlanmasına başlanmışdır. O, kəsişən
(qovuşan) elm sahələrinin
inkişafına daim xüsusi
diqqət yetirmişdir və nəticədə
respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının
bir çox nəzəri
və praktiki məsələlərinin həllində
riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək
mümkün olmuşdur.
C.Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya
və biofizika sahələrində tədqiqatları
genişləndirərək, uzaqgörənliklə respublikada yeni tədqiqat
istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə
biotexnologiyası, riyazi biologiya
və bioinformatikanın inkişafının əsasını
qoymuşdur. Müasir
avadanlıqlarla təchiz edilmiş elmi laboratoriyalar
yaradılmışdır. Bu sahələr
indi dünya
miqyasında ən prioritet elmi
istiqamətlər sırasındadır. Qürur
hissi ilə deyə bilərik ki, Azərbaycanın bu sahələr
üzrə Cəlal Əliyev məktəbini keçmiş
milli kadrları vardır. Məhz bu nailiyyətlər alimlərimizin dünyanın
aparıcı elmi-tədqiqat institutları və böyük alimləri ilə elmi
əlaqələrin yaranması və genişlənməsinə
zəmin yaratmışdır. Bu səbəbdəndir
ki, Azərbaycan adı çəkilən
elmi istiqamətlər üzrə beynəlxalq
konfranslara alnıaçıq olaraq ev sahibliyi
edir.
C.Əliyevin
elmi fəaliyyətinin 60 ilindən çoxu kənd təsərrüfatı
bitkilərinin, əsasən, buğdanın fotosintetik
məhsuldarlığının nəzəri əsaslarının
öyrənilməsinə həsr olunmuşdur.
Bu tədqiqatların
dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi
və molekulyar-genetik əsaslarını,
eyni zamanda bitkilərin
həyatının struktur -funksional təşkilinin molekulyar
səviyyədən başlayaraq bütöv bitki və əkinə
qədər bütün mərhələ
və formalarında məhsuldarlıq proseslərinin
öyrənilməsini əhatə edir.
C.Əliyevin
diqqəti nəinki fundamental tədqiqatların
geniş spektrinə, həm də tətbiqi
elmə də yönəlmişdir. Fotosintez
prosesinin müxtəlif istiqamətlərdə
tədqiqatlarının inteqrasiyası hesabına
"yaxşı" fotosintez haqqında təsəvvür
yaradılmışdır. Hansı ki, bu yüksək və
keyfiyyətli məhsulu müəyyənləşdirirdi və
bununla da bir sıra bərk və yumşaq
buğda sortlarının
yaradılmasında fundamental tədqiqatların
nəticələrinin reallaşdırılmasına
başlanılır.
Cəlal
Əliyevin həyatı və fəaliyyəti taxılla,
sünbüllə, çörəklə sıx
bağlıdır. Bu böyük
insan hətta ictimai gərginliklər,
iqtisadi böhranlar, maddi çatışmazlıqlar zamanı belə
öz xalqına dərin zəkasının
və yaradıcılığının məhsulu olan yeni taxıl
sortları ilə xidmət etmişdir. Sünbül - Allah nurunun maddi təcəssümüdür.
Elə ona görə də həmin sünbül ətrafa işıq səpir, nur yayır, çünki
bu sünbülün
qızılı dənləri insanların qidaya
olan ən mühüm
ehtiyacını ödəyir. Cəlal müəllimin ürəyi
və beyni də Allah
nurundan qidalanır. O bu
qızılı sünbüldə özünün
daxili enerjisini,
işığını, Allahdan nurlanmış
ürəyini təcəssüm etdirmişdir.
Aparılan
tədqiqatlar nəticəsində "İdeal"
buğda tipinin
yüksək məhsuldarlığını müəyyən edən prinsiplər
işlənilib hazırlanmışdır. Fototənəffüsün
israfçılıq olması haqda uzun illər mövcud olan təsəvvürlərin əksinə olaraq, tarla şəraitində
yetişdirilən kontrast genotiplərlə
müxtəlif üsullarla aparılan çoxillik təcrübələrlə sübut edilmişdir ki, fototənəffüs təkamül nəticəsində
formalaşmış həyat əhəmiyyətli metabolik proseslərdən biridir
və bitkilərin məhsuldarlığını artırmaq
məqsədilə müxtəlif yollarla
fototənəffüsü azaltmaq cəhdləri
əsassızdır.
Yüksək
dən keyfiyyətinə və 7-8 t/h məhsuldarlığa malik, Azərbaycanın buğda
əkini sahəsinin böyük hissəsini
təşkil edən, Türkmənistan, Özbəkistan və
Gürcüstanda yaxşı nəticələr
verən "Qaraqılçıq-2",
"Vüqar", "Şiraslan-23",
"Bərəkətli-95", "Əlincə-84", "Tərtər",
"Qiymətli 2-/17", "Əkinçi-84", "Əzəmətli-95",
"Nurlu-99", "Qırmızı gül",
"Ruzi-84", "Qobustan-99" və s.
kimi bir sıra bərk
(Triticum durum L.) və
yumşaq (Triticum aestivum L.) buğda sortları və bir
neçə min genotipi
əhatə edən zəngin buğda genofondu yaradılmışdır.
