Dünya
şöhrətli alim
Dünya əhalisinin
sürətlə artdığı, bioehtiyatların və ənənəvi
seleksiyanın imkanlarının məhdudlaşdığı,
aqroekoloji sistemlərin antropogen təzyiqin və qlobal iqlim dəyişikliklərinin
intensivləşməsi nəticəsində deqradasiyaya
uğramaqda olduğu bir şəraitdə dövlətin
iqtisadi əsaslarından biri olan ərzaq təhlükəsizliyinin
təmin olunması və ətraf mühitin mühafizəsi
qarşıda kəskin bir problem kimi durmaqdadır. Bioloji
müxtıliflik, xüsusən də bitkilər aləminin
genetik zənginliyi bu problemlərin həllində, həyatın
qorunmasında, bəşəriyyətin rifah halının təmin
olunmasında ən mühüm vasitələrdəndir. Son
onilliklərdə elmi-texniki tərəqqinin sürətli
inkişafına, yeni sintetik qida və xalq istehlakı
mallarının kəşf və istehsal edilməsinə
baxmayaraq, bitki genetik müxtəlifliyinin bəşəri əhəmiyyəti
nəinki azalmış, hətta hissedilən dərəcədə
artmışdır. Canlı təbiətin
bütövlükdə, tam olaraq qorunması və gələcək
nəsillərə mümkün qədər daha çox
növün çatdırılması, eləcə də
genetik ehtiyatların səmərəli, sabit istifadəsi Yer
kürəsində həyatın davamı baxımından
çox vacibdir.
Eyni
zamanda kənd təsərrüfatı sistemlərində və
ərzaq istehsalında istifadə baxımından real və
potensial əhəmiyyət daşıyan bioloji müxtəlifliyin,
xüsusən də mədəni bitkilərin və onların
yabanı əcdadlarının nəzarətdə
saxlanması, qorunub-saxlanması vacibdir. Yabanı əcdad
bitkilər mədəni bitkilərdə olmayan bir sıra
davamlılıq genlərinin
daşıyıcısıdır, yeni bitki sort və
formalarının yaradılması və ayrı-ayrı əlamətlərin
yaxşılaşdırılması üçün qiymətli
mənbədir. Bu ehtiyatların tükənməsi, müxtəlifliyin
itməsi həmin mənbələrdən məhrum olmaq deməkdir.
Bütün
bu faktlar genetik ehtiyatlara istiqamətlənmiş
strategiyaların və fəaliyyət proqramlarının
hazırlanması və həyata keçirilməsi sahəsində
intensiv elmi tədqiqatların aparılmasını zəruri
edir.
Məlumdur
ki, hər hansı bir elm qarşısında duran strateji tələblərin,
istiqamət və vəzifələrin müəyyənləşdirilməsi
həmin elm sahəsinin inkişafı üşün
başlıca şərtdir. Bu fakt həmçinin biomüxtəlifliyə
da şamil edilə bilər. Azərbaycanda biologiya və kənd
təsərrüfatı elmlərinin bioloji müxtəlifliyə
aid olan bütün sahələrinin istiqamətləndirilməsində,
müvafiq tədqiqatlara müasir elm sahələrinin, o
cümlədən, biotexnologiya və informasiya
texnologiyalarının cəlb olunmasında ən görkəmli
və müstəsna rol 85 illik yubileyini bu günlərdə
qeyd etdiyimiz dünya şöhrətli alim, akademik Cəlal Əliyevə
məxsusdur.
Bu
böyük elm xadiminin dahi uzaqgörənliklə müvafiq
sahələrdə hələ bir neçə on il əvvəl
qarşıya qoyduğu əsas vəzifələr biomüxtəlifliyin
ekosistem və molekulyar-genetik səviyyələrdə öyrənilməsi,
bitki müxtəlifliyinin inventarlaşdırılması, məqsədyönlü
toplanaraq etibarlı mühafizə edilməsi, hərtərəfli
qiymətləndirilməsi, genofond nümunələrindən
gen mühəndisliyi və biotexnologiya metodları ilə
seleksiya proqramlarında səmərəli istifadə edilməsinin
elmi əsaslarının araşdırılmasından, nəticələrin
geniş şəkildə yayılması və tətbiq edilməsindən
ibarətdir.
