Dünya biologiya elminə böyük töhfələr vermiş alim

 

Vətən, torpaq sevgisinin müqəddəs işığında aldığı dəyərli universal nəzəri-tətbiqi nəticələri ilə elmə köklü yeniliklər gətirmiş, dünya biologiya elminin xəzinəsini zənginləşdirmiş, bununla da adını dünyanın tanınmış elm korifeyləri ilə bir sırada yazmış Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cəlal Əlirza oğlu Əliyevin 85 yaşı tamam olur.

 

Azərbaycan qədim əkinçilik diyarıdır. Ölkənin yerləşdiyi ərazinin əlverişli təbii-coğrafi şəraiti burada qədim dövrlərdən əkinçiliyin hərtərəfli inkişafı üçün zəmin yaratmışdır. Arxeoloji qazıntı materialları sübut edir ki, Azərbaycan taxılçılığın əsas formalaşma mərkəzlərindən biri olmuşdur. Taxılçılıqda strateji əhəmiyyət kəsb edən buğdanın orta məhsuldarlığının, ümumi istehsalının artırılması ölkədə daima diqqət mərkəzində saxlanılır. Odur ki, çörək bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da əsas qida mənbəyidir və buğdadan hazırlanan müxtəlif çeşidli məhsullar neçə minilliklərdir ki, əhalinin ərzağa olan tələbatının ödənilməsində önəmli yer tutur. Bu qiymətli ərzaq bitkisinin qorunaraq nəsildən-nəsilə ötürülməsi, ona sitayiş edilməsi, onun yaxşılaşdırılması, istifadə formalarının təkmilləşdirilməsi əsrlər boyu yerli əhalinin müqəddəs borcu olmuşdur. Bu baxımdan fəaliyyət göstərdiyi 60 ildən artıq bir dövr ərzində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun ölkənin ərzaq təhlükəsizliyinin elmi təminatında misilsiz xidmətləri olmuş və tarixdə öz dərin izlərini buraxmışdır. Bu illər ərzində tədqiqatlara yanaşma üsulları və baxışlar dəyişmiş, bir-birini əvəzləyən alimlər öz sələflərinin elmi irsini inkişaf etdirmiş, yerinə yetirilmiş saysız-hesabsız tətbiq və fundamental xarakterli elmi işlərdə buğda, eləcə də prioritet hesab olunan digər bitki sortlarının yaxşılaşdırılması istiqamətində böyük müvəffəqiyyətlər əldə etmişlər. Bu uğurların əldə olunmasında bu il 85 yaşını qeyd etdiyimiz, dünya biologiya elminə böyük töhfələr vermiş əsl elm fədaisi akademik Cəlal Əliyevin misilsiz xidmətləri olmuşdur.

Ömrünün 60 ildən artıq bir hissəsini əsasən müqəddəs nemətimiz olan buğdanın tədqiqinə həsr edən Əməkdar Elm Xadimi, akademik Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Təbiət elmlərinə olan hədsiz məhəbbəti Cəlal müəllimin sonrakı həyat yolunun müəyyənləşdirilməsində həlledici rol oynadı. Belə ki, 1944-cü ildə əvvəlcə o, Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. Hələ üçüncü kurs tələbəsi olarkən C.Əliyev bitkilərin fiziologiyası kafedrasında laborant vəzifəsində işləməyə başlayır və biologiyanın bu sahəsini gələcək elmi fəaliyyəti üçün seçir. Azərbaycan Elmlər Akademiyasının bitkilərin fiziologiyası ixtisası üzrə aspiranturasını bitirən C.Əliyev 1955-ci ildə "Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı 1971-ci ildə "Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı" mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmışdır. C.Əliyev elmi tədqiqat işlərini 1951-ci ildən bu günə kimi Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası (indiki bitkilərin fiziologiyası və biotexnologiya) və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları (indiki bioloji məhsuldarlığın fundamental problemləri) şöbələrində aparır. Altmış ildən artıqdır ki, Cəlal Əliyevin fəal elmi yaradıcılığı kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr olunmuşdur.

 

Buğdanın elmi cəhətdən əsaslandırılmış seleksiyası Azərbaycanda XX əsrin əvvəllərindən geniş vüsət almışdır. Bu illər ərzində Azərbaycanın bir çox bölgələrində ekspedisiyalar keçirilmiş, dörd mindən artıq müxtəlif buğda və digər dənli bitkilər toplanmışdır. Bunlardan istifadə edən seleksiyaçı alimlər bir çox yerli buğda sortları yaratmış və istehsalata tətbiq etmişlər. Bununla belə, respublikada 1950-1970-ci illərdə taxılın orta məhsuldarlığı hər hektara 0,9-1,2 ton təşkil etmiş, ümumi istehsal isə 600-700 min tondan çox olmamışdır.

