Buraxılmış bir siyasi səhvin
bağışlanılmaz acı nəticələri və ya
Azərbaycan torpaqlarının ermənilərə güzəştə
gedilməsi prosesi necə baş vermişdir
(əvvəli ötən
saylarımızda)
Onlardan 104
nəfəri qadın, 448 nəfəri kişidir. Bu şəxslərin yalnız 137 nəfərinin adı
məlum olduğu halda, onlardan 74 nəfərinin adı məlum deyildir. 1991-1992-ci illər ərzində
Azərbaycan Respublikasının keçmiş DQMV-nin ərazisi
Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən
işğal olunduqdan sonra, 1993-cü ilin aprelində Kəlbəcər
rayonunun işğalı ilə Azərbaycan Respublikasına
qarşı hərbi təcavüzün yeni mərhələsi
başlandı. 1993-cü ilin iyulun 24-dən oktyabrın 28-nədək
Rusiya Federasiyasının hərbi-siyasi
yardımı ilə Ermənistan Respublikası silahlı
qüvvələri Azərbaycan Respublikasının Ağdam,
Füzuli, Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarını işğal
etdi. Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş hərbi
təcavüz nəticəsində Laçın rayonundan
71000, Kəlbəcər rayonundan 74000, Ağdam rayonundan 165600,
Füzuli rayonundan 146000, Cəbrayıl rayonundan 60000,
Qubadlı rayonundan 87900, Zəngilan rayonundan isə 395000 nəfər
Azərbaycan Respublikası vətəndaşı məcburi
köçkün vəziyyətinə düşdü.
Bununla da Ermənistanla Azərbaycan arasında Dağlıq
Qarabağ münaqişəsi başlamış oldu.
Birləşmiş
Millətlər Təşkilatının Azərbaycan
Respublikasının ərazilərinin işğalı ilə
bağlı qəbul etdiyi 30 aprel 1993-cü il tarixli 822, 29 iyul
tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884
saylı qətnamələrə
baxmayaraq münaqişə hələ də həll
olunmamış qalır.
Qeyd etmək
lazımdır ki, Dağlıq Qarabağ problemi 1992-ci ildən
beynəlxalq münaqişəyə çevrildiyi
üçün həmin ilin mart ayının 24-də
münaqişənin tənzimlənməsi
üzrə 9 dövlətin daxil olduğu Minsk qrupu
yaradıldı.
1993-cü
il iyunun 4-də Azərbaycan Respublikasında baş verən hərbi-siyasi
böhran ölkədə və ilk növbədə cəbhə
bölgəsində vəziyyəti daha da gərginləşdirdi.
Uçuruma yuvarlanan AXC - Müsavat hakimiyyəti ölkəni
və yenicə bərpa olunmuş milli dövlətçiliyi xilas etmək
üçün Naxçıvan Ali Məclisinin sədri Heydər
Əliyevə müraciət etdi. 1993-cü il iyunun 15-də
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçildi və Azərbaycan xalqının ictimai-siyasi və
sosial-iqtisadi həyatında yeni mərhələ
başlandı. 1993-cü ilin iyulundan noyabrınadək Ermənistanın
hərbi təcavüzünün genişlənməsi və
nəticədə yeddi rayonun işğal olunması, əslində
daxili və xarici antiazərbaycan qüvvələrinin birgə
fəaliyyətlərinin nəticəsi olaraq Heydər Əliyevə
qarşı yönəldilmişdi və milli dövlətçiliyin
xilas edilməsinə yol verməmək məqsədi
güdürdü. Buna görə də Heydər Əliyev ilk
növbədə ölkədə ictimai-siyasi sabitliyi bərpa
etmək və Ermənistanın hərbi təcavüzünün
qarşısını almaq üçün qəti
addımlar atdı. Yeni ordu quruculuğu sahəsində
atılan addımlar düşmənə ağır və
sarsıdıcı zərbələr vurdu və onu 1994-cü
il mayın 12-ində atəşkəs imzalamağa məcbur
etdi.
