AMEA
FİZİKA-RİYAZİYYAT və TEXNİKA ELMLƏRİ
BÖLMƏSİNİN 2012-ci ildəki ELMİ və
ELMİ-TƏŞKİLATİ
FƏALİYYƏTİ HAQQINDA HESABAT
Yanvarın 11-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları
İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti
iclası keçirilmişdir.
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri
Bölməsinin (FRTEB) 2012-ci il üçün hesabatına həsr
olunmuş iclasda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov
gündəlikdəki məsələlər barədə məlumat
vermişdir.
Sonra AMEA FRTEB-in akademik-katibi, akademik Akif
Hacıyev bölmə institutlarının 2012-ci ildə elmi və
elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi
ilə çıxış etmişdir (Məruzəni diqqətinizə
təqdim edirik).
Elmi-tədqiqat planlarının
icrası barədə məlumat
2012-ci ildə
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin
(FRTEB) müəssisələrində Bölmənin elmi
istiqamətləri üzrə 26 problemə aid 82 mövzu
üzrə 349 tədqiqat işi aparılmışdır.
2012-ci ildə
40 elmi-tədqiqat işinin nəticəsinin xalq təsərrüfatına
tətbiqi üçün zəruri tədbirlər
görülmüş, 30 nəticə artıq tətbiq
olunmuşdur. "Azərbaycan MEA elmi müəssisələrinin
başa catdırılmış elmi-tədqiqat və təcrübə-konstruktor
işlərinin 2012-ci il üçün tətbiq
planı"na Bölmə müəssisələrinin 31
işi (14-ü keçici) daxil edilmişdir. İşlər
plan həcmində yerinə yetirilmişdir. 3 tətbiqi
müqavilə üzrə 73260
manatlıq iş görülmüş, bu vəsait
Bölmənin müəssisələrinin hesabına
köçürülmüşdür.
Hesabat ilində
Bölmənin müəssisələri Respublika Prezidenti tərəfindən
təsdiq edilmiş aşağıdakı Dövlət
Proqramları çərçivəsində ölkənin
elm tutumlu problemlərinin həllində iştirak etmişlər:
-"2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı";
-"Azərbaycan
Respublikasında Biometrik eyniləşdirmə sisteminin yaradılması
üzrə 2007-2012-ci illər üçün Dövlət
Proqramı";
-"Məşğulluq
strategiyasının icrası üzrə 2007-2010-cu illər
üçün Dövlət Proqramı";
-"2008-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişafı Dövlət
Proqramı";
-"2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı";
-"Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramı (Elektron Azərbaycan)";
-"Azərbaycan
Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in
formalaşdırılması üzrə Fəaliyyət
Proqramı":
-"Yanacaq
Enerji Kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə
Dövlət Proqramı";
-"Alternativ
və bərpa olunan enerji mənbələrindən istifadə
üzrə Dövlət Proqramı".
Bundan əlavə,
"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Tədbirlər Planı"nda nəzərdə
tutulan tədbirlər planauyğun şəkildə icra edilir.
Respublikada
elmin vahid konsepsiya əsasında inkişaf etdirilməsi məqsədilə
Bölmədə Respublika Elmi Tədqiqatların Təşkili
və Əlaqələndirilməsi
Şurasının Bölmənin elmi istiqamətləri üzrə
6 Problem Şurası fəaliyyət göstərir:
"Riyaziyyat", "Mexanika", "Fizika",
"Kibernetika, informasiya texnologiyaları və texnika",
"Energetikanın kompleks problemləri", "Nüvə
tədqiqatları". Hesabat ilində Şuralar mütəmadi
müzakirələr aparmış, elmi-tədqiqat
planlarını, mövzularını və s. müzakirə etmişlər.
Bölmənin elmi istiqamətləri üzrə problemlərin
Şuralar arasında bölgüsünə dair tövsiyələrini
vermişlər.
25 dekabr
2012-ci il tarixinə olan vəziyyətə görə,
Bölmənin müəssisələrində 1905 nəfər
işçi çalışır ki, bunlardan 1060 nəfəri elmi
işçidir. Elmi işçilərin 173 nəfəri elmlər
doktoru, 463 nəfəri isə fəlsəfə doktorudur.
Bölmədə 16 akademik,
22 müxbir üzv
çalışır.
