İQLİM DƏYİŞMƏLƏRİ: MİF VƏ REALLIQLAR

 

Bəzi anlayışların izahı və nisbətən rəsmi məlumatlar

 

Xeyli müddətdir qlobal iqlimin (xahiş edirəm diqqətli olun, qlobal iqlim yazdıqda səhv etmirəm) dəyişməsi haqqında elmi ədəbiyyatda və kütləvi informasiya vasitələrində müxtəlif müəlliflərin çoxlu sayda yazıları dərc olunur. Tədqiqatçılar və köşə yazarları əsasən iki qrupa bölünmüşdür: birincilər iqlimin qlobal surətdə istiləşməsini sübut etməyə çalışır, ikincilər isə əksinə, heç bir istiləşmə olmadığını, bunun mif olduğunu israr edirlər. Mən bu yazıda hər iki tərəfin baxışlarını və real şəraiti obyektiv surətdə təsvir etməyə cəhd göstərirəm.

2005-ci ilin əvvəlində Robert Emmeriksin "Birisi gün" adlı qəza filmi iqlim problemini kütləvi düşüncənin probleminə çevirdi. Məlumatsız adama ilk dəfə olaraq aydın və başa düşülən şəkildə Şimali Atlantika axınının (Qolfstrim) Şimal yarımkürəsinin iqliminin formalaşmasında həlledici rolunu izah etdilər. Hollivud sənətkarlığı ilə iqlim trendinin təsvirini verdilər. Göstərdilər ki, qütb buzlarının əriməsi Qolfstrimin istiqamətinin dəyişməsinə və Yerin şimal yarımkürəsində soyuqlaşmanın baş verməsinə gətirib çıxarır. Bu filmdə son nəticə yeni buzlaşma dövrünün başlanmasıdır.

Əvvəla iqlim və onun qlobal istiləşməsi nədir? Rəsmi təşkilatların bu haqda fikirlərini təqdim edək. İqlim atmosfer-quru-okean sisteminin statistik ansamblının bir neçə on ili üçün ortalaşmış vəziyyətidir. Mütəxəssislərin sonuncu razılaşmasına görə, iqlim dedikdə atmosfer parametrlərinin (temperatur, yağıntı və s.) son 30 il üçün ortalaşmış qiymətləri nəzərdə tutulur. Qlobal istiləşmə isə XX və XXI əsrlərdə Yer atmosferinin və Dünya okeanının illik  orta temperaturunun tədricən artması prosesidir. İqlimin Dəyişməsi üzrə Dövlətlərarası Ekspertlər Qrupunun (İDEQ- IPCC- Intergovernmental Panel on Climate Change) "Böyük səkkizlik"  ölkələrinin Milli Elmlər Akademiyaları ilə razılaşdırdığı mövqeyə görə, sənaye inqilabı dövründən (XVIII əsrin ikinci yarısı) bəri Yer kürəsi havasının orta temperaturu 0,70 C artmışdır və son 50 ildə müşahidə olunan istiləşmə əsasən insan fəaliyyəti, birinci növbədə, istixana effekti yaradan  qazların-  (CO2) və (CH4)  atmosferə atılması ilə əlaqədardır (şəkil 1-ə bax).  Bu təşkilatın iqlim modelləri üzrə aparılan qiymətləndirmələrinə görə, Yer səthinin orta temperaturu 1,1-dən 6,40C-yə qədər arta bilər. Bəzi regionlarda temperatur bir qədər azala bilər.

Ancaq qeyd etmək lazımdır ki, iqlimin ümumiyyətlə istiləşmədiyini təkid edənlər də vardır. Bəzilərinin fikrincə isə istiləşmə var, ancaq bu, atmosferdə karbon qazının miqdarının artması ilə əlaqədar deyildir. Bu, təbii prosesdir, biz sadəcə olaraq buzlaqlararası dövrdə yaşayırıq. Məqalədə biz bu sualların hamısının izahını verməyə çalışacağıq. Ancaq əvvəlcə iqlimin paleotarixi və onun dəyişmə səbəbləri haqqında danışacağıq.