Akademik
C.Ə.Əliyevin rəhbərliyi ilə son onilliklər ərzində
canlı floranın əhəmiyyətli hissəsinin öyrənilməsi,
itmək təhlükəsi qarşısında olan növlərin
genetik eroziya səviyyəsinin qiymətləndirilməsi və
diqqətdə saxlanılması, ekotip və,
populyasiyaların gələcək inkişaf dinamikası ilə
bağlı proqnozların verilməsi mümkün olmuş,
in situ və on-farm idarəetmənin müvafiq metodologiya və
strategiyaları hazırlanmışdır.
Bu
istiqamətdə işlərə Cəlal müəllim
öz ardıcılları ilə birgə hələ ötən
əsrin 70-ci illərindən başlamışdı. Lakin
80-ci illərin sonu, 90-cı illərin əvvəllərində
Qarabağ müharibəsinin və keçid
dövrünün yaratdığı problemlər, Sovetlər
Birliyinin dağılması nəticəsində elmi əlaqələrin
zəifləməsi, akademik Cəlal Əliyevə və yetirmələrinə
olan yersiz təzyiqlər biomüxtəlifliyin mühafizəsi
və səmərəli istifadəsi ilə bağlı tədqiqatlara
da öz mənfi təsirini göstərməyə bilməzdi.
Müstəqilliyin
ilk illərində yenidən dirçəlməkdə olan
respublikada təcili priventiv addımların atılmasına
ciddi zərurət yaranmışdı. Bu zərurətin
yüksək səviyyədə dərk olunması nəticəsində
1995-ci ildə Kənd Təsərrüfatı Nazirliyində
akademik C.Əliyevin rəhbərliyi ilə Bitki Genetik
Ehtiyatları Komissiyası yaradıldı. Onun şəxsi təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə ölkənin bitki
genetik ehtiyatları ətraflı təhlil olunaraq I Ölkə
Məruzəsi hazırlandı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatına (FAO) təqdim edilərək, beynəlxalq
ekspertlər tərəfindən təhlillərin dərinliyi
və irəli sürülən müddəaların istifadəsi
baxımından çox yüksək qiymətləndirildi.
1990-cı
illərin ortaları həm dünyada, həm də Azərbaycanda
bitki genetik ehtiyatları sahəsində yeni bir dövrün əsasının
qoyulması ilə əlamətdar olmuşdur. Burada, ilk
növbədə, 1996-cı ildə Leypsiq şəhərində
FAO-nun dəstəyi ilə keçirilən Beynəlxalq
konfransda akademik C.Əliyevin şəxsən fəal
iştirakı ilə Ərzaq və Kənd Təsərrüfatı
Bitkilərinin Mühafizəsi və Səmərəli
İstifadəsinə dair Qlobal Fəaliyyət Planının
(QFP) qəbul edilməsi qeyd edilməlidir.
Akademik
Cəlal Əliyev FAO-nun konfransına mədəni bitkilərin
və onların yabanı əcdadlarının tədqiqat
istiqamətləri ilə bağlı uzaqgörən ideyalar və
hazır proqramlarla getmişdi. Onun təklifləri konfrans
iştirakçıları tərəfindən qəbul edilərək
QFP-nin ayrı-ayrı bəndlərinin hazırlanmasında
istifadə olunurdu. Şəksiz ki, onun bu qədər
böyük elmi nüfuza və təsiredici qüvvəyə
malik olması fəxarət hissi doğururdu.
Ancaq
burada bir məsələyə də diqqət çəkmək
vacibdir. Cəlal müəllim konfransa həmçinin Azərbaycanın
Qarabağ uğrunda haqlı müharibəsini, qaçqın
və məcburi köçkünlərin taleyini, eyni zamanda
Qarabağda talan edilmiş bioloji müxtəlifliyi əks etdirən
çoxlu miqdarda materiallar, o cümlədən filmlər də
götürmüşdü.
