Elmin zirvəsində dayanan şəxsiyyət

 

Hər bir xalq öz ziyalısı, elmi və mədəniyyəti ilə tanınır. Elmdə yüksək pillələri qət etmək hər bir alimin arzusu olsa da, bu, hər kəsə nəsib olmur. Belə bir mərtəbəyə çatmaq xüsusi istedad və gərgin əmək tələb edir. Məhz yüksək istedad sahibi olan akademik Cəlal Əliyev müasir Azərbaycan biologiya və aqrar elminin ən tanınmış nümayəndələrindən biri və məhz birincisidir. Onun şərəfli ömür yolu elmə xidmətin ən parlaq nümunəsidir. Akademik Cəlal Əliyevin yeni elmi istiqamətləri görmə qabiliyyəti, geniş erudisiyası, tükənməz enerjisi, gərgin axtarışları, böyük təşkilatçılıq qabiliyyəti gələcək nəsilləri elmi yaradıcılığa, gərgin axtarışlara və nəticələr əldə etməyə səsləyən bir örnək və böyük bir məktəbdir.

 

Bu ilin 30 iyun tarixi - dünya şöhrətli alim, görkəmli şəxsiyyət, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əməkdar Elm Xadimi, AMEA Botanika İnstitutunun "Bioloji məhsuldarlığın fundamental problemləri" şöbəsinin müdiri, Rusiya Kənd Təsərrüfatı Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmləri akademiyalarının xarici üzvü, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı Cəlal Əlirza oğlu Əliyevin 85 illik yubiley təntənəsi ilə əlamətdardır.

Akademik Cəlal Əliyevin geniş və çoxşaxəli yaradıcılığı haqda bu günə qədər mətbuat səhifələrində çox yazılar dərc olunmuş, televiziya verilişlərində ətraflı işıqlandırılmışdır. Ancaq hər məhsuldar iş gününün başa çatması ilə yeni bir elmi ideyanın sorağını xəbər verən bu istedadlı şəxsiyyət haqqında mövzu heç vaxt tükənə bilməz. Hər dəfə mətbuatı oxuyarkən, kanalları izləyən zaman biz bu həqiqətin bir daha şahidi olur və böyük fəxarət hissi keçiririk. Akademik Cəlal Əliyev haqqında doktor S.P.Benival öz fikrini belə bildirmişdir: "...C.Əliyevin titanik əməyi nəticəsində Azərbaycan özünü ərzaq buğdası ilə təmin etmişdir...".  N.İ.Vavilov adına Umumrusiya Elmi-Tədqiqat Bitkiçilik İnstitutunun direktoru V.A.Draqavsev görkəmli alimin xidmətlərindən bəhs edərkən demişdir: "...Azərbaycanda böyük bir elmi məktəb, on minlərlə genotipi əhatə edən zəngin məlumat bankı yaradılmışdır. Bütün bunlar akademik Cəlal Əliyev və onun gənc ardıcılları tərəfindən həyata keçirilmişdir. Bizim onlardan öyrənməli çox məsələlər vardır... Köhnə seleksiyaçıların seçmə üsulu ilə yeni sortlar yaratmaq cəhdlərindən fərqli olaraq, akademik C.Ə.Əliyevin molekulyar, gen səviyyəsində apardığı seleksiya işləri sayəsində yaratdığı sortlar uzunömürlülüyü ilə seçilir...".

C.Əliyevin hələ gənc ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərməsi, elmi nəticələrini əyani şəkildə təcrübə sahələrində görmək arzusu onu Əkinçilik İnstitutuna istiqamətləndirmiş və tezliklə həmin İnstitutun dayağı və təkanverici qüvvəsinə çevirmişdir. "İdeal" tipli sortların yaradılması, respublikamızda və onun hüdudlarından kənarlarda da rayonlaşdırılmış "Mirbəşir-50", "Qaraqılçıq-2", "Şiraslan-23", "Tərtər-2", "Vüqar" və başqa məhsuldar buğda sortları alimin çoxillik, intensiv fəaliyyətinin bəhrəsidir. Beynəlxalq mərkəzlərdən Azərbaycana gələn alimlər akademikin təqdim etdiyi "Qiymətli-2/17" yeni yumşaq buğda sortunu yüksək məhsuldarlığına (10 t/ha), əla çörək keyfiyyəti, güclü şaxtaya və xəstəliklərə davamlılığına görə "möcüzə" adlandırmışlar.