 

İqlimin tarixi

(paleoiqlim)

 

Ümumiyyətlə, planetar iqlim prosesləri çox mürəkkəb, uzundövrlü və müxtəlif variantlıdır. Onlar zəif öyrənildiyindən prosesin hansı variantda inkişaf edəcəyi haqqında fikir söyləmək çətindir. Bununla yanaşı, xüsusi qeyd etmək lazımdır ki, 1960-1998-ci illər ərzində SSRİ və ABŞ-ın birgə fəaliyyəti nəticəsində Qrenlandiya və Antarktidada buzlaqların dibinə qədər gedən onlarla quyu qazıldı və nəticədə iqlimin son 450 min ildə dəyişməsi haqqında etibarlı material əldə olundu. Buz kernlərində bir çox parametrlər öyrənildi, oksigen və deyteriumun iztotopları əsasında paleotemperatur bərpa olundu. XX əsrin sonuncu məlumatları meteostansiyaların müşahidələri ilə müqayisə olundu və buz kernlərindən alınan nəticələr ilə müşahidə materialları arasında oxşarlıq olduğu göstərildi. Əldə olunan məlumatlara görə, son 450 min ildə istiləşmə və soyuqlaşma epoxaları qanunauyğun şəkildə bir-birini əvəz etmişdir.  Bizim yaşadığımız dövrdə təzəcə başlamış sikl də (geoloqlar onu holosen adlandırırlar) daxil olmaqla, bu dövrdə 6 iqlim sikli baş vermişdir. Mütəxəssislər hər siklə bir ad vermişlər, ancaq burada müəyyən qarışıqlıq var. Mən onun üzərində dayanmıram. Ona görə ki, bu, mənim məqaləmin əsas məqsədi deyil.

Alınmış nəticələrə görə, istiləşmə epoxasında havanın temperaturu onun müasir qiymətindən 2-30C yuxarı, soyuqlaşma epoxasında isə 6-100C aşağı olmuşdur. Eyni zamanda, bizim dövrə doğru ümumi bir soyuqlaşma izlənilir.  Bu məlumatlara görə, 1-20C civarında temperaturun dəyişməsi normal haldır. Əsas istixana qazı CO2-nin miqdarı istiləşmədən sonra qanunauyğun artır. Ona görə ki, buzlar və daimi buzlaqlar əridikdə karbon qazı yaranır. Paleoloqların fikrincə, biz başa çatmaqda olan buzlaqlararası dövrdə yaşayırıq və növbəti buzlaşma dövrünün baş verməsi qaçılmazdır.

 

İqlimi formalaşdıran əsas proses və amillər

 

İqlim dəyişmələrinin səbəbləri tam aydın deyildir. Ancaq aşağıdakı əsas xarici təsirlər məlumdur: Yer orbitinin dəyişməsi (Milankoviç sikli), günəş aktivliyi (o cümlədən günəş sabitinin dəyişməsi), vulkanik püskürmələr və istixana effekti (cədvələ bax).

Günəş şüalanması iqlim sistemində istiliyin əsas mənbəyidir. Yer səthində istiliyə çevrilən günəş enerjisi yer iqliminin formalaşmasının ayrılmaz hissəsidir. Günəş aktivliyinin ən çox tədqiq olunan xassəsi günəş ləkələrinin cəmidir. İqlim, hava və günəş aktivliyi arasındakı əlaqələrin statistik tədqiqi 1801-ci ildən başlayır. Nisbətən kiçik zaman kəsiklərində də günəş aktivliyinin dəyişkənliyi müşahidə olunur, məsələn, 11 illik sikllər. Ancaq bu sikllər iqlim məlumatlarında özünü aydın göstərmir. Günəş aktivliyinin dəyişməsi kiçik buzlaşma dövrü başlayanda və bəzi istiləşmələrdə vacib amilə çevrilir.