1970-ci illərdən başlayaraq akademik C.Ə.Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə bu sahədə kəskin dönüş yarandı. İnstitutda ilk növbədə geriliyin aradan qaldırılması üçün uzun bir dövrü əhatə edən hərtərəfli, elmi əsaslı kompleks seleksiya proqramı hazırlandı. Bu proqramın əsas məqsədi ilk növbədə Azərbaycan Respublikasının müxtəlif aqroekoloji şəraitinə uyğun, quraqlığa, duza, yüksək temperatura, soyuğa, şaxtaya, xəstəlik və zərərvericilərə, eləcə də yatmaya kompleks davamlı, kənd təsərrüfatı istehsalının tələblərini ödəyən intensiv tipli, daha yüksək məhsuldar və keyfiyyətli dənli taxıl sortlarının yaradılmasının nəzəri əsaslarının, həmçinin təcrübi üsullarının işlənib hazırlanmasından ibarət idi. Bu işə bitkilərin fiziologiyası, biokimya, texnologiya, genetika, seleksiya, entomologiya və fitopatologiya sahəsində çalışan mütəxəssislər yaxından cəlb edildi.

Keçən əsrin yetmişinci illərində kənd təsərrüfatının bütün sahələrində olduğu kimi taxılçılığın da intensiv üsullarla becərilməsinə başlandıqdan sonra yeni qısa boylu, tezyetişən, yüksək məhsuldar və keyfiyyətli buğda sortlarına tələbat artdı. Həmin illərdə Azərbaycana bir çox ölkələrdən gətirilən qısa boylu buğda sortları tezliklə yerli şəraitə uyğunlaşmadığından xəstəliklərə tutulurdu. Bu zaman müxtəlif institutlarda, seleksiya mərkəzlərində, bölgə təcrübə bazalarında intensiv seleksiya işləri aparılırdı. Lakin yüksək məhsuldar və keyfiyyətli, xəstəliklərə və mühitin əlverişsiz amillərinə davamlı buğda sortlarının yaradılması məqsədilə nəzəri tədqiqatlar aparmaqla seçmə üçün yeni metodların hazırlanmasına və yüksək hazırlıqlı kadrlara böyük ehtiyac duyulurdu.

1970-ci illərə qədər respublikada əkinçilik sahəsində müəyyən kadrlar hazırlansa da, elmi-tədqiqat işləri görülsə də taxıl istehsalını artırmaq, əkinçiliyin digər problemlərini həll etmək mümkün olmamışdır. Həmin dövrdə kadr hazırlığı, texniki təminat və elmi-tədqiqat işlərində dönüş yaratmadan kənd təsərrüfatında böhran keçirən respublikada çətinlikləri aradan qaldırmaq mümkün deyildi. Ölkənin misilsiz milli sərvəti hesab olunan elmi-texniki potensialın yaradılması kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində olduqca zəruri idi. Bu zərurəti akademik C.Ə.Əliyev elmi uzaqgörənliyi, fitri istedadı və yüksək intuisiyası ilə hələ xeyli əvvəllər hiss etmişdi. Zəngin təcrübəyə, böyük elmi zəkaya malik olan akademik çox gözəl bilirdi ki, yüksək istedadlı gəncləri elmi işə yaxından cəlb etməklə, elmi əsaslara istinad etməklə kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına nail olmaq mümkündür.

Uzaqgörən, müdrik alim biologiya, kənd təsərrüfatı və s. üzrə fundamental və tətbiqi sahədə tədqiqat aparmağa qabil kadrların hazırlanmasını ilkin vəzifələrdən biri kimi qarşıya məqsəd qoydu. Bu məqsədlə 1972-ci ildən başlayaraq instituta müxtəlif elmi sahələr üzrə yüksək ixtisaslı kadrlar: bioloqlar, kimyaçılar, aqronomlar, fiziklər, riyaziyyatçılar, mühəndislər cəlb edilərək keçmiş ittifaqın müvafiq elmi mərkəzlərinə əvvəlcə 2 illik ixtisasartırma kurslarına, sonra isə məqsədli aspiranturaya göndərilirdi. Akademik C.Əliyevin misilsiz xidmətidir ki, 80 nəfərdən artıq elmi işçi keçmiş SSRİ-nin nüfuzlu elmi mərkəzlərində biofizika, biokimya, biotexnologiya, torpaq fizikası, aqrokimya, molekulyar biologiya, genetika, molekulyar genetika, bitkilərin fiziologiyası, aqroekosistemin riyazi modelləşdirilməsi, fotosintetik proseslərin riyazi modelləşdirilməsi, radiobiologiya, texniki kibernetika və informasiya nəzəriyyəsi, fitopatologiya, xəstəliyə qarşı bitkilərin immuniteti, quraqlığa davamlılıq üzrə seleksiya, elektron hesablama maşınlarının tətbiqi ilə təcrübi göstəricilərin riyazi işlənməsi və s. sahələr üzrə uzunmüddətli ixtisasartırma kurslarını keçmişlər.