Bu il
Bölmə əməkdaşları 12 monoqrafiya (9-u xaricdə),
15 kitab, 9 dərslik və vəsait
nəşr etdirmiş, 43
dissertasiya işini müdafiə etmiş (5 e.d., 38 f.d.), 38
işi isə (9 e.d., 29 f.d.) müdafiəyə
hazırlamışlar. Patent
almaq üçün 26 iddia sənədi vermiş, 15 patent
almışlar. Bu patentlərin 4-ü ABŞ və
Rusiya Federasiyası patentidir. Patentlərin
müəllifləri Bölmənin əməkdaşlarıdır.
2012-ci
ildə alimlərimiz 1289 məqalə, onlardan 706-sı
nüfuzlu xarici elmi jurnallarda (o cümlədən 327-si SCİ
jurnallarında) nəşr etdirmişlər.
Bölmədə
62 doktorant təhsil alır, onlardan 37-si əyani, 25-i qiyabi. Bu il 8 doktorant təhsilini
başa vurmuş, onlardan 4-ü dissertasiya işini
yekunlaşdırmışdır.
Bundan əlavə, Bölmə müəssisələrində
126 nəfər mütəxəssis dissertant kimi elmi-tədqiqat
işi aparır. Hesabat dövründə
17 mütəxəssis dissertanturanı bitirmiş, onlardan 5-i
dissertasiya işini yekunlaşdırmışdır.
Hesabat
dövründə Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin "Sənaye Mülkiyyəti,
İxtiralar, Faydalı Modellər, Sənaye Nümunələri"
rəsmi bülleteninin müxtəlif saylarında əməkdaşlarımızın
ixtiraları haqqında müvafiq məlumatlar dərc
olunmuşdur.
FRTEB-in ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİNİN
TƏSNİFATI
Büronun fəaliyyəti
2012-ci
ildə Bölmənin 9 Ümumi Yığıncağı və
Büronun 10 iclası keçirilmişdir. Bölmənin Büro iclaslarında
Respublika Prezidentinin, AMEA Rəyasət Heyətinin aidiyyətli
qərar və sərəncamlarının icrası,
institutların elmi-tədqiqat planları, struktur dəyişiklikləri,
kadr məsələləri, yubileylər, təltiflər, nəşr
fəaliyyəti, konfrans və simpoziumların keçirilməsi,
Dövlət proqramlarının Tədbirlər
planının icrası, ezamiyyətlər, elmi
şuraların fəaliyyəti, elm və texnikanın yeni
nailiyyətləri, birgə elmi-texniki əməkdaşlıq
və s. məsələlər müzakirə olunmuşdur.
Hesabat ilində
Respublika Prezidentinin AMEA, o cümlədən Bölmə
müəssisələrində iş şəraitinin
yaxşılaşdırılması barədə verdiyi sərəncamların
icrası, AMEA-ya seçkilərin keçirilməsi, qrant
layihələrinin icrası, SCİ jurnallarında nəşrlərin
sayının artırılması, doktoranturaya və
dissertanturaya qəbul kimi məsələlər Büroda
mütəmadi müzakirə olunmuşdur. Bunlardan aşağıdakıları
qeyd etmək olar:
- AMEA-ya seçkilərin
keçirilməsi ilə bağlı verilmiş elana əsasən
sənədləri qəbul edilmiş namizədlərin məruzələri
Bölmənin Ümumi yığıncaqlarında dinlənilmişdir.
- Azərbaycan
Respublikasının Prezidenti cənab İ.H.Əliyevin sərəncamlarına
əsasən Rəsədxanada yenidənqurma işləri davam
etdirilmiş, 10 ədəd bir- və ikimərtəbəli
binaların tikintisi başa çatdırılmış,
abadlıq işləri aparılmış, kommunikasiya xətləri
çəkilmişdir. Teleskopların binalarında əsaslı
təmir-tikinti işləri, ətrafında abadlıq və
s. işlər yerinə yetirilmiş, 2010-2011-ci illərdə
təhvil verilmiş obyektlərdə aşkar olunmuş bəzi
çatışmazlıqlar aradan
qaldırılmışdır. Hazırda 2
metrlik teleskopun modernləşdirilməsi və
avtomatlaşdırılması layihəsi Çexiya
Respublikasının mütəxəssisləri tərəfindən
icra edilir. Bundan əlavə, ŞAR-ın əməkdaşları
tərəfindən Seyss-600 teleskopu üçün 17 dəqiqə
faydalı görüş sahəsinə malik ponoram
fotometr-polyarimetr hazırlanmışdır. Nəzərdə tutulan işlər yerinə
yetirildikdən sonra teleskopda aparılan müşahidələr
xeyli dərəcədə asanlaşacaq və daha keyfiyyətli
müşahidə materiallarının alınmasına imkan
yaranacaqdır.