Əslində
təsiredici bir faktdır ki, akademik Cəlal Əliyev
iştirak etdiyi bütün beynəlxalq tədbirlərin
yüksək kürsülərindən doğma
Qarabağın, müqəddəs torpaqlarımızın erməni
işğalçıları tərəfindən xaincəsinə
zəbt edilməsini, 1 milyon 200 min nəfərdən artıq əhalinin
öz doğma yurd-yuvasından didərgin düşməsini
ürək ağrısı ilə dəfələrlə bəyan
etmiş, ermənilərin başladığı bu müharibənin
biomüxtəlifliyə, təbiətə vurduğu ziyanı
xüsusi vurğulamışdır. Respublikanın bu bölgəsində
olan ən nadir meşə ağacları vəhşicəsinə
qırılmış, digər qiymətli bitki
örtüyü talan edilmiş,
yandırılmışdır. FAO-nun bu konfransında da o,
bunu xüsusilə vurğuladı ki, bitki genetik ehtiyatları
dünyanın hər yerində bütün bəşəriyyətə
məxsusdur. Harada olursa-olsun, onun talan edilməsi yolverilməzdir.
Belə hallar dünya üzrə daha böyük təbii fəlakətlərə
gətirib çıxara bilər. Ona görə də Cəlal
müəllim konfrans iştirakçılarına bu məsələ
barədə xüsusi bəyanat qəbul olunmasını təklif
etdi. Məruzənin müzakirəsi zamanı həmin məsələ
ilə əlaqədar o, əlavə iki dəfə söz
aldı və müharibənin Azərbaycan florasına
vurduğu ziyanı aradan qaldırmaq üçün dünya
elmi ictimaiyyətinin diqqətinin bu məsələyə
yönəldilməsinin vacibliyini təkrarən xüsusi
vurğuladı. Ermənistan Respublikasının
işğalçılıq hərəkətlərini pisləyən
bəyanatın qəbul olunmasının vacib olduğu konfrans
iştirakçılarının nəzərinə bir daha
çatdırıldı. Nəhayət, belə gərgin
fikir mübadiləsindən sonra konfransın ikinci
günündə qəbul olunan qətnaməyə keçmiş
ittifaq respublikalarından fərqli olaraq Azərbaycan
Respublikası barədə xüsusi bənd əlavə
olundu.
QFP-nin
tarixi əhəmiyyətini nəzərə alaraq demək olar
ki, Azərbaycanda bu planın yerinə yetirilməsi üzrə
bütün fəaliyyətlərin başında C.Əliyev
kimi praqmatik bir liderin durması inkişaf yolunun
aydınlığının rəhni idi. Onun Bitki Genetik
Ehtiyatlarına dair Milli Proqramın hazırlanmasında və
ölkədə BGE üzrə strateji xəttin müəyyənləşdirilməsində
göstərdiyi siyasi iradə və elmi uzaqgörənlik
sonrakı on il ərzində öz bəhrəsini
vermişdir. Bütün bu fəaliyyətlər, eləcə
də elmi seleksiya sahəsində
aparılan işlər beynəlxalq ekspertlər tərəfindən
yüksək qiymətləndirilmiş və Azərbaycan
FAO-ya tamhüquqlu üzv qəbul olunmuşdur.
Bitkilərin
genetik ehtiyatlarının insan tərəfindən
yaradılmış zənginliyinin mühafizə edilməsində
beynəlxalq birliyin gücündən istifadə
olunmasının vacibliyini nəzərə alaraq, ölkəmizin
beynəlxalq elmi əlaqələrinin inkişafında, Azərbaycanın
dünya elmi mərkəzlərinə, birliklərinə daxil
olmasında əvəzsiz xidmətlər göstərən
akademik C.Əliyevin təşəbbüsü və bilavasitə
rəhbərliyi ilə dünya standartlarına uyğun olaraq
"Seleksiya nailiyyətlərinin sınağı və
mühfizəsi" üzrə qanun hazırlanmış və
Milli Məclis tərəfindən 1996-cı ildə qəbul
edilmişdir. Qanun beynəlxalq ekspertlər tərəfindən
bəyənilmiş və UPOV-un (Yeni Bitki Sortlarının
Mühafizəsi üzrə Beynəlxalq İttifaq) 34-cü
sessiyasında Azərbaycan bu təşkilata üzv qəbul
olunmuşdur. Beynəlxalq miqyasda tanınmış görkəmli
alim həmin sessiyada çıxış edərək
iştirakçılara respublikanın müxtəlif
ekoloji-coğrafi şəraitində əmələ gələn,
xalq tərəfindən və elmi seleksiya yolu ilə
yaradılan bütün bitkilərin zəngin genofondunun
toplanması, yeni yüksək məhsuldar sortların
yaradılması və mövcud olanların
yaxşılaşdırılması üçün səmərəli
iş aparıldığı barədə geniş məlumat
vermişdir. Akademik onu xüsusi vurğulayaraq göstərmişdi
ki, heç bir ölkə ayrılıqda BGE-dən səmərəli
faydalana bilmədiyi kimi, onun mühafizəsi də təcrid
olunmuş halda mümkün deyildir. BGE-nin zənginliyinin
mühafizə edilməsində, ondan seleksiya məqsədilə
istifadə olunmasında və seleksiyaçıların
hüquqlarının qorunmasında beynəlxalq təşkilatların
gücündən bəhrələnmək çox önəmlidir.