Bunun məntiqi nəticəsidir ki, məqsədli aspirantura da daxil olmaqla Əkinçilik İnstitutunda 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlandı. Onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almış, o cümlədən, bitkilərin fiziologiyası şöbəsində aşağıdakı ixtisaslar üzrə 79 elmlər namizədi hazırlanmışdır: "bitkilərin fiziologiyası"-35, "bitkilərin biokimyası"-12, "biofizika"-16, "molekulyar biologiya"-2, "bioüzvi kimya"-2, "radiobiologiya"-4, "mikrobiologiya"-2, "molekulyar genetika" -1, "riyazi biologiya"-5. Onların 100-nə C.Əliyevin şəxsən özü rəhbərlik etmişdir. Onlardan 11-i elmlər doktorudur. Onun otuza qədər tələbəsi MDB-yə daxil olan, eləcə də ABŞ, Almaniya, Fransa, Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail, Birləşmiş Krallıq, Cənubi Koreya və başqa ölkələrə dəvət olunmuş və hal-hazırda orada müvəffəqiyyətlə çalışırlar. Bu gün akademik C.Əliyevin dünyanın aparıcı elmi mərkəzlərilə apardığı danışıqlar nəticəsində Əkinçilik İnstitutunun bir çox elmi işçiləri dəfələrlə CIMMYT, ICARDA, IPGRI, ICRISAT, ICBA və s. beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə kənd təsərrüfatının müxtəlif prioritet istiqamətləri üzrə beynəlxalq ixtisasartırma kurslarında təhsil almışlar. Təsadüfi deyildir ki, akademik C.Əliyev və onun hazırladığı kadrlar 1993-cü ildə bioloji məhsuldarlıq proseslərinin molekulyar əsaslarının öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər.

Geniş və əhatəli seleksiya proqramı Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi ilə yetmişinci illərdən həyata keçirilməyə başlandı. İlk növbədə bu məqsədlə baş qərargahı Meksikada yerləşən Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Seleksiya Mərkəzinin (CIMMYT), eləcə də keçmiş Sovetlər Birliyinə daxil olan və buğdanın seleksiyası ilə məşğul olan institutların hesabına müxtəlif morfofizioloji əlamətlərə malik zəngin buğda genofondu-gen bankı yaradıldı.

Bu genofond fotosintez əlamətlərinin nəslə keçirilməsi və irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və başlıcası, məqsədyönlü seleksiyanın kompleks əlamətlərə əsasən həyata keçirilməsi üçün istifadə olunmağa başlanmışdır. Bununla da C.Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq buğda seleksiyasının elmi əsaslandırılmış proqramının həyata keçirilməsinin əsası qoyulmuşdur. Bir sözlə, hələ ötən əsrin sonunda qısaboylu intensiv tipli buğda sortlarının məhsuldarlığının artırılmasına görə akademik C.Əliyevin nəzəri və təcrübi tədqiqatlarının nəticəsində əsl "Yaşıl inqilab" baş vermiş və bu, bütün dünyada əks-sədaya səbəb olmuşdur. Buğdanın seleksiyasında əsaslı nailiyyətlərin əldə olunması üçün nəzəri tədqiqatların aparılmasının vacibliyini qabaqcadan görən akademik C.Əliyev bu istiqamətdə tədqiqatları hələ keçən əsrin 70-ci illərdən aparmağa başlamışdır. Buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla bunu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılmışdır. Bununla da Azərbaycanda biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası akademik C.Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlər vasitəsilə buğda bitkisinin genom kitabxanası yaradılmış, sintez olunmuş plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınmışdır. Bunun əsasında gen mühəndisliyindən istifadə etməklə yad genlərin köçürülməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanmışdır. Bu illər ərzində o, daima əldə etdiyi elmi nailiyyətləri dünyanın müxtəlif ölkələrinin və beynəlxalq mərkəzlərin aparıcı mütəxəssislərinin iştirakı ilə tarla şəraitində müzakirəsinə xüsusi diqqət yetirmişdir.