- AMEA Fizika
İnstitutunda aparılan təmir işləri başa
çatdırılmış, unikal və müasir cihazlar
işçi vəziyyətə gətirilərək birgə
istifadəyə verilmişdir. İnnovasiya proqramı çərçivəsində
pilot sektorunun formalaşmasının birinci mərhələsi
başa çatmışdır. Topoloji
izolyatorlar, ferritlər, tezliyin qeyri-koherent çevrilməsi
üçün materiallar, fotovoltavika üçün yeni
materiallar və ifratqəfəs əsaslı infraqırmızı
şüalanma detektorları üzrə tədqiqatlara
başlanılmışdır. Tədqiqatların
eksperimental hissəsi ellipsometrik və konfokal lazer
spektroskopiyası prinsiplərinə əsaslanan dəqiq optik
avadanlıq vasitəsilə ultrabənövşəyi - orta
infraqırmızı spekral sahədə aparılır.
Nəzəri tədqiqatlar
sıxlığın funksionalı üsuluna əsaslanan
proqram paketi vasitəsilə qismən formalaşmış
kompüter klasterinin bazasında aparılır. Alınan nəticələr, paralel olaraq, artıq
işə salınmış skanlayıcı zond
mikroskopiyası prinsiplərinə əsaslanan avadanlıq vasitəsilə
aparılan ölçmələrlə təsdiqlənir.
- AMEA
İnformasiya Texnologiyaları İnstitutunda yenidənqurma
işləri davam etdirilmiş, yeni konfrans zalı, iş
otaqları, kompüter zalı istifadəyə verilmiş,
kompüter klasterinin 24 saatlıq iş rejimi üçün
zəruri texniki şərait təmin edilmiş, 24 saatlıq
fasiləsiz rejimdə, bulud hesablamaları, hostinq və s.
on-line xidmətlərin göstərilməsinə
başlanılmışdır.
- 2012-ci ildə
Bölmə institutlarının iş şəraitinin
yaxşılaşdırılması və yeni
yaradılan laboratoriyaların yerləşdirilməsi
üçün Radiasiya Problemləri İnstitutuna daha iri bina ayrılmış, onun
hazırda istifadəsində olan bina Riyaziyyat və Mexanika
İnstitutuna verilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının
Bakı şöbəsinin də iş səraitinin
yaxşılaşdırılması üçün Radiasiya Problemləri
İnstitutuna ayrılmış
binanın tam bir mərtəbəsində yerləşdirilməsi
nəzərdə tutulmuşdur.
Nəticədə Riyaziyyat və Mexanika
İnstitutu, yaradıldığı gündən ilk dəfə
olaraq öz binasına malik olacaqdır. Bundan əlavə,
İnformasiya Texnologiyaları İnstitutunda da iş şəraitinin
yaxşılaşdırılması üçün imkan
yaranacaqdır. Bu məsələlər
son 10 il ərzində hər il Bölmənin "Hesabatları" barədə
AMEA Rəyasət Heyətinin qərarlarında
çatışmazlıqlar kimi qeyd olunurdu.
- Alimlərimizin
SCİ jurnallarında nəşr etdirdiyi məqalələrin
sayının mütləq və nisbi dinamikasının
dayanıqlı müsbət olması xüsusilə diqqət
mərkəzində olmuşdur. Hesabat ilində Bölmə üzrə
dövri elmi jurnallarda nəşr olunmuş məqalələrin
ümumi sayının SCİ jurnallarda nəşr olunmuş məqalələrin
sayına nisbəti 3.9, Şamaxı Astrofizika Rəsədxanası
üzrə 10.5, Kibernetika İnstitutu üzrə 8.6, Radiasiya
Problemləri İnstitutu üzrə 7.1, İnformasiya
Texnologiyaları İnstitutu üzrə 2.7, Riyaziyyat və
Mexanika İnstitutu üzrə 2.7, Fizika İnstitutu üzrə
1.9 olmuşdur. Bu dinamika son 5 il ərzində
dayanıqlı müsbətdir. Bu rəqəmin
bir göstərici kimi son illər ərzində həm
mütləq, həm də nisbi olaraq daim artması xüsusilə
diqqətəlayiqdir.