Hələ
1992-cü ildə dünyanın 150-dən çox ölkəsi
tərəfindən imzalanmış və biomüxtəlifliyin
bəşəriyyətin ümumi səyi ilə
qorunmasını nəzərdə tutan Bioloji Müxtəlifliyə
dair Beynəlxalq Konvensiya Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən 14 mart 2000-ci ildə ratifikasiya
olunmuşdur. Genetik ehtiyatlarla bağlı kompleks tədbirlərin
həyata keçirilməsini təmin etmək məqsədi
ilə ümumilli lider Heydər Əliyev 2001-ci ildə
Dövlət Komissiyası yaratmışdır. Akademik C.Əliyevin
rəhbərliyi ilə 2004-cü ildə Biomüxtəlifliyə
dair I Ölkə Məruzəsi, Bioloji Müxtəlifliyin
Mühafizəsi və Səmərəli İstifadəsinə
dair Milli Strategiya və Fəaliyyət Planı
hazırlanmış, Azərbaycan Respublikasının
Prezidenti, Heydər Əliyev siyasi xəttinin layiqli
davamçısı cənab İlham Əliyevin sərəncamı
ilə təsdiq (2006) edilmişdir.
Təbiətcə
böyük islahatçı, novator alim və təşkilatçı
olan Cəlal müəllim genetik ehtiyatlarla bağlı hərtərəfli
elmi fəaliyyətləri və koordinasiya işlərini
gücləndirməyi, Azərbaycanda ilk dəfə olaraq
genetik bank yaratmağı, genetik ehtiyatların toplanması,
inventarlaşdırılması, mühafizəsi və səmərəli
istifadəsinin elmi əsaslarının
hazırlanmasını və tətbiqini həyata keçirməyi
qarşıya bir məqsəd kimi qoymuşdur. 2003-cü ildə
Nazirlər Kabinetinin qərarı ilə bu məqsədlərin
həyata keçirilməsində həlledici rol oynaya biləcək
bir mərkəz - Genetik Ehtiyatlar İnstitutu (GEİ)
yaradılmışdır.
İnstitut
fəaliyyətdə olduğu müddət ərzində Milli
Proqramın rəhbəri C.Ə.Əliyevin istiqamətverici
göstərişləri, tövsiyə və məsləhətləri
ilə milli sərvətlərimizin qorunması naminə
ardıcıl və məqsədyönlü fəaliyyət
göstərmiş, mədəni bitkilərin və onların
yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə
və nəsli kəsilməkdə olan cinslərin, növlərin,
aborigen sort və formaların toplanması, bərpası,
çoxaldılması, davamlı, yüksək məhsuldar,
keyfiyyətli nümunələrin aşkar edilərək
seleksiya işinə cəlb edilməsi və bu sahədə
ölkənin müvafiq institutlarının fəaliyyətlərinin
əlaqələndirilməsi ilə ciddi şəkildə məşğul
olmağa başlamışdır.