Akademik Cəlal Əliyev uzun müddət aparılmış nəzəri və eksperimental tədqiqatlarla fototənəffüs hadisəsinin əhəmiyyətinin aydınlaşdırılmasına nail oldu. Bu ideya, uzun illər tarla şəraitində müxtəlif bitki genotipləri üzərində aparılan məqsədyönlü və çoxşaxəli tədqiqatların nəticələrinə əsaslanmışdır. Bunun üçün ilk növbədə 10 min buğda genotipini, xəstəliklərə və mühitin qeyri əlverişli amillərinə (quraqlığa, torpaq şoranlığına və s.) davamlı yüksək məhsuldar sortları özündə ehtiva edən zəngin buğda genofondu yaradıldı. Müəyyən olundu ki, yüksək məhsuldar (7-9t/ha) buğda genotiplərə yüksək fotosintez intensivliyi ilə yanaşı yüksək fototənəffüs ölçüləri də xasdır. Orta və aşağı məhsuldarlıqlı (3t/ha) genotiplərdə isə əksinə həm CO2 assimilyasiyası, həm də fototənəffüsün intensivliyi kiçik  qiymətlərə  malik olmuşdur.  Aydınlaşdırıldı ki, müxtəlif məhsuldarlıqlı genotiplərdə həqiqi fotosintezin fototənəffüsə olan nisbəti orta hesabla 3:1-dir. Beləliklə, akademik C.Əliyev fotonəffüsün israfçılığının əksinə olaraq 40 il ərzində tarla şəraitində yetişdirilən və məhsuldarlığına görə təzadlı olan buğda genotiplərindən istifadə edərək qaz mübadiləsinin intensivliyi, karbon metabolizmi və RBFK/O fermentinin aktivliyinə dair aparılmış müxtəlif istiqamətli tədqiqatlarla sübut etdi ki, fototənəffüs təkamüldə formalaşmış olan həyat əhəmiyyətli metabolik prosesdir. O, tədqiqatlarda alınan nəticələrə əsaslanaraq bitkilərdə məhsuldarlığın artırılması üçün fototənəffüsün müxtəlif yollarla zəiflədilməsinin əsassız olduğunu bir daha sübut etdi. Fotosintez və fototənəffüsün əsas fermentlərinin - fosfoenolpiruvatkarboksilaza və fosfoqlüka- latfosfatazanın tam şəkildə nukleotid və aminturşu ardıcıllığı təyin edildi.

Akademik C.Əliyevin əldə etdiyi bu nailiyyətləri, eləcə də ET Əkinçilik İnstitutunda bu əsasda yaradılan buğda sortları və onların respublikada geniş əkin sahəsinə malik olmasını 24-30 iyul 2011-ci il tarixdə Bakıda keçirilən və "Davamlı İnkişaf üçün fotosintez tədqiqatları"na həsr olunmuş beynəlxalq konfransda təmsil olunan 41 ölkənin elm adamları tərəfindən yüksək dəyərləndirildi.

Konfransda Birləşmiş Krallıqdan Fotosintez tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin prezidenti Uilyam Ruzerford, həmin cəmiyyətin sabiq prezidenti Ceyms Barber, Yaponiyadan professor Norio Murata, ABŞ-dan professor Bob Blankenşip, Almaniyadan professor Qernot Reyncer, Macarıstandan professor Qyozo Qarab və başqaları akademik Cəlal Əliyevin uzun müdət fotosintez, xüsusən də fototənəffüs sahələrində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdilər. Bildirildi ki, professor C.Əliyevin bu illər ərzində əldə etdiyi bu nailiyyətlərdən yalnız Azərbaycan xalqı deyil, bütövlükdə dünya elmi də bəhrələnəcək.

Bu baxımdan akademik Cəlal Əliyevin 2012-ci ildə NyuYorkda Dioqo F.Neves və Joao D.Sanzın redaktorluğu ilə çap olunan "Quraqlığa dair yeni tədqiqatlar" kitabında dərc olunan "Quraqlığa davamlı buğda (Triticum L.) genotiplərinin fizioloji və molekulyar əsasları", İsveçdə "Fiziologiya Plantarum" jurnalında nəşr olunan "Buğda və soya genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı" məqalələrində qaldırılan məsələlər və 40 ildən artıq bir dövr ərzində əldə olunan mühüm nəticələr dünya elmi ictimaiyyətinin böyük marağına səbəb oldu.