Konfranslar və simpoziumlar
Hesabat ilində
Bölmə əməkdaşlarının sədrliyi və təşkilatçılığı
ilə aşağıdakı beynəlxalq və respublika səviyyəli
konfranslar keçirilmişdir:
- Akademik
İ.İbrahimovun 100 illik yubileyinə həsr olunmuş
"Funksiyalar nəzəriyyəsi və harmonik analizin problemləri"
mövzusunda beynəlxalq konfransı, Bakı;
-
"Üçqat və çoxqat birləşmələr
üzrə İCTMC-18" mövzusunda beynəlxalq konfrans,
Zalsburq, Avstriya;
-
"Energetikanın texniki və fiziki problemləri-TPE 2012"
mövzusunda VIII konfrans, Piteşti, Rumıniya;
-
"Kibernetikanın və informatikanın problemləri-PCİ-2012"
mövzusunda IV beynəlxalq konfrans, Bakı;
- "Nüvə
enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri"
mövzusunda beynəlxalq konfrans, Bakı;
-"Nüvə
elmləri və onun tətbiqi aspektləri" mövzusunda
beynəlxalq konfrans, Səmərqənd, Özbəkistan;
-"Ekologiya
və həyat fəaliyyətinin mühafizəsi"
mövzusunda VII beynəlxalq konfrans, Sumqayıt;
-"Yüksək
texnologiya üçün materialşünaslıq və
informatika" mövzusunda MİSHT-2012 beynəlxalq
konfransı, Bakı;
- "Elektron
texnikasının funksional materiallarının problemləri",
EABA Elmi Şurası, Bakı;
- "Elektron
elm problemləri" mövzusunda I Respublika elmi-praktiki
konfransı, Bakı;
-
"Riyaziyyatın tətbiqi məsələləri və
yeni informasiya texnologiyaları" mövzusunda II Respublika
konfransı;
-"Elektron
Naxçıvan-7: lokal şəbəkədə İKT-dən
istifadə imkanları" mövzusunda beynəlxalq simpozium.
Bundan əlavə,
əməkdaşlarımız Azərbaycan Respublikası
Prezidentinin və BMT Baş Katibliyinin təşkil etdiyi
nüfuzlu Humanitar Forum və İnternet Forumun işində fəal
iştirak etmişlər.
Bölmənin
əməkdaşları ABŞ, Kanada, Yaponiya, Koreya, Almaniya,
Fransa, İngiltərə, Belçika, İtaliya, Türkiyə,
Çexoslovakiya, Rusiya, Ukrayna, Latviya, Polşa və s. ölkələrdə
keçirilən Beynəlxalq konfranslarda plenar məruzələrlə
çıxış exmişlər. Bir sıra
hallarda ezamiyyət xərclərini ödəmək
üçün maliyyə vəsaiti məhdud olduğundan
tezisləri qəbul olunan əməkdaşların konfranslarda
iştirak etmək imkanları olmamışdır.
Cari ildə Bölmədə
aşağıdakı elmi jurnallar nəşr olunmuşdur:
1.Azərbaycan MEA "Xəbərləri"
jurnalının Fizika-texnika və riyaziyyat elmləri seriyasının;
1.1.
"Riyaziyyat və Mexanika" buraxılışının
3 nömrəsi,
1.2.
"İnformatika və idarəetmə prosesləri"
buraxılışının 2 nömrəsi,
1.3.
"Fizika və astronomiya" buraxılışının 2
nömrəsi,
2. "Azərbaycan
MEA RMİ-nin Əsərləri"nin 3
nömrəsi,
3.
"Fizika" jurnalının 3 nömrəsi,
4.
"Energetikanın problemləri jurnalı"nın
3 nömrəsi,
5. "Azərbaycan
Astronomiya jurnalı"nın 4 nömrəsi,
6. "Tətbiqi
və hesablama riyaziyyatı" jurnalının 2 nömrəsi,
7. "Sun and
Geosphere" jurnalının 2 nömrəsi,
8. "İnformasiya texnologiyaları
problemləri" jurnalının 1 nömrəsi,
9. "İnformasiya cəmiyyəti
problemləri" jurnalının 1 nömrəsi,
10. "Azərbaycan
riyaziyyat jurnalı"nın 2 nömrəsi.