Orbitin dəyişməsinin Yer iqliminə təsiri günəş aktivliyinin rəqsləri ilə oxşardır. Ona görə ki, orbitdən kiçik meyiletmələr Yer səthində günəş şüalarının yenidən paylanmasına gətirib çıxarır. Orbitin vəziyyətinin belə dəyişmələri Milankoviç sikli adlanır. Bu meyiletmələrin səbəbi Yer, onun peyki Ay və digər planetlərin fiziki qarşılıqlı təsiri olduğundan onları böyük dəqiqliklə proqnozlaşdırmaq mümkün olur. Orbitin dəyişməsi sonuncu buzlaşma dövrünün qlyasoloji və interqlyasoloji sikllərinin əsas səbəbidir. Saxara səhrasının sahəsinin artıb-azalmasını da bu amillə izah edirlər.

Litosfer tavalarının hərəkətləri uzun zaman kəsiyində kontinentləri hərəkətə gətirir, okeanda su dövranlarını formalaşdırır, dağ suayrıcılarını dağıdır və yenisini yaradır, yəni iqlimin mövcud olduğu səthi yaradır. Son zamanlar aparılmış tədqiqatlar tektonik hərəkətlərin axırıncı buz dövrünün şəraitinin dərinləşdiyini göstərdi: 3 milyon il əvvəl Şimali və Cənubi Amerika tavaları toqquşmuş, Panama boğazı yaranmış, Atlantik və Sakit okeanlarının sularının birbaşa qarışması başlanmışdır.

Vulkanık püskürmə iqlimə təsir edərək, onu bir neçə il soyutmağa qabildir. Məsələn, 1991-ci ildə Pinatubo vulkanının püskürməsi iqlimə əsaslı təsir göstərdi. Nəhəng maqma vadiləri yaradan giqant püskürmələr yüz milyon ildə cəmi bir neçə dəfə baş verir, amma onlar iqlimə milyon illər təsir göstərir və bioloji növlərin məhv olmasına səbəb olur. Əvvəlcə alimlər elə fikirləşirdilər ki, vulkan püskürməsindən atmosferə atılan tozlar Günəş şüalarının yerə çatmasına mane olurlar və ona görə də soyuqlaşma yaradırlar. Ancaq sonrakı ölçmələr bu tozun böyük hissəsinin altı ay ərzində Yer səthinə çökdüyünü göstərdi. Vulkanlar həm də karbon geokimyəvi sikllərinin bir hissəsidir. Bir çox geoloji dövrlər ərzində Yerin təkindən atmosferə karbon dioksidi atılmış və bununla da atmosferdən götürülən CO2 əvəzi kompensasiya olunmuşdur.

Buzlaqlar iqlimin dəyişməsinin ən həssas göstəricilərindəndir. İqlim soyuyan zaman onların ölçüləri əsaslı şəkildə artır ("kiçik buzlaşma dövrü") və istiləşən zamanı azalır. Buzlaqlar təbii dəyişmələr və xarici təsirlərdən asılı olaraq inkişaf edir və yaxud əriyir. Son bir neçə milyon ildə ən mühüm iqlim prosesləri Yerin orbitinin dəyişməsi ilə əlaqədar cari buzlaşma dövrünün qlyasoloji və interqlyasoloji siklləridir.

Dünya okeanının dəyişkənliyi. Onillik miqyasda iqlim dəyişmələrinin səbəbi okeanla atmosferin qarşılıqlı təsirindən ola bilər. İqlimin bir çox fluktuasiyaları (El-Nino, ŞimaliAtlantika və Arktika fluktuasiyaları da daxil omaqla) Dünya okeanının istilik enerjisini özündə akkumlyasiya etmək və bu enerjini okeanın müxtəlif hissələrinə daşımaq qabiliyyətinə malik olduğundan yaranır. Daha uzun məkan miqyaslarında okeanda termoxalin dövranlar yaranır və onlar istiliyin paylanmasında əsas rol oynayırlar və bununla da xeyli dərəcədə iqlimə təsir göstərə bilirlər.