Artıq keçən əsrin 80-ci illərinin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik C.Ə.Əliyev "İdeal buğda" bitkisinin modelini hazırlamış və onun testləri əsasında seleksiya materiallarının seçilməsi ilə qiymətli formalar yaradılmışdır. Bu model özündə fotosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etmiş, bu əsasda yüksək məhsuldarlığı təyin edən prinsiplər müəyyən edilmişdir. Bütün bunların nəticəsində artıq 1980-ci illərdə bir çox qiymətli buğda hibridləri yaradıldı, respublikamızın müxtəlif regionlarında yerləşən bölgə təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirildi və onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (SNSMDK) təqdim olundu. Aparılan ekoloji sınaqlar və SNSMDK-nin nəticələri əsasında rayonlaşdırılmış "Mirbəşir 50", "Qaraqılçlq - 2", "Vüqar", "Şiraslan - 23", "Tərtər", "Bərəkətli - 95", "Əlincə - 84" bərk, "Mirbəşir - 128", "Əkinçi - 84", "Qiymətli - 2/17" yumşaq buğda sortları tezliklə respublikada geniş əkin sahəsi tutmağa başladı. Hələ 1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi kimi akademik C.Əliyevin yaratmış olduğu məşhur "Qaraqılçıq - 2" bərk buğda sortu Azərbaycanda rayonlaşmaq üçün təsdiq olunmuş və tezliklə keçmiş Sovetlər Birliyinin Dövlət Sortsınağı Komissiyası yüksək məhsuldarlığına görə bu sortun Özbəkistan və Türkmənistan respublikalarında da rayonlaşmasına qərar vermişlər. Respublikada taxılın orta məhsuldarlığının iki dəfə artaraq 2,5-2,6 t/ha çatmasında məhz bu sortların əkin sahələrinin tez bir zamanda genişlənməsinin böyük rolu olmuşdur. Bunun üçün Əkinçilik İnstitutunun respublikanın hər bir bölgəsini əhatə edən təcrübə stansiyalarında yaradılmış yüksək məhsuldar taxıl sortlarının toxumçuluq sistemi sürətlə inkişaf etdirildi. Hər bir bölgə üçün işlənib hazırlanmış, elmi əsaslandırılmış becərmə texnologiyasının tətbiqi göstərdi ki, intensiv tipli bu sortlardan optimal şəraitdə hektardan 7-8 ton məhsul almaq mümkündür. İnstitutda yaradılmış sortların əksəriyyəti məhz bu modelin testləri əsasında həyata vəsiqə almışdır. Yaradılmış bu testlər qısa müddətdə minlərlə nümunələrin ilkin seleksiya materiallarını qiymətləndirməyə imkan verdi. Odur ki, C.Əliyevin seleksiya proqramı çoxcəhətli və hərtərəflidir. O daima işləyən, təkrar olunmaz və dinamik inkişafda olan və bir-birini tamamlayan bir mexanizmdir. Bunu artıq dayandırmaq və ya zəiflətmək mümkün deyildir. Baxmayaraq ki, buna 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində bir çox ciddi cəhdlər olmuş, Əkinçilik İnstitutunun rəhbərliyi dəyişdirilmiş, seleksiyaçı alimlər başqa işə keçirilmiş, elmi işlərin aparılmasına lazımi şərait yaradılmamışdır. Məhz o ağır illərdə akademik C.Əliyev hər cür təqib və təzyiqlərə baxmayaraq Əkinçilik İnstitutunda başladığı seleksiya proqramını həyata keçirmək üçün alimləri öz ətrafında sıx birləşdirərək, onları ruhdan düşməyə qoymamışdır. Respublikamızın taxıla olan tələbatını və o illərdə süni surətdə yaradılmış blokadanı yaxşı başa düşən akademik tezliklə taxıl istehsalını artırmaq üçün proqramlar hazırlayıb dövlət rəhbərliyinə göndərmişdi. Çox təəssüflər ki, o zaman belə mühüm, vacib işi həyata keçirmək üçün müsbət cavab ala bilməmişdi. Çətinliklərə baxmayaraq həmin illər seleksiya işləri nəticəsində respublikada yüksək məhsul vermək potensialına malik olan "Mirbəşir - 50", "Tərtər" və "Vüqar" bərk buğda sortları rayonlaşmış və seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Ancaq mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda sortlarının yaradılması zəruriyyəti qarşıda dururdu. Bu tip sortlar yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran və şorakət torpaqlarda da nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik olmalı idi. Məhz akademik C.Əliyevin son iyirmi beş ildə seleksiya proqramında inkişaf etdirdiyi istiqamətlərdən biri də bu olmuşdur. Bunun üçün hibrid nəsillərin alınmasında yerli buğda sortlarından istifadə olunmasına böyük üstünlük verildi. Xalq seleksiyası tərəfindən seçilmiş "Qaraqılçıq", "Qırmızı buğda", "Sarı buğda", "Ağ buğda", "Şərq" və başqa Azərbaycanda uzun müddət əkilən, təbii seçmə nəticəsində yeni şəraitə uyğunlaşan davamlı buğda genotipləri yeni intensiv sortlarla hibridləşdirilərək yeni nəsillər yaradıldı. Bunlardan perspektivli hesab olunan formaların ekstremal amillərə davamlılığının Əkinçilik İnstitutunda fəaliyyət göstərən fitotronda süni iqlim kameralarında öyrənilməsi tezliklə onların tarla şəraitində sınaqdan keçirilməsinə imkan yaratdı. Artıq bu istiqamətdə aparılan tədqiqatların nəticəsində alınmış quraqlığa davamlı "Bərəkətli - 95" bərk buğda sortu ilə yanaşı "Əzəmətli - 95", "Qobustan" və "Ruzi - 84" yumşaq buğda sortlarının əkin sahəsi respublikanın quraq dəmyə regionlarında artmaqdadır. Bu tipli bir çox hibrid formaların tarla şəraitində suvarma rejimindən asılı olaraq fizioloji xüsusiyyətlərinin öyrənilməsi quraqlığa davamlı yeni hibridlərin seçilməsinə zəmin yaratdı. Təsadüfi deyildir ki, Əkinçilik İnstitutunun təcrübə bazalarında akademik C.Əliyevin kompleks seleksiya proqramını beynəlxalq təşkilatlarda aparılan seleksiya işləri ilə müqayisə edən CIMMYT-in bərk buğdanın seleksiya proqramının rəhbəri doktor H.Pfeyfer bu tip plastik sortların hələ onların təşkilatında yaradıla bilmədiyini etiraf etmişdir. Yaradılmış "Bərəkətli- 95" bərk buğda sortunun şaxtaya və quraqlığa davamlılığı, yüksək keyfiyyəti, yüksək məhsul vermək qabiliyyətinin bir genotipdə cəmləşməsinə heyran olduğunu gizlətməmişdir.