Akademik C.Əliyev və onun əməkdaşları bir
sıra beynəlxalq tədqiqat qrantlarını
almışlar. C.Əliyev və onun rəhbərlik
etdiyi kollektivin işləri
xaricdə böyük maraq
doğurur. Bu kollektiv beynəlxalq konqreslərdə, konfrans və simpoziumlarda
çıxış etməklə yanaşı, elmi cəmiyyətlərin fəaliyyətində
də aktiv iştirak edir. Bu məktəbin
uğurları həm də çoxsaylı nüfuzlu
beynəlxalq elmi nəşrlərdəki
məqalələrdə öz əksini
tapmışdır. C.Əliyev respublikada
və beynəlxalq mətbuatda çap olunmuş 600-dən çox
elmi məqalənin, o
cümlədən 25 monoqrafiya və
kitabın müəllifidir.
Kadr hazırlığına xüsusi fikir verən Cəlal
müəllimin şəxsi təşəbbüsü sayəsində
300-dən çox yüksəkixtisaslı
elmi kadr yetişdirilmiş, laboratoriyalar,
elmi kollektivlər formalaşmışdır. 80 elmlər namizədinə və
11 elmlər doktoruna bilavasitə onun özü rəhbərlik
etmişdir.
Vaxtilə
Novosibirsk kimi məşhur
elmi mərkəzlərdə onun səyləri ilə püxtələşmiş
riyaziyyatçılarımız bir çox xarici ölkələrdə
uğurla işləyir və elmə
töhfələr verirlər. Bu isə Cəlal
müəllimin özü dediyi
kimi, "elmlə məşğul
olanın dünəni, bu günü
yox, sabahı, o biri günü görməsidir".
Məhz gələcəyi görən akademik
cavan elmi kadrların
yetişdirilməsinə hər zaman xüsusi diqqət yetirib. İş prosesindəki ciddiliyi
və tələbkarlığı onun
qayğıkeşliyi ilə vəhdət təşkil edib. Prinsipiallığı isə
qarşısına qoyduğu ülvi məqsədlərə
çatmasına yardımçı olub.
Cəlal
Əliyev böyük elmi məktəb
yaratmışdır və onun
çoxsaylı istedadlı tələbələri və
davamçıları bu gün
Azərbaycanda və ölkəmizdən
çox-çox kənarlarda - MDB ölkələrində,
ABŞ, Kanada, Yaponiya,
Cənubi Koreya, Avstraliya,
İsrail və Avropanın aparıcı elmi mərkəzlərində və universitetlərində
uğurla çalışaraq
xalqımıza şərəf gətirirlər.
Cəlal
müəllimin belə tələbələrindən biri professor Qərib Mürşüdovdur. Əslən Şəmkir rayonunun
uzaq bir kəndindən
olan Qərib Mürşüdov
Kembricdə çalışır. Qeyd
etmək lazımdır ki, Qərib Mürşüdov
ilk azərbaycanlı alimdir
ki, dünya universitetlərinin
"top" siyahısında lider olan Kembric
Universitetində işləməyə dəvət
almışdır. Hal-hazırda bu universitetin molekulyar biologiya laboratoriyasında kompüter kristalloqrafiyası
qrupunun rəhbəridir.
Eyni zamanda 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olmuş və akademik Cəlal Əliyevin rəhbəri olduğu beynəlxalq statuslu layihənin əsas icraçılarından
biridir. Məşğul
olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların rentgen kristal strukturunun öyrənilməsində
tətbiqidir. Onun proqramlarından
makromolekulların strukturu
ilə məşğul
olan tədqiqatçılar
geniş istifadə edirlər. Qərib Mürşüdov 60-dan çox elmi məqalənin, bir neçə kitabın və toplunun müəllifi və həmmüəllifidir. Elmdə müxtəlif ölçü
vahidləri (qiymətləndirmə
meyarları) vardır.
Bunlardan biri və mühümü
alimin elmi işlərinə olan istinadların sayı və ya istinad
indeksidir. Q.Mürşüdovun işlərinə istinadların
sayı 20 mindən artıqdır. Bu, çox böyük göstəricidir!
Xaricdə çalışan azərbaycanlı alimlər
içərisində ən
çox istinad məhz onun işlərinədir.
Digər azərbaycanlı alim Vidadi Yusibov
ABŞ Fraunhofer Molekulyar
Biotexnologiya Mərkəzinin
direktorudur. Fotosintez edən bitkilər əsasında vaksinlərin
alınması ilə
məşğuldur. 2005-ci ildə "Eskvayer" jurnalının sorğusuna
görə, professor Vidadi Yusibov Amerika elminin 10 "ən parlaq və ümidverici beyinlərindən biri"
hesab olunur.
Asəf Salamov 2002-ci ildən bu günə qədər ABŞ-ın Birləşmiş
Genom İnstitutunda çalışır. Eyni
zamanda 2010-cu ildə
Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olmuş və akademik Cəlal Əliyevin rəhbərlik
etdiyi beynəlxalq statuslu layihənin icraçılarından biridir.