İnstitutda
Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə
olaraq, orta və uzunmüddətli saxlama şəraiti olan
Milli Genbank yaradılmış, burada və genofond
bağlarında dənli-taxıl, dənli-paxlalı, meyvə
və giləmeyvə, tərəvəz-bostan, yem, dərman və
qeyri-ənənəvi bitkilərin çox böyük elmi və
praktiki dəyərə malik 385 cinsə, 1100 növə aid
nadir, qiymətli xalq seleksiyası sortlarının, endemik,
relikt formalarının 12000-ə qədər nümunəsi
toplanmışdır. Bu qiymətli genetik fond təsərrüfat
əhəmiyyətli genlərə, yüksək keyfiyyət tərkibinə
malik, biotik və abiotik stres amillərə davamlı donor
formaların aşkar edilərək səmərəli istifadə
olunması məqsədi ilə hərtərəfli qiymətləndirilir.
İnstitut
yuxarıda sadalanan bütün sahələrdə beynəlxalq
və regional təşkilatlar (FAO, ECPGR - BGE üzrə Avropa Əməkdaşlıq
Proqramı, ICARDA - Quraq Ərazilərdə Kənd Təsərrüfatı
Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, CIMMYT
- Buğda və Qarğıdalının
Yaxşılaşdırılması üzrə Beynəlxalq
Mərkəz, Beynəlxalq Biomüxtəliflik İnstitutu, BGE
üzrə Beynəlxalq Etimad Fondu və s.), xarici ölkələrin
(Türkiyə, ABŞ, Rusiya, Polşa, Niderland, Yaponiya, Fransa,
Meksika və s.) elmi müəssisələri və
genbankları ilə sıx əməkdaşlıq əlaqələri
quraraq birgə fəaliyyətlər həyata keçirir. Bu əlaqələrin
qurulması və inkişafında akademik C.Əliyevin
çox böyük rolu olmuşdur. BGE sahəsində
bütün beynəlxalq təşkilatlarda,
tanınmış elmi dairələrdə, Proqram və Şəbəkələrdə
onun çox böyük nüfuzu və hörməti
vardır. BGE sahəsində hər bir beynəlxalq tədbirdə,
tanınmış beynəlxalq mərkəzlərdə
keçirilən görüşlərdə böyük azərbaycanlı
alimin xidmətləri xatırlanır, bu da Azərbaycana
etibarı və hörməti artırır.
Son 10
ildə C.Əliyevin istiqamətverici rəhbərliyi ilə,
ilk dəfə olaraq, Azərbaycanın BGE üzrə
İnformasiya Sisteminin yaradılması Milli Proqramın həyata
keçirilməsində növbəti mərhələ
olmuşdur. Heç kimə sirr deyil ki, müasir elmin
inkişafının müxtəlif elm sahələrinin inteqrasiyası
əsasında aparılacağının qaçılmaz
olması haqqında akademik C.Əliyevin məşhur və
dahiyanə hipotezi ötən 20-30 il ərzində
özünün tam təsdiqini tapmışdır. Azərbaycanda
biologiya elminin, xüsusən də biomüxtəliflik üzrə
elmi tədqiqatların inkişafında onun cəlb etdiyi
kimyaçıların, fiziklərin,
riyaziyyatçıların, informasiya texnologiyaları üzrə
mütəxəssislərin böyük rolu olmuşdur. Məhz
bioloji ehtiyatlara ünvanlanmış yeni elm sahələrinin
inkişafı əsasında BGE üzrə Milli İnformasiya
Sisteminin yaradılması bu mənada xüsusi qeyd edilməlidir.
İnformasiya sistemi çərçivəsində Azərbaycanın
ex situ bitki ehtiyatlarının pasportlaşdırılması əsasında
Mərkəzi Məlumat Bazası yaradılaraq BGE üzrə
Avropa İnternet Axtarış Kataloqunun (EURISCO) və FAO-nun
saytlarında yerləşdirilmişdir.
2006-cı
və 2011-ci illərdə akademik C.Əliyevin rəhbərliyi
ilə Azərbaycanda QFP-nin yerinə yetirilməsinin monitorinqləri
həyata keçirilmiş, ilk dəfə olaraq, BGE üzrə
ölkə şəbəkəsi və Milli İnformasiya
Mübadiləsi Mexanizmi (MİMM) qurulmuş, mexanizmin Məlumat
Bazası və internet portalı yaradılmış və
inkişaf etdirilmiş, BGE-nin vəziyyətini əks etdirən
və fəaliyyətlərin gələcək
planlaşdırılmasında və II Dünya
Hesabatının hazırlanmasında strateji əhəmiyyət
daşıyan II Ölkə Hesabatı
hazırlanmışdır. BGE üzrə İdarəedici
Komitənin rəhbəri kimi həm ümumən monitorinqlərin
həyata keçirilməsində, həm də bütün tədbirlərin
yüksək səviyyədə baş tutmasında C.Əliyevin
xidmətləri və rolu həlledici olmuşdur.