Akademik Cəlal Əliyev ərzaq və seleksiya məqsədilə bitkilərin öyrənilməsi və səmərəli istifadə olunması kimi beynəlxalq səviyyəli qlobal problemin həlli üzərində daima düşünmüş və müvafiq tədbirlər planının işlənilməsinə xüsusi diqqət yetirmişdir. Alimin təşəbbüsü ilə Azərbaycanın bitki, o cümlədən taxıl genofondu xeyli zənginləşdirilmiş və ölkədə çörək problemi tamamilə həll edilmişdir. Onun qida keyfiyyətli müxtəlif kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması yollarının araşdırılmasına, bitkilərin ekstremal mühit amillərinə qarşı davamlılıq mexanizmlərinin molekulyar səviyyədə tədqiqinə, ən müasir metodların köməyi ilə genetik aparatın öyrənilməsi, canlı hüceyrənin energetikası şifrinin açılması, yeni biotexnoloji üsulların hazırlanmasına yönəldilmiş elmi-tədqiqat işləri respublikanın ərzaq təminatında böyük rol oynamışdır.

Azərbaycanda biokimya, biofizika elminin inkişafı, biologiya elminin molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, bioinformatika, bioenergetika və s. kimi müasir istiqamətlərinin yaranması, geniş vüsətlə inkişaf etdirilməsi və beynəlxalq səviyyədə tanınması, zəngin flora biomüxtəlifliyinin qorunması üzrə əldə olunan nailiyyətlər məhz akademik Cəlal Əliyevin böyük uzaqgörənliyi və himayədarlığı sayəsində həyata keçmişdir.

Hələ 1995-ci ildə respublikamız müstəqillik əldə etdikdən az sonra Cəlal Əliyev FAO-nun 4-cü konfransına hazırlıq mərhələsində bitkilərin genetik ehtiyatlarının vəziyyətini əks etdirən ölkə məruzəsinin hazırlanması ilə bərabər, Milli Proqramın da yaradılması, FAO-ya təqdim edilməsi barədə təşəbbüs irəli sürmüş və bu işə özü rəhbərlik etmişdir. Görkəmli alim bu problemin tək bir ölkənin deyil, bütün bəşəriyyətin problemi olduğunu və onun həlli yollarının tapılmasının planetimizdə ərzaq bolluğunun təminatına kömək edəcəyini öncədən dərk edərək, 1996-cı ildən başlayaraq "Azərbaycan Respublikasının Bitki Genetik Ehtiyatlarının Milli Proqramı" layihəsinə rəhbərlik etmiş və 2001-ci ildə onu hazırlayaraq təqdim etmişdir. Bu proqram akademik C.Ə.Əliyevin XXI əsrə təqdim etdiyi ən qiymətli töhfə olmuşdur.

"Azərbaycanın nadir və nəsli kəsilməkdə olan 300 bitki və göbələk növlərini əhatə edən "Qırmızı Kitab"ın 2-ci nəşrinin çapa hazırlanması kimi dövlət əhəmiyyətli  iş də 2013-cü ildə məhz akademik C.Əliyevin rəhbərliyi ilə yerinə yetirilmişdir. Bu işlərin böyük əksəriyyətinin Botanika İnstitutunda, əsası şəxsən Cəlal Əliyevin özü tərəfindən 1976-cı ildə qoyulmuş "Bioloji məhsuldarlığın fundamental problemləri" şöbəsində aparılmasından böyük fərəh və qürur hissi duyuruq.

1999-cu ildə FEBS-in XXVI qurultayında Azərbaycan Biokimyaçılar Cəmiyyətinin Avropa Biokimyaçılar Federasiyasına, 2000-ci ildə Bitki Fizioloqlarının Avropa Federasiyasının XII Konqresində Azərbaycan Bitki Fizioloqları Cəmiyyətinin həmin federasiyaya üzv qəbul olunması da akademik C.Ə.Əliyevin gərgin əməyinin nəticəsidir.