1993-cü
ilin oktyabrın 3-də Azərbaycan Respublikasının
Prezidenti seçilən Heydər
Əliyev ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün hərtərəfli
düşünülmüş xarici siyasət kursunu həyata
keçirməyə başladı.
1994-cü
ildə ATƏM-in Budapeşt zirvə görüşündə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
diplomatik səyi ilə münaqişənin tənzimlənməsi
üzrə çox uğurlu bir qərar qəbul edildi. Qəbul
edilmiş qərara əsasən münaqişə həll olunduqdan
sonra münaqişə zonasına Minsk qrupuna daxil olan dövlətlərin
deyil, məsələdə neytral olan dövlətlərin
qoşunları yeridilməli idi. Bu, Ermənistanın və
onu hərbi-siyasi cəhətdən müdafiə edən
Rusiya Federasiyasının diplomatik məğlubiyyəti idi.
1996-cı il ATƏT-in Lissabon zirvə toplantısında
Prezident Heydər Əliyevin səyi ilə daha uğurlu bir nəticə
əldə olundu. Azərbaycan Respublikasının ərazi
bütövlüyü bir daha ATƏT-in sədri adından qəbul
edilən bəyanatda Ermənistandan başqa ona üzv olan
dövlətlər tərəfindən tanındı. 1997-ci
ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
ABŞ-a və Rusiyaya rəsmi dövlət səfərləri
öz müsbət nəticələrini verməyə
başladı. Məlumdur ki, ABŞ Konqresi hələ 1992-ci
ilin oktyabrında "Azadlıq aktı"na 907-ci əlavəni
qəbul etmişdi. Azərbaycan Respublikasının milli mənafelərinə
qarşı yönəldilmiş bu mənfur qərarın qəbul
edilməsinin bir səbəbi
AXC - Müsavat hakimiyyətinin
uğursuz xarici siyasəti idisə, digər səbəbi
ABŞ-da erməni lobbisinin fəaliyyətinin ümumi nəticəsi
idi. Həmin 907-ci əlavədə Azərbaycan Respublikası
Ermənistanı və Dağlıq Qarabağı blokadada saxlamaqda
ittiham olunur və buna görə də müstəqilliyini
elan etmiş keçmiş sovet respublikaları içərisində,
Konqresin qərarına görə, Azərbaycan
Respublikasından başqa onların hamısına hər il
ABŞ dövləti tərəfindən maliyyə
yardımı göstərilirdi. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin səyləri
ilə 2001-ci ildə ABŞ Prezidenti C.Buş 907-ci əlavənin
Azərbaycan Respublikasına qarşı tətbiq edilməsinin
hər il müvəqqəti olaraq 1 il müddətinə
dayandırılması haqqında qərar qəbul etdi. Bundan əlavə,
Prezident Heydər Əliyevin apardığı uğurlu xarici
siyasət sayəsində İslam Konfransı Təşkilatı
və AŞPA qəbul etdikləri qərarlarında Ermənistan
Respublikasını təcavüzkar dövlət kimi
tanıdılar. Bütün bunlar Prezident Heydər Əliyevin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli istiqamətində
apardığı xarici siyasətin ümumi nəticəsi
idi.
Həyata
keçirilən bütün tədbirlərə
baxmayaraq Ermənistanın 1988-1994-cü
illərdə həyata keçirdiyi işğal nəticəsində Azərbaycan
Respublikası ərazisində 946 yaşayış məntəqəsi,
6 min sənaye, kənd təsərrüfatı
və başqa müəssisə, ümumi sahəsi 9 mln. kv/m olan
150 min mənzil, 4366 sosial-mədəni təyinatlı
müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər
müəssisə, 665 tibb məntəqəsi,
927 kitabxana, 22 muzey, 4
rəsm qalereyası, 6 dövlət teatrı, 44 məbəd və
9 məscidin məhvinə səbəb olmuşdur.
Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz
nəticəsində vurulan maddi zərərin həcmi 60 milyard
ABŞ dollarından (1994-cü ilin qiyməti
ilə - C.B.) çoxdur. Hazırda 2011-ci ilin qiymətləri ilə hesabladıqda vurulan zərərin miqdarı 300 milyard təşkil edir.
Bundan əlavə,
Ermənistan Respublikası "dövləti" ilə sərhədyanı
rayonlarımızda xeyli miqdarda
birbaşa maddi zərər vurulmuşdur. Bu rəqəmin miqdarı 1994-cü il üçün qiymətlərlə
1389233500 ABŞ dolları təşkil edir.
Belə ki, bu bölgələrdə yerləşən
rayonların icra hakimiyyətlərinin
verdikləri məlumatlara
görə, işğal nəticəsində
vurulmuş birbaşa maddi zərər rayonlar
üzrə ABŞ dolları ilə aşağıdakı kimi olmuşdur. Tərtər və keçmiş
Ağdərə rayonları üzrə - 799295100$, Qazax rayonu üzrə -
327529464$, Tovuz rayonu
üzrə 189873420$, Ağcabədi rayonu
üzrə -22420050$, Ağstafa rayonu üzrə - 1998950$, Beyləqan rayonu üzrə - 3812500$, Gədəbəy rayonu üzrə - 44303800$.
Beləliklə,
Ermənistan "dövləti"nin hərbi təcavüzü
və işğalı nəticəsində Azərbaycan
Respublikasına vurulmuş 60 milyarddan artıq maddi zərərin
28066 milyard məbləğində ABŞ
dolları keçmiş DQMV ilə qonşu
olan və hazırda işğal
altında olan 7 rayona,
1389233284 ABŞ dolları isə cəbhəyanı və Ermənistan
Respublikası ilə həmsərhəd olan
rayonlara vurulmuşdur.
Qeyd etmək lazımdır ki, Naxçıvan MR-ə vurulan
maddi zərər buraya
daxil edilməmişdir.
Bütün mövcud təkzibolunmaz faktlar
təsdiq edir ki, təkcə
XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər
tərəfindən tətbiq edilən deportasiya,
etnik təmizləmə və
soyqırımı siyasəti nəticəsində Şimali Azərbaycanın 1918-1929-cu illərdə
29,8 min km2 ərazisi itirilmiş,
1991-1993-cü illərdə 20% ərazisi işğal
edilmiş, 2,5 mln. nəfər
əhalisi məhv edilmişdir.
2003-cü
ilin oktyabrında Azərbaycan
Respublikasının Prezidenti seçilən
İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı aparılan danışıqlarda
Azərbaycan Respublikasının ərazi bütövlüyünün
danışıqlar predmeti
olmadığını dəfələrlə söyləmiş
və onun mütləq bərpa ediləcəyinin əsas vəzifə
olduğunu qeyd etmişdir. Lakin Ermənistanın
Rusiya Federasiyasının hərbi-siyasi
yardımına və digər xarici himayədarlarına
arxalanaraq tutduğu qeyri-konstruktiv mövqe məsələnin
beynəlxalq hüquq normaları çərçivəsində
həllinə yol vermir.
Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
apardığı uğurlu daxili və xarici siyasət
ölkənin iqtisadi, hərbi qüdrətinin
xeyli artmasına və onun
beynəlxalq mövqelərinin möhkəmlənməsinə
səbəb olmuşdur. Azərbaycan
Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik
Şurasının iki il
müddətinə qeyri-daimi üzvü seçilmişdir.
Göstərilən faktlar belə bir fikri söyləməyə
əsas verir ki, aparılan
uğurlu siyasət nəticəsində
Azərbaycan Respublikasının ərazi bütövlüyü
bərpa olunacaq, Ermənistanın hərbi
təcavüzünə və işğalına son qoyulacaqdır.
