Qayğıkeş
insan və böyük
müəllim
Çox
hörmətli Cəlal müəllimin qarşıdan gələn
85 illik yubileyi ilə əlaqədar öz xoş arzularımı bildirməkdən
böyük şərəf hissi duyuram. Mən Cəlal müəllimi
bu yubiley münasibətilə ürəkdən təbrik edir,
ona və əzizlərinə möhkəm
cansağlığı, xoşbəxtlik, üzun ömür
və fəaliyyətlərində yeni-yeni uğurlar
arzulayıram.
Mən 1980-ci ildə Bakı Dövlət
Universitetinin kimya fakültəsini bitirdikdən sonra Cəlal
müəllimin laboratoriyasında işə
başlamışam. Onun rəhbərliyi altında 1986-cı
ildə namizədlik, 2009-cu ildə isə doktorluq
dissertasiyasını müdafiə etmişəm. Cəlal
müəllimin laboratoriyasında qazandığımız
uğurlu və mühüm elmi tapıntılara görə mən
1998-ci ildən başlayaraq xarici ölkələrə dəvət
olunaraq müxtəlif elm mərkəzlərində
çalışmışam. Hal-hazırda ABŞ-da Fraunhofer
Biotexnologiya Mərkəzində laboratoriya müdiri vəzifəsində işləyirəm.
Burada işə başlamamışdan qabaq isə
ABŞ-ın Nebraska Linkoln Universitetində professor vəzifəsində
çalışmışam. 1998-2002-ci illərdə isə
Yaponiyanın müxtəlif elm mərkəzlərinə dəvət
olunaraq elmi-tədqiqat işləri aparmışam.
Bu fikri xüsusilə qeyd etmək istəyirəm
ki, Cəlal müəllimin uzun illər ərzində
apardığı elmi araşdırmalar dünya elminə
çox böyük töhfələr vermişdir. Fotosintez qədər
əhəmiyyətli olan fototənəffüs prosesinin
israfçılıq olduğunu iddia edən bir çox illər
ərzində yaranmış konsepsiyanın əksinə
olaraq, Cəlal müəllim ilk dəfə olaraq fototənəffüs
prosesini bitkilərin təkamül prosesində inkişaf
etmiş mühüm metabolik bir proses olduğunu sübut
etmişdir. Bu yaxınlarda bu mühüm nəticənin
yüksək impakt faktorlu "Physiologia Plantarum"
jurnalında çap edilməsi və xüsusilə, həmin
jurnalın üz qabığında
işıqlandırılması Cəlal müəllimin bu sahədə
ideyalarının parlaq qələbəsidir. Mən bunu da
xüsusilə qeyd etmək istəyirəm ki, Cəlal müəllimin
bitkilərin məhsuldarlığının
artırılması istiqamətində apardığı bu
mühüm elmi işlərdən, xüsusilə fotosintez və fototənəffüs
sahəsində olan mühüm tapıntılardan alimlər gələcəkdə
çox bəhrələnəcəklər. Çünki bu
işlər biomühəndislik yolu ilə modifikasiya etmək
üçün bitkilərdən bioenerji alınması
istiqamətində və həmçinin, yüksək
çıxımla rekombinant zülal istehsal etmək
üçün çox dəyərli
tapıntılardır.
1970-ci ildən başlayaraq Cəlal
müəllim Bakı Dövlət Universitetinin kimya, biologiya,
fizika və riyaziyyat fakültələrini bitirən
istedadlı tələbələri öz laboratoriyasına dəvət
edir və onları fotosintez və fototənəffüs proseslərinin
müxtəlif aspektlərində elmi-tədqiqat işləri
aparmağa cəlb edirdi. Məhz Cəlal müəllimin uzun
illər yorulmaz fəaliyyəti, qayğısı və
uzaqgörənliyi nəticəsində yaradılan və formalaşan
böyük bir alim ordusu hal-hazırda dünyanın bir
çox nüfuzlu universitetlərində, elmi mərkəzlərində
çalışaraq, dünya elminə çox böyük
töhfələr verir, mühüm nailiyyətlər
qazanır və nəhayət, Cəlal müəllimin zəngin
elmi irsini layiqincə davam etdirirlər. Akademik Cəlal Əliyevin
elmi potensialın yaradılmasında çox böyük zəhməti
olmuşdur. Cəlal müəllimin Azərbaycanda biologiya
elminin müasir sahələrinin yaranmasında və inkişafında misilsiz rolu var. Fəxr
edirəm ki, mən də Cəlal müəllimin
yaratdığı məktəbin bir yetirməsiyəm. Mənim
müvəffəqiyətli və məhsuldar elmi karyeramda Cəlal
müəllimim çox böyük rolu olmuşdur. Fürsətdən
istifadə edib hörmətli Cəlal müəllimə
öz dərin təşəkkürümü və minnətdarlığımı
bildirirəm, ona möhkəm cansağlığı, işlərində
yeni-yeni uğurlar arzu edirəm və bir daha yubileyi münasibəti
ilə ürəkdən təbrik edirəm.
Tərlan
MƏMMƏDOV,
ABŞ-ın
Molekulyar Biotexnologiya
Mərkəzinin laboratoriya müdiri, b.e.d., professor
Elm.- 2013.- 30 may.- S.31.