DAHİ ŞƏXSİYYƏT

 

Ziyalı, alim hər bir xalqın başucalığı və şöhrətidir. Görkəmli alim, əsl vətəndaş, fədakar insan olan akademik Cəlal Əliyev məhz xalqına başucalığı və şöhrət gətirən ziyalılarımızdan biridir.

 

Azərbaycan xalqına məlumdur ki, XX əsrin ikinci yarısından başlayaraq əvvəlcə keçmiş SSRİ-də, sonra isə beynəlxalq aləmdə tanınan Əliyevlər ailəsi özünün zəhməti, gərgin əməyi, möhkəm iradəsi, xüsusi uzaqgörənliyi və fitri istedadları ilə daim şöhrətlənməkdədir. Azərbaycan xalqının daim fəxr etdiyi bu ailənin üzvlərindən biri akademik Cəlal Əliyev üzərinə düşən bütün müqəddəs vəzifə və borcları, şərəflə və ləyaqətlə yerinə yetirmiş və bu gün də müstəqil Azərbaycan Respublikasının aqrar elminin inkişafı və ölkəmizin ərzaq sabitliyinin yaradılması üçün yorulmaq bilmədən çalışır.

Hörmətli ziyalımızın 60 ildən artıq bir müddətdə apardığı elmi-tədqiqat işlərinin nəticəsi bitkilərin məhsuldarlıq proseslərinin əsası kimi fotosintezin kompleks şəkildə tədqiq olunmasını inkişaf etdirmiş, məhsuldarlığın fizioloji, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün dövr və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə etmişdir ki, bu da ölkədə taxılçılıq və əkinçiliyin inkişaf etdirilməsinin elmi əsaslarının işlənib hazırlanmasına və yeni məhsuldar taxıl sortlarının yaradılmasına gətirib çıxarmışdır.

Onun bilavasitə rəhbərliyi ilə aparılmış elmi-tədqiqat işlərinin nəticələri sahəsində yaradılmış 20-dən çox məhsuldar taxıl sortu praktiki şəkildə xalqın və dövlətin mənafeyinə yönəldilmişdir.

Cəlal müəllimin yaratdığı taxıl sortları müstəqil Azərbaycanın çörək probleminin həll edilməsində çox böyük töhfələr vermişdir.

Uzun illərin yorulmaz əməyinin nəticəsidir ki, onun rəhbərliyi ilə aparılan nəzəri və praktiki tədqiqatların əsasında respublikamızın yerli şəraitinə uyğun olaraq "ideal" taxıl bitkiləri yaradılmışdır. Yaradılmış taxıl sortları iqlim şəraitinə uyğun rayonlaşdırılmışdır. Rayonlaşdırılmış həmin sortlar "Bərəkətli-95", "Qiymətli-2/17", "Qaraqılçıq-2", "Nurulu-99", "Əzəmətli-95" və başqa sortlar bu gün respublikamızda əkilən taxıl sahələrinin 80-90%-ni əhatə edir. Bu sortların ən böyük üstünlüyü ondan ibarətdir ki, həmin sortlar hər hektardan 5-7 ton məhsul verir.

Cəlal müəllim elm fədaisidir. O, yaratdığı sortların bilavasitə toxumçuluğu ilə özü məşğul olurdu. Müstəqillik illərinin əvvəllərində onun təşəbbüsü ilə respublikamızda taxıl istehsalının artırılmasında seleksiya və toxumçuluğun roluna həsr edilmiş regionlar üzrə milli tarla seminarları keçirilirdi. Həmin seminar müşavirələrdə beynəlxalq miqyasda tanınmış elmi mərkəzlərdən gəlmiş alimlər, fermerlər, təsərrüfat rəhbərləri, özəl bölmədə çalışan mütəxəssislər və torpaq sahibləri iştirak edirdilər. Tarla müşavirələrinin əsas məqsədi ərzaq bitkisi olan buğdanın yeni sortlarının yaradılmasının müasir elmi istiqamətləri, perspektiv və rayonlaşmış sortların toxumçuluğunun təşkili məsələlərini aqrar islahatlara uyğun dərindən araşdırmaq və bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq və yeni sortlara baxış, ölkənin ərzaqla təmin olunması üçün müvafiq tədbirləri həyata keçirmək idi.

Həmin tarla seminarlarında xaricdən gələn alimlərlə yerli alimlər, fermer rəhbərləri arasında çox maraqlı müzakirələr aparılırdı. Gələn qonaqlar C.Əliyev tərəfindən yaradılmış perspektiv məhsuldar sortları "Bərəkətli-95", "Qiymətli - 2/17", "Əzəmətli-95" kimi buğda sortlarının bir boyda olan bitkilərin eyni müstəvi üzrə düzülmüş dən dolu sünbülləri görəndə onlar heyranlıqla baxırdılar. Cəlal müəllimin yaratdığı sortların ən böyük üstünlüyü ondan ibarət idi ki, regionlar üzrə şaxtaya, xəstəliklərə quraqlığa davamlı əla çörək keyfiyyətli un çıxımı olması idi.