Bundan əlavə,
Azərbaycan Respublikası Milli Məclisi
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmaq hüququndan
istifadə edərək 1918-ci il may ayının 29-dan 1991-ci ilə qədər
Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq onun əraziləri
ilə bağlı qəbul edilmiş bütün qərarları ləğv etmək
səlahiyyətinə malikdir. Şübhə etmirəm ki, bu istiqamətdə
atılan hər hansı bir addım Azərbaycan
xalqı tərəfindən müdafiə olunacaqdır.
İstifadə
olunmuş ədəbiyyat:
1.Azərbaycan
tarixi IV, V-VI, VII cildlər. Bakı,
2000-2003.
2.İstoriya Azerbaydjana.
Baku, 1994.
3.Musayev
İ. Azərbaycanın Naxçıvan və Zəngəzur
bölgələrində siyasi vəziyyət
və xarici dövlətlərin siyasəti.
Bakı, 1997.
4.N.Narimanov. K
istorii naşey revolyusii v okrainax. Azərbaycan Respublikası SPİHMDA, f. 609. Siyahı
1. İş 456.
5.Fətəli xan Xoyski. Həyat və fəaliyyəti. Bakı, 1998, səh. 33.
6.Zaqafqaziya
Seyminin
Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları. Bakı,
2006, səh. 31, 130, 132.
7.İstoriya diplomatii. M., 2006, str. 423.
8.Azərbaycan
Xalq
Cümhuriyyəti. Bakı, 1998.
9.
"Şimali
Qafqaz" jurnalı.
Münhen, 1938, ¹ 55-56.
10.Qörun K.
Armənskoe dosğe. Baku, 1993.
11."Zerkalo",
26 ənvarə
2005 q.
12."İstoriçeskie faktı o delax armən na azerbaydjanskoy zemle".
Baku, 2003.
13.Baxturina
A.Ö. Okrainı Rossiyskoy imperii: qosudarstvennoe
upravlenie
i
nasionalnaya politika v qodı pervoy mirovoy voynı
(1914-1917 qq.), Moskva, 2004.
14.
Seyidzadə D.B. Azərbaycan XX əsrin əvvəllərində:
müstəqilliyə aparan yollar. Bakı, 2004.
15.Qafarov
Vasif. Türkiyə-Rusiya
münasibətlərində Azərbaycan məsələsi (1917-1922). Bakı, 2011.
16.Süleymanov Elxan, Süleymanov Vurğun. Ermənistanın Azərbaycana qarşı
silahlı təcavüzü və işğalın ağır nəticələri. Bakı, 2012.
17.Tağıyeva M.İ. XX əsrin birinci yarısında çar məmurları Azərbaycanın sosial-iqtisadi vəziyyəti haqqında. Tarix üzrə fəlsəfə doktoru elmi
dərəcəsi almaq üçün təqdim
edilmiş dissertasiyanın avtoreferatı. Bakı,
2012.
18.Bəhramov C.Ə. Azərbaycan nefti. Bakı,
2010.
19.Sultanov Ç.A. Azerbaydjan v kniqax, kartax
i
foto. Baku, 2012.
20. "Naşestvie", v II tomax.
Baku, 2004.
21. Posledniy udar imperii. Baku,
2004.
22. C pometkoy dyavola. Baku, 2001.
23. Neft. Tom. I, Baku, 2003.
24. Politiçeskie i ekonomiçeskie metodı po Yujnomu Kavkazu
(Xronika s 1850 po 2010
qq.). Baku, 2010.
Cəbi BƏHRAMOV,
AMEA A.A.Bakıxanov
adına Tarix İnstitutunun
elmi işlər üzrə direktor müavini,
professor
Elm.- 2013.- 23 yanvar.-S.15.