Akademik
C.Əliyevin adının və rəhbərliyinin məsuliyyətini
yaxşı dərk edən institut əməkdaşları
bir çox beynəlxalq və regional şəbəkələrdə
Azərbaycanı uğurla təmsil edirlər. İnstitutun
apardığı məqsədyönlü fəaliyyət sayəsində
Azərbaycan 2004-cü ildən ECPGR-nin tamhüquqlu
üzvüdür.
Akademik
C.Əliyev BGE-nin öyrənilməsi üzrə qabaqcıl
beynəlxalq elm mərkəzləri, laboratoriyalar və
tanınmış elm xadimləri ilə birgə tədqiqat
işlərinə və kadr hazırlığına hər
zaman böyük önəm vermişdir. GEİ Cəlal
müəllimin bu sahədəki göstərişlərini
daim rəhbər tutmuş, digər müvafiq ölkə
institutlarının da dünyaya çıxışında
mühüm rol oynamışdır. Dünyanın (ICARDA,
CIMMYT, BB, həmçinin ABŞ Vaşinqton Dendrarisi və
Kaliforniya Universiteti, Fransa Kənd Təsərrüfatı Tədqiqatları
Mərkəzi (INRA), VIR, Yaponiyanın Okoyama Universiteti, Slovakiya
Bitkiçilik İnstitutu, Macarıstan Kənd Təsərrüfatı
Tədqiqatları İnstitutu və s.) və ölkənin
elmi-tədqiqat institutları (ET Əkinçilik İnstitutu,
AMEA Mərkəzi Nəbatat Bağı, Mərdəkan
Dendrarisi, Naxçıvan Bioresurslar İnstitutu və s.) və
təhsil müəssisələri (Azərbaycan Dövlət
Aqrar Universiteti, digər universitetlərin müvafiq
kafedraları) ilə birgə müştərək elmi-tədqiqat
işləri getdikcə daha da intensivləşdirilir.
Milli
Genbankın dənli taxıl və paxlalı bitkilər
kolleksiyaları FAO və Qlobal Etimad Fondu tərəfindən
dünya miqyasında prioritet kolleksiyalar kimi seçilərək
fondun dəstəyi ilə 2008-2012-ci illərdə bərpa fəaliyyətlərinə
cəlb edilmişdir. Bərpa edilərək öyrənilmiş
kolleksiya nümunələri etibarlı mühafizə məqsədi
ilə Norveç Krallığının Şpisbergen
adasında daimi buzlaqda yaradılmış Qlobal Genbanka
(Svalbard Global Seed Vault) və digər beynəlxalq genbanklara
göndərilmişdir.
Azərbaycanda
meyvə və paxlalı bitkilərin virus xəstəliklərinin
öyrənilməsi üzrə əsasları akademik C.Əliyev
tərəfindən müəyyənləşdirilmiş beynəlxalq
layihələr (məsələn, Fransa, Almaniya, Türkiyə,
Çin və s. ölkələrin elmi tədqiqat müəssisələri
ilə birgə "Azərbaycanda çəyirdəkli meyvə
bitkilərinin virus xəstəlikləri və davamlı
genotiplərin axtarışı") icra olunur, kadr
hazırlığı həyata keçirilir.
Cəlal
müəllimin tövsiyələrindən biri də respublika
ərazisində daimi ekspedisiya tədqiqatların həyata
keçirilməsinin, bu ekspedisiyalara beynəlxalq mərkəzlərin,
xarici elmi müəssisələrin və alimlərin cəlb
edilməsinin vacibliyindən ibarətdir. GEİ tərəfindən
müntəzəm keçirilən beynəlxalq ekspedisiya tədqiqatları
(son 6 ildə 11 beynəlxalq ekspedisiyada 10 xarici ölkədən
olan alimlər iştirak etmişlər), eləcə də
elmi mübadilə yolu ilə toplanmış ən qiymətli
bitki nümunələri toxum və tarla genbanklarında
etibarlı mühafizə və səmərəli istifadə
olunur.