Cəlal Əliyev tərəfindən yaradılmış yüksək məhsuldar sortlar ancaq respublikamızda deyil, həmçinin orta Asiyada və Gürcüstanda əkilirdi və yüksək məhsul əldə olunurdu.

Təbliğat və təşviqat nöqteyi nəzərindən, praktiki olaraq fermerə kömək məqsədi üçün yeni yaradılmış məhsuldar taxıl sortları haqqında məlumatlar tarla seminarlarından əlavə 10 illərdir ki, artıq hər il həmin sortların xarakteristikası və becərilmə texnologiyası haqqında yüksək tərtibatlı təqvimlər hazırlanır və respublikanın rayonlarına paylanılır.

Müstəqil Azərbaycan dövlətinin 1995-ci ildə ilk qanunverici orqanı olan Milli Məclisə seçkilər həyata keçirilirdi. Respublikanın bütün bölgələrindən parlamentə namizədlər irəli sürülürdü.

Azərbaycanın ictimai siyasi həyatında C.Əliyevin öz yolu və yeri vardır. O, müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. Bu baxımdan Cəlal müəllimin Azərbaycan elminə verdiyi töhfələrə görə onun ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Saatlı rayon zəhmətkeşləri onun namizədliyini irəli sürdü. Rayon sakinləri akademik C.Əliyevlə hələ ötən əsrin 50-ci illərindən tanış idi. Hörmətli alimimiz gənc yaşlarında ilk axtarışlarını Cəfərxanda Muğan Meliorasiya Təcrübə  Stansiyasında başlamışdır. O, sonrakı elmi nailiyyətlərini də Saatlı rayon təsərrüfatlarında tətbiq olunması ilə rayonda məhsul bolluğunun yaranmasında, əhalinin güzəranın yaxşılaşması sahəsində çox iş görmüşdür. Rayonun işgüzar zəhmət adamları, təsərrüfat qabaqcılları artıq Cəlal müəllimə tanış idi. Min bir nemət yetirən Muğan torpağı onun üçün bir növ doğma idi. Elə bunun nəticəsidir ki, akademikin seçkiqabağı görüşləri rayonun bütün yaşayış məntəqələrində çox yüksək səviyyədə keçirdi. O, rayonun seçicilərinin problemləri ilə  tanış oldu. Onun qısa, çoxcəhətli və dərin məzmunlu proqramı seçicilər tərəfindən rəğbətlə qarşılandı. Bunun nəticəsidir ki, hörmətli alimimiz rayondan müstəqil Azərbaycanın Parlamentinə 4 çağırışdır ki, deputat seçilir.

C.Əliyev MM-ə deputat seçiləndən sonra Saatlı rayonunda onun fəaliyyəti həmişə hiss olunmaqdadır.

Respublikamızda aqrar islahatlar həyata keçirilərkən o torpaq sahiblərinə və fermerlərə öz dəyərli məsləhətlərini verirdi. İslahatlar aparılarkən qarşıya çıxan çətinlikləri kənd əhalisi ilə birgə həll etmək üçün tez-tez onların arasında olurdu. O, torpaq sahiblərinə sahibi olduğu torpaqların səmərəli becərilməsi üçün lazımı tövsiyələrini verirdi. Bunun nəticəsidir ki, o illər Saatlı rayonu taxıl istehsalı üzrə çox böyük nailiyyətlər əldə etdi. İstehsal olunan taxılın çox hissəsi akademik C.Əliyevin müasir və intensiv texnologiya əsasında becərilən sortlar idi. Bax bu idi C.Əliyevin rayonda deputat fəaliyyətinin ilk praktiki nəticəsi. Elə buna görə də C.Əliyevə Saatlı rayonunda çox böyük rəğbət yarandı.

C.Əliyev ölkənin daxili və xarici siyasətini dəstəkləyən ziyalı təbəqəsinin ön sırasında gedir.

O, müstəqillik və demokratiya yollarında getdikcə möhkəmlənən respublikamızın parlamentindəki müdrik və qətiyyətli çıxışları, tövsiyə və fikirləri ilə dövlətimizin qanunverici orqanın fəaliyyətini xeyli canlandırdı.

Akademik C.Əliyev xalqın içərisindən çıxmış, mürəkkəb həyat yolunun hər cür eniş-yoxuşlarından keçmiş görkəmli bir sima kimi Azərbaycanın problemlərini həll etməkdə böyük səy və əzmkarlıq göstərir. Cəlal müəllim əsl bir ziyalı olaraq həmişə öz xalqının içərisindədir. Azərbaycan müstəqillik qazandıqdan sonra ortalığa çıxan çətinliklərin aradan qaldırılması üçün daim öncül sıralarda olmuşdur.