İqlim yaddaşı. Daha ümumi şəkildə iqlim sisteminin dəyişkənliyi histerezis (ilgək) formasındadır. Bu o deməkdir ki, iqlimin indiki vəziyyəti təkcə müəyyən amillərin təsiri ilə müəyyən olunmur, o həm də onun vəziyyətinin ümumi tarixi ilə müəyyən olunur. Məsələn, on il quraqlıq olduqda göl nisbətən quruyur, bitkilər məhv olur və səhralaşmanın sahəsi artır. Öz növbəsində bu şərtlər quraqlıqdan sonrakı illərdə daha az yağışın yağmasına səbəb olur. Beləliklə, ətraf mühit xarici təsirə reaksiya verir və əksinə, iqlim özünü nizamlayan bir prosesdir.

İstixana qazları sonuncu qlobal istiləmənin əsas səbəbi olduğu qəbul edilir. Ancaq başqa fikirlər də var, biz onları aşağıda araşdıracağıq. Hələlik qeyd edək ki, istixana qazları həm də Yerin iqlim tarixini dərk etmək üçün əhəmiyyətlidir. Tədqiqatların nəticəsinə görə, atmosfer istilik enerjisi ilə qızdıqda yaranan və istixana qazları ilə saxlanan istixana effekti Yer temperaturunu nizamlayan əsas prosesdir. Son 600 milyon ildə karbon dioksidinin miqdarı atmosferdə təbii geoloji və bioloji proseslərin təsirindən milyonun 200-dən 5000-ə qədəri dəyişmişdir.

İqlimin dəyişməsinə təsir edən antropogen amillər əsasən insan fəaliyyəti ilə əlaqədardır, hansılar ki, ətraf mühiti dəyişdirir və iqlimə təsir göstərir. Bəzi hallarda səbəb-nəticə əlaqələri birbaşadır və ikimənalı deyil, məsələn, suvarmanın temperatur və rütubətə təsiri, digər hallarda bu əlaqə elə də aydın görünmür. Hazırda insan fəaliyyəti ilə əlaqədar əsas problemlər bunlardır: yanacağın yandırılmasından atmosferdə CO2-nin və aerozolun (soyumağa təsir göstərir) artması, sement sənayesi. Torpaqdan istifadə, ozon qatının azalması, heyvandarlıq və meşələrin qırılması kimi digər amillər də iqlimə təsir göstərir.

Yanacağın yandırılması 1850-ci ildən sürətlə artmış, nəticədə bu müddətdə atmosferdə CO2-nin miqdarı 1,36 dəfə çoxalmışdır. Bu sürətlə artım davam etsə, XXI əsrin sonunda CO2-nin konsentrasiyası 1850-ci ilə nisbətən 2 dəfə artacaq. Bəzi hesablamalara görə, bu artım atmosferdə metanın artan konsentrasiyası ilə birgə 2040-cı ildə Yer temperaturunun 1,4 - 5,60C artması ilə nəticələnə bilər.

Aerozollar, xüsusən sulfatlar, yanacaq yanan zaman havaya atılır və hesab olunur ki, onun zərrəciklərindən günəş şüası əks olunur, yəni müəyyən istilik Yer səthinə çatmır və beləliklə, onlar atmosferin soyumasına təsir göstərir.

Sement sənayesi atmosferə CO2-nin atılmasının intensiv mənbələrindən biridir. Sementin kalsium oksid inqreidientini almaq üçün kalsium-karbonat (CaCO3) qızdırıldıqda karbon dioksidi yaranır. Sement istehsalı  bütün sənayeyə aid olan proseslərin atmosferə atdığı CO2-nin 2,5 %-ni təşkil edir.

Torpaqdan istifadə iqlimə əsaslı surətdə təsir göstərir. Suvarma, meşələrin qırılması və kənd təsərrüfatı ətraf mühiti əsaslı surətdə dəyişdirir. Məsələn, suvarılan yerdə su balansı dəyişir. Torpaqdan istifadə sərilmə səthini dəyişdiyindən albedonun qiyməti və bununla da yer tərəfindən udulan günəş şüalarının miqdarı dəyişir.

Heyvandarlıq, BMT-nin məlumatına görə, 2006-cı ildən dünyada atmosferə atılan istixana qazlarının 18 %-ni yaradır. Bu amilə həm də torpaqdan istifadə, yəni otlaqların yaradılması üçün meşələrin qırılması da daxildir. CO2-dən əlavə antropogen mənşəli azot oksidinin 65  metanın 37%-i  heyvandarlığın payına düşür.