Məşğul olduğu sahə
riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də, makromolekulların öyrənilməsində tətbiqidir.
Onun məqalələri dəfələrlə
yüksək impakt-faktorlu
və çox nüfuzlu "Nature", "Science" kimi jurnallarda dərc olunmuşdur.
O, həmçinin "İnsan
genomu" Beynəlxalq
layihəsinin iştirakçılarından
olmuşdur. Bu siyahını
çox uzatmaq olar...
Ümumən, Cəlal müəllimin hazırladığı
40-dan artıq alim dünyanın ən müxtəlif qabaqcıl ölkələrində uğurla
çalışır.
Bu mütəxəssislər
ilk növbədə Azərbaycan
xalqının qürur
yeridir. Bunlar digər alimlər
üçün də
nümunə olmalıdır,
onlar da dünənlə yaşamamalı,
həmişə gələcəyə
baxmalıdırlar.
Akademik Cəlal Əliyev və onun davamçıları
Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqələrində fəal
iştirak edirlər.
Gənc alimlərin də icraçı olduğu və
2010-2013-cü illərdə keçirilmiş müsabiqələrin
qalibi olmuş
fundamental-tətbiqi, maddi-texniki
təminat xarakterli qrant layihələri aşağıdakılardır:
-"Zülalların Verilənlər Bankının
statistik analizi: təkrar olunan obrazların tanınması,
təşkili və istifadəsi" layihəsi
(layihə rəhbəri
- akademik Əliyev Cəlal, 6 icraçı);
-"Azərbaycanda GenBankda toplanmış buğda genotiplərinin quraqlığa davamlılığının
molekulyar markerlərlə
skrininqi və tolerant genotiplərdə fizioloji,
biokimyəvi və biofiziki parametrlərin tədqiqi" (layihə rəhbəri - AMEA-nın
müxbir üzvü Hüseynova İradə,
10 icraçı);
-"İnsan və siçan genlərinin promotor arxitekturasının müqayisəli
kompüter analizi"
(layihə rəhbəri
Şahmuradov İlham,
2 icraçı);
-"Orqanizmlərdə
genetik materialın molekulyar səviyyədə
təşkili və ekspressiyasının fundamental və
tətbiqi istiqamətlərdə
tədqiqi" (layihə
rəhbəri - Qasımov
Kərim, 3 icraçı);
-"Azərbaycanda meyvə-tərəvəz bitkilərini
yoluxduran biotik stres faktorlarının molekulyar diaqnostikası və onlardan mühafizə yolları"
(layihə rəhbəri
- Qasımova Fazilə,
3 icraçı);
-"Zəfəranın
(Crocus sativus L.) biotexnoloji
çoxaldılma üsullarının
işlənib hazırlanması"
(layihə rəhbəri
Qaragözov Tofiq, 5 icraçı);
-"Abşeron yarımadasında yayılmış
bəzi C4 bitkilərdə
istilik stresinin fotosintezə təsiri"
(layihə rəhbəri
- Feyziyev Yaşar, 8 icraçı).
Bu layihələr çərçivəsində alimlərə stimulaşdırıcı
əməkhaqqı ödənilmiş,
ölkədaxili və
xaricə ezamiyyətlər
baş tutmuş, informasiya və kommunikasiya texnologiyaları
və avadanlıqları,
lisenziyalı proqram təminatı və əməliyyat sistemləri,
elmi cihaz, qurğu və avadanlıqlar, məmulat və reagentlər alınmış və ya sifariş verilmiş, şöbəyə
yüksəksürətli fibro-optik internet xətti çəkilmiş və
serverlər quraşdırılmışdır.
3 layihə xaricdə
(Türkiyə, İsveç,
İspaniya) keçirilən
elmi tədbirdə şifahi məruzələrlə
iştirakı, 1 layihə
isə qısamüddətli
elmi təcrübəkeçməni
(Rusiya) əhatə edir.
Cəlal müəllimin müdrik fikirləri sırasında
onun bir cümləsinin xüsusi çəkisi və yeri vardır: "Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa
baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir". Akademik
Cəlal Əliyev öz fəaliyyətində
bu fikirlərini reallaşdırmaqla hamımıza
örnək olub,
"Cəlal Əliyev
məktəbi"ni yaradıb.
Ölkədə və xaricdə nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələr,
adı çəkilən
qrant layihələri üzrə alınmış
nəticələr "Cəlal
Əliyev məktəbi"nin gücünü və nüfuzunu bir daha sübut
edir və bu uğurların davamlı olacağına bir daha dəlalət
edir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu adından biz də görkəmli akademik, dəyərli insan, böyük alim və ictimai xadim Cəlal Əliyevi 85 illik yubileyi münasibətilə
ürəkdən təbrik
edir, ona cansağlığı və
sevinc dolu günlər diləyir və elmi fəaliyyətində
uğurlar arzu edirik.
Elçin BABAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru
Elm.-
2013.- 30 may.- S.21.