Zahirən bir qədər sərt görünsə də o, çox qayğıkeş, həssas və alovlu vətənpərvər bir qəlbə malikdir.

Xalqına qarşı dərin hissiyyatlı və diqqətli olan C.Əliyevi Saatlı rayonunda narahat edən məsələlərdən biri də rayonda məskunlaşmış qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraiti idi. Rayonda olarkən o, mütləq çadır düşərgələrində olur, torpaqlarımızın azad olunması üçün dövlətin yeritdiyi sülh siyasətinin mahiyyətini açıqlayır və onlarla bu məsələlərin həlli ilə əlaqədar fikir mübadiləsi aparırdı. Qaçqın və köçkünlərin müvəqqəti yaşayış şəraitinin yaxşılaşması üçün əlavə tədbirlərin görülməsinə, onlara istifadə etmək üçün əlavə imkan daxilində yanacaq verilməsinə köməklik edirdi.

Onların rayon ərazisində işlə təmin olunması və məişət problemlərinin həlli istiqamətində Rayon İcra Hakimiyyəti qarşısında  məsələlər qaldırırdı. Elə bu səbəbdən rayonun çadır şəhərçiyində yaşayan ailələrin hamısı deputat C.Əliyev üçün doğma və əziz adama çevrilmişdir. C.Əliyev rayon əhalisinin və orada yaşayan köçkünlərin dayaq və güman yeri idi. Bu isə C.Əliyevin alicənablığı, təvazökarlığı və işgüzarlığı nəticəsində yaranmışdır. Ona görə də Saatlıda hamı onu sevir və ona böyük rəğbət bəsləyirdilər.

Cəlal müəllim Saatlı rayonunda deputat seçilsə də inamla demək olar ki, onun fəaliyyəti bir rayonun çərçivəsi ilə məhdudlaşmırdı. Cəlal müəllim ayrı-ayrılıqda respublikanın bütün regionlarında bütövlükdə ölkənin ən ləyaqətli millət vəkillərindəndir. Xatırlayıram ki, o dəfələrlə Saatlı rayonunda başqa qonşu rayonlarında məskunlaşan qaçqın və köçkünlərlə də maraqlanırdı və lazımı köməklik göstərirdi.

Akademik Cəlal Əliyev kimi insanlar xalqın və dövlətin tərəqqisi naminə bütün daxili imkanlarını səfərbər edib hər şeydən keçməyi bacarırlar. Cəlal müəllimin elmi, ictimai və siyasi fəaliyyət sahələri daima bir-birindən ayrılmaz olub bütövlükdə tam bir harmoniya təşkil edir. Onun müsbət şəxsi keyfiyyətləri hər şeydən əvvəl Azərbaycan xalqının milli mənəviyyatından vüsət alır və daha çox ictimai əhəmiyyət kəsb edir. Elə bu mənada onun prinsipiallığı,qətiyyəti, cəsarəti, mərdliyi, haqsızlıqla barışmazlığı, yeri gələndə kəskinliyi mövcud real vəziyyətin və hadisələrin obyektiv şəkildə doğru-dürüst qiymətləndirilməsinə əsaslanıb ümummilli mənafedən irəli gəlir.

Cəlal müəllimin xarakteri insanlara və ictimai proseslərə realist münasibətdə özünü daha aydın göstərir. Heç bir illüziya və romantikaya qapılmadan müstəqil dövlətçilik yollarında əldə etdiyimiz nailiyyətləri etiraf edib qədrini bilməklə yanaşı, mövcud problemlərə göz yummayıb məhrumiyyət və çətinlikləri aradan qaldırmaq, bütün sahələrdə tərəqqini dərinləşdirmək istiqamətində məqsədyönlü iradə nümayiş etdirmək - akademik Cəlal Əliyevi səciyyələndirən ən bariz keyfiyyətlərdəndir.

Bu görkəmli insanın nəzəri tədqiqatçılığı, aqrar-təcrübi eksperimentçiliyi, elmi təşkilatçılığı, siyasi liderliyi, ictimai xadimliyi onun qeyri-adi istedadının, zəhmətsevərliyinin, işgüzarlığının, habelə parlaq zəka, dərin idrak və geniş dünyagörüşünün, bəlkə də, bütün bunlardan öncə xalqına bəslədiyi məhəbbətin təzahürüdür.

Əziz və möhtərəm Cəlal müəllim! Sizi - xalqına və dövlətinə xidməti hər şeydən üstün tutan görkəmli insan və elm fədaisini, milyonlarla insanın sevgisini qazanmış əsl vətəndaşı 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayır, müstəqil Azərbaycanın və xalqımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

 

Gülhüseyn ƏHMƏDOV

 

Elm.- 2013.- 30 may.- S.24.