Əkinçilik İnstitutunda aparılan seleksiya proqramının yeni istiqamətlərindən biri də buğdanın seleksiya üzrə dünyada məşhur olan CIMMYT və Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzi (ICARDA) ilə aparılan birgə tədqiqatlardır. Akademik həmin təşkilatlarla birgə əməkdaşlıq üçün müraciət etdikdən sonra 1995-ci ildən başlayaraq CIMMYT və ICARDA-nın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə əlaqələndiriciləri bir qayda olaraq Azərbaycanda səfərdə olurlar. Əkinçilik İnstitutunda və onun müxtəlif bölgələrdə yerləşən təcrübə bazalarında aparılan seleksiya işləri ilə tanışlıqdan sonra, onlar burada seleksiya işlərinin beynəlxalq səviyyədə aparılmasının şahidi olmuşlar. Akademik C.Əliyevin mütərəqqi seleksiya proqramı, xüsusən də bərk buğdanın seleksiyası istiqamətində aparılan tədqiqatlar ölkədə səfərdə olan beynəlxalq nümayəndə heyətlərini hər dəfə heyran etmişdir. Azərbaycanda taxıl sortlarının seleksiyasının  yüksək səviyyəsi CIMMYT-in rəhbərliyində böyük maraq doğurduğundan birgə əməkdaşlıq haqqında protokol 1996-cı ildə imzalanmışdır. Elə həmin dövrdən başlayaraq mütəmadi qaydada hər il iki mindən artıq müxtəlif təyinatlı və bioloji xüsusiyyətli buğda sort və hibridləri CIMMYT və ICARDA təşkilatlarından Azərbaycana göndərilməyə başlanılmışdır.

Bu ənənə bu gün də davam edir. Onlar akademik C.Əliyevin rəhbərliyi ilə ayrı-ayrı bölgələrdə öyrənilərək yeni yerli hibrid nəsillərin yaradılması üçün istifadə olunur.

Akademik C.Əliyev hər il vaxtaşırı olaraq  institutun təcrübə bazalarında olur, tədqiqatların gedişinə şəxsən nəzarət edir, öz dəyərli məsləhətlərini verir. Onun müntəzəm olaraq institutun bölgələrdəki təcrübə bazalarında seleksiya materiallarını qiymətləndirməsi, istehsalat üçün sortlar seçməsi artıq öz bəhrəsini vermişdir. SNSMDK-nın qərarı ilə rayonlaşmış və yüksək arxitektonikaya malik "Əzəmətli - 95", "Qobustan", "Nurlu - 99", "Ruzi - 84", "Aran", "Tale - 38", "Qırmızı gül - 1" yumşaq buğda sortlarının sürətlə istehsalata tətbiq olunması respublikanın taxıl istehsalının daha da artırılmasına səbəb olmuşdur. Eyni zamanda, perspektivli olan  "Qızıl buğda", "Ləyaqətli 80", "Zirvə 80", "Yeganə", "Şəfəq 2", "Pirşahin 1" və "Günəşli" yumşaq buğda sortları SNSMDK-da sınaqdadır. C.Əliyevin bu sortlarının əsas müsbət cəhətləri əkin səviyyəsində sünbüllərinin bir bərabərdə paylanması, yarpaqlarının qısa və ensiz olub, gövdəyə nisbətən şaquli yerləşdiyindən vegetasiya müddətində uzun müddət fotosintetik fəaliyyətdə olmasıdır. Bu gün böyük fəxrlə deyə bilərik ki, ölkədə mövcud ümumi buğda əkinlərinin (650 min ha) 80-85%-ni akademik C.Əliyevin müəllifi olduğu və seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil olan rayonlaşmış sortlar təşkil edir.

Akademik C.Əliyev seleksiyaçı alimlərin iştirakı ilə keçirilən beynəlxalq səyyar seminarlarda seleksiya proqramının yeni istiqamətlərini şərh edərkən qeyd etmişdir ki, artıq respublikada geniş əkin sahəsi tutan buğda sortlarının optimal becərmə şəraitində hektardan 6-8 ton məhsul almaq imkanı vardır. Bu tip sortlar təcrübə sahələrində çoxdur. Artıq bu genotiplərdən iki dəfə çox, hektardan 10-12 ton dən verə biləcək buğda sortlarının seçilməsi və ekoloji sınaqlarının keçirilməsi qarşıda duran əsas vəzifələrdən biri kimi qoyulmuşdur.