 

Müasir qlobal istiləşmənin səbəbləri

 

İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekpertlər Qrupunun (İDDEQ) 2007-ci ildəki məruzəsinə görə, iqlim sisteminin istiləşməsi inkarolunmaz faktdır. Bunu hava  okeanların artan temperaturları üzərində müşahidələrdən, qar və buzlaqların əriməsinin artmasından, dənizin orta səviyyəsinin qalxmasından görmək olar. Temperatur dəyişməsinin yüzillik trendi (1906-2005-ci illər) 0,76-ya bərabərdir. 1856-2005-ci illər dövründəki istiləşmə trendi 1906-2005-ci illərdəkindən iki dəfə çoxdur. Temperaturun artması bütün en dairələrində müşahidə olunur, ancaq, o yüksək en dairələrində daha böyükdür. Quru regionlar okeana nisbətən daha  sürətlə qızır. Dənizin səviyyəsinin qalxması istiləşmə ilə uyğunlaşır. İstilik genişlənməsi və buzlaqların əriməsindən 1961-ci ildən dənizin qlobal səviyyəsi ildə 1,8; 1993-cü ildən isə 3,1 mm qalxmışdır.

Beləliklə, qlobal istiləşmə ideyasının tərəfdarları, yəni əsasən İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekspertlər Qrupu (İDDEQ) atmosferdə karbon və metan qazlarının getdikcə artması nəticəsində istixana effektinin yaranmasını inkar edirlər. Qeyd edək ki, istixana effekti ideyası ilk dəfə 1827-ci ildə Fransa fiziki Josef Furye tərəfindən verilmişdir. Belə ki, bu ideyaya görə, müəyyən qazlarla zəngin atmosferin üst qatı yer səthindən istilik şüalanmasına şəffaf olmur, onları troposferdə saxlayır və nəticədə bu qatın temperaturu qalxır. Yerin istilik balansına təsir dərəcəsinə görə əsas istilik qazları aşağıdakılardır: su buxarları, karbon qazı, metan və ozon (cədvələ bax).

Beləliklə, İDDEQ və qlobal istiləşmə tərəfdarları yuxarıda sadalanan kataklizmaların hamısının səbəbini atmosferdə istixana yaradan qazların, xüsusən karbon qazının miqdarının antropogen fəaliyyət nəticəsində artmasında görürlər. İDDEQ-nin hesabatında qeyd olunur ki, atmosferdə istixana qazlarının və aerozolun konsentrasiyasının dəyişməsi, yer kürəsinin bəzi regionlarında yeni torpaqların intensiv şəkildə mənimsənilməsi iqlim sistemində istilik radiasiyasına, onun udulması və səpələnməsinə təsir göstərir. Və bu da öz növbəsində qlobal radiasiya balansını dəyişdirir (müsbət və ya mənfi).

Həmin qrupun rəsmi məlumatına görə, 2005-ci ildə atmosferdə CO2-nin miqdarı sənayedən əvvəlki dövrə (1750-ci ilə ) qədər 35 %, yəni 280 mln-1-dən 379 mln-1-ə qədər artmışdır. Metan (CH4) əhəmiyyətinə görə ikinci istilik qazıdır. Onun konsentrasiyası 1,5 dəfə, yəni 715 mlrd-1-dən 1774 mlrd-1-ə qədər artmışdır. Həmin müddətdə azot oksidi (N2O) 18 %, yəni 270 mlrd-1-dən 319 mlrd-1-ə qədər artmışdır. Bütün istixana qazlarının iqlim sisteminə radiasiya təsiri +2,63 Vt/m2-ə bərabərdir. Qeyd edək ki, istixana qazının konsentrasiyası milyon (mln-1) və yaxud milyard (mlrd-1) molekul atmosfer havasında həmin qazın molekullarının sayı ilə ölçülür.