Hal-hazırda akademik Cəlal Əliyevin bilavasitə rəhbərliyi, diqqət və qayğısı nəticəsində bioloq alimlərimiz tərəfindən bitkilərin həyat fəaliyyətinin, onların abiotik və biotik stres amillərinə cavab reaksiyalarının tədqiqi, bitkilərin müxtəlif xəstəlik, zərərvericilər və alaq otlarından səmərəli mühafizəsi üçün inteqrir bitki mühafizəsi sisteminin elmi əsaslarının hazırlanması və tətbiqi  istiqamətində hərtərəfli tədqiqat işləri aparılır. Botaniki, texnoloji, tibbi cəhətdən, fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində, molekulyar-genetik mexanizmlərin öyrənilməsinə həsr olunmuş və son nəticədə kənd təsərrüfatı və sənayenin insanların mənafeyi naminə idarə olunmasına doğru yönəldilmiş bu elmi-tədqiqat işləri beynəlxalq miqyasda geniş tanınır və qiymətləndirilir. Akademik Cəlal Əliyevin əksəriyyəti ölkə hüdudlarından kənarda, dünyanın ən mötəbər elmi dərgilərində çap olunmuş 600-dən çox elmi əsəri, 25 monoqrafiya və kitabları, o cümlədən, son 20-30 ildə öz nəzəri və tətbiqi düşüncələrinin harmonik şəkildə ifadə olunduğu fundamental əsərləri ilə elmi mənbələri xeyli zənginləşdirilmişdir. Bu yaxınlarda ABŞ-ın "Nova" elm nəşriyyatında akademik Cəlal Əliyevin "Buğda (Triticum L.) genotiplərinin quraqlığa davamlılığının biokimyəvi və fizioloji əsasları" adlı icmal məqaləsi nəşr olunmuşdur. "Quraqlıq: yeni tədqiqatlar" kitabına daxil edilmiş və burada ilk səhifələrdə özünə yer alan məqalə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Uzun illərin tədqiqatlarını əhatə edən bu icmalda çoxsaylı buğda genotiplərinin quraqlıq şəraitinə adaptasiyasının biokimyəvi və fizioloji mexanizmləri ətraflı təqdim edilmişdir. Bu, alimin son illərdə dünyanın nüfuzlu nəşrlərində dərc edilmiş əsərlərinin bir nümunəsidir.

Bütün bunlar onun hüdudu görünməyən dərin zəkası, işgüzarlığı və əldə etdiyi nəticələrinin araşdırılmasına son dərəcə böyük diqqət və məsuliyyətlə yanaşması sayəsində başa gəlmişdir. Bu baxımdan, akademik Cəlal Əliyevinin iş prinsipləri həmişə öyrənilməli və örnək kimi əsas tutulmalıdır. Alimin müəyyən zamanda  təzyiqlərə məruz qalmasına baxmayaraq, öz fəaliyyətini bir an belə dayandırmadan, xalqımızın ən çətin və problemli məsələlərinə həsr etdiyi elmi, eləcə də ictimai-siyasi baxımdan qiymətli tədqiqat işləri hələ öyrənilməli və həmişə təbliğ olunmalıdır.

Həyatını elmə bağlayan hər bir şəxs bu nurlu simaya həmişə arxalana bilər. C.Əliyev elmə fanatikcəsinə  vurğunları həmişə qiymətləndirmiş, çətin anlarda onlara dayaq olaraq inamla irəli getmələri üçün zəmin yaratmışdır. Onun rəhbərliyi altında hazırlanmış və müasir elmin əsas potensial qüvvəsini təşkil edən 100-ə yaxın elmlər doktoru və fəlsəfə doktorlarından ibarət "CƏLAL ƏLİYEV MƏKTƏBİ" dediyimiz fikirlərin bariz nümunəsidir. Hələ keçən əsrin 70-80-ci illərində akademik Cəlal Əliyev gənc mütəxəssislərin keçmiş sovetlər məkanı və dünyanın digər qabaqcıl elmi müəssisələrində təcrübə qazanmalarını təmin etmişdir. İndi akademikin tələbələrinin sorağı ABŞ, Yaponiya, İngiltərə, Fransa, Almaniya, Avstraliya, Rusiya və s. ölkələrin müasir elmi-tədqiqat mərkəzlərindən gəlir. Onlar qayğıkeş müəllimləri ilə görüşmək üçün vaxtaşırı Bakıya səfərlər edir, beynəlxalq səviyyəli seminarlarda çıxış edərək, öz bilik və təcrübələrini həmkarları ilə bölüşürlər.