Əkinçilik İnstitutunun təcrubə bazalarında uzun illər morfofizioloji əlamətlərə görə fərqlənən buğda genofondu əsasında seleksiya işlərinin həm nəzəri, həm də praktiki əsaslarının əlaqələndirilməsi, stress amillərə davamlı genotiplərin yaradılması üçün fizioloji proseslərin molekulyar mexanizminin aydınlaşdırılması, hüceyrə-toxuma seleksiyasının birgə tədqiqi və bunların nəticəsində əldə olunan nailiyyətlərin təsərrüfatlara tətbiqi məsələsinə qədər bütün proseslərin akademikin özünün rəhbərliyi ilə kompleks şəkildə aparılması CIMMYT və ICARDA-nın aparıcı mütəxəssislərində xoş təəssüratlar yaratmışdır. Akademik C.Əliyevi tanınmış elm korifeyləri, Nobel mükafatı almış alimlərlə bir sırada qoymuşlar.  Cəlal müəllimi hələ gənc yaşlarından tanıyan və Azərbaycanda dəfələrlə olan Rusiya Elmlər Akademiyasının akademiki İ.A.Tarçevski institutda aparılan elmi-tədqiqat işləri ilə tanışlığından sonra söyləmişdir: "Yaşıl bitkilərdə fotosintez prosesinin müxtəlif istiqamətlərini hələ 30 il bundan əvvəl birgə öyrənməyə başlasaq da, bu gün əldə edilən uğurlar bu tədqiqatların Azərbaycanda nəinki dərinləşdiyinin, dünya elmi səviyyəsinə yüksəldiyinin, həm də nəzəri tədqiqatların kənd təsərrüfatında bilavasitə tətbiq olunmasının, bunun nəticəsində əhalinin güzəranının yaxşılaşdığının şahidi oldum".

Akademik C.Əliyev və onun rəhbərlik etdiyi kollektiv beynəlxalq konqres, konfrans və simpoziumlarda elmi məruzələrlə fəal iştirak etmiş və əldə olunan qiymətli nəticələr dünyanın nüfuzlu beynəlxalq dövri nəşrlərində çap olunmuşdur. Əldə etdiyi elmi nailiyyətlər akademik C.Əliyevin müəllifi olduğu və respublikada və xaricdə nəşr olunan 600-dən çox  elmi məqalədə, 25 monoqrafiya və kitabda öz əksini tapmışdır.

Dünyanın bir çox ölkələrinin beynəlxalq təşkilatları, mütəxəssisləri və ölkədə çalışan tanınmış elm xadimləri əldə olunan nailiyyətlərlə tanış olduqdan sonra etiraf etmişlər ki, Azərbaycanda akademik Cəlal Əliyevin rəhbərliyi ilə bu gün buğda tədqiqatları üzrə dünyada güclü bir seleksiya mərkəzi yaranmışdır. Nəzəri tədqiqatlara əsaslanan, daima təkmilləşən və dünya elmi ilə müntəzəm olaraq inteqrasiyada olan bu mərkəz daima dinamiki inkişaf yolundadır. Yaradılmış elmi baza, zəngin taxıl genofondu, elmi əsaslandırılmış seleksiya proqramı bu mərkəzin əsas hərəkətverici qüvvəsidir.

Akademik C.Əliyevin əldə etdiyi elmi nəticələrin və nailiyyətlərin fermer təsərrüfatlarında geniş yer tutması Müsabiqəli Qrantlar Proqramının həyata keçirilməsində də mühüm rol oynamışdır. Bu proqram akademik C.Əliyevin gərgin zəhməti və əvəzsiz xidmətləri nəticəsində "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi" (KTİKL) layihəsinin tərkibinə daxil edilmiş və 2000-ci ilin ortalarından Azərbaycanda həyata keçirilməyə başlanılmışdır. Bununla da ilk dəfə bu proqram vasitəsilə Azərbaycan aqrar elminə sərmayə qoyulur. Bu proqram vasitəsilə elmi tədqiqatların bilavasitə fermerlərin iştirakı ilə aparılmasına imkan verilməsilə bərabər, tədqiqat müəssisələrinin maddi-texniki və kadr potensialı gücləndirilir, fermerlər isə yeni mütərəqqi texnologiyalardan istifadə etməklə həm gəlirlərini artırmış, həm də yüksək və səmərəli məhsul yetişdirmək vərdişlərini qazanmışlar.