İDDEQ-nin fikrincə, təcili surətdə Kioto protokolu bütün ölkələr tərəfindən ratifikasiya olunmasa və CO2-nin atmosferə atılması azaldılmasa, Qrenlandiya və Antarktida buzlaqları da daxil olmaqla,  Yerin bütün buzları əriyəcək, okeanın səviyyəsi 15-20 metr qalxacaq və bu da London, Sankt-Peterburq və s. şəhərlərin su altında qalması deməkdir.

Kioto protokolu bu gün qlobal istiləşməyə qarşı əsas beynəlxalq razılaşmadır (1997-ci ildə razılaşdırılmış, 2005-ci ildə qüvvəyə minmişdir), BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasına əlavədir. Protokola 160 ölkə daxildir və ümumdünya istilik qazlarının tullantılarının 55%-ni əhatə edir. Protokolun icrasının birinci mərhələsi 2012-ci ildə başa çatmışdır. Yeni razılıq haqqında danışıqlar 2007-ci ildə Bali (İndoneziya) adasında başlamış və 2009-cu ildə Kopenhagendə və 2010-cu ildə isə Durbanda (Cənubi Afrika) davam etdirilmişdir.

Protokolun ideyası 1997-ci ildə iqlimin qlobal istiləşməsinə həsr olunmuş forumda yaranmışdır. Dövlətlərin bir yerə toplanmış nümayəndələri 1990-ci ilə nisbətən 2012-ci ildə atmosferə atılacaq qazlar haqqında kvotanı bölüşdürməyə cəhd göstərdilər. Kvota haqqında mübahisələr Forumu uğursuzluğa düçar edirdi. Vəziyyəti xilas etmək üçün ABŞ-ın o zamankı vitse-prezidenti Albert Qor təcili foruma gəldi və katalizator rolunu oynayaraq, dövlətlərin ekspertlərini dilə tutdu və protokol imzalandı. Ancaq sonradan Klintonun aparatı bu protokolu ratifikasiya üçün heç Konqresə də göndərmədi. Buş administrasiyası isə bir qədər də irəli getdi və elan etdi ki, Kioto protokolu ABŞ-ın milli maraqlarına ziddir və Amerika Kioto protokolundan çıxır. Yada salaq, dünya sənaye istehsalının və onun nəticəsi kimi də CO2-nin 37%-i ABŞ-ın payına düşür. Kioto protokolunun növbəti fiaskosu Kopenhagen sammitində baş verdi. Kvotanın verilməsi üçün müxtəlif variantlar və qruplar təklif olundu, ölkələr karbon qazının azaldılması haqqında razılığa gələ bilmədilər. Çin və Hindistan kimi sənaye monstrları öhdəçilik götürmədilər. Bu təşəbbüsdə ancaq Avropa İttifaqı öhdəçilik götürdü və bu gün də onu icra edir.

Qeyd edək ki, Kioto protokolu çox mürəkkəb sənəddir, bura sənaye istehsalından başqa "insan hüquqları", "demokratiyanın inkişafı və dərinləşdirilməsi", "beynəlxalq terrorizm" və s. kimi məsələyə o qədər də dəxli olmayan şərtlər dəsti daxil edilmişdir ki, bu da bir çox dövlətlərin ona ehtiyatla yanaşmasına gətirib çıxarır.

 

Azərbaycan ərazisində müasir iqlim dəyişmələri

 

AMEA Coğrafiya İnstitutunda aparılmış tədqiqatların nəticələrinə görə, 1880-2010-cu illəri əhatə edən  dövrdə ölkə ərazisində temperaturun dəyişməsi müxtəlif regionlarda 0,2-dən 1,500C-yə qədər təşkil edir və son 40 il ən isti dövr kimi qiymətləndirilir. Temperaturun ən çox yüksəlməsi Kür-Araz ovalığında (0,4-0,9 0C), Qazax-Gəncə zonasında (0,6-1,10 0C), Böyük Qafqazın cənub yamacında (0,5-0,80 0C), Kiçik Qafqazın şimal-şərq (0,6-1,500C) və şimal (0,4-0,60 0C) yamaclarında müşahidə olunur. Ümumi Azərbaycan üçün cəmləşdirsək temperaturun artması son yüz ildən artıq dövrdə 0,7 0C-yə bərabərdir və bu bütövlükdə Yerin temperatur artımına yaxındır.