Jurnalların
bir hissəsi ingilis dilində çap olunmuşdur. Azərbaycanla yanaşı,
xarici ölkə müəlliflərinin də məqalələri
bu jurnallarda çap olunub. Jurnallar xaricdə
referatlaşdırılır.
Hesabat
ilində alimlərimizin 35 elmi və elmi-texniki qrant layihəsi
müsabiqə qalibi olmuşdur. 2013-cü ildə icra olunmağa
başlanılacaq bu layihələrin maliyyələşməsi
üçün müxtəlif fondlardan 7 500 000 $-dan artıq vəsaitin
ayrılmasını nəzərdə tutan müqavilələr
artıq müvafiq qaydada imzalanmışdır. Bundan əlavə,
2012-ci ildə tədqiqatların aparılması, yeni
avadanlıqların alınması, konfransların keçirilməsi
və s. məqsədlər üçün Bölmə
müəssisələrində icra olunan 50-dan artıq qrant,
birgə əməkdaşlıq, tətbiq və s. layihələri
üzrə AMEA-dan kənar qurumlardan (o cümlədən
xarici) ayrılmış 5.000.000 $-dan çox vəsait il ərzində artıq istifadə
olunmuşdur.
FRTEB-in beynəlxalq əlaqələri və
qrantlar
Beynəlxalq əlaqələr
Hesabat ilində
Bölmənin müəssisələrində beynəlxalq əlaqələr
ənənəvi olaraq
konfransların təşkili və elmi məruzələr,
kollektiv və ikitərəfli əməkdaşlıq - birgə
nəzəri və təcrübi tədqiqatların
aparılması, tenderlərdə və qrant layihələrində
iştirak, yeni cihaz, avadanlıq və texnologiyaların mənimsənilməsi
və tətbiqi, kadr hazırlığı və s. məsələləri
əhatə etmişdir. Bu sahədə
çoxsaylı qarşılıqlı qısa və
uzunmüddətli ezamiyyə və qrant səfərləri
olmuşdur. Təşkil olunmuş beynəlxalq
konfranslarda və digər tədbirlərdə Nobel
mükafatı laureatları, tanınmış alimlər
iştirak etmiş, xarici ölkələrin elmi-tədqiqat
müəssisələrinin rəhbərləri və məsul
işçiləri institutlarımızda görüşlər
keçirmiş, müzakirələr aparmışlar. İnstitutlarımızın rəhbərləri və
alimlərimiz də xarici ölkələrdə olmuş, zəruri
görüşlər keçirmiş, müzakirələr
aparmışlar.
- AMEA-nın
Radiasiya Problemləri İnstitutunda Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin (AEBA) Texniki Əməkdaşlıq Proqramı Çərçivəsində
"Radiasiyalı proseslərin imkanlarının genişləndirilməsi-sterilizasiya
qurğusunun yaradılması" layihəsi və AR Nazirlər
Kabinetinin Sərəncamı ilə eyniadlı layihə
üzrə ilkin işlərin aparılmasına
başlanmışdır. Hazırda kompleksin kommunikasiya xətləri
qurulur;
- CERN-də
(İsveçrə) AMEA Fizika İnstitutunun əməkdaşlarının
da iştirak etdikləri layihə çərçivəsində
Böyük Adron Kollayderinin ATLAS detektorunda proton-proton
toqquşmalarında, elektrozəif simmetriyanın spontan
pozulmasına və zərrəciklərin kütlə qazanma
mexanizmlərinə cavabdeh olan Standart Modelin Xiqqs bozonu aşkar
edilmişdir. Fizika İnstitutu bununla əlaqədar "Xatirə
nişanı" ilə təltif olunmuşdur;
- ŞAR-da 2
metrlik teleskopun modernləşdirilməsi və
avtomatlaşdırılması layihəsi Çexiya
Respublikasının mütəxəssisləri tərəfindən
icra edilir;
- AMEA
Kibernetika İnstitutunda təklif edilmiş Noise
texnologiyaları və texniki vasitələr əsasında
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi
ilə yaradılmış və zəlzələlərin təhlükələrini
minimallaşdırmağa yönəmli kompleks test
sınaqlarının keçirilməsi üçün bir
sıra xarici ölkələrin aidiyyətli mütəxəssislərinin
istifadəsinə də təqdim olunmuşdur.
-
m.üzv A.Məlikov "American Journal of Operation Research"
jurnalının Baş redaktoru seçilmişdir.