Hörmətli Cəlal müəllim 85 illik yubileyini sonu görünməyən elmi axtarışlar və yaradıcılıq əzmi ilə qarşılayır. Bu münasibətlə 5-9 iyun 2013-cü il tarixində paytaxtımız Bakı şəhərində Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (ISPR) təşəbbüsü ilə "Davamlılıq üçün fotosintez tədqiqatları - 2013: akademik Cəlal Əliyevə həsr olunur" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda fotosintez prosesini hərtərəfli əhatə edəcək geniş müzakirələr aparılacaq və konfrans materialları "Biochemica et Biophysica Acta (Bioenergetics)" və "Plant Physiology and Biochemistry (PPB)" kimi nüfuzlu beynəlxalq jurnalların xüsusi buraxılışlarında dərc olunacaqdır.

Dünyanın ən qabaqcıl elm ocaqlarından görkəmli alimlərin qatılacağı beynəlxalq statuslu bu möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ilk növbədə Azərbaycan xalqının  fəxri olan akademik Cəlal Əliyevin şəxsiyyətinə olan dərin hörmət və diqqət kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda Cəlal Əliyevin uzun illər boyu fotosintez və fototənəffüs proseslərinin öyrənilməsi üzrə aparılan intensiv elmi-tədqiqat işləri,  əldə olunan misilsiz nəticələr əsasında bu sahənin "qaranlıq" məqamlarına aydınlıq gətirməsi ilə baglıdır. Alim bitkilərdə fototənəffüsün israfçılıq olması haqqında dünya elmində uzun illər boyu mövcud olan təsəvvürlərin və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə bu prosesi azaltmaq cəhdlərinin əsassız olduğunu ilk dəfə sübut edərək, onun təkamül nəticəsində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biri olması haqqında elm üçün çox dəyərli konsepsiya irəli sürmüşdür.

Bu mühüm tədbir akademik C.Əliyevin yaratdığı fundamental elmi bazanın və yüksəkixtisaslı mütəxəssislərdən ibarət məktəbin beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edildiyinin ifadəsi olaraq, çox şübhəsiz, respublikamıza da şərəf gətirəcək və elmin daha sürətlə inkişaf etməsinə təkan verəcəkdir.

Botanika İnstitutunun bütün əməkdaşları adından akademik Cəlal Əliyevi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona sağlamlıq, qərinələrcə ömür və həmişə xoş günlər keçirməsini arzulayaraq, elmi-təşkilati, pedaqoji və ictimai-siyasi fəaliyyət sahələrində daha böyük uğurlar qazanması üçün tükənməz enerji diləyirik.

Biz yarım əsrdən çox tarixə malik elm salnaməsi yaratmış bu müdrik şəxsiyyətin, görkəmli alimin, həmişə obyektiv və öz prinsiplərinə sadiq qalan siyasi xadimin, mütərəqqi ideyalar carçısının, qəlbi həmişə öz xalqına məhəbbətlə döyünən Cəlal Əlirza oğlu Əliyevin müasiri olduğumuzdan böyük qürur və şərəf hissi duyaraq,  gələcəkdə də onun zəngin elmi bazasından faydalanacağımıza ümidlər bəslədiyimizi bildirir və Azərbaycanda biologiyanın yeni istiqamətlərinin beynəlxalq səviyyədə inkişafı naminə çəkdiyi zəhmətin hesabına qazanılmış müvəffəqiyyətlərin sırasının daha davamlı olmasını arzu edirik.

 

V.M.ƏLİZADƏ,

AMEA Botanika İnstitutunun direktoru, b.e.d., professor

 

Elm.- 2013.- 30 may.- S.25.