Qlobal temperaturun artması dünya okeanının səviyyəsini qaldırmaqla yanaşı, atmosfer yağıntılarının miqdarının və paylanmasının dəyişməsinə gətirib çıxarır. Nəticədə daşqın, quraqlıq, qasırğa və s. kimi təbii kataklizmlərin tezliyi arta, təsirə məruz qalmış ərazilərdə kənd təsərrüfatı məhsulları azala bilər. Burada bir faktı da qeyd etmək yerinə düşərdi: Belə ki, 1999-cu ildə Helsinki şəhərində "İqlim dəyişmələri və Yer kürəsinin su balansı" mövzusunda ikinci beynəlxalq simpozium keçirildi və həmin simpoziumda mən "Temperatur anomaliyalarının Xəzər dənizinin səviyyəsinə təsiri" məruzəsi ilə iştirak etdim. Simpoziumun gəldiyi əsas nəticələrdən biri gələcəkdə iqlimin istiləşməsi prosesində arid (quraq) ərazilərdə yağıntının miqdarının bir qədər də azalacağının proqnozlaşdırılması idi. Rütubətli ərazilər üçün isə əksinə, yağıntının miqdarının artacağı vurğulandı. Təəssüflə qeyd etmək lazımdır ki, 23 il bundan əvvəl bu simpoziumda verilən proqnoz Azərbaycan ərazisi üçün tədricən özünü doğrultmağa başladı, yağıntıların miqdarı bəzi yerlərdə 15-20 % azaldı. Yada salım ki, Azərbaycan ərazisinin 60 %-i arid əraziyə daxildir.

Ümumiyyətlə, AMEA Coğrafiya İnstitutunda aparılan tədqiqatlara görə, bir çox regionlarda atmosfer yağıntıları 3 %-dən 15 %-ə qədər azalmışdır. Daha dəqiq desək, Gədəbəy, Naxçıvan, Lənkəran, Şuşa və Ağstafada son 105 il ərzində yağıntının miqdarı müvafiq olaraq 70, 24, 160, 30 və 20 mm/il azalmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Milli İqlim Mərkəzinin atmosferin ümumi dövranlarının 8 modeli əsasında müxtəlif ssenarilər (GFDL-T, HadCM2, CGMI, ECHAM4) əsasında (məsələn, atmosferdə karbon qazının miqdarı iki dəfə artsa) apardığı hesablamalara görə, bu əsrin sonuna qədər atmosfer havasının temperaturu  1,2-5,90 0C  tərtibində arta, atmosfer yağıntılarının miqdarı isə 20 %-ə qədər azala bilər.

 

Əks tərəfin sübutları

 

İqlimdə istiləşmənin getmədiyini israr edənlərin birinci arqumentlərindən biri 100 il ərzində 0,70C istiləşməni ölçmə xətası çərçivəsinə daxil etmələridir.

ABŞ Milli Akademiyasının keçmiş prezidenti Frederik Zeytsin başçılığı ilə 17000 alim 1988-1998-ci illərdə ABŞ-da ümumiyyətlə temperaturun 0,08 və bütün dünyada isə  0,0470C azaldığını sübut ediblər. Üstəlik, yenə də onların fikrincə, fotosintez hesabına atmosferdə CO2-nin çoxalması ABŞ-da meşənin 30% artmasına gətirib çıxarmış və bir çox hallarda buğda, düyü, kartof, paxlakimilərin və meyvə ağaclarının məhsuldarlığı 20-40% artmışdır.

Ən əsası, Moskva Okeanologiya İnstitutunun əməkdaşı, mənim həmkarım O.Q.Soroxtinin hesablamalarına görə, "istixana effekti" terminini Yer atmosferinə tətbiq etmək absurddur. Bu effekt şüşə ilə bağlı yaranan  istixana deyil. Özünü nizamlayan sistem kimi, Yer atmosferində konvektiv mübadilə mövcuddur və ona görə də atmosferdə CO2 çoxaldıqca troposfer ilə konvektiv mübadilə intensivləşir, bununla da artıq yaranmış anomal istilik atmosferdən xaric olunur.