Bu proqramdan əldə edilmiş nəticələrə əsaslanaraq akademik C.Ə.Əliyevin rəhbərliyi ilə Kənd Təsərrüfatı Tədqiqatları Şurası tərəfindən Milli Kənd Təsərrüfatı Sisteminin İslahatı Strategiyası işlənib hazırlanmışdır. Bu strategiya yüksək hökumət səviyyəsində Dünya Bankının nümayəndələrinin də iştirakı ilə müzakirə edilmiş və əsas fəaliyyət sənədi kimi qəbul olunmuşdur. Bu baxımdan ilk addımda, ölkə üçün prioritet hesab olunan və əksər bölgələrdə müqayisəli üstünlüyü olan buğda, arpa, qarğıdalı və dənli-paxlalı bitkilər sahəsində fəaliyyət göstərməklə, Elmi Tədqiqat Əkinçilik İnstitutunun və onun Tərtər Bölgə Təcrübə Stansiyasının pilot model kimi götürülməsi və tam modernləşdirilməsi təxirəsalınmaz prioritet olaraq seçildi. Artıq bununla bağlı məsələlər 2 KTİKL çərçivəsində öz müsbət həllini tapmış və hal-hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir.

Akademik C.Əliyevin elmi fəaliyyətini dərindən öyrənən Rusiya, Ukrayna, Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyaları 1995-1996-cı illərdə onu bu akademiyaların xirici üzvü seçmişlər. Ona təqdim olunan diplomlar alimin işinə verilən yüksək qiymət və ehtiramın bariz nümunəsidir.

C.Əliyev bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin (1994), Amerika Bitki Bioloqları Cəmiyyətinin (1994), Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (1995), Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997), Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin (1998) üzvüdür. Eyni zamanda, UNESCO yanında Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin (1999) və Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin (1999) sədridir. Professor C.Əliyev həmçinin 1994-cü ildən etibarən "Azərbaycanda biologiya elminin yeni sahələrinin inkişafı" fondunun (BEYSİF) prezidenti, Bitki Genetik Ehtiyatları üzrə Rəhbər Komitənin sədri və Genetik Ehtiyatlar üzrə Milli Proqramın rəhbəri (1996), Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Birliyin səlahiyyətli nümayəndəsidir (2004). 1995-ci ildən bu günə qədər Milli Məclisin deputatı olan akademik C.Əliyev parlamentdə təhsillə, elmlə və kənd təsərrüfatı ilə bağlı məsələlərin müzakirələrində fəal iştirak etmiş və həmişə də öz prinsipiallığı ilə fərqlənmişdir.

Akademik Cəlal Əliyev elm qarşısında böyük xidmətlərinə görə 2 dəfə "Qırmızı Əmək Bayrağı" (1978, 1986), Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı - "İstiqlal" (1998) və Gürcüstan Respublikasının "Şərəf" (2003) ordenləri ilə təltif olunmuşdur.

Dünya şöhrətli alimin yaratdığı 25 buğda sortu, seleksiya məktəbi, zəngin buğda genofondu, yazdığı qiymətli əsərlər  Azərbaycan xalqının Milli sərvətidir. Xalqımız bilməlidir ki, onun çörəyə ehtiyacının respublika daxilində ödənilməsi üçün daim əzimlə çalışan akademik C.Əliyevin məktəbi vardır. Əkinçilik İnstitutunun və eləcə də Aqrar Elm Mərkəzinin və onun strukturuna daxil olan digər elmi tədqiqat institutlarının kollektivləri ömrünün 85-ci baharına qədəm qoymuş akademik Cəlal Əliyevin elmi fəaliyyəti ilə fəxr edir. O, indiyə kimi elmin çətin, lakin şərəfli yollarında böyük dünya elminə nə töhfə veribsə, doğma ölkəmiz, xalqımız, millətimiz, insanların xoş güzəranı naminə etmişdir. Biz bu yorulmaz fizioloq-seleksiyaçı alimin Azərbaycan xalqı üçün bundan sonra da yaşayıb yaratmasından ötrü ona ulu tanrıdan uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Akademik Cəlal Əliyevin buğdanın seleksiyası sahəsində əldə etdiyi nailiyyətlər onun elmi fəaliyyətinin ancaq bir hissəsidir. Biz böyük şəxsi insani keyfiyyətlərə malik alimin bitki fiziologiyası, fotosintez, gen mühəndisliyi, hüceyrə seleksiyası və biologiya elminin digər sahələrində eldə etdiyi nailiyyətlərin gələcək nəsillərə irs qalacağına qəlbən inanırıq. Bu irsi yaşatmaq, onu qoruyub gələcək nəsillərə olduğu kimi çatdırmaq çağdaş seleksiya məktəbinin hər bir üzvünün, Azərbaycan xalqını müstəqil və qüdrətli  bir dövlət kimi görmək istəyən hər bir vətən övladının müqəddəs borcu olmalıdır.

 

Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun kollektivi

 

Elm.- 2013.- 30 may.- S.28-30.