Vətənpərvər alim, istəkli müəllim

 

İnsan öz həyatı boyu çox adamlarla rastlaşır. Lakin çox az  insan cəmiyyətin və digər insanların həyatında böyük izlər qoya bilir. Cəlal müəllim də mənim həyatımda dərin izlər qoyan belə şəxsiyyətlərdəndir. Universiteti bitirdikdən sonra təyinatla onun başçılıq etdiyi  şöbəyə gəlişim, burada hazırlıq keçdikdən sonra məni Moskvaya göndərmək qərarı mənim gələcək həyat yolum və işlərim üçün çox həlledici anlar oldu. İndi mən başa düşürəm ki, Cəlal müəllim nə qədər uzaqgörəndir. Mənim kimi yüzlərlə gənci Moskvaya, Novosibirskə və  keşmiş SSRİ-nin digər  qabaqcıl elm mərkəzlərinə göndərməsi, onlara daima qayğı və diqqət göstərməsi bu gün öz nəticələrini verir. Onun sayəsində özünün uğurlu həyat yolunu tapan gənclərdən biri də mən olmuşam. Bu gün əldə etdiyim bütün uğurlar üçün məhz Cəlal müəllimə minnətdaram.

Elm aləmində və eyni zamanda cəmiyyətdə olan şəxsiyyətlər içərisində Cəlal Əliyev həm müəllim, həm də rəhbər kimi çox yüksəkdə durur. Moskvadan sonra mən Amerikaya  getdim, öz fəaliyyətimi davam etdirərək müəyyən uğurlar qazandım.  Burada neçə  illər çalışdıqdan sonra Cəlal müəllimlə yenidən Azərbaycanda görüşmək imkanına çox şad oldum. İlk dəfə olduğu kimi, indio, mənim həyat yolumu yenidən daha gözəl gələcəyə doğru dəyişdi. Məni Azərbaycanın elmi ictimaiyyətinə tanıtdı, mənə öz vətənimdə elmi fəaliyyətimi davam etdirmək üçün gözəl şərait yaratdı. Mən bir daha göstərdiyi qayğıya, etdiyi köməkliklərə görə Cəlal müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Bunlar mənim üçün yeni yollar açır, daha böyük uğurlar əldə etməyə ruhlandırır. Azərbaycanda elmin və təhsilin inkişafı, millətin işıqlı gələcəyi naminə etdiyibundan sonra da edəcəyi işlər üçün Cəlal müəllimə çox minnətdar olmalıyıq. İnanırıq ki,  onun ölkəmiz üçün arzuladığı işlər gələcəkdə də reallıq olacaq və yaddaşlarda qalacaq. Mən Cəlal Əliyevin rəhbərlik etdiyi şöbədə laboratoriya müdiri kimi öz işlərimi davam etdirməyimə, onun  yaratdığı və inkişaf etdirdiyi istiqamətlərin bir hissəsi olduğuma görə böyük qürur hissi keçirirəm. Mən də öz növbəmdə  bu etimadı daima doğrultmağa çalışacağam.

Mən əziz müəllimim Cəlal Əliyevi yubileyi münasibətilə təbrik edir, ona yeni-yeni tələbə uğurları arzulayıram.

Dərin hörmət və ehtiramla,

 

Vidadi YUSİBOV,

ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin icraçı direktoru, AMEA Botanika İnstitutunun Molekulyar biotexnologiya laboratoriyasının müdiri

 

Elm.- 2013.- 30 may.- S.31.