Kənd
təsərrüfatı sistemlərinin ekoloji
davamlılığına potensial təsir göstərmək
qabiliyyəti olan ixtiyari biomüxtəliflik komponentlərindən
ibarət olan aqrobiomüxtəliyin səmərəli istifadəsi
sahəsində də Akademik Cəlal Əliyevin xidmətləri
əvəzsiz dəyərə malikdir.
Ötən
əsrdə yüksək məhsuldarlığa və əkinçiliyin
intensivləşdirilməsinə imkan verən tədbirlər
kompleksi təbiətin mühafizəsi istiqamətində bəşəriyyət
tərəfindən atılmış ən böyük real
addımlardan biri olan "yaşıl inqilab"ların həyata
keçirilməsi sayəsində mümkün olmuşdur.
Burada genetikanın tətbiqi ilə elmi seleksiya sahəsində
XX əsrin ikinci yarısında əldə edilmiş nailiyyətlərin,
eləcə də alınmış nəticələrin
geniş şəkildə tətbiqinin rolunu xüsusi qeyd etmək
lazımdır. Akademik C.Əliyevin rəhbərliyi ilə əldə
edilmiş nəticələr kənd təsərrüfatı
elminin sıçrayışla irəliləməsini,
biologiyada innovativ nailiyyətlərin və yeni kəşflərin,
eləcə də güclü analiz metodlarının işlənib
hazırlanması sayəsində mümkün olmuşdur. O
yerdə ki, belə yanaşma metodlarının tətbiqi
geniş vüsət alır, orada yüksək nəticənin
alınmasını da çox gözləmək lazım gəlmir.
Akademikin müxtəlif sahələr üzrə
hazırladığı mütəxəssislərin eyni bir məsələni
dərin elmi araşdırma və yüksək təşəbbüskarlıqla
həll etməsi, qarşıya qoyulmuş vahid məqsədə
ürəkdən xidmət etməsi aqrar elm sahəsində əsl
inqilabi sıçrayışa səbəb olmuşdur. Bunu məhz
"yaşıl inqilab" adlandırırlar.
Bəli,
akademik C.Əliyevin bilavasitə rəhbərliyi və
yaxından köməyi sayəsində bu, günün
reallığıdır. Hətta
"Qaraqılçıq-2", "Mirbəşir-50",
"Vüqar", "Şiraslan-23", "Tərtər",
"Bərəkətli-95", "Əlincə-84",
"Ruzi-84" buğda sortları Özbəkistan və
Türkmənistan respublikalarında hər hektardan 60-95 sentner
məhsul götürülməsini təmin etmişdir. Bu sahədə
akademikin CIMMYT və ICARDA ilə birgə apardığı tədqiqatlar
xüsusi diqqətə layiqdir. Bir sıra hallarda bu və ya
digər təşkilatların mütəxəssislərinin
öz tədqiqatlarında məhz Cəlal müəllimin elmi
araşdırmalarından, istiqamətverici tövsiyələrindən
istifadə etdiklərini bildirmələri hər bir azərbaycanlı
üçün fəxr mənbəyidir. Azərbaycanda bu
istiqamətdə geniş spektrdə tədqiqat işləri
ET Əkinçilik İnstitutunun "Fiziologiya və
biotexnologiya" şöbəsində və AMEA Botanika
İnstitutunun "Bioloji məhsuldarlığın fundamental
problemləri" şöbəsində akademik C.Əliyevin rəhbərliyi
və birbaşa iştirakı ilə uzun illərdir ki
aparılır. Bütün dünyada "yaşıl
inqilabın" baniləri olmuş nəhəng miqyaslı
alimlər ən yüksək mükafatlara layiq
görülür, ən yüksək kürsülərdən
ən əhəmiyyətli tədbirləri idarə etmək
üçün xüsusi dəvət edilirlər. Onların
məsləhətləri hər hansı problemlə
bağlı həlledici əhəmiyyətə malik olur.
Akademik C.Əliyev məhz bu səviyyəli alim və şəxsiyyətdir.