Rusiya Mərkəzi Aeroloji Stansiyasının əməkdaşı Y.A.Jadinin fikrinə görə, ozonun miqdarının dəyişməsinin səbəbi okean-atmosfer sistemindəki təbii amillərdir. Ozonun özünün dəyişməsi dövri xarakter daşıyır və hazırda əsrlik norma çərçivəsindədir. İnsan fəaliyyəti təbii proseslərdən xeyli kiçik olduğundan CO2-nin atmosferə atılması onun ümumi balansını 3-5 %-dən çox artıra bilməz. Belə ki, hər il sənayedən atmosferə atılan CO2  6-7 mlrd. ton olduğu halda, ancaq okean tərəfindən udulan və buraxılan CO2-nin miqdarı 182 mlrd. ton təşkil edir.

Burada qeyd edək ki, istiləşmə ideyasının tərəfdarları təbii istiləşməni mif sayırlar. Onların məlumatlarına görə, Günəş aktivliyi üzərində son 28 ildə aparılmış müşahidələrə əsasən 11 illik sikldə günəş radiasiyası axınının rəqsinin maksimumla minimum arasındakı fərqi 0,08 % təşkil edir və onun istiləşməyə yönəlmiş heç bir trendi müşahidə edilmir. Günəş axınının qlobal atmosferə birbaşa radiasiya təsiri 1750-ci ildən hazırkı dövrə qədər cəmi 0,12Vt/m2-dir.

Məşhur amerikan fiziki Frimen Dayson deyir ki, qlobal istiləşməyə qarşı aparılan tədbirlər çoxdan elm sferasına daxil deyil, onlar siyasətçilik və spekulyativ biznes xarakteri daşıyırlar. Weather Channel (ttp://en.wikipedia.org/wiki/Weather_Channel) telekanalının yaradıcısı Jon Kolmana görə, "qlobal istiləşmə adlandırılan bu yalan tarixin ən böyük fırıldaqlarındandır". Onun sözlərinə görə, "bəzi qorxaq və ikiüzlü alimlər ətraf mühiti və müxtəlif siyasi məqsədlər xatirinə camaat arasında qlobal istiləşmə illüziyasını yaratmaq üçün hava haqqında uzunmüddətli müşahidələrlə manipulyasiya edirlər. Danimarka iqtisadçısı Byorn Lomborq hesab edir ki, qlobal istiləşmə, bəzi mütəxəssis və jurnalistlərin yazdığı kimi, təhlükəli deyildir. O deyir: "İstiləşmə mövzusu qızışdırılmışdır". Professor A.P.Kapitsaya görə, kosmik və geofiziki amillər fonunda iqlim dəyişmələrində insanın töhfəsi heç nədir.

2009-cu ildə kompüter hakerləri Şərqi İngiltərə Universitetinin poçt serverinə daxil oldular, alimlərin məktublaşmaları cəmiyyətə məlum oldu. Tənqidçilər elan etdilər ki, bu yazışmalara görə, son illərdə Yer üzərində temperaturun artmadığı nəticəsinə gəlmək olar. Bu məlumat Şərqi İngiltərə Universitetinin İqlim Mərkəzinin xətrinə dəydi, Hedli Mərkəzinin İqlim şöbəsi ilə birgə alimlərə qarşı qoyulan ittihamların əsassız olması haqqında bir neçə məlumat yaydılar. Ancaq 2011-ci ildə hakerlər tərəfindən yeni oğurlanmış məktublar internet şəbəkəsinə qoyuldu.

 

(ardı var)

 

 

R.M.MƏMMƏDOV,

AMEA akademik

H.Ə.Əliyev adına Coğrafiya

İnstitutunun direktor əvəzi,

AMEA-nın müxbir üzvü,

professor

 

Elm.- 2013.- 23 yanvar.- S.12-13.