- i.e.d.,
prof. Q.İmanov İspaniyanın İqtisadiyyat və Maliyyə
Kral Akademiyasının xarici üzvü seçilmişdir.
Qrantlar
Hesabat ilində
icra olunan və icraya hazırlanmış beynəlxalq və
respublika qrant layihələrindən
aşağıdakıları qeyd etmək olar:
1.Avropa Birliyinin ERA-WIDE Yeddinci Çərçivə
Proqramının (FP7) qrantı
"Azərbaycan
və Avropa Elmi Tədqiqatlar Məkanı arasında Əməkdaşlığın
Dəstəklənməsi və Təkmilləşdirilməsi"( PRİMA-ERA). Qrant sazişi ¹ 29
4965. Layihənin koordinatoru: f.d. E.A. Məmmədov.
Layihənin icra müddəti: 2012-2014-cü illər. Məbləği: 500 000 İ
2. STCU, Ukrayna
Elmi Texniki Mərkəzi. "Halkopirit quruluşlu Cu(InGa)(SSe)2
materiallar əsasında nazik təbəqəli
günəş elementlərinin alınması və tədqiqi"
adlı layihə. Rəhbər: N.N.Mursaqulov. Layihənin icra müddəti:
2012-2014-cü illər. Məbləği: 117 863 İ.
3. ARDNŞ-in
Elm Fondu, "Cənubi Qafqaz və Xəzər dənizi
hövzəsində istismarı dayandırılmış neft
quyularından seysmoakustik kanal kimi istifadə etməklə
anomal seysmik proseslərin Robust-Noise Monitorinq Stansiyaları
Şəbəkəsinin yaradılması" layihəsi. Rəhbər; Paşayev F.H. Layihənin icra müddəti:
2012-2014-cü illər. Məbləği:
320 000 AZN.
4.ARDNŞ-in Elm Fondu "Ştanqlı dərinlik
nasoslu neft quyularının vattmetroqramlarının Robust-Noise
analizi əsasında yeni nəsil nəzarət, diaqnostika və
idarəetmə sistemlərinin yaradılması" layihəsi.
Rəhbər: A.H.Rzayev. Layihənin
icra müddəti: 2012-2014-cü illər. Məbləği: 310 000 AZN.
5.ARDNŞ-in Elm Fondu, "Torpaqların neftlə
çirklənməsinin proqnoz sisteminin işlənməsi"
layihəsi. Rəhbər: Ə.B.Paşayev. Layihənin icra
müddəti: 2012-2014-cü illər. Məbləği: 90 000 AZN.
6. ARDNŞ-in
Elm Fondu, "Durğun neft sahələrinin təyini, istismar və
vurucu quyuların optimal yerləşdirilməsi
üçün alqoritmlər və proqram təminatı"
layihəsi. Rəhbər: S.Ə.Əliyev. Layihənin icra
müddəti: 2012-2014-cü illər. Məbləği: 160
000 AZN.
7. Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondu, "Yüksək texnologiyalar üçün yeni
materiallar və cihaz strukturu". Layihənin müddəti: 2010-2012-ci illər.
Məbləği: 3 000 000 AZN.
8. Avropa
Birliyinin FP7-PEOPLE- 2010-İRSES-269 qrantı. Layihənin
müddəti: 2010- 2013-cü illər. Məbləği: 240
000 avro.
9. Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondu, "Təbii radioaktiv radium izotoplarını ayırmaq
üçün yeni
effektiv sorbentlərin alınması və
onların sorbsiya qanunauyğunluqlarının tədqiqi".
Layihənin müddəti: 2011-2012- ci illər. Məbləği:
100 000 AZN.
10.Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu, "Azərbaycanda milli
elmi informasiya resursları və elmi istinad indeksinin
formalaşdırılması mexanizmlərinin işlənməsi".
EİF qrantı. Layihənin müddəti:
2011-2012- ci illər. Məbləği: 130 000 AZN.
11.TUBİTAK "Harmonik analizin operatorları yeni
tip fəzalarda: ümumiləşmiş Morri fəzaları və
ümumiləşmiş dəyişkən üstlü Morri fəzaları
və bəzi tətbiqləri" layihəsi. Rəhbər:
V.S.Quliyev Layihənin icra müddəti: 2012-2014-cü illər.
Məbləği: 120 000 YTL.