Cəlal
müəllimin yaratdığı sortların kənd təsərrüfatı
sistemlərində tətbiqi aqrobiomüxtəlifliyin
diversifikasiyasına, fermerlər və kənd təsərrüfatı
müəssisələri tərəfindən becərilən
bitkilərin və onların sortlarının qorunması və
müxtəlifliyinin artırılmasına ən böyük
dəstəkdir. Onun BGE-nin milli və dünya genofondunun səmərəli
istifadəsi sahəsində apardığı geniş
miqyaslı fundamental tədqiqatları milli genofondun zənginləşdirilməsində,
ərzaq təhlükəsizliyinin təmin edilməsi və
xalqın rifah halının yüksəldilməsi ilə
davamlı inkişafa nail olunmasında, eləcə də
bioloji ehtiyatların etibarlı mühafizə edilməsində
əvəzsiz tarixi rol oynayır.
Uzun illərdir
ki, Cəlal müəllim bitkilərin genetik müxtəlifliyinin
keşiyindədir. Onun rəhbərliyi və birbaşa
iştirakı ilə biomüxtəliflik və BGE sahəsində
aparılmış tədqiqat işlərinin, dərc etdirdiyi
elmi, elmi-kütləvi və təbliğat xarakterli əsərlərin,
elmi dairələr, fermerlər, qərar qəbulu
üçün məsuliyyət daşıyan şəxslər
və əhali qarşısında, kütləvi informasiya
vasitələrində etdiyi mütəmadi
çıxışlar sayəsində ictimaiyyətin ekoloji
şüurunda biomüxtəlifliyin qorunub-saxlanılması
problemləri ön plana çıxmış, bütün
Yer kürəsinin, o cümlədən də Azərbaycanın
gələcəyinin biomüxtəlifliyin vəziyyətindən
asılılığının dərk edilməsi
reallığa çevrilmişdir.
Azərbaycanda
bu istiqamətlərdə akademik C.Əliyevin rəhbərliyi
ilə göstərilən fəaliyyətlər durmadan davam
etdirilir və getdikcə daha da gücləndirilir.
Əlamətdar
haldır ki, 2011-ci ildə Cəlal müəllimin neçə
illərdən bəri uğrunda
çalışdığı və tövsiyələrini
nəzərə almaqla hazırlanmış "Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında" Azərbaycan Respublikası Qanunu
Milli Məclis tərəfindən qəbul edilmişdir. 2012-ci
ildə həmin qanunun icrası ilə bağlı Respublika
Prezidenti və Nazirlər Kabineti tərəfindən
çoxsaylı sərəncamlar, qərarlar verilmiş, AMEA
Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici
İnstitut elan edildi, institutun genbankına Milli Genbank və
qorunan dövlət obyekti statusları verilmişdir.
İnstitutun əlaqələndiricilik funksiyasını həyata
keçirmək üçün BGE-nin mühafizəsi və
səmərəli istifadəsi üzrə idarəetmə
sisteminə daxil olan Elmi Texniki Şura, eləcə də
ixtisaslaşdırılmış ekspert şuraları və
prioritet fəaliyyət istiqamətləri üzrə
işçi qrupları yaradılmışdır. Hazırda
Cəlal Əliyevin rəhbərliyi ilə "BGE üzrə
Dövlət Proqramının (Milli Proqram)"
hazırlanması işi davam etdirilir.
Nəhəng,
ancaq hələ tam qiymətləndirilməmiş zəngin
milli sərvət olan biomüxtəlifliyin itmək təhlükəsindən
xilası naminə bu gün Genetik Ehtiyatlar üzrə Milli
Proqramın rəhbəri akademik Cəlal Əliyevin rəhbərliyi
ilə atılan addımlar Azərbaycan xalqına ən
böyük töhfədir. İnanırıq ki, bu
addımlar getdikcə daha əsaslı, daha ardıcıl
olacaq, təbiətin bizə bəxş etdiyi canlı xəzinəni
mühafizə və inkişaf etdirərək
xalqımızı firavanlığa və ərzaq
bolluğuna çatdıra biləcəyik.
Zeynal ƏKPƏROV,
AMEA
Genetik Ehtiyatlar İnstitutunun direktoru,
Mədəni
Bitkilərin Genetik Ehtiyatları üzrə Elmi-Texniki
Şuranın sədri, k.t.e.d.
Elm.-
2013.- 30 may.- S.26-27.