Bölmənin fəaliyyətində olan
problemlər və çatışmazlıqlar
FRTEB və
onun ayrı-ayrı müəssisələrində 2012-ci ildə əldə olunan
nailiyyətlərlə yanaşı,
çatışmazlıqlar və həll olunmamış
problemlər də vardır. Bunlardan
aşağıdakıları qeyd etmək olar:
-ŞAR-da
aparılmış müasir tikinti və yenidənqurma işlərinə
rəğmən müasir mikroavtobusun olmaması beynəlxalq əlaqələr
sayəsində Rəsədxanaya gələn xarici alimlərin
Bakıda qarşılanmasında və Pirquluya yola salınmasında əlavə
çətinliklər yaradır. Qazanxanalar işə salınıb, lakin qazın
ödənişi üçün vəsait ayrılmayıb.
Kiçik teleskopların avtomatlaşdırılması və
modernləşdirilməsinə ehtiyac vardır;
-Bölmənin
hələ 2002-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin
yekunları haqqında AMEA Rəyasət Heyətinin qərarında
qeyd olunduğu kimi respublikada yeganə Güclü Qamma
Qurğuları Kompleksinin radioizotop mənbələri yenidən
yüklənməli, ehtiyat hissələri alınmalıdır.
Maliyyə vəsaitinin
çatışmazlığı üzündən
2012-ci ildə də bu qərar yerinə yetirilməmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə İzotop mənbələrinin
yeniləşdirilməsi üzrə vəsait
ayrıldığını və mənbələrin
2013-cü ildə nəql üçün hazır olduğunu
nəzərə alaraq İnstitutun güclü qamma
qurğuları yerləşən Əhmədli
bazasının əsaslı təmiri vacibdir;
-Radiasiya
Problemləri İnstitutunun Alternativ enerji mənbələri
üzrə təcrübi sınaq sahəsi 2012-ci ildə
Akademiya şəhərciyində yenidənqurma işləri
ilə əlaqədar sökülmüşdür. Lakin bu sahədə
aparılan tədqiqat işləri Dövlət
Proqramının Tədbirlər planına daxildir. Bu səbəbdən
təcrübi sınaq sahəsinin bərpası tədqiqatların
davam etdirilməsi üçün vacibdir;
-Bu il də əməkdaşların elmi
konfranslarda iştirakını təmin etmək məqsədilə
ayrılan ezamiyyət xərclərinin az olması müəyyən
çətinliklər yaratmışdır;
-Elmi
işçilərin orta aylıq əmək haqqının
respublika üzrə orta əmək haqqından da
aşağı olması institutlara gənc kadrların gəlməsinə
böyük maneçilik törətməkdədir.
- Elmlər
doktoru elmi dərəcəsi üzrə doktorant və
dissertantların hazırlanması məsələsində
müəyyən çatışmazlıqlar mövcuddur: -
bu dərəcə üzrə əyani təhsil alan doktorantlara
veriləcək aylıq təqaüdün və onların
elmi məsləhətçilərinə verilməli ödənişin
miqdarı, doktoranturaya qədər onların tutduğu
ştatın saxlanılıb-saxlanılmaması məsələləri
qanuniləşdirilməmişdir. Belə vəziyyət elmlər
doktorlarının hazırlanmasına maneçilik
törədir;
-İnstitutların
əksər laboratoriyalarında tədqiqat cihazları və
digər avadanlıqlar mənəvi və fiziki cəhətdən
köhnələrək sıradan
çıxmışdır. Bu, müasir səviyyədə tədqiqat
işlərinin aparılmasına ciddi maneçilik törədir.
***
Hesabat məruzəsi
ilə bağlı müzakirələrdə akademiklər
Arif Həşimov, İsmayıl İbrahimov, Telman Əliyev,
AMEA-nın müxbir üzvləri Rasim Əliquliyev, Adil Qəribov,
Asəf Hacıyev, Əyyub Quliyev, fizika-riyaziyyat elmləri
doktoru Nazim Məmmədov çıxış edərək
öz fikir və təkliflərini bildirmiş, bölmənin
illik hesabatını yüksək qiymətləndirmişlər.
AMEA Rəyasət Heyəti Fizika-Riyaziyyat və
Texnika Elmləri Bölməsinin 2012-ci ildəki elmi və
elmi-təşkilati fəaliyyəti haqqında
hesabatını dinlədikdən və müzakirə etdikdən
sonra əldə olunmuş mühüm nəticələrin
AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın
təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Elm.-
2013.- 23 yanvar.- S.2-3.